• çərşənbə axşamı, 16 aprel, 13:05
  • Baku Bakı 19°C

Azərbaycana qarşı kampaniya aparanlar eyni mərkəzdən idarə olunurlar

22.04.19 19:19 868
Azərbaycana qarşı kampaniya aparanlar eyni mərkəzdən idarə olunurlar
Son 15 ildə Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətə davamlı ölkə kimi nüfuz qazanıb. Mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması ölkəmizin strateji mövqelərini daha da gücləndirib. Azərbaycan dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri qurub, bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısı olub. Müstəqil Azərbaycan bir çox Avropa İttifaqı ölkələri ilə strateji tərəfdaşlıq əlaqələrinə də malikdir. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin hazırlanması artıq yekun mərhələyə qədəm qoyub. Bununla yanaşı, bu il Azərbaycan dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edəcək. Prezident İlham Əliyevin xarici siyasəti ilə bərabər, daxili siyasəti, xüsusən də sosial sahədə atdığı mühüm addımlar vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır, tam dəstəklənir. Fransanın "Opinion Way” şirkətinin bu yaxınlarda keçirdiyi sorğunun nəticələri də bunu bir daha təsdiq edib. Əlbəttə ki, bütün bunlar sevindirici haldır.

Lakin bu da bir reallıqdır ki, ölkəmizin beynəlxalq birliyin layiqli üzvünə çevrilməsi, regionun güclü dövləti kimi nüfuz qazanması işğalçı Ermənistanı, dünyadakı erməni lobbisini və onların təsiri altında olan qüvvələri ciddi narahat edir. Azərbaycanın uğurlarını həzm etməyi bacarmayan həmin qüvvələr müxtəlif yollarla, o cümlədən "5-ci kolon” vasitəsilə ölkəmiz əleyhinə kampaniya aparırlar. Bu qüvvələrin sifarişlərini yerinə yetirən "Trensparency İnternational”, "Amnisty İnternational”, OCCRP və digər bu kimi qurumlar da ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməyə, "sapı özümüzdən olan baltalar” vasitəsilə ölkə daxilində ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər.

Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğluqəzetimizə açıqlamasında bildirib ki, beynəlxalq anti-Azərbaycan şəbəkəsi son günlər yenidən fəallaşmağa başlayaraq ölkəmiz əleyhinə qarayaxma kampaniyasına start verib. O, bunun təsadüfi olmadığını dilə gətirib: "2019-cu ildə Azərbaycan bir sıra mühüm əhəmiyyətli beynəlxalq layihələrini başa çatdıracaq, mühüm sazişlərə imza atacaq, ötən illərdə həyata keçirilən islahatların bazasında milli iqtisadiyyatın daha da böyüməsini təmin edəcək, beynəlxalq nüfuzundan istifadə etməklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində real nəticələr əldə etməyə çalışacaq, sosial islahatları davam etdirməklə, yeni, daha effektiv sosial-iqtisadi model yaratmaqla öz vətəndaşlarının rifahı üçün yeni əlverişli şərtlər formalaşdıracaq, ordu quruculuğu işini davam etdirəcək. Hazırkı mürəkkəb beynəlxalq və regional şərtlər içərisində ölkəmizin əldə etdiyi bu qədər uğur, heç şübhəsiz, anti-Azərbaycan mövqeli mərkəzləri ciddi şəkildə narahat edir. Ən çox narahatlıq keçirən isə işğalçı Ermənistan və onun beynəlxalq havadarlarıdır. Erməni simpatizanı olan bu beynəlxalq şəbəkə islamofob mərkəzləri və ölkəmizdə yaratmağa çalışdıqları "5-ci kalon” üzvlərini də səfərbər edərək, Azərbaycanı gözdən salmaq, onun beynəlxalq nüfuzuna zərbə vurmaq istəyirlər”.


H.Babaoğlu söyləyib ki, hazırda anti-Azərbaycan şəbəkənin ən çox siyasi istismara məruz qoyduğu mövzu Azərbaycanın Avropa İttifaqı ilə imzalayacağı strateji tərəfdaşlıq sazişidir. Onun fikrincə, bunun başlıca səbəbi həmin sazişdə Avropa İttifaqına üzv ölkələrin hamısı tərəfindən bir daha Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin öz əksini tapacağıdır: "Başqa bir mühüm məsələ ondan ibarətdir ki, bu il Cənub Qaz Dəhlizi layihəsi tamamlanacaq və beləliklə, ölkəmiz həm iqtisadi baxımdan daha da güclənəcək, həm də siyasi baxımdan beynəlxalq münasibətlər sistemində öz nüfuzunu bir qədər də artıracaq. Bu amil də Dağlıq Qarabağ probleminin həllində bizi daha da güclü edəcək. Bu da işğalçı Ermənistanın lehinə deyil”.

Millət vəkili bildirib ki, Azərbaycanda həyata keçirilən kompleks islahatlar və onun xalq tərəfindən dəstəklənməsi də antimilli ünsürləri və onların havadarlarını ciddi narahat edir: "Fransanın "Opinion Way” sorğu şirkətinin anketlərində əksini tapan xalq-iqtidar birliyi nümunəsi anti-Azərbaycan mərkəzlərin ciddi narahatlığına səbəb olub. Məsələ ondadır ki, Azərbaycanın inkişafına və müstəqil siyasətinə mane ola bilməyən güc mərkəzləri onu daxildən parçalamaqla zəiflətmək və beləliklə Qarabağ problemini birdəfəlik yaddan çıxarmaq istəyirlər. Diqqət etsək görərik ki, nə xaricdə bizə qarşı fəaliyyət göstərən "mühacirət müxalifəti”, nə də Azərbaycanda olan marginallaşmış müxalif qrup problemlərdən danışan zaman bir dəfə də olsun Qarabağ problemindən danışmırlar. Çünki onlar, sadəcə, anti-Azərbaycan mərkəzlərdən aldıqları təlimatla hərəkət edirlər. Bütün bunlar isə Azərbaycan xalqının diqqətindən əsla yayınmır və xalqımızı öz liderinin ətrafında daha sıx birləşməyə sövq edir”.



Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən millət vəkili, politoloq Elman Nəsirov deyib ki, Azərbaycan əleyhinə olan beynəlxalq siyasi dairələr və onların miskin əlaltısına çevrilmiş antimilli ünsürlər yenidən fəallaşıblar. Deputatın sözlərinə görə, həmin qüvvələr Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsindən, habelə qarşıdan gələn dövrdə ölkəmizin bir sıra mühüm tədbirlərə ev sahibliyi edəcəyindən, xüsusən də "Cənub Qaz Dəhlizi” layihəsinin tamamlanacağından, Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağından, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik edəcəyindən ciddi narahatlıq keçirirlər: "Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz. Taleyimiz öz əlimizdədir. Ölkəmizdə mövcud xalq-hakimiyyət birliyi sarsılmazdır. Xalq Prezident İlham Əliyevi birmənalı olaraq dəstəkləyir. Prezident də hər hansı beynəlxalq siyasi dairələrin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. Bu, xalq-hakimiyyət birliyini güclü edən həlledici amildir. Eyni zamanda, bu, monolitliyin xarici bədxahlarımızın və "sapı özümüzdən olan baltalar”ın hədəfinə çevrilməsini şərtləndirən mühüm səbəbdir”.

Millət vəkili E.Nəsirov qeyd edib ki, antimilli ünsürlər və onların xarici havadarlarının siyasi hoqqabazlıqları həmişə olduğu kimi, bu dəfə də uğursuzluğa məhkumdur: "Hakimiyyətin mənbəyi olan xalqımız görür və əmindir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu yalnız milli maraqların müdafiəsinə əsaslanır, istənilən dövlət və ya beynəlxalq təşkilatla bərabər hüquq, qarşılıqlı hörmət, qarşılıqlı faydalı əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə söykənir. Bu baxımdan, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və onun inkişaf göstəricisi olan strateji tərəfdaşlıq sazişinin imzalanma prosesinə hazırlanması da eyni yanaşmalardan qaynaqlanır. Antimilli ünsürlərin işçi sənəd səviyyəsində olan bir sazişin mətni ilə tanış olmadan onu tənqid atəşinə tutmaları əslində onların qaragüruhçu, qurucu deyil, dağıdıcı xislətlərinin ifadəsidir”.


Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov isə SİA-ya açıqlamasında deyib ki, xaricdə oturub ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlar eyni mərkəzdən idarə olunurlar: "Mən həm ölkəmizdə, həm Ermənistanda, həm də Avropada olanların müsahibələrini, açıqlamalarını izləyirəm və baxıram. Onlar hamısı erməni maliyyəsi ilə fəaliyyət göstərir və eyni tapşırığı icra edirlər. Ötən gün onlardan biri heç bir əsas olmadan, heç bir fakta söykənmədən Azərbaycan Ordusu haqqında yalan, şər-böhtan xarakterli çıxışlar edirdi. Bu insanlar çayxana söhbətini televiziya vasitəsilə ictimaiyyətə çatdırırlar. Ümumiyyətlə, hər bir məsələ araşdırılmalıdır. Əgər ordu haqqında böhtan xarakterli fikirlər səsləndirirsə, deməli, o insanda ümumiyyətlə, vətənpərvərlik hissi yoxdur. Bu insanlar ermənidən çox ermənidirlər. Eləcə də Leyla Yunus dəfələrlə Ermənistana qeyri-qanuni səfərlər edib. Onun Avropa ölkələrində bir neçə böyük mülkü, biznes şəbəkəsi və sair vardır. Leyla Yunus bunların hamısını erməni pulu ilə əldə edilib. Gündə bir təşkilat yaradılır və adını gah "Azərbaycan Xalq Hərəkatı”, gah da "Milli Şura” qoyurlar. Onların işləri-gücləri ancaq yalan danışmaqdan ibarətdir. Bilirsiniz ki, Fransada Paris Notr-Dam Kilsəsi yanıb. Düşündüm ki, onlar indi çıxıb deyəcəklər ki, bunu da Azərbaycan iqtidarı edib və yaxud da niyə Azərbaycan iqtidarı gəlib yanğını söndürməyib. Dünyada harasında nə hadisə baş verirsə, həmin hadisələri Azərbaycan iqtidarının üzərinə atırlar. Xalqımız bütün bunları öz gözü ilə görür, başa düşür və onlara öz yerini göstərir”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər