• cümə, 19 Aprel, 22:26
  • Baku Bakı 24°C

Azərbaycana olan etimadın daha bir nümunəsi - Fotolar

08.01.18 18:07 1705
Azərbaycana olan etimadın daha bir nümunəsi - Fotolar
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət ölkəmizin daha da inkişafına, beynəlxalq aləmdə sabitlik məkanı kimi tanınmasına səbəb olub. İndiyə qədər həyata keçirilən bu kimi tədbirlər nəticəsində Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanı da qazanıb. Buna misal olaraq, "Avroviziya-2012” beynəlxalq musiqi yarışmasının, Bakı-2015: I Avropa Oyunlarının, Formula 1 avtomobil yarışlarının, Bakı-2017: İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsini və sairi göstərmək olar. Hətta Amerika, NATO və Rusiya generalları da "Şərqin İsverçrəsi” kimi təqdim edilən Azərbaycanda müxtəlif vaxtlarda görüşlər keçiriblər. Xarici kütləvi informasiya vasitələrinin ABŞ və Avropanın vəzifəli şəxslərinə istinadən yaydığı məlumata görə, NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov ilə 2018-ci ilin yanvar ayında Bakıda görüşəcək. Məlumatda o da qeyd edilib ki, bu, sabiq ABŞ prezidentiBarak Obamanın 2013-cü ildəNATOBSQ rəhbərinə rusiyalı həmkarı ilə şəxsi əlaqələrə qoyduğu qadağadan sonra ilk görüş olacaq. Beləliklə də 2018-ci ilin yanvar ayında paytaxt şəhərimiz NATO və Rusiya generallarının daha bir görüş yeri kimi tarixə düşəcək.

Xatırladaq ki, etibarlı tərəfdaş, inkişaf edən sabitləşdirici ölkə kimi tanınan Azərbaycan balanslı xarici siyasət yeritməklə, fərqli qütbləri təmsil edən böyük güclərin daim dialoq məkanına çevrilib. Söylədiklərimizə nümunə olaraq, 2017-ci il fevralın 16-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun Bakıda keçirilən ilk görüşünü qeyd etmək olar. Həmin görüşdə tərəflər hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin yaranması risklərinin azaldılması sahəsində birgə işin istiqamətlərini müzakirə edib, habelə əlaqələri davam etdirmək barədə razılığa gəliblər. General C.Danford və ordu generalı V.Gerasimov ABŞ-Rusiya münasibətlərinin cari vəziyyəti, Avropa, Yaxın Şərq, Şimali Afrika və dünyanın digər mühüm regionlarında beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparıblar. Beləliklə də dünyanı, böyük gücləri, fərqli qütbləri narahat edən, düşündürən problemlər ətrafında ilk dəfə məhz Bakıda müzakirələr aparılıb.
Düzdür, bu tarixi görüşün ardınca hər iki general mart ayında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın da iştirakı ilə Antalyada yenidən bir araya gəliblər. Üç ölkənin baş qərargah rəisləri arasında ilk üçtərəfli görüşdə Suriya və İraqdakı vəziyyət başda olmaqla bölgədəki təhlükəsizlik müzakirə olunub. Lakin ötən il sentyabrın 7-də paytaxt şəhərimiz Qərb hərbi təşkilatı və Rusiya generallarının növbəti görüşünə ev sahibliyi edib.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Gerasimov vəNATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel Bakıda yenidən görüşüblər. Generallar Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO Hərbi Komitəsinin rəhbərini "Qərb-2017” strateji təlimlər barədə ətraflı məlumatlandıraraq, onların planlı və müdafiə xarakterli olduğunu, üçüncü ölkələrə yönəlmədiyini vurğulayıb. V.Gerasimov təlimlərin əsas məqsədinin Rusiya-Belarus müttəfiq dövlətin təhlükəsizliyinin təmin edilməsi olduğunu qeyd edib. Görüşdə tərəflər təmasları davam etdirməyə qərar veriblər.
V.Gerasimov və P.Pavel Bakıda olduqları müddətdə rəhbərlik etdikləri nümayəndə heyətləri ilə ayrı-ayrılıqda Azərbaycan Müdafiə Nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovla da görüşüblər. Tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qonaqlar ikitərəfli görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Həmin gün V.Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan dövlət başçısı da qəbul edib. Prezidentİlham Əliyev V.Gerasimov və P.Pavel arasında görüşün məhz Bakıda keçirilməsini Azərbaycana olan etimadın nümunəsi kimi dəyərləndirib.

Onu da vurğulamaq yerinə düşər ki, Şərqlə Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycan zaman-zaman rəsmi şəxslərin, diplomatların, prezidentlərin görüşlərinə də ən yüksək səviyyədə ev sahibliyi edib. Bu çərçivədə 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başladılan "Bakı prosesi”ni xüsusi qeyd etmək gərəkdir. Bu təşəbbüs mədəniyyətlər vəsivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə başladılıb. Eyni zamanda, ölkəmizin belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqlidini mənsubiyyəti olanicmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.
Bu təşəbbüsdən irəli gələrək, hər il Azərbaycanda forumlar keçirilir, müxtəlif ölkələrin diplomatları, ictimai-siyasi xadimləri, sabiq dövlət və hökumət başçıları bir araya gələrək, bəşəriyyəti narahat edən, dünya ictimaiyyətini düşündürən mövzular ətrafında fikir mübadiləsi aparır, beynəlxalq aləmə mühüm mesajlar çatdırırlar. Nəticə etibarilə bu addım dünyada sülhün və əmin-amanlığın qorunub saxlanmasına xidmət edir. Bu sıraya Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Pakistan kimi formatları da aid etmək olar. Prezidentlərin paytaxt Bakıda bir araya gəlməsi, qarşılıqlı fikir mübadiləsi aparması, mühüm qərarlar qəbul etməsi ilə müşayiət edilən belə formatlar regionun təhlükəsizliyinə və inkişafına xidmət edir. Bununla Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artır, paytaxt Bakı sabitliyin, əmin-amanlığın, mədəniyyətlərarası, dinlərarası dialoqun mərkəzinə çevrilir.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər