Azərbaycana gələn turistlərin narazı qaldıqları məqamlar
Artıq yay mövsümi başa çatdı. Ölkəmizə gələn
turistlər yavaş-yavaş öz vətənlərinə qayıdırlar. Bəs görəsən gələn
qonaqlarımızı məmnun edə bilmişikmi? Elə
bu məqsədlə, Milli Turizm Təbliğatı Bürosu sorğu keçirib. Sorğunun nəticələrinə
əsasən deyə bilərik ki, turistlərdən "əla” qiymət ala bilməmişik. Belə ki, gələn qonaqlar ölkədəki
bəzi problemləri dilə gətiriblər. Daha çox qabardılan problemlər arasında yerli əhalinin ingilis dilini zəif bilməsidir.
Həmçinin taksi sürücülərinin yalançılığı və fırıldaqçılığı, əyləncə xidmətlərinin azlığından da narazı qalanlar olub. Turistlər
həm də bəzi ictimai çatışmazlıqları da qeyd ediblər. Məsələn, turistlərin
narazı qaldıqları məqamlardan biri də "rent a car", yəni avtomobillərin
icarəyə götürməsi, ictimai tualetlərin az olması, bəzi yerlərdə isə ümumiyyətlə
olmamasıdır. Qısa müddət ərzində turizm sahəsində xeyli uğur qazansaq da, qeyd
olunan məsələlərin hələ də problem olaraq qalmasını heç kim inkar etmir. Bəs bu problemi necə həll
etmək olar? Ümumiyyətlə, bu sorğudan hansı nəticələri çıxarmalıyıq?
"Millenium”
turizm şirkətinin rəhbəri Ruslan Quliyevdeyir ki, əslində büronun keçirdiyi bu sorğu təqdirəlayiq bir
məqamdır: "Ümumiyyətlə, belə rəy sorğuları silsilə xarakterli keçirilərsə, xidmətin
keyfiyyətinin artırılması baxımından xeyli faydalı olar. Bu sorğular həm də
turizm obyektlərinin fəaliyyətinin səmərəli və keyfiyyətli təşkili baxımından
da çox vacibdir. Qeyd edilən məsələlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyi və
digər turizm təşkilatları bir müddət olar ki, həyəcan təbili çalır. Düzdür, müəyyən
sahələrdə irəliləyişlər olsa da, bəzi çatışmazlıqlar hələ də qalmaqdadır. İlk
növbədə turizm sektorunda işə götürülmək üçün
rəhbərlik tərəfindən müəyyən tələblər qoyulmalıdır. İşçilərin xüsusilə
rus və ingilis dillərini bilməsi çox vacibdir və bu fakt əsas şərt olmalıdır.
Hesab edirəm ki, bu istiqamətdə ardıcıl iş aparılmalı və turistlərin haqlı narazılıqları
tez bir zamanda aradan qaldırılmalıdır. Həmçinin yerli icra orqanları, bələdiyyələr
və digər müvafiq qurumlar qeyd edilən məsələlərlə yaxından maraqlanmalıdırlar. Artıq
bəlli standartların qoyulması prosesinə start verilib və bu istiqamətdə bəzi
işlər aparılır”.
Müsahibim deyir ki, ictimai məlumatlandırma çox
vacibdir: "Turizmin vacib qollarından biri olan çimərlik turizmi ilə bağlı əsas
4 kriteriya tələb olunur. Bu kriteriyalara suyun ekoloji təmizliyi,
sanitar-gigiyenik qaydaları, təhlükəsizlik və turistlərin məlumatlandırılması
işarələrinin olması daxildir. Hər il bu
standartlara cavab verən çimərliklər mavi bayraq etiketi alır. Qeyd edim ki, bu
etiket daimi deyil və ildən-ilə dəyişilir. Yəni bu il sözügedən etiketi alan müəssisə gələn il almaya bilər.
Çimərlik turizminin inkişafı baxımından, çimərliklərin qeyd olunan standartlara
cavab verməsi çox mühümdür. Bundan başqa, turistlərin narazı qaldığı taksi
şoferlərinin fırıldaqçılığı məsələsi ilə bağlı əlaqədar strukturlar nəqliyyat
şirkətləri ilə birgə mütəmadi şəkildə
işlər görməlidir. İstər sürücülər, istərsə də digər şəxslər maarifləndirilməli
və belə neqativ halların qarşısı tez bir zamanda alınmalıdır. Təəssüflər olsun
ki, bu hallara təkcə taksi xidmətində deyil, restoranlarda, kafelərdə və digər
ictimai iaşə obyektlərində də rast gəlinir. Düşünürəm ki, ictimai məlumatlandırma
və maarifləndirilmə işi aparılarsa, problem tez bir zamanda aradan qaldırıla
bilər”.
Azərbaycan Turizm və
Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov"Kaspi”yə
açıqlamasında bildirdi ki, beynəlxalq tədbirlər zamanı bu çatışmazlıqlarla
bağlı məsələlər müzakirə olunur: " Çalışırıq ki, qeyd olunan sahələr üzrə təcrübəni
daha da artıraq. Bildiyiniz kimi, Azərbaycanda kütləvi turizm bir neçə ildir
ki, fəallaşıb. Təkcə yay aylarında deyil, müxtəlif turizm mövsümlərində də ölkəmizə
xeyli turist axını olur. Lakin təəssüflər
olsun ki, turizm bazarında fəaliyyət göstərən seqmentlərdən xüsusən taksi
şoferləri, ictimai iaşə obyektləri bundan sui-istifadə edirlər. Bu da peşəkarlıqla
bağlı olan məsələdir. Qeyd edim ki, yol xəritəsində
bu məsələ ilə bağlı ayrıca bənd var. Turizm sektorunda xidmət edən digər sektor
nümayəndələri üçün təlimlərin keçirilməsi məsələsi gündəmdədir”.
E.Aslanov deyir ki, Turizm və Menecment Universiteti və Turizm Nazirliyinin müvafiq strukturları ilə
birgə hər il mövsümü olaraq belə təlimlər keçirilir: "Amma hansısa mərhələdə
dayanmaq olmaz. Çünki turizm daim inkişaf edən bir sahədir. Ona görə də müntəzəm
şəkildə belə təlimlərin keçirilməsi zəruridir. Sorğunun nəticələri də təsdiq
edir ki, bu istiqamətdə görülən işlər sistematik şəkildə aparılmalıdır. Əslində
turistlərin qeyd etdiyi problemlər bizim üçün təəccüblü deyil. Biz bu məsələni
özümüz də dəfələrlə qeyd etmişik. Turizm müəssisələrində asudə vaxtın səmərəli
təşkili, əyləncə proqramları kifayət qədər qənaətbəxş deyil. Turistlərin bunu
bir problem kimi qeyd etməsi təbiidir. Ona görə də özəl sektor bunu fürsətə
çevirməlidir. Çünki turizm təkcə yemək-içmək və yerləşmədən ibarət deyil. Turistlər
boş vaxtlarını səmərəli keçirmək istəyir və bu da bir xidmətdir. Turist məmnunluğunu
daha çox məhz bu təmin edir. Bu sorğunun nəticəsinin mətbuatda yayılması özəl
sektor üçün bir siqnal olmalıdır. Onlar gələcəkdə öz fəaliyyətlərində bu amili nəzərə almalıdırlar”.
Şəbnəm
Mehdizadə