“Azərbaycan özünə qarşı adekvat münasibət gözləyir”
Azərbaycan qlobal güclərin
yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmadan müstəqil addım atır. Prezident
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan işğalçı Ermənistan istisna olmaqla,
bütün dünya dövlətləri, o cümlədən regionun böyük ölkələri sayılan, eyni
zamanda qonşularımız olan Türkiyə, İran, Rusiya, həmçinin Gürcüstan, Xəzər
dənizi vasitəsilə Qazaxıstan və Türkmənistanla qarşılıqlı maraqlara cavab verən
əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha da
gücləndirib. Azərbaycanın həyata keçirdiyi qlobal iqtisadi layihələr, ölkəmizin
təşəbbüsü və fəal iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionda
iqtisadi və sosial rifahın, təhlükəsizlik və qarşılıqlı səmərəli əməkdaşlıq
mühitinin yaranması və inkişafına mühüm təsir göstərib.Region dövlətləri
ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, bölgədə
təhlükəsizliyin bərqərar olmasına, inkişafa mühüm töhfə verib.
Nəticədə Azərbaycan, bu
zəmində formalaşan yeni reallığın müəllifinə çevrilib.Yeni reallıq
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin milli maraqları
çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam
zəmin yaradıb. Çünki Azərbaycanın 20 faiz ərazisini işğal edən, 1 milyondan
artıq azərbaycanlını qaçqın və məcburi köçkünə çevirən Ermənistan, ötən illər
ərzində nəinki inkişaf etməyib, üstəlik, ənənəvi müttəfiqlərini itirib, küncə
sıxılıb, sosial və iqtisadi kataklizmlər yaşayaraq çıxılmaz vəziyyətə düşüb.
Ermənistanda hakimiyyət dəyişikliyi ilə əlaqədar bu ölkənin xarici siyasətində
müşahidə olunan ciddi fəsadlar, o cümlədən də onun Qərb üçün İran və Rusiyaya
qarşı platformaya çevrilməsi təhlükəsi rəsmi Moskva və Tehranı öz ənənəvi
siyasətini bir daha nəzərdən keçirməyə məcbur etməkdədir.
Mövzu ilə bağlı fikirlərini
"Kaspi”yə bölüşən Milli Dirçəliş
Hərəkatı Partiyasının (MDHP) sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya
ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev bildirdi ki, Azərbaycanın
istənilən dövlətə münasibəti ölkəmizin milli maraqlarından keçir. Onun
sözlərinə görə, hər hansı xarici ölkənin Azərbaycanın milli maraqlarına
münasibəti hansı formada olursa, həmin dövlətə münasibət də o səviyyədə olur.
Millət vəkili vurğuladı ki, əgər Azərbaycanın milli-dövlətçilik maraqlarına,
ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşılırsa, Dağlıq Qarabağ
münaqişəsinə münasibətdə ədalətli, konstruktiv mövqe nümayiş etdirilirsə,
qarşılıqlı münasibətlərdə qərəzçilik göstərilmirsə, ölkəmiz belə dövlətlərlə
əlaqələrini inkişaf etdirməkdə maraqlıdır: "Azərbaycan daim qonşularla
münasibətlərinin yüksək səviyyədə olmasında maraqlı olub. Əfsus ki,
Azərbaycanın iradəsindən asılı olmadan, qonşularla münasibətdə bəzən müəyyən
çatlar olub. İstər İranın, istərsə də Rusiyanın rəsmi şəxslərinin son günlər
Azərbaycanla, onun ərazi bütövlüyü ilə bağlı verdiyi müsbət bəyanatlar bundan
sonra ədalətə, obyektivliyə, beynəlxalq hüququn prinsiplərinə xidmət edəcəksə,
təbii olaraq həmin dövlətlərlə münasibətlərimiz daim yaxşı səviyyədə olacaq.
Azərbaycan ikitərəfli, üçtərəfli formatlarda qonşuların iştirakını da vacib
sayıb, qonşu dövlətlərin, ümumilikdə regionun inkişafında maraqlı olub. İran və
Rusiyaya Qərb, sanksiya tətbiq etdiyi vaxtlarda, Azərbaycan hər iki dövlətlə
münasibətlərini davam etdirib, bu sanksiyalara qoşulmayıb. Sadəcə bu faktın özü
hər iki dövlətə qarşı Azərbaycanın böyük jestidir. Bunun müqabilində Azərbaycan
özünə qarşı adekvat münasibət gözləyir”.
Millət vəkilinin fikrincə, əgər
Azərbaycana münasibət hazırkı dönəmdə müsbətə doğru dəyişibsə, bu, ölkəmizin
uğurlu xarici siyasəti ilə əlaqədardır: "Təsəvvür edin ki, Ermənistanın da üzv
olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiq sayılan
dövlətlər belə, bu təşkilatın üzvü olmayan Azərbaycanı dəstəkləyirlər, haqlı
mövqeyimizi müdafiə edirlər. Qazaxıstanın, Belarusun timsalında bunu xüsusilə
qeyd edə bilərik. Bu onu göstərir ki, beynəlxalq aləmdə Azərbaycanın
səmimiyyətini qəbul edir, hesablaşır, etibarlı, vahid mövqeyi olan, müstəqil
siyasət yürüdən dövlət kimi tanıyırlar. İşğalçı Ermənistan isə daim riyakarlıq
nümayiş etdirir, qeyri-sabit mövqe ortaya qoyur. Belə olan halda Rusiya və İran
tərəfindən Ermənistan sadəcə, forpost deyil, eyni zamanda onların ayaqlarını
qandallayan, regionun inkişafına mane olan dövlət kimi qəbul edilir. İşğalçı
Ermənistan xarici siyasəti ilə İran və Rusiyanın digər xarici ölkələrlə
münasibətlərinə ziyan vurur, katalizator rolunu oynayır. Ona görə də, hər iki
dövlət həm öz maraqlarından çıxış edərək, həm də bölgədə inkişaf, sülh, əmin-amanlıq
olsun deyə, fərqli münasibət sərgiləyirlər. Fikrimcə, bu anlaşma davamlı
olarsa, yaranmış situasiya bütün region üçün faydalı olar. Nəticədə Ermənistan
bu günə qədər yaratdığı ifrat atmosferi görərək, əsassız iddialardan,
xülyalardan əl çəkə, hələlik varlığını qoruya bilər”.
Millət
vəkili Azər Badamov da hesab edir ki, Azərbaycanın beynəlxalq siyasəti
Prezident İlham Əliyevin rəhbərliyi altında tarazlı şəkildə həyata keçirilir. Onun
sözlərinə görə, Azərbaycan heç bir qlobal güclərə qoşulmadan, müstəqil şəkildə
öz xarici siyasətini yürüdür. Deputat söylədi ki, hazırda dünya tərəfindən də
ölkəmizin apardığı xarici siyasət yüksək səviyyədə dəyərləndirilir: "Azərbaycan
işğalçı Ermənistan istisna olmaqla, öz qonşuları ilə çox yaxşı münasibətlər
qurub. Bu yöndə həyata keçirilən siyasət qonşularla bir yerdə regionun ümumi iqtisadi
inkişafına, təhlükəsizliyin təminatına xidmət edir. Azərbaycanın təşəbbüskarlığı,
dəstəyi ilə regionda qlobal layihələr həyata keçirilir. Bu layihələrdə qonşu
ölkələr də iştirak edir. Bu layihələrə nümunə kimi Bakı-Tbilisi-Qars dəmir
yolunu, Cənub Qaz Dəhlizini, "Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizini göstərə
bilərik. Bu layihələr vasitəsilə Azərbaycanın Rusiya, İran, Türkiyə və
Gürcüstanla qarşılıqlı olaraq münasibətləri inkişaf edir, əlaqələr daha da
möhkəmlənir. Bu əlaqələrin inkişafı bir bölgədə yaşayan qonşular arasında
münasibətlərin möhkəmlənməsinə və onların iqtisadiyyatlarının inkişafına öz
töhfəsini verir. Xəzərin hüquqi statusu ilə bağlı imzalanan konvensiya isə
münasibətlərin daha da yeni mərhələdə səmərəli qurulmasına xidmət edir.
Qoşulmama Hərəkatının üzvü olan Azərbaycan təkcə qonşuları ilə deyil, bütün dünya
dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı maraqlara söykənən faydalı münasibət
qurur. Bu, dövlət başçısı İlham Əliyevin yürütdüyü müstəqil, balanslı xarici
siyasətin uğurudur”.
Rufik İSMAYILOV