• cümə, 19 Aprel, 03:47
  • Baku Bakı 18°C

“Azərbaycan zəif olduğu 90-cı illərdə də buna razılıq verməyib”

20.09.17 10:30 6430
“Azərbaycan zəif olduğu 90-cı illərdə də buna razılıq verməyib”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün artıq 25 ilə yaxındır ki, danışıqlar davam etdirilir. Lakin ötən ilin aprelində təmas xəttində baş verən hadisələrdən sonra Ermənistan tərəfi danışıqlardan yayınır. ATƏT-in Minsk qrupu həmsədrləri isə danışıqları Ermənistanın irəli sürdüyü absurd təkliflər üzərində qurur. Amma bu da Ermənistana kömək etmir. Çünki Azərbaycanın Dağlıq Qarabağla bağlı beynəlxalq arenada apardığı ardıcıl siyasət və təmas xəttində hərbi üstünlüyə nail olması Ermənistanı faktiki olaraq dalana dirəyib. Rəsmi İrəvan yaxşı başa düşür ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır.

Ermənistan XİN başçısı Edvard Nalbandyanın VI ümumerməni "Ermənistan-Diaspora” forumunun iştirakçılarının suallarını cavablandırarkən dediyi fikirlər buna misal ola bilər. Belə ki, E.Nalbandyan ilk dəfə olaraq Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb: "Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz”.

E.Nalbandyanın Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması ilə bağlı yanlış fikirləri daxili auditoriyaya da hesablanmış ola bilər.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Ermənistanda tamamilə başını itirmiş insanlar var və onlar Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmasını istəmirlər: "Bu absurd bir yanaşmadır. Əslində bu, o deməkdir ki, gəlin müharibə edək. Burada elə təqsirkar da ermənilər olacaq. Nalbandyanın işğal olunmuş torpaqların geri qaytarılması ilə bağlı hansısa şərtlərə əsaslanan fikirləri heç də yeni bir məsələ deyil. Məlumdur ki, bunların məqsədi Dağlıq Qarabağ və üstəgəl Laçın, Kəlbəcər ərazilərini Azərbaycandan qoparmaqdır. Bunun müqabilində isə digər ərazilərdən geri çəkilmək istəyirlər. Azərbaycan isə heç zaman onların bu istəyinə uyğun razılaşmaya getməyəcək. Sadəcə olaraq, ilk addım kimi ermənilər işğal olunmuş 5 rayondan geriyə çəkilməyə razılıq verdiyi halda, etibarlı sülh təmin oluna bilər. Ancaq onların istədiyi kimi iddialarının təmin olunması qeyri-mümkündür. Azərbaycan zəif olduğu ötən əsrin 90-cı illərində heç buna razılıq verməyib. Halbuki indi üstünlük bizdədir və onların bu istəyi absurddur. Nalbandyanın bu fikirləri radikallara bir mesajdır ki, iddialarınızla əndazəni aşmayın və belə olan halda Ermənistan çətin vəziyyətdə qalır”.

R.Musabəyov əlavə etdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bilavasitə heç bir danışıq getmir: "Hələlik vasitəçilər ora-bura gəzirlər, müzakirə üçün hansısa təkliflər hazırlayıblar. Kazan görüşündən sonra mahiyyət üzrə danışıqlar getmir. Sadəcə olaraq ermənilər daima ortalığa etimad, təmas xəttində nəzarətin güclənməsi və sair təkliflər atırlar və mahiyyət üzrə danışıqlardan boyun qaçırırlar. Xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünü təşkil etmək mümkün olacaqmı və bu görüş danışıqların bərpa olunmasına gətirib çıxaracaqmı? Bunu artıq gözləmək lazımdır və öncədən demək çətindir”.

Politoloq Fikrət Sadıxov bildirdi ki, Ermənistan hakimiyyət nümayəndəsi tərəfindən deyilən bu fikirlər əslində gözlənilən etiraf idi: "Çünki onlar başa düşür ki, ölkə siyasi dalana dirənib. Azərbaycan hərbi potensialını genişləndirir və günü-gündən qüdrətlənir. Biz aprel döyüşlərində bunu bir daha sübut etdik ki, öz torpaqlarımızı işğaldan azad etməyə qadirik. O cümlədən Rusiyanın S-400 zenit-raket komplekslərini Türkiyəyə satmaq faktı, eyni zamanda amerikalı keçmiş həmsədr Hoqland tərəfindən 6 prinsipin səsləndirilməsi artıq onlara bir mesajdır. Onu qeyd edim ki, Hoqlandın bu fikirləri Azərbaycanın xeyirinədir. Görünür Ermənistan artıq başa düşür ki, yaranmış vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Amma bu heç də o demək deyil ki, bu məsələ dərhal həll olunacaq və ermənilər bütün torpaqları azad edəcək”.

Politoloqun fikrincə, Nyu-Yorkda nazirlərin görüşü olacaq və danışıqlar prosesində Ermənistanın mövqeyi daha qabarıq şəkildə aşkarlanacaq: "Çünki bu görüşdə ATƏT-in Minks qrupu həmsədrləri də iştirak edəcək. Əgər qeyd edilən məsələ müzakirə predmetinə çevrilsə, onda müəyyən nəticələrə gəlmək olar. Bu da hamıya daha aydın şəkildə bəlli olacaq”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Azərbaycan ictimaiyyətini bu xəbərlə ümidləndirməyin əleyhinə olduğunu vurğuladı: "Bundan sensasiya yaratmağın əleyhinəyəm. Onsuz da münaqişənin həllinin hansısa mərhələsində Ermənistan qeyd olunan 5 rayonu boşaltmalıdır. Bunu özləri də dəfələrlə dilə gətiriblər. Yəni, bu xəbərdə elə də bir yenilik yoxdur. Bizim əsas istəyimiz işğal altında olan bütün rayonlarımızın boşaldılmasıdır. Fikir verirsinizsə, məlumatda "təhlükə yaratmayan ərazilər"dən söhbət gedir. Yəni bu, o deməkdir ki, Şuşa, Laçın və Kəlbəcəri qaytarmaq istəmirlər. Həmin 5 rayonun qaytarılması hesabına da bizdən münaqişənin həllinə yönəlik sənəddə tələb edilir ki, referendum tarixi göstərilsin və onlar rahat şəkildə referendum keçirərək "müstəqillik" qazansınlar. Lakin biz buna gedə bilmərik. Yəni, Nalbandyan bu şərtlərin daxilində nəzərdə tutub ki, Ermənistan hansısa əraziləri boşalda bilər. Bu, erməni tərəfinin güzəşti deyil. Sadəcə ola bilər ki, Ermənistan rəsmisi öz ictimaiyyətinə bir mesaj göndərib ki, nə vaxtsa hansısa ərazilər boşaldıla bilər. Bunu da erməni ictimaiyyəti onsuz da bilir”.

E.Şahinoğlu əlavə etdi ki, bu, ortaya atılmış yayındırıcı fikirdən başqa bir şey deyil: "Onsuz da həmin rayonlar boşaldılmalıdır. Bizi maraqlandıran o rayonlardan başqa, eyni zamanda Şuşa, Laçın və Kəlbəcərdir. Önəmli olan odur ki, Ermənistan tərəfi bu haqda nə düşünür”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər