Azərbaycan xalqının tolerantlığının, multikultural dəyərlərinin zirvə nöqtəsi
Bəhmən Əliyev: "Novruz
adət-ənənələrinə ən çox Bakıda əməl olunur”
Novruz
bayramı, adət-ənənələri ilə bağlı hər bir detal haqqında məlumatlı olduğumuzu
düşünə bilərik, amma elə deyilmiş. Azərbaycan
Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru,
etnoqraf Bəhmən Əliyev deyir ki, son 30 ildə bu istiqamətdə tədqiqatlar
genişlənsə də, yenə də bildiklərimiz hamısı deyil. Hər dövrdə yeni məsələlər,
məqamlar, yanaşmalar ortaya çıxır.Yəqin ki
elə hər dövr də bayrama öz payını qatır, dəyişikliyini gətirir. Bu dövrün necə
təsir etdiyini zaman göstərəcək, amma biz bu dəfə B.Əliyevlə uzaq tarixdən bu
günə qədər olan Novruz bayramı haqqında danışdıq.
- Çərşənbələr yaz fəslinin gəlişinə hazırlıq,
Novruz isə fəslin gəlişi ilə qeyd olunan adət-ənənələrlə bol bayramdır. Söhbətə
çərşənbələrdən başlayaq. Düzdür, bu il üçün çərşənbələri geridə qoymuşuq. Bəs
ümumilikdə, bayram öncəsi çərşənbədən-çərşənbəyə nə dəyişir?
- Novruz
şimal yarımkürəsində astronomik baharın gəlişidir. Yəni astronomik bayramdır.
Nə baş verir? Dekabrın 22-dən başlayaraq günəşin cənub yarımkürəsindən Şimal
yarımkürəsinə - qoç bürcünə doğru hərəkəti başlayır. 40 gün müddətində günəş
zodiakın ən dərin guşəsinə oğlaq bürcünə girir. Dekabrın 22-si başlayan bu
dönəm təxminən yanvarın 30-a kimi davam edir. Bu müddətdə biz "Böyük çillə”ni
qeyd edirik. Burda gün sayı 40 olmaya da bilər, yəni bir-iki gün fərq olur.
Fevral 1-2-dən 20-sinə kimi "Kiçik çillə”dir. Bitdiyində, "Yalquzaq bayramı”
baş verir. Sonrakı dövrdə isə "Boz ay” başlayır. "Boz ay” girəndən sonra artıq
Novruza doğru proses sürətlənir. Bundan sonrakı 4 çərşənbədə günəşin hərəkəti
daha çox hiss olunur, havada, təbiətdə baş verən dəyişikliyi hər kəs hiss edir.
Hər çərşənbədən sonra coğrafiyada, iqlimdə mütləq dəyişiklik baş verir. Hava
isinir, yaşıllıq çoxalır, buzlar əriyir və s. Dəyişiklik təkcə havanın
isinməsində deyil, müxtəlif formalarda özünü göstərə bilir. Külək də əsə,
yağış, qar da yağa bilər. Bütün hallarda dəyişiklik olur. Amma isinmə də özünü
mütləq göstərir. Martın 20-21-də isə gecə-gündüz bərabərliyi günü - astronomik
yazın başlanğıcı qeyd olunur. Bu, yaz bərabərliyi nöqtəsi də adlandırılır.
Həmin andan başlayaraq yer kürəsinin şimal yarımkürəsində astronomik bahar
başlayır və iyunun 21-nədək davam edir.
- Son 4 çərşənbəni vurğuladınız, amma yalançı, oğru
adlandırdığımız bir çərşənbə də var.
- "Boz
ay”ın gəlişi ilə qeyd etdiyimiz 4 doğru çərşənbə var. Bunlar indi bir adla -
su, od, yel və torpaq çərşənbəsi olaraq adlandırılır. Ancaq "Boz ay”dan öncə
"Böyük çillə”də bizim 1 deyil, 3 oğru çərşənbəmiz var. Ancaq bu çərşənbə indi
qeyd olunmur, Novruz çərşənbələri haqqında danışanda, 4 çərşənbəni
vurğulayırlar. Əslində isə 4 deyil, 7 çərşənbədir.
- Bu çərşənbələr əvvəllər xüsusi qeyd olunub?
- Yox,
doğru çərşənbələr kimi qeyd edilməyib. Əkinçi və maldar əhali bununla bağlı
geniş mərasimlər keçirməyib. Ancaq yalançı çərşənbələr olub və bunların da öz
anlamı, yanaşması olub. Bu gün isə ümumiyyətlə, unudulub.
- Çərşənbələrin yalnız bir adla adlandırılması
məsələsinə toxundunuz. Əvvəllər hər çərşənbənin bir neçə adı olub. Bu gün
birini istifadə edirik. Bir çərşənbənin bir neçə cür adlandırılması bu prosesə
nə qatır?
- Bu gün
Azərbaycan ictimai rəyi, hətta elmi belə, çərşənbələri kütləvi informasiya
vasitələrinin (KİV) sıralaması ilə qeyd edirlər. KİV-də isə adətən, hər
çərşənbə bir adla təqdim olunur. Amma tarixi baxımından yanaşsaq görərik ki, bu
çərşənbələrin adları indiki kimi yalnız su, od, yel və torpaq kimi olmayıb.
Adlarda çoxvariantlılıq özünü göstərib. Məsələn, su çərşənbəsinin "Əzəl
çərşənbə”, "Birinci çərşənbə”, "Gözəl çərşənbə”, "Sular Novruzu”, "Gül
çərşənbə” kimi adları da məlumdur. Yaxud od çərşənbəsinə "Xəbərçi çərşənbə”,
"İkinci çərşənbə”, "Üskü çərşənbə” də deyilib. Bəzən "Doğru çərşənbə” də
deyirlər. İndu bu çoxvariantlılıq yaddan çıxıb. Axırıncı çərşənbə isə "İlaxır
çərşənbə” kimi qeyd olunub. Torpaq çərşənbəsi adı olmayıb. Çoxvariantlılığa
rəngarənglik kimi yanaşmaq lazımdır.
- Bəzi bölgələrdə axırıncı çərşənbə Novruz
bayramının özündən də geniş qeyd edilir.
- İlaxır
çərşənbə təmtərağı ilə digər çərşənbələrdən fərqlənir. Düzdür, əvvəlki
çərşənbələrdə də "çərşənbə xonçası” tutulur, tonqal yandırılır və s. Amma
İlaxır çərşənbənin növrağı xeyli zəngindir. Soyuqdan, şaxtadan olmazın
əzab-əziyyət görmüş, məşəqqət çəkmiş insan qışı yola saldığına sevinir,
şadlığını bayram səviyyəsinə qaldırır. Çərşənbə mərasimləri sübh tezdən bulağa,
çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su
götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək
diləyərlər.Axır
çərşənbənin gecə mərasimləri də təntənəli keçirilir. Tonqallar çatılır, od
üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır,
qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır,
xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta
döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və
təsərrüfatlarda köklü yeniliklər edirlər.
- Novruz
bayramının tarixi də həmişə müzakirə mövzusu olur, fərqli fikirlər
səsləndirilir.
- Bu
maldarlıq-əkinçilik, təsərrüfat bayramının tarixi çox qədimdir. Amma bayramın
sistemləşdirilməsi, rəsmiləşdirilməsi İslam dininin geniş yayıldığı dövrdə,
müsəlman dövlətində baş verib. Səlcuqlular dövründə Sultan Məlikşah
Cəlalüdövlənin hakimiyyəti illərində, təxminən 1076-1083-cü illərdə Cəlaliyyə
təqvim ("Təqvimi Cəlaliyyə”) islahatı həyata keçirilib, bu bayram məhz həmin
illərdən Novruz adlanmağa başlanıb. Həmin təqvim islahat prosesində məşhur
Səlcuqlu vəziri Nizamülmülk və bir sıra münəccimlər iştirak edib, əvvəllər Hut
(Balıq) bürcündə qeyd olunan bayram Qoç bürcündə qeyd edilməyə başlanıb. Novruz
Azərbaycan ərazisində mövcud olmuş dövlətlərdə - Səlcuqlular, Atabəylər,
Hülakilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövründə daha da sistemləşib,
dövlətçiliklə sıx bağlı olub. Davam edə-edə gəlib və müstəqil Azərbaycan da onu
rəsmi bayram kimi qeyd edir.
- İndi "Filan saatda yaz ölkəmizə daxil olacaq”
xəbərilə yazın gəlişi hər kəsə çatdırılır. Əvvəllər burda yanaşma necə idi?
- Orta
əsrlərdə ilin təhvil olunması münasibətilə yaylım atəşi açardılar, nağaralar
çalınır, şeypur, təbil səsləri yüksələrdi, atəşfəşanlıq olardı. 21 martı "Novruzun
topu atılan gün” adlandırırdılar. İl təhvil olundu, Novruzun topu atılırdı.
- Uşaq vaxtı "Novruzda təzə paltar geyinərlər”
cümləsini tez-tez eşidirdik. Hamı riayət edə bilmirdi, amma buna inanırdıq.
- Novruz
hətta "Təzə paltar bayramı” da adlandırılıb. Fransız tacir və səyyahı Jan
Batist Şardən 1673-cü ildə Çuxursəd bəylərbəyliyində Novruzun keçirilməsini
izləyib. Sonra qeydlərində deyir ki, 21 martdan sonra 8 gün Novruz bayramı
keçirilir. Bu bayrama "Sultan Novruz” və "Təzə paltar bayramı” da deyirdilər.
Çünki həmin gün insanlar təzə paltar geyinirdilər.
- Bayramlaşma Novruzun önəmli tərəflərindəndir.
Amma hazırda pandemiya dövrüdür, sosial məsafə saxlamaq, mümkün qədər yaxın
təmaslardan qaçmaq məsləhət görülür. İndi daha çox sosial şəbəkə üzərindən
bayramlaşma gedir. Əvvəlki illərdə də bu cür bayramlaşma var idi, amma indi
daha da artdı. Sizcə, bu, bayramlaşmanın mahiyyətini dəyişə bilərmi?
- Jan
Batist Şardən həm də qeydlərində bildirir ki, müşahidə etdiyi bayramda hökmdar
1-ci gün xalqını, 2-ci gün alimləri, 3-cü gün din xadimlərini, 4-cü gün məhkəmə
üzvlərini, 5-ci gün əyalət hakimlərini, 6-cı gün öz valideynlərini, sonrakı 2
günü isə ailə üzvlərini təbrik edirdi. Yəni bu məsələdə xüsusi yanaşma olub.
Bayramlaşma xalqların, xüsusilə şərq xalqlarının, Azərbaycan xalqının ən mühüm
üstünlüklərindən biridir. Bayramlaşmaq insanların gələcəyə ümidlərini artırır.
İndiki dövrdə bayramlaşmağa həm də sosiallaşma deyirlər. Bayramlaşma insanların
bir-birinə lazım olduğunu, bir-biri üçün əhəmiyyətini göstərir.İndi
pandemiya səbəbindən daha çox texniki imkanlardan istifadə edərək
təbrikləşirik, bayramlaşırıq. Buna sadə məsələ kimi baxmıram. Onu etməyə də
bilərlər. Bayramlaşma bugünkü dövrə uyğun yeni formada davam etdirilir. Buna
görə nələrinsə unudulduğunu deyib narahat olmağa dəyməz. Pandemiya dövrü başa
çatandan sonra insanlarımız bir-birilə ünsiyyətə can atacaqlar, bunun nə
dərəcədə vacib olduğunu görəcəklər. Çünki bu müddətdə uzaq qalmaq o vacibliyi
bizə daha çox aşılamış oldu.
- Bu bayramda həm də küsülülər barışardı. İndi
sanki bu da unudulur. Buna ehtiyac qalmayıbmı?
- İndiki
dövrdə ağsaqqal, ağbirçək sözünün nəzərə alınmadığı ilə bağlı fikirlər tez-tez
səsləndirilir. Mən bu yanaşma ilə razı deyiləm. Küsülülərin barışması,
uzaqların yaxınlaşması, yaxınların daha da mehriban olması üçün
ağsaqqal-ağbirçək sözünə böyük ehtiyac var. Dərd bölüşdükcə azalır, sevinc
bölüşdükcə çoxalır. İnsanların bu gün depressiyaya düşdüyü, hər hansı
çətinliklər dövrü yaşadığını nəzərə alaraq bir-biriylə ünsiyyət qurması böyük sözü
eşitməsi, bir-birinə mehribanlıq göstərməsinə böyük ehtiyac var. Novruz da buna
bir vəsilə ola bilər.
- Bu gün Novruz ənənələri ən çox hansı bölgəmizdə
yaşadılır?
-
Əslində Azərbaycanda Novruz bayramı adət-ənənələrinə ən çox Bakıda əməl olunur.
Amma Novruz bayramı müəyyən mənada mahiyyətcə kənd bayramıdır. Bugünkü dövrdə
şəhərdə ocaq qalamaq, papaq atmaq kifayət qədər çətinlik törədir. Təhlükəsizlik
məsələlərindən dolayı şəhər yerlərində buna riayət etmək də çətindir. Ancaq
diqqət yetirsəniz görərsiniz ki, həyətlərdə adamlar bir-birlərinin evlərinə
papaq atırlar, ocaq da qalayırlar.Ancaq
Novruz bayramı Azərbaycanın qərb bölgəsində, Qarabağ zonasında daha təntənəli
şəkildə keçirilir. Həmçinin Cənubi Azərbaycan ərazisində də geniş qeyd edilir.
- Novruz bayramı ilə bağlı tədqiqatlar nə yerdədir?
Sizcə, bu bayramın bizə məlum olmayan tərəfləri çoxdurmu?
- Bəzən
bizə elə gəlir ki, Novruz bayramı ilə bağlı bütün tədqiqatlar aparılıb və hamı
hər şeyi bilir. Amma elə deyil. Bu bayramla bağlı 20-ci əsrdə ayrı-ayrı
məqalələr yazılsa da, demək olar ki, tədqiqatlar aparılmayıb. 1970-ci illərdən
sonra bununla bağlı tədqiqatlara başlanıb. Xüsusilə Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra - son 30 ildə
Novruz bayramı ilə bağlı tədqiqatlar genişlənib. Hər dövrdə yeni məsələlər,
məqamlar, yanaşmalar ortaya çıxır.Novruz
bayramı Azərbaycan xalqının tolerantlığının, multikultural dəyərlərinin zirvə
nöqtəsidir. Novruz bayramını qeyd ediriksə, o demək deyil ki, hər şeyi
unuduruq. Heç nəyi unutmuruq. Düşmən həmişə məhz Novruz bayramı günlərində bizə
zərbə vurmağa çalışıb. Xocalı soyqırımı tarixinə baxaq, çərşənbə günü olub.
Niyə bu günləri seçir? Çünki bilir ki, Novruz bayramı, bayramla bağlı
mərasimlər, adət-ənənələr xalqı özünə döndərir, səfərbər edir, mübarizliyə, yaşamağa,
yaratmağa, qurmağa inkişafa səsləyir. Xalqın fərd, ailə, dövlət, millət olaraq
səfərbər olması isə, düşməni çox narahat edir. Novruz adətləri xalqımızın
səfərbər olması, gələcəyə ümidlə baxması üçün çox böyük rola malikdir.
- Novruz ərəfəsində ölkəyə gələn turistlərin
sayında böyük artım olurdu. Məsələyə ümumi yanaşsaq, biz bu bayramın turizm
imkanlarından istifadə edə bilirikmi?
-
Azərbaycan dünya miqyasında qeyd olunan bu bayramın rəsmən yaradıcılarından,
müəlliflərindən biri olduğunu təsdiqləyib. Novruz bayramının adı 2009-cu ildə
YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. 2010-cu ildə BMT Baş
Assambleyasının 64-cü sessiyasında 21 mart Beynəlxalq Novruz günü elan edilib.
Bu ideyanın təşəbbüskarı isə 6 dövlət olub. Azərbaycan, Qazaxıstan,
Türkmənistan, Özbəkistan, Tacikistan və İran. Novruz bayramının qlobal
mahiyyəti ortaya qoyulub. Biz Novruz bayramından, Novruz mərasimlərindən
turizmin inkişafı müstəvisində geniş şəkildə istifadə etməliyik. Burada elm
adamlarının, kütləvi informasiya vasitələrinin rolu ilə yanaşı, turizmlə məşğul
olan insanların yaradıcı yanaşması da önəmlidir. Onlar Novruz adətlərinə dövrün
reallıqları müstəvisində yaradıcı yanaşmaqla turizm sektorunun inkişafına mühüm
töhfə verə bilərlər.
Aygün