AZE | RUS | ENG |

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin şəxsində özünün arzuladığı rəhbəri tapmışdı

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin şəxsində özünün arzuladığı rəhbəri tapmışdı
1969-cu ilin iyulun 14-ü respublikamızın tarixində və xalqımızın yaddaşında şərəfli bir gün kimi qalır. Ümummilli liderimiz Heydər Əliyevin ölkənin siyasi rəhbərliyinə gəldiyi həmin gündən etibarən Azərbaycanın böyük tarixi dönüş dövrü başladı. Bununla da, respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoydu.
Bu sözləri AZƏRTAC-a Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat fakültəsinin dekanı, dosent Hikmət Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyevin ilk qərarları, respublikanın iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdi. Hər gün qəzet səhifələrində, radio və televiziya kanallarında struktur islahatları, kadrların dəyişdirilməsi barədə çoxlu məlumatlar verilirdi. Həyata keçirilən bu tədbirlər xalq tərəfindən böyük rəğbətlə qarşılanır, insanların daha böyük ruh yüksəkliyi ilə işləməsinə səbəb olurdu. Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin şəxsində özünün arzuladığı rəhbəri tapmışdı.
H.Məmmədov bildirib ki, xalqının böyük təəssübkeşi olan ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində artıq o illərdə Azərbaycan keçmiş SSRİ-nin ən dinamik inkişaf edən respublikasına çevrilmiş, dahi şəxsiyyətin rəhbərliyi ilə respublikada nəhəng tikinti–quruculuq işləri geniş vüsət almışdı. Mühüm sənaye obyektlərinin, mehmanxana və xəstəxanaların, elmi-tədqiqat mərkəzlərinin, iri istehsal komplekslərinin tikintisi, müasir yol infrastrukturunun yaradılması Ulu Öndərin zəkasının, onun yorulmaz fəaliyyətinin, Vətən sevgisinin nəticəsi idi:
"Bir faktı xatırlatmaq yetər ki, Bakı Metropoliteninin 14 stansiyası, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə istifadəyə verildi. Bu dövrdə Azərbaycanda güclü sənaye potensialı yaradıldı, aqrar sektor inkişaf etməyə başladı, energetika sistemi yenidən quruldu. Yalnız 1976-1982-ci illərdə Azərbaycanda 15 mühüm sənaye müəssisəsi tikilib istifadəyə verildi, 12 iri müəssisənin isə istehsal gücü artırıldı”.
H.Məmmədovun sözlərinə görə, xüsusilə də Bakı Məişət Kondisionerləri Zavodunun qısa vaxt ərzində ərsəyə gətirilməsi o zaman keçmiş ittifaq respublikalarında nadir hadisə kimi qarşılandı, Azərbaycanın şöhrətini daha da artırdı. Kimya və neft-kimya sənayesi də böyük templərlə inkişaf edirdi. Sumqayıtdakı müəssisələrin demək olar ki, hamısı köklü surətdə yenidən qurulurdu.
Müsahibimiz onu da vurğulayıb ki, müstəqillik illərində respublikamızın sosial-iqtisadi inkişafı da məhz ümummilli liderin gərgin əməyi və uzaqgörən siyasətinin nəticəsində mümkün oldu. Belə ki, "Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı. 1999-cu ilin dekabrında Azərbaycanın ilk mənfəət nefti ilə doldurulmuş tankeri dünya bazarlarına çıxarılıb.
"Ulu öndər Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən biri kimi Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədilə strateji əhəmiyyətli Şərq-Qərb marşrutunun yaradılması Ümummilli Liderin uzaqgörənliklə həyata keçirdiyi əsas planlarından biri idi. Dahi şəxsiyyət Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Ulu Öndərin qəti əzmkarlığı, Türkiyə, Azərbaycan və Gürcüstan dövlətlərinin birliyi nəticəsində çoxlarının əfsanə hesab etdiyi layihə gerçəkliyə çevrildi. BTC Azərbaycanın dünya dövlətləri ilə yeni münasibətlərinin qurulmasına təkan verərək respublikamızın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb oldu”, - deyə o bildirib.
Heydər Əliyev siyasətinin ötən 50 ildə Azərbaycanın simasını kökündən dəyişdiyini deyən H.Məmmədov diqqətə çatdırıb ki, hazırda həmin siyasət Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Məmnunluq hissi ilə deyirik ki, ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müasir, müstəqil Azərbaycan dövləti bütün dünyada ən dinamik iqtisadiyyatı olan, ən böyük sürətlə inkişaf edən dövlət kimi tanınıb. Bu onu göstərir ki, dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət xalqımıza, Vətənimizə xidmət edib və bu gün də xidmət etməkdədir”.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006