• cümə axşamı, 25 aprel, 02:49
  • Baku Bakı 19°C

“Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib” - Fotolar

04.04.19 19:50 1730
“Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib” - Fotolar
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır, ordu quruculuğu sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan milli ordusu, say tərkibi, maddi-texniki vəziyyəti, hərbi hazırlığı və silahlanma keyfiyyətinə görə Cənubi Qafqazda mühüm mövqeyə malikdir. 2003-cü ildən Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının bir qədər də möhkəmləndirilməsi istiqamətində atılan addımlar, milli ordumuzun dünyanın ən qüdrətli ordularının sırasına daxil olmasına da imkan yaradıb. Qürurla deyə bilərik ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Bu faktı beynəlxalq hərbi tədqiqat mərkəzləri də təsdiqləyir. Azərbaycan bu uğura, hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olub.
Əsgər və zabitlərimizlə fəxr edirik
Şübhəsiz ki, Azərbaycanda ordu quruculuğuna böyük diqqət yetirilməsinin başlıca səbəbi ölkənin müharibə şəraitində yaşaması, müdafiə gücünü artırmağın zəruriliyi, Azərbaycan ərazisinin 20 faizdən çoxunun hələ də Ermənistan silahlı birləşmələrinin işğalı altında olmasıdır. Heç kəsə sirr deyil ki, sülh danışıqları heç bir nəticə verməyəcəyi halda, Azərbaycan hərbi yolla öz ərazi bütövlüyünü bərpa edəcək. Ermənistanla müharibə başlayacağı təqdirdə isə Azərbaycanın qələbəsini şərtləndirən kifayət qədər mühüm amillər var.
Bu amillərdən biri də Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan ordusuna, o cümlədən əsgər, çavuş, gizir və zabit heyətinə göstərdiyi diqqət və qayğıdır. Ali Baş Komandan İlham Əliyevin cari il aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsinə baş çəkməsi, hərbçilər qarşısında çıxış etməsi, onların şəraiti ilə tanış olması bu diqqət və qayğıya növbəti misaldır. Söhbət əsnasında Silahlı Qüvvələrimizin uğurlarından danışan Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının haqlı olaraq Ordumuzla, əsgər və zabitlərimizlə fəxr etdiyini dilə gətirib. Qeyd edib ki, Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir.

Yüzlərlə hərbçi dövlət tərəfindən mənzillərlə təmin edilib
Hərbçilərin məişət problemlərinin həll olunmasına toxunan dövlət başçısı bildirib ki, buna da böyük diqqət göstərilir. O, ötən ilin sonunda 300-dən çox hərbçiyə yeni mənzillər verildiyini, indiyə qədər yüzlərlə hərbçinin dövlət tərəfindən mənzillərlə təmin edildiyini vurğulayıb. Qeyd edib ki, bu proses davam etdirilir: "Eyni zamanda, hərbi hissələrin yenidən qurulması prosesi geniş vüsət almışdır. Son illərdə bir çox hərbi hissələrin şəhərciklərinin açılışında olmuşam. Hər yerdə səviyyə yüksəkdir, şərait çox gözəldir, o cümlədən bu hərbi hissədə.
Burada mənə əvvəlki illərdə olan vəziyyəti əks etdirən fotoşəkillər təqdim olundu. Əlbəttə ki, vəziyyət çox ağır idi. Ancaq mənim xüsusi tapşırığım əsasında hərbi hissə qısa müddət ərzində yenidən quruldu, burada yaxşı şərait yaradıldı. Həm burada çalışanlar, həm yataqxanalarda qalanlar üçün gözəl şərait yaradıldı. Onu da bildirməliyəm ki, bizim hərbi hissələrimizdə mülki işlərdə mülki vətəndaşlar çalışır, bu da yenilikdir. Beləliklə, biz hərbçiləri, onların fəaliyyətini əsas vəzifə borcuna yönəltmişik, eyni zamanda, 20 minə yaxın mülki şəxs işlə təmin edilmişdir”.

Qazilərimizə fərdi yanaşma
Ölkə rəhbərinin ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyeva da Azərbaycan hərbçilərinə, Qarabağ müharibəsi əlillərinə, o cümlədən Aprel döyüşlərində sağlamlığını itirən qazilərimizə xüsusi diqqət və qayğı ilə yanaşır. Təkcə bir faktı qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirib. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu, 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə görüşlər keçirib, onlara fərdi yanaşma tətbiq olunub.
Belə ki, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri təhlil edilərək hərbçilərimiz üçün uyğun, müasir protez istehsalçıları olan qabaqcıl şirkətlərin yüksək texnologiyalı məhsulları seçilib. Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Ümumilikdə, layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətini davam etdirir.

Azərbaycan dövləti və xalqı üçün hər bir əsgər əzizdir
Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də keçirdiyi görüş də hərbçilərimizə, qazilərimizə göstərilən diqqət və qayğının daha bir nümunəsidir. O, Azərbaycan dövləti və xalqı üçün hər bir əsgərin əziz, dəyərli olduğunu vurğulayaraq, əlil hərbçilərimizin sağlamlığının bərpası və normal həyata qayıtması üçün Azərbaycan dövlətinin bütün lazımi addımları atdığını, bundan sonra da bu istiqamətdə mühüm işlər görüləcəyini bildirib: "Siz, hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var. Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər. Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz, Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq. Mən bir daha sizə dərin minnətdarlığımı bildirirəm. Mən bilirəm ki, Heydər Əliyev Fondunun əməkdaşları daim sizinlə ünsiyyətdədirlər. Bir daha sizi əmin etmək istəyirəm ki, hər bir problemin həllində biz əlimizdən gələn hər şeyi etməyə hazırıq. Siz müraciət edirsiniz, bilirəm ünsiyyətdəsiniz. Hər bir problemin həllini şəxsən özüm diqqətdə saxlayacağam. Mən mümkün olan köməyi ən yüksək səviyyədə göstərəcəyəm”.

Azərbaycan əsgəri öz torpağında xidmət edir
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, politoloq Aydın Mirzəzadə mövzu ilə bağlı qeyd edib ki, Silahlı Qüvvələrimizin inkişaf etməsi, Aprel döyüşlərində, Günnüt əməliyyatında zəfərlər əldə etməsi əslində Azərbaycan dövlətçiliyinin gücünü, qüdrətini göstərən çox ciddi faktorlardandır. Onun fikrincə, istənilən güclü ordu mənsub olduğu ölkədə aparılan daxili və xarici siyasətin məntiqi nəticəsidir: "İşğalçı Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri var. Amma işğalçılıq siyasətinə görə, hər iki ölkə ilə sərhədləri bağlıdır. Bununla yanaşı, okeana, dənizə çıxışı yoxdur. Ölkədə baş verən proseslər səbəbindən Ermənistan iqtisadiyyatı inkişaf etmir, xaricdən sərmayə cəlbi yoxdur. Bu kimi səbəblər üzündən Ermənistanın orduya ayırdığı vəsait Azərbaycanın hərbi xərcləri ilə heç bir halda müqayisə edilə bilməz. Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumilikdə dövlət büdcəsinə bərabərdir. Azərbaycan davamlı olaraq müasir silahlar alır, Silahlı Qüvvələrin peşəkarlığının, döyüş təcrübəsinin daha da artırılması məqsədilə mütəmadi şəkildə hərbi təlimlər keçirir və bütün bunlar öz nəticəsini göstərir. Ən nəhayət, Azərbaycanda hər bir hərbi qulluqçuya dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Təbii ki, bu, vacib məqamdır. Ən vacib məqam isə bundan ibarətdir ki, Azərbaycan əsgəri öz torpağında xidmət etdiyinin fərqindədir. Ermənistan əsgəri isə işğal edilmiş Azərbaycan ərazilərində məcburi şəkildə qulluq edir və istənilən vaxt qarşı tərəfin hərbi yolla bu əraziləri azad edəcəyini bilir. Aprel döyüşlərindən sonra öldürülmüş erməni əsgərlərinin valideynləri övladlarının özgə torpaqlarında öldürülməsinə etiraz edir, hərbi-siyasi rəhbərliyin ünvanına müxtəlif iradlar bildirirdilər. Aprel döyüşlərindən sonra erməni cəmiyyətində bu kimi yeni əhval-ruhiyyə yarandı və hazırda da davam etməkdədir. İndi də erməni valideynlər övladlarının özgə torpaqlarda, yəni işğal altında saxlanılan Dağlıq Qarabağ və ətraf rayonlarda hərbi qulluq keçməsinə etiraz edirlər”.

Ordu-xalq-hakimiyyət birliyi uğurlarımızın əsas səbəblərindən biridir
Millət vəkili bildirib ki, Azərbaycan Ordusunun peşəkarlığının, gücünün artması, xüsusən də Aprel döyüşləri nəticəsində Ermənistanın millətçi dairələrinin Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti darmadağın olub: "Azərbaycan sübut edib ki, müstəqil dövlətini qura bilib, güclü hərbi struktur formalaşdırıb, öz torpaqlarını işğaldan azad etmək əzmindədir. Bütün bu faktorlar Aprel döyüşlərində Azərbaycan Ordusunun uğur qazanmasına səbəb olub. Heç şübhəsiz, bu qələbəni qazanan Azərbaycan əsgəri və zabitidir. Bu hadisədə onlara dəstək olan isə Azərbaycan xalqıdır. Bu gün Azərbaycan Ordusunda hərbi xidmət etmək hər bir azərbaycanlı gəncin böyük arzusudur, müqəddəs borcudur. Hərbi qulluqçu olmaq Azərbaycan cəmiyyətində böyük bir şərəf sayılır. Ordu-xalq-hakimiyyət birliyi Aprel döyüşlərində uğurlarımızın əsas səbəblərindən biri oldu. Bununla yanaşı, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ölkə iqtisadiyyatının güclənməsinə, büdcənin böyüməsinə, hərbi sahəyə lazım olan qədər vəsaitin ayrılmasına, ordu quruculuğunun yüksək səviyyədə həyata keçirilməsinə səbəb olub. Azərbaycan Silahlı Qüvvələri hər ötən gün gücünü, peşəkarlığını bir qədər də artırıb, Ermənistanın yalnız arzu edə biləcəyi müasir silah-sursat alınaraq Ordumuzun istifadəsinə verilib. Azərbaycanda Orduya, hərbçilərə, müharibə veteranlarına, qazilərə yüksək diqqət və qayğı var”.

Azərbaycan işğalla heç bir vəchlə barışmayacaq
Millət vəkili Rauf Əliyev də Azərbaycanda ordu quruculuğunun sürətlə getdiyini, Silahlı Qüvvələrimizin peşəkarlıq səviyyəsinin artdığını xatırladaraq, hərbçilərin, müharibə əlillərinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunduğunu söyləyib. Onun fikrincə, aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan işğalla heç bir vəchlə barışmayacaq: "Aprelin 3-də Birinci vitse-prezident Mehriban Əliyevanın Heydər Əliyev Mərkəzində yüksək texnologiyalı protezlərlə təmin olunan əsgər və zabitlərlə görüşü üç il bundan əvvəl Aprel döyüşlərində ordumuzun qələbə gününə təsadüf etdi. Bu görüş bir daha göstərir ki, Qarabağ müharibəsində, o cümlədən Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin sağlamlıqlarının bərpa olunması, fəal həyata qayıtmaları üçün müvafiq tədbirlərin görülməsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın daimi nəzarətindədir və bu şəxslər onun diqqət və qayğısı ilə əhatə olunub”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər