• cümə, 29 Mart, 01:19
  • Baku Bakı 7°C

“Azərbaycan vətəndaşı olan almanlar bundan məmnundurlar”

27.09.13 11:20 1802
“Azərbaycan vətəndaşı olan almanlar bundan məmnundurlar”
«Almaniya milli təşkilatı Azərbaycanda» Cəmiyyəti 2002-ci ildən fəaliyyət göstərir. Cəmiyyətin rəhbəri Səfər Ələkbərov qurumun yaranmasında ulu öndər Heydər Əliyevin böyük rol oynadığını, onun fəaliyyətinə dəstək göstərdiyini qeyd edir. S.Ələkbərovun sözlərinə görə, ümummilli lider Heydər Əliyev təşkilatın fəaliyyətinə dəstək göstərib. Hazırda cəmiyyət ətrafında təkcə Azərbaycanda yaşayan almanları deyil, həmçinin başqa azsaylı xalqların nümayəndələrini də birləşdirir.
S.Ələkbərov “Kaspi”yə müsahibəsində rəhbərlik etdiyi cəmiyyətin ölkənin ictimai və mədəni həyatında yaxından iştirak etdiyini bildirib.
- Cəmiyyəti yaratmaqda məqsəd nə idi?
- Cəmiyyəti 1992-ci ildə yaratmışıq. O vaxtdan da fəaliyyətimizi uğurla davam etdiririk. Cəmiyyətdə almanlar və başqa azsaylı xalqlar təmsil olunur. Həmçinin nəslində alman qohumları olan insanlar da cəmiyyətə üzvdürlər. Düzdür, indi almanların çoxu çıxıb gedib. Əsasən 50-60 yaşında olan insanlar qalıb. Bir çoxları dünyasını dəyişib. Biz sağ qalanları bu cəmiyyətdə birləşdirməyə çalışmışıq. Cəmiyyəti yaratmaqda məqsədimiz o idi ki, insanlar bu təşkilat vasitəsilə bir-birlərini tanısınlar. Çünki müxtəlif dönəmlərdə onlar bir-birindən ayrı düşüb və xəbərsiz yaşayıblar.
- Sizin özünüzün almanlarla hansı qohumluğunuz olub?
- Mənim anam alman, atam isə azərbaycanlı olub. Bundan əlavə, atamın Almaniya ilə əlaqələri olub. O, xaricdə təhsil alıb. 20-ci illərdə Azərbaycan Demokratik Respublikası onu Almaniyaya göndərib. O, körpü və tunellərin tikintisi üzrə mühəndis təhsili alıb. Sovet dövləti isə ona maddi dəstək olub. Atam Azərbaycana qayıdandan sonra mühəndis kimi işləməyə başlayıb. 1935-ci ildə atamı həbs edərək xalq düşməni elan edirlər. Səbəb isə onun Almaniyada təhsil alması idi. 1939-cu ildə atam qayıtdı, ancaq ona Bakıda yaşamağa icazə vermədilər. Onu qohum-əqrabasının yaşadığı Şuşaya da buraxmadılar. O, Zaqatalada yaşamağa başladı. Atam orada anamla tanış olub və evləniblər. Anam Krasnodar dairəsindən gələn almanlardan idi. Mənsə Bolinisi rayonunda anadan olmuşam. Nə vaxtsa burada mənim nənəm yaşamışdı. Valideynlərim ora qonaq gedəndə mən də orada doğulmuşam. Bir neçə ildən sonra atam valideynlərinə baş çəkmək üçün Bakıya gəlib. Buna görə onu və anamı həbs edir və Qazaxıstana sürgünə göndərirlər. Atam 1956-cı ildə qayıdandan sonra biz Bakıya köçdük. Anam vəfat etdi. Çünki o, Qazaxıstandan qayıdanda xəstə idi. Atam da artıq öz ixtisası üzrə işləmirdi. O, ali məktəblərdə alman dilindən dərs verirdi. Atam isə 57 yaşında dünyasını dəyişdi. Ancaq onun nəsli üçün bu yaşda dünyadan köçmək çox tez sayılırdı. Onlar Şuşada uzunömürlü nəsil kimi tanınırdılar. Valideynlərimi itirəndən sonra mən oxudum, işlədim və bu ölkədən başqa yerə getmək fikrinə düşmədim.
- Azərbaycanda müxtəlif azsaylı xalqların cəmiyyətləri fəaliyyət göstərir. Onlar həmçinin yerli xalqa əzəldən qaynayıb-qarışıblar. Sizin cəmiyyət ölkənin ictimai-siyasi, mədəni həyatında necə iştirak edir?
- Biz əsasən Alman-Azərbaycan Mədəniyyət Mərkəzində (Kapelhaus) yığışırıq. Kopelhaus mədəni mərkəz sayılır. Bu mərkəz vaxtilə dağılmışdı. Ulu öndər Heydər Əliyev onu bərpa etdirdi. Həmçinin Almaniya səfirliyi də qismən yardım etdi. İşgüzar adamlarımızın da mədəniyyət mərkəzinin bərpasına maddi köməyi dəydi. Bizim uşaqlar mərkəzə toplaşır, mahnılar oxuyur, müxtəlif tədbirlər keçirirlər. Mərkəzdə alman filmlərinin nümayişi də olur. Burada həmçinin alman səfirliyi tədbirlər həyata keçirir. Həmçinin başqa təşkilatlar da mərkəzdə konsert proqramları ilə çıxış edirlər.
- Bəs cəmiyyətin üzvləri yaşayışlarından, onlara olan münasibətdən razıdırlarmı?
- Azərbaycanda hamı necə yaşayırsa, biz də elə yaşayırıq. Heç kəsin də harasa getmək fikri yoxdur. Getmək istəyənlər artıq çoxdan gediblər. Biz 18 yaşdan başlayaraq cəmiyyətə qeydiyyata götürürük. Bu yanaşma ilə cəmiyyətdə yeniyetmələr azdır, ancaq onların ailə üzvləri də cəmiyyətin üzvləridir. Cəmiyyətin bütün üzvləri Azərbaycan vətəndaşlarıdır. Onlar işləyirlər, dövlətdən təqaüd, sosial yardımlar alırlar. Həmçinin Almaniyanın Azərbaycandakı səfirliyi də bizim cəmiyyətə müəyyən maddi dəstək göstərir. Əlbəttə, cəmiyyətin üzvləri bu ölkənin vətəndaşı olmaqdan məmnundurlar. Ölkədə ayrı-ayrı xalqlar bir-birinə hörmət şəraitində yaşayırlar. Azərbaycan tolerantlıq nümunəsidir. Ölkədə bütün sahələrdə inkişaf var. Əhalinin yaşayış səviyyəsi xeyli yüksəlib. Son 10 ildə ölkədə böyük iqtisadi inkişaf var. Əsas odur ki, burada yaşayan millətlər özlərini azad hiss edirlər. Biz də bu inkişafa öz töhfəmizi verməyə çalışırıq. Hazırda ölkə böyük hadisəyə - prezident seçkilərinə hazırlaşır. Qeyd edim ki, bizim cəmiyyət bu seçkilərdə yaxından iştirak edəcək və prezident İlham Əliyevə səs verəcək. Biz sadəcə ona başqa alternativ görmürük. Ölkədə yaxşı siyasətçilər var, ancaq onların prezident olmaq üçün lazım olan keyfiyyətləri o qədər də yetərli deyil. İlham Əliyev ümummilli liderin siyasətini bütün sahələrdə uğurla davam etdirir. Cəmiyyətin bütün üzvləri bundan sonra da Azərbaycanın eyni inkişaf tempi və bölgədəki sabitliklə irəliləyəcəyinə əmindirlər.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər