• cümə axşamı, 18 aprel, 18:14
  • Baku Bakı 21°C

Azərbaycan və krımtatar ədəbi-mədəni əlaqələrinin ən yeni dövrü

15.04.19 14:22 1323
Azərbaycan və krımtatar ədəbi-mədəni əlaqələrinin ən yeni dövrü
Keçən əsrin səksəninci illərinin sonlarına qədər SSRİ-nin hər bir guşəsində olduğu kimi Azərbaycan mətbuatında da krımtatarların dəhşətli faciəsi, onların gərgin və dramatik sürgün həyatı, eləcə də xalqa qarşı törədilən soyqırımı haqqında məqalələr dərc olunmurdu. Krımtatarların repressiyası, xalqın kəskin problemlərilə bağlı materiallar, həm də onların ədəbiyyatından nümunələr mətbuatımızda 1989-cu ildən etibarən rast gəlinir. Sərt kommunist rejiminin dəmir pərdələri aradan qaldırılandan sonra Azərbaycan və krımtatar qardaşlıq bağlarının yeni mərhələsi üfüqdə göründü.
Xalqlarımızın ədəbi-mədəni bağlarının ümumi məhsulu kimi çox qısa bir zamanda onlarla publisistik məqalələr, elmi araşdırmalar, tərcümələr Azərbaycan və krımtatar mətbuat orqanlarında dərc olundu. Bakıda və Ağməsciddə bir-birinin ardınca nəşr olunan kitablar qardaşlıq əlaqələrinin yenidən dirçəlməsinə, tarixi münasibətlərin əski axarına yönəlməsinə zəmin verdi. Beləliklə, ümumtürk mədəniyyətinin qayğısına qalan Azərbaycan və krımtatar ziyalıları arasında qardaşlıq bağlarının yeni səhifələri açıldı. Bu uğurlu addımlar qürbətdən vətənə dönən krımtatar qələm sahiblərinə sonsuz sevinclər bəxş etdi. Ədəbi-mədəni əlaqələrin yenidən qurulmasında gənc nəsillər daha da fəal və önəmli rol oynadılar. Bax bu nəzər nöqtəsindən gənc şairlər – Rəşad Məcidlə Yunus Kandımın baxışları və arzuları sanki eyni ruhda səsləşdi. Onların yaradıcılıq uğurları ən yeni dövr Azərbaycan və krımtatar ədəbi-mədəni əlaqələr tarixinin yaddaşına həkk olundu.
Yarıməsrlik məcburi ayrılıqdan sonra Azərbaycan dilinin leksikasında "krımtatar” sözünü yenidən hallandıran, bu sözə həyat verib, onu təzədən canlandıranlardan biri də Rəşad Məcid oldu. Bu baxımdan onun 1989-cu ildə Bakıda "Xəzər” jurnalında işıq üzü görən "Bəlalı krımtatarları” məqaləsi xüsusi maraq doğurdu. İlk yazının sorağı tez bir zamanda sərhədləri aşıb Daşkəndə yetdi və o krımtatar dilinə tərcümə olunub "Lenin bayrağı” qəzetində dərc edildi. Məqalə Özbəkistanda və digər respublikalarda yaşayan krımtatarlar tərəfindən sevinclə qarşılandı. Krımtatarların dərdlərini və qəmlərini bölən Rəşad Məcid az vaxtda xalqın rəğbətini qazandı. Müxtəlif şəhərlərdən onun ünvanına onlarla minnətdarlıq məktubları axışdı.
1989-cu ildən "Lenin bayrağı” qəzetində "Bizim haqqımızda harada və nə yazırlar” rubrikası təşkil edilmişdi. Həmin dövrdə keçmiş SSRİ respublikalarının mətbuat orqanlarında krımtatar faciəsi ilə bağlı çıxan materiallar krımtatar dilinə tərcümə olunub, bu rubrikada dərc edilirdi. Rəşad Məcidin "Bəlalı krımtatarları” yazısı bu rubrikanı daha da zənginləşdirdi və iki xalqı yenidən bir-birinə doğmalaşdırdı. Bu məqalə Rəşad Məcidin simasında Azərbaycan xalqının haqq və dayaq səsi idi. Onlar bu mənəvi dayağı çoxdan gözləyirdilər və ona möhtac idilər.
Etiraf edim ki, Rəşad Məcidin "Bəlalı krımtatarlar”ı mənim özümü də krımtatarlardan az ruhlandırmadı. Çünki, Azərbaycan mətbuatında bu ilk yazı idi və həmin dövrdə o məqalə mənə su kimi, hava kimi zəruri idi. Məsələ bundadır ki, o çağlarda mən Daşkənddə nəşr olunan "Lenin bayrağı” qəzetində müxbir işləyirdim, hər gün krımtatar ziyalıları və yazıçıları ilə ünsiyyətdə olurdum. Bu söhbət və görüşlərdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin ünvanına onlardan xoş sözlər eşidirdim. Lakin, sözün düzü, üzümə deməsələr də, onların gözlərində bir inciklik duyurdum. Elə bu səbəbdən də üzünü görmədiyim Rəşad bəyin məqaləsi məni
göylərə qaldırdı. Uzaq vətəndə məsləkdaşımın peyda olmasına uşaq kimi sevindim.
"Bəlalı krımtatarlar”ı iki gəncin – Rəşad Məcidlə Yunus Kandımın dostluq və qardaşlıq bağlarının təməl daşı oldu. Bakıda keçirilən "Türk gənclərinin forumu” (4-8 dekabr, 1989) krımtatar jurnalisti Yunus Kandıma ümumtürk əlaqələrini genişləndirməyə əlverişli şərait yaratdı. Forumda iştirak edən gənc şair müxtəlif məkanlardan təşrif buyuran türk gənclərilə birlikdə bir sıra Azərbaycan ziyalıları və dövrün fəal siyasi liderlərilə görüşüb yaxından tanış oldu. Bu dövrdən başlayaraq Rəşad Məcidlə Yunus Kandım arasında səmimi dostluq və qardaşlıq əlaqələri yarandı. İki gənc şairin birgə əməyi sayəsində yarım əsr bundan əvvəl amansız sistemin dar məngənəsində boğulan unudulmaz qardaşlıq münasibətləri və ədəbi-mədəni əlaqələr yenidən kök atıb dirçəlməyə başladı.
Yunus Kandım Rəşad bəyə krımtatarların uzunömürlü faciəsindən geniş məlumatlar verib, xalqın çağdaş problemlərini ona açıqladı. Rəşad Məcid də krımtatar mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış olmağa çalışdı. O, vətənpərvər krımtatar klassik şairi Hüseyn Şamil Toxtarqazının və gənc şair Yunus Kandımın şeirlərini tərcümə edib Azərbaycan oxucularına təqdim etdi. Bu yarıməsrlik fasilədən sonra Azərbaycan dilinə tərcümə olunan krımtatar ədəbiyyatının ilk nümunələri idi.
1990-cı il sentyabrın 20-də "Azərbaycan gəncləri” qəzetində Rəşad Məcidin krımtatar faciəsi ilə bağlı "Vətən sevgisi...” Yaxud krımtatarların qəzeti ilə necə dostlaşdım?» sərlövhəli daha bir məqaləsi dərc olundu. Rəşad Məcid bu yazısında da Azərbaycan oxucularına krımtatar müsibətindən ətraflı məlumatlar verdi. Bu ağrının Qarabağ dərdi kimi ümumtürk faciəsi olduğunu xüsusilə vurğulayıb, Azərbaycan xalqının qan qardaşlarına ruhən dayaq olacağına ümid bəslədi.
1990-cı ilin noyabrında "Ədalət” qəzeti krımtatar problemilə bağlı Rəşad Məcidin "Tarix hər şeyi öz yerinə qoyur” müsahibəsini dərc etdi. Öz müsahibəsində o, krımtatar xalqının başına gələn məşəqqətləri, çoxlarına bəlli olmayan hadisələri, onun bugünkü problemlərini açıqlayıb, qardaşlıq bağlarının, ədəbi-mədəni əlaqələrimizin yenidən boy atmasının mühümlüyünü söylədi. Gənc jurnalist Daşkənddəki "Lenin bayrağı” və Simferopolda krımtatar dilində nəşr olunan "Dostluq” qəzetləri ilə əməkdaşlıq etdi. Bu qəzetlərdə onun bir neçə maraqlı məqalələri dərc olundu. Bakıdakı küçələrin birinə Bəkir Çobanzadənin adının verilməsi xəbərini də "Lenin bayrağı”na Rəşad Məcid çatdırdı. Həmçinin böyük türkoloq alim Bəkir Çobanzadənin repressiyası ilə bağlı istintaq materialı onun yardımıyla "Lenin bayrağı”nda işıqlandırıldı.
Bütün varlığıyla Azərbaycan poeziyasının vurğunu olan Yunus Kandım isə həmin çağlarda Rəşad Məcidin, Abbas Abdullanın, Ramiz Rövşənin və Hidayətin şeirlərini krımtatar dilinə tərcümə edib, dərc etdirdi. 1989-cu ildə Azərbaycanın qonağı olan gənc şair Bakıda bir sıra elm və sənət adamları ilə səmimi görüşlər keçirdi. Şairin qəlbindəki krımtatar ağrısına Qarabağ adlı bir dağ basıldı.
Yunus Kandım Bakıdan Krıma dönən kimi dərhal "Xəzər sahillərində” ("Hazer yalılarında”) adlı poemasını yazdı. Bu əsər işıq üzü görəndə, artıq Bakıda qanlı 20 Yanvar faciəsi baş vermişdi və bütün Azərbaycan xalqı matəm içində idi. "Xəzər sahillərində” əsəri qardaş xalqların ümumi faciəsini səciyyələndirən istər krımtatar, istərsə də Azərbaycan ədəbiyyatında bu günə kimi yeganə əsərdir.
Onu da qeyd edim ki, Yunus Kandım təcrübəl tərcüman kimi türk, özbək, türkmən, Azərbaycan, həmçinin rus və Ukrayna dillərini mükəmməl səviyyədə bilirdi. Yunus bəy daha sonralar Rəşad Məcidin yeni silsilə şeirlərini krımtatar dilinə çevirib mətbuatda dərc etdirdi. Bununla yanaşı o, Ukrayna şairi Mikola Miroşniçenko ilə birgə krımtatar yazıçılarının, o cümlədən Azərbaycan şairlərindən Hidayətin və Ramiz Rövşənin şeirlərini Ukrayna dilinə tərcümə etdi. Yunus bəy Azərbaycan ədəbiyyatından nümunələri krımtatar, həm də Ukrayna dillərinə çevirməyi, ədəbiyyatımızı Krımda və Ukraynada təbliğ etməyə səy göstərdi. Eyni zamanda o, Azərbaycan klassiklərinin əsərlərini də krımtatar dilinə çevirməyi nəzərdə tutmuşdu. Nisgilli şairin arzuları ümmansız, yaradıcılıq planları isə çoxşaxəli və rəngarəng idi. Lakin gərgin, dramatik mühit və bir-birindən betər çarpışmalar, sərt mübarizələr ona amallarının çin olmasına aman vermədi. Yunus Kandım dünyasını vaxtsız dəyişdi.
İyirminci yüzilliyin 70-ci illərinin sonlarında ədəbiyyata gələn şair, jurnalist və tərcüman Yunus Kandım yüzlərlə publisist əsərlərin və bir neçə kitabın müəllifidir. Milli faciə, məşəqqətli sürgünlük illəri, yurdsuzluğun ağrıları, xalqın saysız-hesabsız problemləri, millətin gələcək taleyi vətənpərvər şairi dərindən narahat edən, düşüncələrə daldıran əsas mövzulardır. Qürbət eldən doğma yurda dönən Yunus bəy tez bir zamanda həsrətində olduğu ana torpağa dərin rişələr atdı, arxasını ulu Vətənin sıldırım qayalarına söykəyib, Krımın saf və cazibədar ab-havasından, ruhları coşduran təbiətindən ilhamlandı. Qara dənizin yorulmaz dalğalarından tükənməz güc alıb, xalqının ilıq nəfəsi ilə qızındı, söz səmasına pərvazlandı.
Yunus Kandımın poeziyası al-əlvandır, gənclik və təbiət təravətilə zəngindir. O, nəğməkar şairdir, həm də xalqına qarşı törədilən vəhşiliklərlə və haqsızlıqlarla barışmaz mübarizdir. Lirik şairin könüllər oxşayan zərif şeirlərinə bəstələnən nəğmələr xalq arasında sevilə-sevilə dinlənilir. Hər zaman yeni yaradıcılıq axtarışlarında olan Yunus Kandım həmişə xalqının qayğısına qalıb onunla birgə addımladı və ömrünün son anına qədər millətinin xidmətində durdu. Yaddaşlarda silinməz izi və əziz xatirəsi qalan Yunus bəy sözün həqiqi mənasında bir xalq şairi kimi xəyallar aləmini canlandırır. Bu gün krımatatar klassiklərinin – Aşıq Ömərin, İsmayıl bəy Qaspralının, Bəkir Çobanzadənin, Çingiz Dağcının sırasında onun da adı hörmətlə anılır.
Etiraf edim ki, həmin çağlarda Rəşad Məcidlə Yunus Kandım arasındakı xoş münasibətlərdən az-çox xəbərdar idim. Elə buna görə də 1990-cı ilin payızında bu qardaşlıq bağlarına əsaslanıb Azərbaycan və krımtatar ədəbi-mədəni əlaqələri mövzusunda kiçik bir məqalə yazdım. Həmin yazını öz qəzetimizdə dərc etmək fikrinə düşdüm. Lakin...
Lakin o "yazıq” məqaləni dərc olunmağa verəndə çalışdığım qəzetin məsul şəxslərindən, biri heç gözlənilmədən niyyətimi alt-üst etdi. O, mənim nə haqda yazdığımı oxumadan, elə dilcavabı öyrənib, sonra tamamilə ciddi tərzdə dedi: "Rəşad Məcid azərbaycanlı deyil, o krımtatardır”.
Bir andaca boğazım qurudu. Fikrimin daşa dəydini duydum, kor-peşman otağıma döndüm. Doğrusu, Rəşad Məcidin krımtatar olması məni həm bir az hirsləndirdi, həm də heyrətləndirdi. Çünki bu dəlil məqalənin ruhuna uyğun gəlmirdi. Üzünü görmədiyim və mənimlə telefonda təmiz Azərbaycan türkcəsində danışan Rəşad bəyin krımtatar olmasını mən hardan biləydim! Yazıma görə təəssüflənmədim. Dilxorçuluğumun, pərtliyimin səbəbi tamamilə bambaşqaydı. O zamanda Azərbaycan mətbuatında geniş oxucu auditoriyasına krımtatar faciəsini ilkin olaraq bəyan edən şəxs məhz Rəşad bəy idi. Sən demə, o da, azərbaycanlı yox, krımtatar imiş. Məni yandıran da bax elə bu idi.
Evə gələn kimi Rəşad Məcidin yazılarını təkrar-təkrar gözdən keçirtdim. Məqalələrində Rəşad bəy bir azərbaycanlı kimi çıxış edirdi. Ona görə də heç nə anlaya bilmədim.
Ertəsi gün işə gələn kimi Rəşad Məcidlə telefon əlaqəsi saxladım. Təbiətən çox danışmağı xoşlamayan Rəşad bəy əvvəlcə sözlərimə güldü, sonra əlavə edib dedi: "Qoy, necə bilirlər bilsinlər, ancaq mən azərbaycanlıyam”. Bununla da dünənki şübhələrimə son qoyuldu, hələ üstəlik məni tərk edən sevincim də özümə qayıtdı. Rəşadla telefon söhbətimdən sonra məsələni aydınlaşdırmaq məqsədilə könlümü qıran qələm dostumun yanına tələsdim.
Azərbaycan və krımtatar ədəbi-mədəni əlaqələrinin yenidən dirçəlməsində Rəşad Məcidlə Yunus Kandımdan başqa Adil Babayev, Əli Səngərli, Mahmud Allahmanlı, Aqil Abbas, Əli Şamil, Ramiz Əsgər, Əli Xələfli, Elçin İsgəndərzadə, Nüşabə Sadıxlı, Şakir Səlim, Ablyazis Veliyev, Nariman Seyityahyayev, Şeryan Ali, İsmail Kerim, İsmet Zaatov, Sevil Kerimova və digər şəxslərin yaradıcılıqları diqqətə layiqdir. Dostluq tellərinin aynası olan ədəbi nümunələrin və tədqiqatların arasında məşhur professorlar – Adil Babayevin və Mahmud Allahmanlının elmi araşdlrmaları xüsusi diqqət doğurur. Eyni zamanda mətbuat orqanlarımızdan – "525-ci qəzet”, "Ədalət”, "Ədəbiyyat”, "Kredo”, "Sərbəst düşüncə”, "Şərqin səsi”, "Ekspress”, "Proqnoz”, "Lenin bayrağı”, "Krım”, "Yanı dünya”, "Qolos Krıma” qəzetləri və "Xəzər”, "Dədə Qorqud”, "Göyərçin”, "Yıldız” jurnalları Azərbaycan və krımtatar ədəbi-mədəni əlaqələrinin yenidən canlanmasında önəmli rol oynadılar. İldən-ilə boy atan qardaşlıq bağlarımız artıq zirvələrə doğru üz tutub. Bu yüksəlişin parlaq və uğurlu olacağını Ulu Tanrıdan diləyirik.
İlqar Qasımov (Kasumov)


banner

Oxşar Xəbərlər