AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçiriləcək

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçiriləcək

Siyasət
04 May 2013, 08:16 1659
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinin qəti şəkildə dalana dirəndiyini söyləyə bilmərəm, çünki proses davam edir”. Bu fikirləri Azərbaycanın işğal altında olan ərazilərinə səfər edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. Nalbandyan bu ay Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün baş tuta biləcəyini deyib və yaxın zamanlarda prezidentlər səviyyəsində görüşün təşkilini istisna etməyib. Rəsmi Bakı da bu informasiyanı təsdiq edib.

“May ayının 17-18-də Krakovda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçiriləcək”. Bunu isə xarici işlər naziri Elmar Məmmədyarov bildirib. E.Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində durğunluq yaranmasına dair səsləndirdiyi fikirlərlə razılaşdığını deyib. “Mən Lavrovla razıyam, biz durğunluq mərhələsindəyik. Hələ ki münaqişənin nizamlanması ilə bağlı məntiqli qərar qəbul edilməyib” - deyə nazir əlavə edib. “Azərbaycan yenilənmiş “Madrid prinsipləri əsasında sülh müqaviləsi üzərində işləməyə razılıq verib. Amma Ermənistan bundan imtina edir” - deyə o vurğulayıb.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl erməni həmkarı ilə görüşündə bəyan edib ki, Moskva ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirir. O bildirib ki, Moskva ABŞ və Fransa ilə birlikdə üç həmsədrin fəaliyyəti çərçivəsində çalışır. Onun sözlərinə görə, müxtəlif mərhələlərdə “üçlüyün” ayrı-ayrı iştirakçıları təkliflər irəli sürüblər. Həmin təkliflər digər həmsədrlər tərəfindən dəstəklənib. Nazir əlavə edib ki, tərəflərin razılığa gələ biləcəyi məsələ mövcud şəraitin yaradılmasıdır. Onun sözlərinə görə, bu, son üç-dörd il ərzində Rusiya və Fransa prezidentlərinin bəyanatlarında təsdiq olunmuş prinsiplərdə öz əksini tapıb: “İşin bərpa edilməsinə yardım məqsədi ilə həmsədrlər qrupu çərçivəsində çalışmaqda davam edirik. Mütəmadi olaraq görüşlər keçirilir, əlavə tədbirlər nəzərdə tutulur. Biz fəallığımızı azaltmırıq”.

Qeyd edək ki, Dmitri Medvedyevin prezidentliyi dövründə Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində aktivlik nümayiş etdirirdi. Rəsmi Moskvanın təşəbbüsü ilə Dmitri Medvedyev, İlham Əliyev və Serj Sarkisyanın bir neçə görüşü keçirilmişdi. Son dövrdə isə bu aktivlik xeyli azalıb. Ekspertlər bunu Minsk qrupuna üzv ölkələrdə, habelə Ermənistanda keçirilmiş prezident seçkiləri ilə əlaqələndirirlər.

Ümumiyyətlə, danışıqlar prosesində uzun müddətdir ki, yaranmış süstlüyün yaxın vaxtlarda pozulacağı barədə Qərb mətbuatında mütəmadi məlumatlar dərc edilir. Eləcə də münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvlərinin fəallığının artmasının da zəruriliyi vurğulanmaqdadır. Artıq Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi rolunu oynayan Birləşmiş Ştatların mövqeyi Rusiya mətbuatında müzakirəyə çıxarılıb.

Rusiyalı ekspertlər Birləşmiş Ştatların apardığı siyasətin ATƏT-in Minsk qrupu tərkibində parçalanmalara yol aça biləcəyini ehtimal edirlər. “Son vaxtlar ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə Azərbaycan tərəfinə istiqamətlənib”. Bunu Rusiyanın MDB ölkələri İnstitutunun eksperti Mixail Aleksandrov ABŞ-ın “Forrein affairs” jurnalında Qarabağla bağlı çıxan məqaləni şərh edərkən deyib. Onun sözlərinə görə, rəsmi Vaşinqton regional təşəbbüslərdə Türkiyəni dəstəklədiyini nümayiş etdirir. Buna nümunə kimi o, ABŞ dövlət katibi Con Kerrinin Qarabağ münaqişəsinin həllində Türkiyənin konstruktiv rol oynayacağına dair çıxışını xatırladıb. Ekspert düşünür ki, ABŞ-ın bu siyasəti ATƏT-in Minsk qrupunun parçalanması ilə nəticələnə bilər. Azərbaycanda da siyasi şərhçilər hesab edir ki, son vaxtlar rəsmi Vaşinqton Azərbaycanı dəstəkləyən bir sıra bəyanatlar səsləndirsə də, hələlik Dağlıq Qarabağ münaqişəsinin həlli Birləşmiş Ştatların xarici siyasətinin əsas prioriteti deyil.

O da qeyd edilir ki, iyun ayında Minsk qrupunun həmsədr dövlətləri - Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama arasında keçiriləcək ikitərəfli görüşdə münaqişənin həlli istiqamətində müzakirələr aparıla bilər. Elə ABŞ dövlət katibi Con Kerri də bir müddət əvvəl bu barədə danışıb. Nazir eləcə də, həlli gecikən münaqişələrin tez bir zamanda həllini istədiklərini bəyan edib. Kerri keçən əsrdən qalan bu problemləri həll etməyi sınaq adlandırıb və əlavə edib ki, bu problemlər həll olunsa, xalqların indi münaqişəyə, hərbiyə gedən enerjisi təhsilə, səhiyyə sisteminin, infrastrukturun qurulmasına sərf olunardı.

Ən çox müzakirə olunan məsələlər sırasında Minsk qrupunun formatının dəyişdirilməsi də var. Rəsmi Bakı münaqişənin həllində Türkiyənin vasitəçiliyini dəfələrlə bildirsə də, Ermənistan kəskin şəkildə buna qarşı çıxır. ATƏT də hələ ki formatın dəyişdirilməsinə lüzum görmür. Yanvar ayında ATƏT-ə sədrliyi öz üzərinə götürən Ukrayna bəyan edib ki, onların əsas prioritetlərindən biri postsovet məkanında dondurulmuş hesab edilən münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır.

Azər NURİYEV