• bazar, 24 Noyabr, 18:07
  • Baku Bakı 14°C

Azərbaycan ümumbəşəri dəyərlərə sadiq qalaraq humanitar təşəbbüslərlə çıxış edir

02.06.21 18:15 349
Azərbaycan ümumbəşəri dəyərlərə sadiq qalaraq humanitar təşəbbüslərlə çıxış edir
Azərbaycan pandemiyanın ilk günlərindən başlayaraq COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması üçün sistemli tədbirlər həyata keçirməyə başlayıb. Ölkəmiz bu sahədə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir, ÜST-nin tövsiyələrini diqqətdə saxlayır. Qeyd etmək lazımdır ki, pandemiyanın başlamasından keçən qısa zaman ərzində Azərbaycanda 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib, həmin xəstəxanalar lazımi avadanlıqlar və tibbi ləvazimatlarla təmin olunub. Ölkədə COVID-19 xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının ümumi sayı 10 mindən artıqdır.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.
Deputat qeyd edib ki, pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülüb, COVID-19-un mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilib. Ölkəmiz Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Koronavirusla uğurlu mübarizə aparılması nəticəsində ötən il ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Hazırda Azərbaycan ÜST ilə olduqca səmərəli əməkdaşlıq edir və ölkəmiz ÜST tərəfindən 2021-ci ilin "Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayır.
"Mayın 31-də Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının "Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev videoformatda çıxışında ölkəmizin pandemiya ilə mübarizə sahəsində həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə gördüyü işləri diqqətə çatdırdı.
Dövlət başçısı bildirdi ki, ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılıb: "Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi "Sinovak”, qalanı isə "AstraZeneca” və "Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir”.
Qeyd etmək istərdim ki, hər zaman humanizm prinsiplərini yüksək tutan ölkəmiz dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır. Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini beynəlxalq səviyyədə pisləmişdir. Davam edən "peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür.
Bu gün biz yaxşı başa düşürük ki, pandemiyaya qalib gəlmək üçün qlobal həmrəylik strateji əhəmiyyətə malikdir. Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin tərəfdarı olmuş və bunun əhəmiyyətini təbliğ etmişdir”, - deyə Jalə Əhmədova vurğulayıb.
Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində də bir sıra qlobal təşəbbüslərlə çıxış etdiyini xatırladan deputat qeyd edib ki, bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını xüsusi qeyd etmək lazımdır. Bəşəriyyəti çox narahat edən peyvəndlərə bərabər çıxışın təmin edilməsi məsələsinin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub. Ölkəmiz bir daha öz humanistliyini göstərərək inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırır. İnanırıq ki, dünya ictimaiyyəti qlobal həmrəylik nümayiş etdirərək pandemiyaya qalib gələcək və bəşəriyyət yenə də əvvəlki gözəl günlərə geri dönəcəkdir.
banner

Oxşar Xəbərlər