• şənbə, 20 Aprel, 04:44
  • Baku Bakı 15°C

Azərbaycan türk dünyasının layiqli üzvü kimi Türk Şurasının fəaliyyətinə mühüm töhfələr verir

01.04.21 19:30 1057
Azərbaycan türk dünyasının layiqli üzvü kimi Türk Şurasının fəaliyyətinə mühüm töhfələr verir
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də keçirilən qeyri-rəsmi Zirvə görüşündə ciddi mesajlar verildi. Azərbaycan Prezidenti İlham Əliyev toplantıdakı çıxışını əsasən Qarabağ mövzusuna həsr etdi. Bu, Azərbaycan Prezidentinin bütün platformalarda ölkəmizin milli maraqlarını prinsipiallıqla ifadə və müdafiə etməsinin növbəti göstəricisidir. Ümumiyyətlə, bu qlobal platformada aparılan vacib məsələlərin müzakirəsi üzv ölkələr arasında sıx əlaqələrin və əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə kimi qiymətləndirilməlidir. Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) sədrliyi pandemiya dövrünə təsadüf etdi. Lakin bununla belə, rəsmi Bakının sədrliyi dövründə qurumun fəaliyyətində ciddi aktivlik müşahidə olundu.
Bu fikirləriKaspi.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva ifadə edib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinin imzalanması ilə yaradıldığını xatırladan K.Nurullayeva qurumun beynəlxalq proseslərdə fəal iştirakı ilə seçildiyini diqqətə çatdırıb. Deputat deyib: "2019-cu il oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə görüşündə təşkilata sədrlik Azərbaycana keçdikdən sonra Şuranın COVID-19 da daxil olmaqla, bir sıra qlobal problemlərin həllində təşəbbüskar mövqedən çıxış etməsi əsl qlobal həmrəylik və əməkdaşlıq nümunəsi idi. Təşkilatın fəaliyyətinə yeni reallıqlar fonunda baxmaq daha maraqlıdır. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Şuraya üzv ölkələr üçün də yeni perspektivlər açılıb. Bu gün Cənubi Qafqazda nəqliyyat-kommunikasiya sahəsi əsas əməkdaşlıq hədəfləri sırasındadır”.
Deputatın sözlərinə görə, xüsusilə tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək, ölkəmizin əsas hissəsini Naxçıvan və Türkiyə ilə birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektoru üçün böyük imkanlar yaradır. Prezident İlham Əliyev də söylədiyi kimi, Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir. Bu rəmzilik bu gün daha ciddi əsaslarla əməkdaşlığa töhfə verməkdədir.
Üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsinə yönəlmiş səylərin Zirvə görüşünün yekun bəyannaməsində əksini tapdığını qeyd edən K.Nurullayeva bildirib ki, bu sənəddə yer alan ən vacib məqamlardan biri üzv dövlətlərin Azərbaycan ərazilərinin işğaldan azad olunmasını təqdir etməsi, Qarabağın bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarının ifadə edilməsidir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası birmənalı şəkildə Ermənistan ilə Azərbaycan arasında münasibətlərdə suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət edilməsi əsasında normallaşmasını dəstəkləyir.
"Azərbaycan enerji, nəqliyyat, iqtisadi əməkdaşlıq sahələrində türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlarını təqdim edir. Ölkəmizin tərəfdaşları ilə birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars, Yeni Bakı Beynəlxalq Dəniz Limanı kimi layihələr bu sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına imkan verir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, TÜRKPA-nın binasının Bakıda yerləşməsi Azərbaycanın türkdilli ölkələr arasında əməkdaşlığa önəm verməsi ilə bərabər, həm də türk dünyasının birliyinin gücləndirilməsində oynadığı rolu nümayiş etdirir”, - deyə Könül Nurullayeva fikirlərini yekunlaşdırıb.
banner

Oxşar Xəbərlər