• cümə axşamı, 28 mart, 20:13
  • Baku Bakı 13°C

Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi

22.03.19 12:00 659
Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi
O, sanki bu dünyaya insanları güldürmək üçün gəlmişdi. Hər səhnəyə çıxışı auditoriya üçün əsl bayrama çevrilirdi. Yüksək sənətkarlıqla yaratdığı obrazın xarakterini tamaşaçıya bütövlükdə çatdırırdı. Aktyorun mimika və jestlərdən məharətlə istifadəsi isə təkrarolunmaz bir sənətkarlıq nümunəsi idi.
AZƏRTACxəbər verir ki, martın 22-si Xalq artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcılarından olan Lütfəli Abdullayevin anadan olmasının 105-ci ildönümü tamam olur.
L.Abdullayev 1914-cü il martın 22-də Şəkidə dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə artıq sözsüz və epizodik rollarda, tezliklə isə "Arşın mal alan” operettasında Vəli rolunda oynayıb. 1938-ci ildə Musiqili Teatrı yarananda L.Abdullayev truppaya qəbul edilib. Teatr fəaliyyətini dayandırdığı müddətdə L.Abdullayev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb, Tulio ("Rəqs müəllimi”), Rəşid ("Kimdir müqəssir?”), Tağı ("Köhnə dudman”), Oddamdı ("Od gəlini”), Nadir ("Çiçəklənən arzular”) rollarında çıxış edib. 1956-cı ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının fəaliyyəti bərpa olunduqdan sonra L.Abdullayev bu teatrın aparıcı sənətkarı kimi əksər tamaşalarında çıxış edib.
Onun zəngin obrazlar qalereyasına Vəli və Soltan bəy ("Arşın mal alan”), Hambal, Cəfər və Məşədi İbad ("Məşədi İbad”), Kəblə Heydər ("Evliykən subay”), Vəli və Sandro ("Aşıq Qərib”), Qulu ("Əlli yaşında cavan”), Kərim ("Lənkəran xanının vəziri”), Qulaməli (Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəlişah caduküni-məşhur”), Trufaldino ("İki ağanın bir nökəri”), Hamlet ("Tiflis nəğməsi”), Avo ("Şirin arzular”), Çako ("Keto və Kote”) və digər əsərlər daxildir.
L.Abdullayev həm də populyar kino aktyoru kimi ad-san qazanıb. Kinoda ilk işi "Arşın mal alan” filmində (1945) Vəli rolu olub. Dahi Üzeyir bəy "Arşın mal alan” filminin çəkilişləri üçün aktyor truppasını yığanda iki obraza sınaq üçün heç kimin dəvət olunmasına icazə verməyib. "Gülçöhrə obrazını Leyla Bədirbəyli, Vəli rolunu Lütfəli Abdullayev oynayacaq” deyib. O, bu rola görə 1946-cı ildə Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin "Əhməd haradadır?” (Zülümov), "Ulduz” (Məhəmməd), "Qəribə əhvalat” (Kefcilov) filmlərinə çəkilib.
Sevimli aktyor L.Abdullayevin sənəti yüksək qiymətləndirilmiş, ən yüksək fəxri adlara layiq görülmüş, orden və medallarla təltif olunub.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Lütfəli Abdullayevin anadan olmasının 100 illiyi silsilə tədbirlərlə qeyd edilib.
L.Abdullayev 1973-cü il dekabrın 9-da Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır.
banner

Oxşar Xəbərlər