“Azərbaycan sosial dövlətdir”
Əlverişli coğrafi mövqeyə
malik olan, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanda dövlət daim
öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsi, sosial problemlərinin həllini prioritet vəzifə kimi
görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Ölkə
iqtisadiyyatının inkişafı fonunda bu siyasət razılıqla qarşılanmaqla bərabər,
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu da artırır. Mühüm iqtisadi layihələrə
imza atan ölkəmiz dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi tanınır.
Azərbaycanda həyata keçirilən sosial siyasət, iqtisadi inkişaf və digər
məsələlərlə bağlı "Kaspi”nin suallarını Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa
Quliyev cavablandırır.
- Musa müəllim, Azərbaycanda həyata keçirilən sosial
siyasəti necə dəyərləndirirsiniz?
- Azərbaycan sosial
dövlətdir. 2013-cü ildə Prezident İlham Əliyev bunu rəsmi olaraq elan edib.
Azərbaycan dövlətinin sosial siyasəti daim Azərbaycan vətəndaşının müdafiəsinə,
sosial rifahının yüksəlməsinə yönəlib. Heç də təsadüfi deyil ki, ölkə başçısı
bütün çıxışlarında "Bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” -
fikrini xüsusilə vurğulayır. Bu, təsadüfən, yaxud ictimaiyyət qarşısında çıxış
xatirinə söylənilən sözlər deyil. Azərbaycanda iqtisadiyyatın, iqtisadi
inkişafın bizə verdiyi bütün nemətlər ölkə əhalisinin payıdır. Ona görə də
iqtisadi inkişafdan əldə edilən gəlirlər Azərbaycan əhalisinə xərclənir.
2003-cü ildən indiyə qədər ötən dövrdə olduqca böyük, sürətli iqtisadi inkişaf
əldə olunub. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Məhz onlar
2003-2013-cü illəri Azərbaycan iqtisadiyyatının, inkişafının qızıl dövrü, qızıl
onluğu adlandırırlar. 2013-cü ildən sonra da iqtisadi inkişaf hər il özünü
göstərib. Baxmayaraq ki, son 3 ildə dünyada baş verən hadisələr, iqtisadi və
siyasi proseslər, xüsusən də ümumdünya iqtisadi böhranı, neftin qiymətinin kəskin
aşağı düşməsi Azərbaycanın ümumi gəlirlərinin nisbətən azalmasına səbəb olub,
ümumi strateji xətt yenə də davam etdirilir. Strateji xətt isə bundan ibarətdir
ki, ilbəil Azərbaycanda yaşayış minimumu artır, orta aylıq əməkhaqqı, təqaüd də
yüksəlir, əhaliyə verilən sosial yardımlar, təminatlar artır, insanların
məşğulluğu daim dövlət başçısının nəzarətində saxlanılır. Son 20 il ərzində
Azərbaycanda işsizlik 17,5 faizdən 5 faizə enib. Bu, dünyada qəbul olunan ən
yaxşı göstəricilərdən biridir. Qeyri-neft sektoru sürətlə inkişaf edir. Xüsusən
də son illərdə ölkə başçısının sahibkarlığın daha da inkişaf etdirilməsi üçün
ard-arda imzaladığı fərman və sərəncamlar burada mühüm əhəmiyyət daşıyır. 11
strateji inkişaf istiqaməti, yol xəritəsi, regional inkişaf proqramları və sair
mühüm sənədləri də misal gətirmək mümkündür. Sözsüz ki, bütün bunlar
insanlarımızın sosial rifahının yüksəldilməsi üçün atılan addımlardır. Aqrar
sahənin, turizm, nəqliyyat, informasiya kommunikasiya texnologiyaları
sektorlarının inkişaf etdirilməsi də sosial siyasətin tərkib hissəsi kimi
dəyərləndirilə bilər. Çünki, bu sahələrin tərəqqisi son nəticədə Azərbaycan
əhalisinin həyat tərzinə, sosial durumuna bilavasitə təsir edir. Əgər
regionlarda aqrar sektorun ənənəvi sahələri, o cümlədən pambıqçılıq,
tütünçülük, baramaçılıq, üzümçülük, əkinçiliyin ən müxtəlif növləri, bağçılıq,
bostançılıq inkişaf etdirilirsə, emal sənayesi gücləndirilirsə, kənd
təsərrüfatı məhsullarının ixracı artırılırsa, bu, həm ölkə iqtisadiyyatına, həm
də əhalinin güzəranına müsbət təsir edir. Azərbaycan brendi adı altında dünyaya
çıxarılan məhsulları istehsal edən, onun ərsəyə gəlməsində əməyi keçən Azərbaycan
insanıdır. Ona görə də bu sahələrdə uğurlar əldə edildikcə əhalinin də sosial
vəziyyəti yaxşılaşır. Sevindirici haldır ki, qeyri-neft sektoru dövlət
büdcəsində və ümumdaxili məhsulda 70 faizi üstələyir. Hazırda ölkədə yoxsulluq
səviyyəsi 5 faizdir. Baxmayaraq ki, iqtisadiyyatımızın əsasını təşkil edən
neftin qiyməti aşağı düşüb, həcm də azalıb. Ancaq qeyri-neft sektoru bunu
tənzimləyir.
-
Sosial sahədə bəzi insanların üzləşdiyi əsas çətinliklərdən biri mənzil-məişət problemidir.
Bu problemin həll edilməsi üçün hansı işlər görülür?
- Yoxsulluğun aradan
qaldırılması sahəsində əsas məsələlərdən biri bu kateqoriyadan olan insanların
mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə təmin edilməsi,
yaxud bunun üçün onlara müvafiq şərait yaradılmasıdır. Azərbaycanda da mənzil
tikintisi daha geniş miqyas alıb. Son 10-12 il ərzində 3 milyon 200 min
kvadratmetr mənzil sahəsi qaçqın və məcburi köçkünlər üçün tikilib istifadəyə
verilib. Onlar üçün yüzdən artıq şəhərcik salınıb. Bununla
da ümumilikdə 50 min ailə, 250 mindən çox insanın yaşayış şəraiti
yaxşılaşdırılıb, onlar yeni mənzillə təmin olunublar. Qarabağ müharibəsi
əlillərinə, şəhid ailələrinə, hərbçilərə, jurnalistlərə, veteranlara, alimlərə,
valideyn himayəsindən məhrum uşaqlara - gənclərə və bir çox kateqoriyadan olan
insanlara dövlət tərəfindən yeni mənzillər verilib. Həmin insanlar müasir
tələblərə cavab verən, ən əsası da pulsuz verilən belə mənzillərdə yaşamaq
hüququ əldə ediblər. Son illərdə sosial evlər layihəsi gündəmə gəlib. Bu layihə
çərçivəsində də bir sıra addımlar atılıb. Bu, sosial durumu aşağı olan
insanların da cüzi ödəniş etməklə yeni mənzil ala bilməsi üçün geniş imkanlar
yaradıb. Ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə Bakı
şəhərinin Yasamal rayonu ərazisində ilk sosial evlərin təməlini qoyuldu və
hazırda inşaat işləri uğurla davam etdirilir. Bu işlər başa çatdırılandan sonra
2 min insan sosial evlər əldə edə biləcək. Bu il 29 belə binanın tikintisinə də
başlanılıb. Göründüyü kimi, bu sosial layihə də davamlı xarakter alıb.
Beləliklə də bütövlükdə dövlət siyasətinin Azərbaycan vətəndaşının sosial
rifahının yaxşılaşdırılmasına yönəldiyini bir daha müşahidə etmək olur.
- Ümumdünya iqtisadi böhranı baş verdiyi zaman, eləcə də neftin
qiymətinin kəskin ucuzlaşması, manatın iki dəfə devalvasiyaya uğraması
dönəmində də Azərbaycanda dövlət tərəfindən sosial layihələrin maliyyələşməsi dayandırılmadı.
Bu fakt nəyin göstəricisidir?
- Xatırlatmaq
istərdim ki, sizin sualınızda qeyd etdiyiniz məqamlarla yanaşı, hətta
devalvasiya, neftin qiymətinin ucuzlaşdığı, büdcə gəlirlərinin azaldığı fonda
maaş və pensiyaların həcmi də artırıldı. Son iki ildə büdcənin yığcam olmasına
baxmayaraq, yenə də 30 faizi sosial xərclərə yönəlib. Bütün bunlar bir daha onu
göstərir ki, Azərbaycan sosial dövlətdir və Prezident İlham Əliyevin daxili
siyasətində sosial müdafiə strategiyası prioritet istiqamətlərdən biridir. Ölkə
başçısı qeyri-neft sektorunun, sahibkarlığın daha da inkişaf etdirilməsi üçün
təkcə son iki-üç il ərzində 20-yə yaxın fərman və sərəncam imzalayıb. Bu onunla
bağlı idi ki, Azərbaycan vətəndaşı, sahibkarı, biznesmeni əziyyət çəkməsin.
Bununla dövlət sahibkarın çiyninə düşən yükün bir hissəsini öz üzərinə götürdü.
Pensiyalar, müavinətlər artırıldı, əmək haqlarında artımlar müşahidə olundu.
Bu, davamlı prosesdir. Belə tədbirlər, atılan uzaqgörən, qətiyyətli addımlar
sayəsində qısa müddətdə Azərbaycan böhranlı vəziyyətdən çıxdı. Baxmayaraq ki,
bəzi obyektiv və subyektiv səbəblərdən bank sektorunda olduqca ciddi problemlər
yaşandı, ancaq Azərbaycan iqtisadiyyatı yenə də ayaq üstdə dayanmağı bacardı.
Hazırda da iqtisadiyyatımız inkişaf etməkdədir. Bunlar Azərbaycanın
balanslaşdırılmış siyasətinin, uzunmüddətli inkişaf strategiyası sayəsində
mümkün olub. Azərbaycan heç bir xarici qüvvədən və sərmayədən, kənar dövlətdən
asılı deyil. Hazırda ölkə iqtisadiyyatına qoyulan sərmayələrin 70 faizdən çox
daxili sərmayələrdir. Xatırlayırsınızsa, 2000-ci illərin əvvəllərində bəzi
"ekspertlər” Azərbaycanda "Holland sindromu”nun baş verəcəyini söyləyir,
iqtisadiyyatımızla bağlı bədbin proqnozlar verir, ölkəmizin hətta Nigeriyadan
da çətin duruma düşəcəyini bildirirdilər. Ancaq 2015-ci ildə neftin qiyməti
kəskin ucuzlaşanda belə, bu "proqnozlar” özünü doğrultmadı. Çünki, Azərbaycan
zamanında "qara qızıl”ı insan kapitalına çevirməyi, təbii sərvətlərin satılması
müqabilində əldə edilən gəlirləri qeyri-neft sektorunun qurulmasına, inkişaf
etdirilməsinə yönəltməyi bacarmışdı. Şaxələnmiş iqtisadiyyat öz işini görməkdə
idi. Şübhə etmirəm ki, bundan sonra da qeyri-neft sektorunun, ümumilikdə
iqtisadiyyatın inkişafı davam edəcək.
- Siz Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvüsünüz və
yəqin ki, gələcəkdə də həyata keçiriləcək sosial layihələrdən məlumatınız var.
Bu barədə də fikirlərinizi bilmək istərdik...
- Azərbaycan
dövlətinin daxili siyasətinin əsas strateji xətti bundan ibarətdir ki,
iqtisadiyyatın inkişafından əldə olunan gəlirlər ədalətli şəkildə vətəndaşlar
arasında bölünsün, sosial ədalət, sabitlik, əmin-amanlıq, həmrəylik davamlı
olsun. Şimal-Cənub, Bakı-Tbilisi-Qars, Şərq-Qərb, Böyük İpək Yolu, neft-qaz və
sair bu kimi irimiqyaslı layihələrin həyata keçirilməsi ilə gələcəkdə də
Azərbaycan vətəndaşlarının sosial təminatı yaxşılaşdırılacaq. Ötən ilin sonunda
qəbul olunmuş milli iqtisadiyyatın strateji yol xəritəsində uzaq hədəflər də
müəyyən edilib. Proqnozlara görə, 2025-ci ildən sonra Azərbaycan sosial rifah
dövlətinə çevriləcək. Bu, müasir dünyada sosial rifahın ən yüksək göstəricisi
deməkdir. Yəni, bizim hədəflərimiz, gedəcəyimiz yol, aparılan siyasət bəllidir.
Rufik İSMAYILOV