• şənbə, 20 Aprel, 14:59
  • Baku Bakı 23°C

AZƏRBAYCAN SİRKİ – 70

28.03.16 10:56 2682
AZƏRBAYCAN SİRKİ – 70
Bakıda sirki hamı sevir, hər bir kəsin bu məkanla bağlı qayğısız uşaqlıq illərindən yaddaşına hopmuş maraqlı təəssüratları, xoş xatirələri var. Rəngarəng işıq seli altında, orkestrin gurultulu müşayiəti ilə arenaya çıxan yaraşıqlı, qüvvətli, qorxu nə olduğunu bilməyən insanların hər bir hərəkəti ilə, yüzlərlə tamaşaçının ürəyi bir vurur – gah sıxılıb yumağa dönür donur, gah da dəlicəsinə çırpınır. Bəzən yaşlı bir insanın “Eh... Bizim vaxtımızda kəndirbazlar, pəhləvanlar vardı...”, deyə köks ötürməsi, bu sənətin yaddaşımızda, düşüncəmizdə necə dərin iz buraxdığına dəlalət edir. Bəlkə də, hər birimiz uşaqlıqda gördüyümüz ecazkar tamaşanı bütün təfərrüatı ilə təsvir etməyə, o sehrli anları daxilən yenidən yaşamağa qadirik. Bəzilərimiz isə, qəlbinə hakim kəsilən bu sevinci, hamı ilə bölüşməyi, təəssüratlarını kağıza köçürməyi özünə borc bilir.
O dövrün mətbuatında tez-tez Rafael Şikin, Leonid Qoldşteynin, Şərif Kərimlinin və başqaların imzası ilə sirk sənəti ilə bağlı maraqlı yazılar çıxır, kitablar nəşr edilirdi. Azərbaycan sirkinin 70 illik yubileyi ərəfəsində, qəzetimizin səhifələrində sirk sənətini ürəkdən sevən bu insanlar barədə söhbət açmaq, onların yaradıcılığı ilə oxucuları bir daha tanış etmək istərdik. Bu əsərlərdə hər bir əziyyətə qatlaşaraq, təhlükənin üzünə dik baxan cəsur sirk ustalarının həyat yolu, yaradıcılığı ilə bərabər, onların daxili aləmi, keçirdikləri hisslər, həyəcan ustalıqla qələmə alınır. Dünyanın müxtəlif ölkələrində xalqımıza böyük şöhrət qazandıran Sali Süleymanın, Rəşid Yusifovun, Ələkbər Fərruxun, Mansur Şirvaninin, Tofiq Axundovun və onlarla başqa sənətçilərimizin yaradıcılığına işıq salan, Rafael Şikin “Onlar nadir halda evdə olurlar” (1989), Leonid Qoldşteynin “Parad–Alle!” (1982), “Ömrün qızıl dairəsi” (1990) kitabları, Şərif Kərimlinin “Sali Süleyman”, “Rəşid pəhləvan” sənədli povestləri bu gün də oxuculr tərəfindən maraqla oxunur.
Bu gün sizin diqqətinizə Leonid Qoldşteynin “Parad–Alle!” kitabından məşhur azərbaycanlı sirk ustaları Tamilla və Rüfət Nəzirovlara həsr olunmuş “Peykdə uçuş” oçerkini təqdim edirik. Leonid İzadoroviç Qoldşteyn (1930 - 2002) gənc yaşlarından sirk sənətinin vurğunu idi. O, Bakıya gələn bütün proqramları izləyir, sirk haqqında kitabları oxuyur, artistlərin həyatı, yaradıcılığı ilə bağlı, xüsusilə azərbaycanlı artistlər barədə geniş məlumatlar toplayırdı. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirdikdən sonra bir sıra qəzetlərdə müxbir kimi çalışmaqla bərabər, Leonid radioda verilişlər hazırlayır, sənədli filmlər üçün ssenari yazırdı. 1959-cu ildən “Azərinform” informasiya agentliyinə müxbir kimi dəvət edilən Leonid, çox keçmədən agentliyin informasiya və mədəniyyət şöbəsinin rəhbəri olur. L.Qoldşteyn Azərbaycanın bir çox görkəmli yazıçıları, rəssamları, artistləri, o cümlədən İ.Qasımov, R.Behbudov, L.İmanov, M.Maqomayev, N.Xəzri, Anar və başqaları ilə yaxından dostluq edir, bununla bərabər asudə vaxtını sirkdəki dostları ilə bərabər keçirməyi xoşlayırdı. O, sirk tamaşaları üçün də ssenarilər yazırdı. Xüsusilə, Bakı sirkində qastrolda olan məşhur illüziya ustası Emil Kio ilə birgə yazdığı ssenari əsasında hazırlanmış Yeni il tamaşası böyük uğur qazanmışdı. Onun sirk artistlərinin ağır əməyinə, gərgin iş şəraitinə həsr etdiyi oçerk, esse və hekayələri real təsvirləri ilə seçilir, oxucuların marağına səbəb olurdu. L.Qoldşteyn qazandığı yaradıcılıq uğurlarına görə “Qızıl qələm” mükafatına layiq görülmüşdü. 1990-cı ildə ailəsi ilə İsrailə köçən Leonid Qoldşteyn ömrünün sonunadək (2002) yaradıcılığını davam etdirmiş, mətbuatda müxtəlif mövzulu, o cümlədən sirkə həsr edilmiş yazılarla, radioda öz hekayələri ilə çıxış etmişdir.
***
LEONİD QOLDŞTEYN
PEYKDƏ UÇUŞ

İndicə hər tərəf parlaq işıq selinə bürünmüşdü, ancaq budur, manej və amfiteatr qaranlığa qərq olur və yalnız sirk günbəzinin tağları altında gecə səmasındakı kimi, saysız hesabsız ulduzlar sayrışır. Buraya, ən uca nöqtəyə yerdən, özü ilə iki gimnastı qaldıran parlaq bir peyk yüksəlir. O, arena üzərində sürətlə dövr etdikcə, onun heyəti, sanki açıq kosmosda imiş kimi, başgicəlləndirici yüksəklikdə süzür. Bu sürətli uçuşu gözlərini qırpmadan izləyən tamaşaçılar artistlərin cəsarət və ustalığını alqışlarla qarşılayır.
Bakı sirkində premyeradır: hava gimnastları Rüfət və Tamilla Nəzirovlar çıxış edir. Burada, son illər ancaq qastrol səfərinə gəldikləri doğma şəhərlərində, bacı və qardaşın birgə hazırladıqları “Peykdə uçuş” nömrəsinin debütüdur.
Nəzirovlar sirk aləmində məşhur soyaddır. Hələ müharibədən əvvəl sirk məktəbində oxuyan Fuad Nəzirov, vətənimiz təhlükə ilə üz-üzə qaldıqda könüllü olaraq cəbhəyə yollandı. Müharibə bitdikdən sonra, ordudan tərxis olunan kimi, o, dərhal sirkə qayıtdı. O zaman Azərbaycan sirk kollektivi yaradılırdı və gənc, bacarıqlı artistin gəlişi lap yerinə düşdü. O, yüksəyə tullanan akrobatlar nömrəsində komik akrobat kimi çıxış etməyə başladı. Fəal və işgüzar insan kimi, sonralar sirk kollektivinə rəhbərlik etmək ona tapşırıldı. Elə həmin illərdə, o, özünün də iştirak etdiyi plastik akrobatika qrupu nömrəsi yaratdı.
Azərbaycan SSR əməkdar artisti Fuad Nəzirovun nömrəsi ölkəmizdə olduğu kimi, onun hüdudlarından kənarda da böyük uğur qazanır. Bu, təkcə onların kamil ustalıq, mürəkkəb və effektli hərəkətlər nümayiş etdiyinə görə baş vermir. Nəzirovların bir-birini əvəz edən akrobatik piramidalardan ibarət nömrəsi ruhən olduqca millidir. Bu millilik, əlbəttə, tərtibatda, musiqidə, kostyumlarda, ən əsası isə, ifa tərzində, pozalarda, kompozisiya düzülüşlərində Azərbaycan melosuna, muğama xas olan, axıcı, ecazkar, incə hərəkətlərdə özünü büruzə verir.
Rüfət Nəzirov da öz sənət yolunu atası və anası ilə birlikdə bu nömrədə başlamışdı. Hətta, daha dəqiq olsaq, bu çox-çox əvvəllər baş vermişdi. Cəmi iki yaşı olanda, ilk dəfə Leninqrad sirkinin tamaşaçıları qarşısına çıxmışdı. Altı yaşına çatdıqda isə, o, valideynlərindən sirk sənətinin incəliklərini öyrənə-öyrənə, nömrədə çıxış etməyə başladı. Onun xarici səfərləri də çox erkən başlamışdı. Özünə inamla, cəsarətlə çıxış edən incə, çevik, yaraşıqlı yeniyetmə dərhal tamaşaçıların diqqətini cəlb edirdi.
Fransalılar da Rüfətin akrobatikadakı qeyri-adi bacarığının şahidi olmuşdular, özü də təkcə sovet sirk ustalarının tamaşasında yox. Bir gün, Eyfel qülləsi qarşısında gəzişən çoxsaylı parislilər və turistlər qarasaçlı bir gəncin gözlənilmədən qüllənin ən yuxarı meydançasını əhatə edən məhəccərinin üzərində əlləri üstündə durduğunu gördükdə qorxu içində qışqırdılar. Olduqca təhlükəli olan bu tryuk bir neçə saniyə çəkdi. Kimsə polis çağırmaq istədi, ancaq hər şey aydınlaşanda, qarşılarındakı gəncin sovet sirk artisti olduğunu biləndə hamı rahat nəfəs aldı.
Tamilla da sirkdə böyük təcrübəyə malikdir. Ailə nömrəsində çıxış edən qardaşından fərqli olaraq, onu, hava gimnastikası daha çox cəlb edirdi. 40-60-cı illərdə sirk aləmində hava gimnastı Pyotr Şetininin qrupu geniş şöhrət qazanmışdı. Tamilla da bu məşhur sənətçinin yanında gözəl təlim keçib, təcrübə qazandı. Bu ustad sənətkar təqaüdə getdikdə isə, Tamilla ilə Rüfət sirk günbəzi altında öz nömrələrini yaratmaq qərarına gəldilər.
Bir neçə ay ərzində, Bakı sirkində saatlarla məşq gedirdi. Çətinliklərə sinə gərərək, inad və qətiyyətlə çalışırdılar. Bir çoxları hesab edirdi ki, illərlə “parterdə” işləyən Rüfət hava gimnastikası vərdişlərini mənimsəyə bilməz. Ancaq atası görəndə ki, oğlunun qətiyyəti əsassız deyil, birinci özü onun köməyinə gəldi. Fuad Nəzirov bu mürəkkəb nömrənin rejissoru oldu.
Budur, nəhayət çoxdan gözlədikləri ilk çıxış. Aparıcı elan edir: “Tamilla və Rüfət Nəzirovlar” və onlar arenada görünür. Projektorun şüası qaranlığı yararaq, onların incə, sanki səmaya can atan qamətlərini, aydın çöhrələrini işıqlandırır. Bircə an içində sürətli peyk onları ulduzlu fəzaya qaldıracaq. Bütün varlıqları ilə göydə süzməyin zövqünü, sirkin romantikasını, kosmik fəzanın sehrini hiss edəcəklər. Tamaşaçı salonu alqışlara qərq olur – tamaşaçılar bu gözəl cütlüyü fəzaya, fəth edilməmiş ənginliklərə yola salırlar. Yalnız bircə nəfər əl çalmır. Bu, Fuad Qəmbər oğlu Nəzirovdur. O, yumruqlarını bərk-bərk sıxmışdır: sirkdə belə bir deyim var – yumruqlarını bərk-bərk sıxsan, hər şey alınacaq. Onun gərgin çöhrəsindən, diqqətli baxışlarından da görünür ki, o, buna inanır...
Uca günbəzin altından keçən sirk orbitindən, sonsuz səmanı yararaq bir peyk sürətlə uçur. Kosmik fəzanın fatehləri olan sovet adamlarının qəhrəmanlığını təcəssüm etdirən artistlər ulduzlu səmada süzürlər. Sanki yerin cazibə qüvvəsi də yoxa çıxmışdır. Peyk sürətlə hərəkət etdikcə, gimnastlar başgicəlləndirici hərəkətlər ifa edir. Budur, arxa blanş: Rüfət ayaqları ilə aparatın milindən asılı vəziyyətdə sallanaraq, bir əli ilə Tamillanı saxlayır, o isə, sanki çəkisizlik şəraitində yerə paralel olaraq, havada süzür. Ardınca isə “yıxılma” – sanki artistin əli trapesiyadan qopur, ancaq axırıncı anda cəld pəncələri ilə aparatdan asılı qalır...
Tryukların əksəriyyətini ifa edərkən Tamilla lonjadan – adətən artistlərin özlərini sığortalamaq üçün aparata bərkitdikləri polad simdən istifadə etmir. Artıq tamaşadan sonra, debütantlar xoşbəxt halda saysız hesabsız təbrikləri qəbul edərkən, Rüfət bu hərəkəti belə izah edəcək. Onun sözləri bir az əzəmətli səslənsə də, belə həyəcanlı və xoş gündə onu başa düşmək olar:
–Bizim sığortamız, – güclü və həssas əzələlərimiz, təcrübəmiz, öz gücümüzə və bir-birimizə olan inamımızdır.
Yolunuz açıq olsun, Tamilla və Rüfət!
Rəcəb Məmmədov
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər