• cümə axşamı, 25 aprel, 17:17
  • Baku Bakı 23°C

Azərbaycan-Rusiya münasibətləri strateji əməkdaşlıq səviyyəsindədir

14.12.18 19:33 872
Azərbaycan-Rusiya münasibətləri strateji əməkdaşlıq səviyyəsindədir
Azərbaycanın müstəqil xarici siyasət kursunda işğalçı Ermənistan istisna olmaqla, digər qonşu dövlətlərlə, xüsusən də Rusiya ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Hər iki müstəqil dövlət arasında diplomatik münasibətlər 1992-ci il aprelin 4-də Bakıda imzalanmış müvafiq protokol əsasında qurulub. Həmin il Azərbaycanın Rusiyada, Rusiyanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb. Rusiya və Azərbaycan arasında qarşılıqlı faydalılığa əsaslanan münasibətlər 1995-ci il oktyabrın 6-da Rusiya baş nazirinin müavini A.A.Bolşakovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfər etməsi ilə yeni müstəviyə qədəm qoyub. Ulu öndər Heydər Əliyevlə keçirilən görüşdə iki dövlət arasında iqtisadi əməkdaşlığın real vəziyyəti və perspektiv imkanları müzakirə obyekti olub. Görüşün sonunda Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq, elm, təhsil və texnika sahələrində münasibətləri tənzimləyəcək hüquqi sənədlər imzalanıb.
Azərbaycan-Rusiya münasibətləri bu əsas üzərində inkişaf edərək Prezident Heydər Əliyevin 2-4 iyul 1997-ci il tarixli Rusiyaya ilk rəsmi səfəri çərçivəsində iki ölkə arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilənin imzalanması ilə nəticələnib. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” bu müqavilə iki ölkə arasında mövcud olan və daima inkişaf edən əlaqələrin hüquq bazasını təşkil edir, mühüm strateji sənəd sayılır. 9-10 yanvar 2001-ci ildə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərə gəlməsi isə iki ölkə arasında siyasi-iqtisadi münasibətlərin inkişafına yeni təkan verib. Bununla da iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsası qoyulub. Qeyd olunan səfər çərçivəsində Rusiya-Azərbaycan münasibətlərin genişləndirilməsini nəzərdə tutan Bakı Bəyannaməsi imzalanıb. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı 2003-cü ildən indiyə qədər də Rusiya ilə qarşılıqlı milli maraqlara cavab verən münasibətlər davam etdirilir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üzrə Hökumətlərarası Birgə Komissiya fəaliyyətini intensivləşdirilib. Parlamentlərarası əlaqələr yeni müstəvidə davam etdirilib. Ötən illər ərzində Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi, hərbi, mədəniyyət, təhsil, səhiyyə və sair sahələrdə əlaqələr daha da inkişaf etdirilib. Humanitar sahədə əməkdaşlığı tənzimləyən çoxsaylı saziş və müqavilələr imzalanıb. Prezident İlham Əliyevin cari il sentyabrın 1-də Rusiyaya rəsmi səfər etməsi ölkələrimiz arasında münasibətlərin inkişafına daha bir təkan olub. Soçidə keçirilən bu görüşdə prezidentlər İlham Əliyev və Vladimir Putin "Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat” imzalayıblar.
2018-ci ilin ötən 11 ayı isə ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi baxımından daha məhsuldar olub. Dekabrın 13-də Azərbaycanda rəsmi səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovun Prezident İlham Əliyevin qəbulunda olarkən səsləndirilən fikirlər qeyd olunanları növbəti dəfə təsdiq edir. Prezident İlham Əliyev rusiyalı diplomatın səfərinin ölkələrimiz arasında birgə işin 2019-cu il üçün planlarını müəyyənləşdirmək, həmçinin indiyə qədər görülən işləri təhlil etmək baxımından yaxşı imkan kimi dəyərləndirib. Qeyd edib ki, 2018-ci il Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından çox məhsuldar olub. Qarşılıqlı səfərləri, beynəlxalq strukturlarda birgə fəaliyyəti xatırladan dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin müzakirə ediləcəyini də diqqətə çatdırıb. Ümid edib ki, 2019-cu il nizamlanma prosesinə yeni impuls verəcək: "Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid edirik. Biz bir çox sahələrdə qarşılıqlı fəaliyyət göstəririk. Mən, həmçinin Şimal-Cənub dəhlizinin yaradılması ilə bağlı bizim fəaliyyətimizin nəticələrini məmnunluqla qeyd etmək istərdim. Biz bu istiqamətdə fəal qarşılıqlı fəaliyyət göstəririk. Müvafiq strukturlar, nəqliyyat qurumları çox məhsuldar işləyirlər. Biz bu il artıq yaxşı nəticələri görürük. Biz digər tərəfdaşlarımızla, qonşularımızla bu layihəni mümkün qədər tez başa çatdırmaq üçün birgə səylərimizi davam etdirəcəyik”.
Prezident Vladimir Putinin ən xoş arzularını və salamlarını çatdıran S.Lavrov dövlət başçısı İlham Əliyevin strateji tərəfdaşlığı irəli aparmağa imkan verən şəxsi münasibətinin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd olunub ki, Rusiya Azərbaycanla beynəlxalq arenada, BMT-də, Avropa Şurasında, ATƏT-də qarşılıqlı fəaliyyət göstərir. Nazir deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı ilə Yerevan arasında birbaşa dialoqa kömək göstərməyə davam etmək istəyir. S.Lavrovun sözlərinə görə, Rusiya istəyir ki, münaqişə ədalətli, qarşılıqlı məqbul həll olunsun. O, əminliklə vurğulayıb ki, Rusiya həm öz səyləri ilə, həm də ATƏT-in Rusiya, Fransa və ABŞ-ın daxil olduğu Minsk qrupunun həmsədr üçlüyünün üzvü kimi bu cür razılaşmaların əldə edilməsinə nail olmaq üçün əlindən gələni edəcək.
Bu yerdə onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq ruhu iqtisadi əlaqələrin inkişafı üçün də əlverişli şərait yaradır. 2017-ci ilin yekununa görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə, onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla işləyir. Bunlar "Qazprom”, "Transneft” və "Lukoyl”dur. Rusiyanın və Azərbaycanın enerji sistemləri inteqrasiya rejimində fəaliyyət göstərir. Sənaye sahəsində kooperasiya dərinləşir. Bundan başqa, "KamAZ” Gəncə avtomobil zavodunda lisenziyalı yük maşınlarının buraxılmasını və onlara xidmət göstərilməsini qaydaya salıb. Rusiyanın "R-Farm” şirkəti 2019-cu ildə Azərbaycanda açılacaq dərman preparatlarının istehsalı müəssisəsinin tikintisinə 74 milyon dollar sərmayə yatırıb. "Qazprombank” Sumqayıt Kimya-Sənaye Parkının inkişafında iştirak edir. Sərmayənin həcmi təqribən 750 milyon dollardır.
Ümumiyyətlə, Rusiya qeyri-neft sektorunda idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. Rusiyanın bir çox şirkətləri Azərbaycanda uğurla işləyir. Energetika, maşınqayırma, kimya, əczaçılıq sənayesi sahələrində kooperasiya dərinləşir. Cənubi Asiyanı və Yaxın Şərqi Avropa ilə birləşdirəcək "Şimal-Cənub” qitələrarası nəqliyyat dəhlizinin yaradılması üzrə birgə işlər də böyük beynəlxalq əhəmiyyət daşıyır. Həmçinin, Azərbaycanın bilavasitə Rusiyanın regionları ilə fəal əməkdaşlığı diqqət çəkir. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla iqtisadi, mədəni əlaqələr saxlayır. İki ölkənin hərbi-texniki əməkdaşlığı da daim inkişaf edir. Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyərinin 5 milyard dolları keçməsi bu sahədəki dinamizmin göstəricisidir. Bir sözlə, ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi əlaqələrlə bərabər, elm, təhsil, ədəbiyyat və incəsənət sahələrində çox geniş əməkdaşlıq münasibətləri mövcuddur.
Əlbəttə ki, prezidentlərin şəxsi münasibətlərinin yüksək səviyyədə olması, hökumət üzvləri və şirkət rəhbərləri arasında müxtəlif razılaşmaların əldə edilməsi Azərbaycan-Rusiya əlaqələrinin davamlı inkişafına xidmət edir. Münasibətlərin bu cür inkişafı kontekstində, xüsusən də nazir S.Lavrovun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə səsləndirdiyi fikirləri nəzərə alaraq istərdik ki, ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Rusiya Dağlıq Qarabağ münaqişənin nizamlanmasında səylərini davam etdirsin, ədalətin yanında yer almaqla, regionda sülhün, əmin-amanlığın, əməkdaşlığın davamlı olmasına töhfə versin.
Alpər TURAN
banner

Oxşar Xəbərlər