AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan regionun sənaye mərkəzinə çevrilir - İCMAL

Azərbaycan regionun sənaye mərkəzinə çevrilir - İCMAL

Siyasət
21 Aprel 2021, 17:15 1223
Azərbaycanın gələcək inkişafı ilə bağlı bir çox proqramlar və strategiyalar düşünülüb. Belə bir mühüm proqramlardan biri də modern sənayeləşmədir. Son illərdə yeni dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini daha da sürətləndirib.
Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir. Artıq ölkədə yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. Ötən illərdə görülən işlərə nəzər yetirsək, aydın görmək olar ki, Azərbaycan bu sahədə müəyyən nailiyyətlər əldə edib.
Ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı məqsədilə bu günədək beş sənaye parkı yaradılıb – Sumqayıt, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları.
Sumqayıt Kimya Sənaye Parkı ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların istehsal və emal müəssisələri yaradılıb. Parkın rezidentlərinin mövcud layihələri üzrə sənaye parkına 5 mlrd. manat investisiya yatırılıb, 5 400-dən çox iş yeri yaradılıb. Burada sulfat turşusu, şüşə tara məhsullarının istehsalı, vərəqə şüşə istehsalı müəssisələri fəaliyyət göstərir. Bununla yanaşı, sənaye zonasında kimya sənayesi, tikinti sənayesi və digər sənaye sahələri üzrə müəssisələrin fəaliyyət göstərməsi üçün imkanlar yaradılır.
Bundan başqa, ölkədə sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Bakı şəhərində 10,15 hektar ərazidə Balaxanı Sənaye Parkı yaradılıb. Parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılmasıdır.
Bakı şəhərinin Qaradağ rayonu ərazisində isə Qaradağ Sənaye Parkı fəaliyyət göstərir. Bura 847,1 mln. manat investisiya qoyulub, 2 minədək yeni iş yeri açılıb.
Ölkə üzrə sənaye parkların sırasına Mingəçevir və Pirallahı Sənaye Parkları da daxildir ki, bu parklarda da sahibkarlara zəruri infrastruktur və digər xidmətlər göstərilir.
Mingəçevir Sənaye Parkında iplik istehsalı ilə məşğul olan iki fabrik istifadəyə verilib.
Ölkədə əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə Pirallahı Sənaye Parkında beş müəssisə rezident kimi qeydiyyatdan keçib, onlardan ikisi artıq fəaliyyətə başlayıb. Ümumilikdə, rezidentlər tərəfindən bu sənaye parkına 29,1 mln. manat investisiya yatırılıb, 110 iş yeri yaradılıb. Pirallahı Sənaye Parkında mövcud layihələr üzrə əlavə olaraq 47 mln. manat investisiyanın qoyulması və 500-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Bundan başqa, ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Prezidentinin "Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmanı ilə müəyyən edilib. Sənaye məhəllələrinin yaradılmasında əsas məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir. Hazırda ölkənin Neftçala, Masallı, Hacıqabul və Sabirabad rayonlarında sənaye məhəllələri fəaliyyət göstərir. Əlavə olaraq, Şərur sənaye məhəlləsi də yaradılıb ki, orada hazırda tikinti işləri aparılır.
Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi "Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə həvalə edilib. Şirkətin başlıca vəzifələrindən biri sənaye məhəllələrində sənaye istehsalının və müvafiq xidmət sahələrinin təşkili üçün zəruri infrastrukturun və biznes şəraitinin yaradılmasıdır. Sənaye məhəlləsi üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə verilir və yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədi ilə istifadə edilir.
2017-ci ildə açılan Neftçala Sənaye Məhəlləsində balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 8 müəssisə qeydiyyatdan keçib. 2018-ci ildə burada fəaliyyətə başlayan "Xəzər” avtomobil zavodunda istehsal olunan avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcək.
2018-ci ildə yaradılan Masallı Sənaye Məhəlləsində sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri olan xarici və daxili infrastruktur, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri inşa edilib. Eyni zamanda, Sənaye Məhəlləsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək verilməsi, hüquqlarının müdafiəsinin həyata keçirilməsinə xidmət edən ilk regional "KOB Dostu” xidməti fəaliyyətə başladı.
Hazırda sahibkarlıq subyektlərinin istifadəsinə verilən sənaye məhəlləsində doqquz müəssisə iştirakçı kimi qeydiyyata alınıb, bunlardan beşi artıq fəaliyyətə başlayıb.
Bundan başqa, 2017-ci il 28 noyabr tarixində Sabirabad Sənaye Məhəlləsinin təməli qoyuldu. Bu sənaye məhəlləsində üç müəssisə qeydiyyatdan keçib, bir müəssisə fəaliyyətə başlayıb. Ümumilikdə, sənaye məhəlləsi üzrə 50-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Onu da qeyd edək ki, ölkə başçısının 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılan Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri başa çatdırılıb. Burada tikinti materialları istehsal edən zavodlar, plastik su qabları və yüngül tara istehsalı ilə məşğul olan müəssisələr yaradılıb.
Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə Hacıqabul Sənaye Məhəlləsinin açılış mərasimi baş tutub. Dövlət başçısı əvvəlcə sənaye məhəlləsində yerləşən "Azərmaş” zavodu ilə tanış olub.
Məlumat verilib ki, bu müəssisə illik 1 500 vahid yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir. Bildirilib ki, zavodda istehsal xətti yaxın iki ayda işə düşəcək.
Müəssisə Hacıqabul rayonunda 100 nəfərdən çox insanın məşğulluğunu təmin edəcək. Bu zavodda Özbəkistan və Rusiya ilə birgə layihələr icra olunacaq. Beləliklə, müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkədə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayacaq.
Hacıqabul Sənaye Məhəlləsində yaradılan müəssisələrdən biri də "Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Bu müəssisə Azərbaycanda ilk təcrübədir. Zavodla tanış olan dövlət başçısı müəssisəni işə saldı. Məlumat verildi ki, burada tikinti materialları - gips, əhəng, kərpic, alçipan və digər inşaat materialları istehsal edən zavodların layihələndirilməsi və quraşdırılması həyata keçiriləcək.
Öz növbəsində, dövlət başçısı bildirib ki, Hacıqabul Sənaye Məhəlləsinin inkişafı ilə bağlı əlavə göstərişlər verilib. Əlavə beş müəssisə yaradılacaq.
"2017-ci ildə mənim Sərəncamımla yaradılan bu Sənaye Məhəlləsi artıq beş müəssisəyə sahibdir. Onların açılışı bu gün olub. Bu müəssisələrə də on milyonlarla manat sərmayə qoyulub. Bu da dövlət tərəfindən irəli sürülən təşəbbüsdür. Biz sahəni müəyyən etdik, infrastruktur layihələri icra etdik, bütün kommunikasiyaları çəkdik, hətta anqarları da dövlət hesabına inşa etdik. Sahibkar da gəlib burada öz sərmayəsini qoyub və müasir səviyyəli məhsullar istehsal olunur. Bu məhsullar da daxili tələbatı təmin edəcək”, - deyə İlham Əliyev qeyd edib.
Prezident həmçinin bildirib ki, Qarabağ zonasında da sənaye parkları yaradılacaq və bu istiqamətdə hazırda İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq işlər görülür.
"Qarabağ zonasında mütləq belə müəssisələr yaradılmalıdır ki, insanları biz işlə təmin edək. Həm də ki, bu zonanın potensialından maksimum dərəcədə istifadə edək”, - deyə Prezident əlavə edib.
Vətən müharibəsi nəticəsində 30 ilə yaxın dövr ərzində işğal altında qalan ərazilərin azad edilməsi Azərbaycan iqtisadi imkanlarını daha da genişləndirməyə əlverişli şərait yaradıb. İşğaldan azad edilən ərazilərin sənaye potensialı kifayət qədər yüksəkdir. Zəngin su təchizatı, elektrik enerjisi, sənaye rekreasiya imkanları və zəngin faydalı qazıntılar, azad olunan ərazilərin sənaye potensialının karkasını təşkil edir. Bu amillər onu deməyə əsas verir ki, azad edilən ərazilərin sənaye imkanları yaxın zamanlarda ölkə iqtisadiyyatında əlavə dəyər yaradacaq.
Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsində ümumilikdə müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına 45,44 mln. manat investisiya cəlb olunub. Sənaye Məhəlləsində mövcud layihələr üzrə 364 iş yerinin yaradılması nəzərdə tutulub.
Ölkədə sənayeləşmə artıq iri şəhərlərlə yanaşı, regionları da əhatə edir. Fəaliyyətdə olan sənaye məhəllələrinə indiyədək 73 mln. manatdan çox sərmayə yatırılıb, 286 iş yeri açılıb. Rezidentlər 96 mln. manatdan çox məhsul satışını həyata keçiriblər.
Ölkədə son illər həyata keçirilən kompleks tədbirlər nəticəsində sənaye sahəsində əldə edilən göstəricilər bir daha sübut edir ki, Azərbaycan artıq regionun güclü sənaye mərkəzinə çevrilir. (APA)