• çərşənbə axşamı, 23 aprel, 17:29
  • Baku Bakı 24°C

Azərbaycan regionun əsas güc mərkəzi kimi mövqeyini daha da gücləndirir

05.06.20 16:00 647
Azərbaycan regionun əsas güc mərkəzi kimi mövqeyini daha da gücləndirir
Əzəli Azərbaycan torpaqlarında yaradılan Ermənistanın ilk işi toponimləri saxtalaşdırmaqla özünə saxta tarix yaratmaq olub. Halbuki işğalçı ölkənin yerləşdiyi ərazinin tarixən Azərbaycan torpağı olduğu bütün sənədlərdə əks olunub. Bu ölkənin uzun illər səhra komandirləri tərəfindən idarə olunması isə Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur. Prezident İlham Əliyevin Tərtər Olimpiya Kompleksinin açılışı zamanı bəyan etdiyi kimi, bu ölkədə rəhbərlər fərd olaraq dəyişsə də, onun terrorçu və işğalçı mahiyyəti zərrə qədər dəyişməyib. Bu gün də Ermənistan faşizm ideologiyası ilə idarə olunur. Faşist cəlladı Njdeyə ucaldılan abidənin bu gün də qorunub saxlanması, onun qəhrəmanlaşdırılması məsələnin mahiyyətini izah etmək üçün kifayətdir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasına Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.
Deputat diqqətə çatdırıb ki, regionda istər siyasi, istər humanitar və istərsə də ekoloji terror işğalçı Ermənistanın adı ilə bağlıdır.
"Biz bir neçə gün əvvəl Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etdik. Təəssüflə vurğulayırıq ki, məhz atəşkəs dövründə 34 azərbaycanlı uşaq erməni təcavüzünün qurbanı olub. Budur işğalçı ölkənin əsl siması. Müharibə dövründə olduğu kimi, atəşkəs dövründə də hərbçilərlə yanaşı, mülki vətəndaşlara, dinc əhaliyə, xüsusilə də, azyaşlılara qarşı cinayət törətmək bir daha göstərir ki, Ermənistanın terrorçu mahiyyəti dəyişməyib. Belə faktlar kifayət qədərdir. Azərbaycan Prezidenti nitqində xüsusi ilə vurğuladı ki, regionda ekoloji terror da məhz Ermənistanın adı ilə bağlıdır. Dövlətimizin başçısı qeyd etdi ki, Sərsəng su anbarının inşası Azərbaycanın dövlətinin büdcəsi hesabına həyata keçirilib. Mənfur qonşularımız hər il xüsusilə də, yay aylarında suyumuzu kəsməklə öz terrorçu mahiyyətini növbəti dəfə ortaya qoyur. Daha bir faktı vurğulamaq lazımdır ki, Ermənistanın ərazisindəki istismar müddəti başa çatmış "Metsamor” Atom Elektrik Stansiyası bu gün region üçün ciddi təhlükədir, lakin işğalçı ölkə bu məsələ ilə bağlı da öz destruktiv mövqeyindən əl çəkmir. Bütün bu faktlar təcavüzkar və işğalı Ermənistanın bütövlükdə region üçün çox ciddi təhlükə mənbəyi olduğunu deməyə əsas verir”, -deyə K.Nurullayeva fikirlərini belə ifadə edib.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan dövləti bütün məsələlərə yalnız konstruktiv yanaşma sərgiləməklə, eyni zamanda, uğurlu daxili və xarici siyasət yürütməklə regionda sabitlik, təhlükəsizlik adasına çevrilib. Dövlət siyasətinin mərkəzində ilk növbədə vətəndaş və onun maraqları dayanır. Ermənistanda gənc nəsil neofaşizm ənənələr ilə yaşadığı halda Azərbaycan gəncləri məhz dövlətin uğurlu gənclər siyasəti nəticəsində daha sağlam ruhda yetişir. İşğalçı ölkədə ianələr hesabına formalaşan dövlət büdcəsi faşist cəlladlarına abidə ucaltmaq üçün xərclənir. Azərbaycanda isə büdcə Olimpiya idman komplekslərinin, sosial obyektlərin, yeni iş yerlərinin yaradılmasına xərclənir. Bu mürəkkəb pandemiya dövründə belə Azərbaycanda insanların sağlamlığı, sosial rifahı ön plandadır.
"Ölkəmiz, eyni zamanda, regionun inkişafı naminə qlobal miqyaslı layihələrin təşəbbüskarıdır. Pandemiya dövründə isə Azərbaycan qlobal həmrəyliyin təşəbbüskarı qismində çıxış etməklə sülh və təhlükəsizliyin təminatçısı statusunu daha da möhkəmləndirdi. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həllində tarixi həqiqət, siyasi, hüquqi, iqtisadi, hərbi üstünlük də Azərbaycana məxsusdur. Beynəlxalq səviyyədə artan etimad münaqişənin həlli ilə bağlı rəsmi Bakının ədalətli mövqeyini dəstəkləyənlərin sayına da təsir edir. Nəticə etibarı ilə Azərbaycan həm də regionun əsas güc mərkəzi kimi öz mövqeyini daha da gücləndirir”, - deyə Könül Nurullayeva fikrini tamamlayıb.
banner

Oxşar Xəbərlər