“Azərbaycan Qafqazın incisidir” - Fotolar
İlk baxışdan
maraqlı adam təsiri bağışlayır. Ünsiyyət qurmaqda da heç bir problemi yoxdur.
Nitqində tez-tez Azərbaycan dilindən sözlər işlətməsi, ölkəmizə heyranlığını
gizlətməməsi səmimiyyətini daha da artırır. "Səfir danışır” layihəsinin növbəti
qonağı - Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Xuan Rodriqo Labardini ilə görüş maraqlı gün kimi "Kaspi”nin tarixinə
yazıldı.
Bütün dünya üçün turizm
- Siz bu yaxınlarda yerli səyahət
agentlikləri ilə görüş keçirərək Meksikanın turizm imkanları barədə məlumat
vermisiniz. Ölkənizin turizm imkanları barədə məlumatlar heç şübhəsiz,
Meksikanı görməyənlər üçün maraqlıdır. Yeri gəlmişkən, «Sehirli kəndlər»
konsepsiyası haqda nə deyə bilərsiniz?
- Düzdür, mən
keçən həftə Azərbaycandakı turizm şirkətlərinin nümayəndələri ilə görüşüb
Meksikanın turizm imkanları barədə söhbət açdım. Son illər ərzində Meksika
iqtisadiyyatı böyük inkişafa nail olub. Bu inkişafın əsas istiqamətlərindən
biri də turizm sahəsidir. Belə ki, turizm sahəsi ölkənin ümumdaxili məhsulunun
9 faizini təşkil edib. ÜDM-in həcmi 1,3 trilyon dollar təşkil edir. Bu da
Rusiyanın ÜDM-ə yaxın göstəricidir. Meksikanın turistlərə təklif edəcəyi bir
çox məkanlar - çimərliklər, piramidlər, müstəmləkə dövrünün abidələri,
ispanların gəlişindən əvvəlki dövrə aid tarixi yerlər var. Həmçinin ləzzətli
Meksika təamlarını təqdim edə bilirik. Bu təkliflər əsnasında Meksika hazırda
dünyanın ən çox ziyarət olunan 8-ci ölkəsidir. Keçən il ölkəyə gələn
turistlərin sayı 35 milyon nəfərə çatıb. Bu il Meksikanı ziyarət edən
turistlərin sayının 37 milyon olacağı ehtimal edilir. Gələn turistlərin 86
faizi yenidən Meksikaya qayıtmaq istəyir. Meksikanın 11 min kilometr məsafəni
əhatə edən çimərlikləri var. Ölkəyə gələn turistləri cəlb edən cəhət
çoxşaxəlilikdir. Siz Meksikaya gələndə həm müasir, həm müstəmləkə, həm qədim
dövrlərə aid şəhərlərə, tarixi məkanlara rast gələ bilərsiniz. Meksikada metro
xətləri çəkilərkən qazma işləri aparılanda çox vaxt piramidlərə rast gəlinir.
Hal-hazırda da vəziyyət belədir. Meksikada 200 mindən çox arxeoloji məkan var.
Meksikanı cəzbedici edən tərəflərdən biri də dediyim kimi onun ləzzətli
təamlarıdır. Meksikanın asteklərə aid mətbəxi YUNESKO tərəfindən Bəşəriyyətin
Qeyri-Maddi İrsi siyahısına daxil edilib. Azərbaycanlılar Meksikaya gedəndə
yeni mədəniyyətlə tanış olurlar. Onlar ölkələrimiz arasında mübadilə apara,
oxşar olmayan cəhətləri öyrənə bilərlər. Mən həmişə bu ifadəni təkrar edirəm:
biz reallığı mədəniyyət, təbiətin bizə verdiyi nemətlər vasitəsilə qəbul
edirik.«Sehirli
kəndlər»ə gəlincə, hər bir kənd turistlərə müxtəlif təkliflər edir. Bir
«Sehirli kənd»də turistlər müstəmləkə dövrünə, həmçinin ispanların gəlişinə
qədərki dövrə aid abidələrə rast gələ bilərlər. Maraqlı festivallar keçirilən
bu yerlərdə, çimərliklərlə əhatə olunan məkanları gəzmək və bir çox mədəni
zənginliklərə rast gəlmək olur. Meksikada 111 «Sehirli kənd» mövcuddur. Bu
kəndlər ölkəmizin turizmində əsas yer tutur. Turizmin bu sahəsinin inkişafına
görə 2 milyon meksikalı ailə mənfəət görür. Bu, sırf «Sehirli kənd» anlayışına
aiddir. Ümumilikdə isə bu kəndləri hər il ziyarət edənlərin sayı 4 milyondan
çoxdur və həmin sahənin illik gəlir göstəricisi 6 milyard Meksika pesosu
(təxminən 330 milyon ABŞ dolları) cıvarındadır. «Sehirli kənd»lər yalnız
cənubda və şimalda deyil, ölkənin bütün ərazində yerləşir. Bəzi "sehirli
kəndlər”də müasir texnologiyalardan uzaq insanlar yaşayır, onlar təsərrüfata
sıx bağlıdırlar. Həmin yerlərə səyahət edəndə gündəlik həyatımıza daxil olan bu
texnologiyalardan qaça bilərik. Mexiko şəhəri də «Sehirli kənd» adını daşıyır.
Biz bu şəhərdə həm müasirliyin, həm də qədimliyin vəhdətini görürük: qalalar,
piramidlər, ləzzətli təamlar, abidələr…
- Siz həmişə deyirsiniz ki, ölkələrimizin mətbəxi
arasında oxşarlıq var. Araşdırsaq bəlkə də tarixi yaxınlığımızın
daha dərin kökləri mövcuddur?
- Sizinlə
razıyam... Mən mətbəxdən ona görə söz açdım ki, təamlar həyatımızın önəmli
hissəsindən biridir. Həm Azərbaycanda, həm də Meksikada biz ləzzətli təamları
yeməsək yaşaya bilmərik. 2 il əvvəl mən Bakıya gələndə burada "tərxun” gördüm.
Bizdə isə buna "estraqon” deyirlər. Siz tərxundan sərinləşdirici içki, limonad
hazırlayırsınız. Biz isə ondan ədviyyat kimi istifadə edirik. Mən "Yaşıl bazar”da
"pərpətöyün” gördüm, biz ona "verdolagas”
deyirik. Bizdə daha çox bu bitkinin yarpağından istifadə olunaraq isti, sizdə
isə gövdəsindən soyuq qəlyanaltı hazırlanır. Biz Meksikada azərbaycanlılara
tanış olan təamları bir qədər fərqli şəkildə təqdim edə bilərik. Bu cür
oxşarlıqlar əsnasında biz iki xalqın bir-birinə daha yaxın olmasının şahidi
oluruq. Xaçmaz və Qəbələ şəhərlərində keçirilən dolma və mürəbbə
festivallarında iştirak etdik. Biz dolma festivalında azərbaycanlılar üçün "tamal”
deyilən təamı təqdim etdik. Biz ona "Meksika dolması” deyirik. Bu, ya
qarğıdalı, ya da banan yarpağına bükülmüş və xəmirin içinə əlavə olunmuş
içlikdir. Festivala gələn qonaqlar bu təamla maraqlandılar və onun "dolma”
olduğunu hesab etdilər. Qəbələ rayonundakı mürəbbə festivalı da bizim üçün çox
maraqlı idi. Mən 6 mürəbbə bişirdim. Meksika mürəbbələrini Azərbaycanda əldə edilən
tərəvəzlər və meyvələr vasitəsilə hazırladım. İçərisində Çili bibəri də var
idi. Bizdə bir çox şirniyyatlarda çili bibərindən istifadə olunur. Qırmızı və
yaşıl rəngli acı bibərlərdən də istifadə etdim. Qonaqlara qarpız, alma və Çili
bibəri mürəbbələri təklif olundu. Onlar çili mürəbbəsini dadmaqdan bir qədər
ehtiyat edirdilər. Ancaq sonra mürəbbənin şirin olduğunu gördülər. Biz
Azərbaycan ictimaiyyəti üçün bu təamları təqdim etmək istəyirik. Düzdür,
onlarda acılıq var, ancaq bizim üçün artıq onlar normal təamlara çevrilib. Biz
yerli Azərbaycan məhsulları əsasında dadlı Meksika təamları hazırlaya
biləcəyimizə əmin olduq. Biz Meksikada bütün göy-göyərtini salat şəklində qəbul
etməyə öyrəşmişik. Mən Azərbaycanda masalara bütöv şəkildə tərəvəzlər qoyulduğunu
gördüm. Əvvəlcə bunun bəzək üçün olduğunu düşündüm. Sonra ətrafdakıların həmin
tərəvəzlərdən daddıqlarını gördüm. Mən artıq Meksikaya gedəndə oradakı
dostlarıma göyərtiləri və digər tərəvəzləri bütöv şəkildə təqdim edirəm.
Xaricilər üçün 1800-dən çox təqaüd proqramı
- Cənab səfir, müsahibələrinizin birində Meksikada
Azərbaycanla əməkdaşlıq etmək istəyən ali məktəblərin olduğunu söyləmiş, hətta,
«Tələbə və müəllim mübadiləsi etmək mümkündür» - demisiniz. Bu sahədə hansısa
addımlar atılıbmı? Azərbaycan tələbələri üçün təqaüd proqramları varmı?
- Artıq
Azərbaycan və Mexiko universitetləri arasında yaxınlıq hiss olunur. Meksikanın
Anauak del Sur (Anáhuac del Sur) Universiteti artıq Azərbaycandakı 6
universitetlə təmasdadır. Bu ilin yanvar ayında həmin universitetdə yaxın Şərq
və Qafqaz Regionunun Öyrənilməsi Mərkəzi açılıb. Hazırda o universitetlə
Azərbaycandakı universitetlər arasında əməkdaşlıq sazişləri hazırlanır. Artıq
bir saziş imzalanıb. Azərbaycan Turizm və Menecment Universiteti Meksika
tərəfindən bir çox universitetlərin diqqətini cəlb etdi. ADA Universiteti,
İqtisadiyyat Universiteti, Bakı Dövlət Universitetlərinin də adlarını çəkə
bilərəm. Məhz bu universitetlərlə Meksikanın ali məktəbləri arasında
əməkdaşlığın qurulmasında yardımçı oluruq. Meksikada azərbaycanlılar üçün
təqaüd proqramları mövcuddur. Artıq bir azərbaycanlı tələbə Meksikada tibb üzrə
təhsil alır. Bu cür təqaüdlərin alınması müəyyən bir sistem vasitəsilə həyata
keçirilir. Tələbə universitetə müraciət edərək oradan müsbət cavab almalı,
sonra da təqaüd üçün müraciət etməlidir. Sonra da Elm və Texnologiya üzrə Milli
Şura adlanan müvafiq quruma müraciət olunmalıdır. Digər bir sistem də
əvvəlcədən təqaüdün alınması və sonra universitetlərə müraciət edilməsi ilə
bağlıdır. Birinci sistemlə qəbul olunanların sayı daha coxdur. Hazırda
Meksikada xarici vətəndaşlar üçün 1800-dən çox təqaüd proqramı var. Xaricilər
müxtəlif sahələr üzrə təhsil alırlar. Bizim ölkədə iqtisadiyyat, tibdən başqa,
başqa ölkələrdə tez-tez rast gəlinməyən "Dəniz elmləri” sahəsi də tədris
olunur. Bu cür təqaüdlər magistratura və doktorantura pillələri üzrə yönəlib.
Bakalavr pilləsi üzrə qəbul olmaq üçün tələbə gərək istədiyi universitetlə
əlaqə saxlasın və həmin ali məktəbin təklif edəcəyi imkanlar barədə xəbər əldə
etsin ([email protected]).Bizim Meksika
Milli Muxtar Universiteti (UNAM) dünyanın ən böyük təhsil ocaqlarından biri
sayılır. Burada tələbələrin sayı 350 min, müəllim heyəti isə 50 min nəfərdir.
Bu, nəhəng bir universitetdir. Onu da deyim ki, biz artıq səfirliyə daxil olan
zənglərdə Meksikada magistraturaya daxil olmaqla bağlı istəklərin şahidi
oluruq. Biz onları müvafiq təhsil ocaqlarına yönləndirməyə çalışırıq.
- Təbii ki, iki ölkə arasındakı münasibətlərdə
iqtisadiyyat böyük rol oynayır. Azərbaycanla Meksika arasındakı iqtisadi
əlaqələri necə qiymətləndirirsiniz? Gələcəklə bağlı hansı planlar düşünülür?
- İkitərəfli
münasibətlərdə müəyyən inkişaf baş verib. 2015-ci ildən bəri ikitərəfli
ticarət, turizm əməkdaşlığı üç dəfə artıb. 1993-2015-ci il ərzində ikitərəfli
ticarət üzrə orta illik göstərici 1,5 milyon dollar həcmində idi. Azərbaycan
tərəfinin təqdim etdiyi statistik göstəricilərə əsasən, 2015-ci ildə ikitərəfli
ticarətin həcmi 22 milyon dollardan çox idi. 2016-cı ildə də oxşar rəqəm qeyd
olunmuşdu. Əsas odur ki, illik həcm artıb. Meksikanın xarici ticarəti 800
milyard dollardan çoxdur. Hər dəqiqə ərzində 1,5 milyon dollar həcmində ticarət
həyata keçirilir.Siyasi əlaqələrə
gəlincə, ölkələrimiz arasında sazişlər üzərində çalışırıq. Bir neçə sazişin
hazırlanmasının son mərhələsindəyik. Əsas odur ki, iki ölkə arasında yaxınlaşma
var, bir-birimizdən xəbərdarıq. Bu, sadəcə bir-birimizi tanımaqdan ibarət
deyil. Bir-birimizə tərəfdaş gözü ilə baxırıq.Mədəniyyət sahəsində
əlaqələri inkişaf etdirmək üçün 2015-ci ildə rəssamlıq sərgisi təşkil etdik. Bu
sərgi təkcə Bakı üçün deyildi. Mən bütün Azərbaycan üzrə səfirəm. Ona görə
Gəncə, Mingəçevir, Şamaxı və Qəbələ şəhərlərində də həmin rəssamlıq incilərini
təqdim etdik. 2016-cı ilin oktyabrında Heydər Əliyev Mərkəzində məşhur
meksikalı heykəltəraş Xorxe Marinin «Varlığın canlanması» adlı sərgisinin
açılış mərasimini keçirdik. Həmin sərgi çərçivəsində 10 əsər təqdim olundu ki,
hər bir əsərin çəkisi 3,5 tondan çox, hündürlüyü də 2 metrdən artıq idi.
Əslində bu sərgi mart ayına kimi davam etməli idi. Ancaq marağı nəzərə alaraq sentyabrın
15-ə kimi uzandı. Bundan əlavə, Azərbaycanda Meksika filmlərindən ibarət
festival həyata keçirdik. Meksikanın "Mariaçi” musiqisini tanıtmaq da mədəni
tədbirlərimiz sırasındandır.
Uzun sürən münaqişə
- Cənab səfir, siz Meksikanı dünya
sivilizasiyasının mərkəzlərindən biri adlandırdınız. Yeri gəlmişkən, Azərbaycan da bu kateqoriyadan olan ölkələr
sırasındadır. Məsələn, Füzuli
rayonundakı Azıx mağarası nın 350-400 min yaşı var. Çox təəssüf ki, həmin
mağaranın yerləşdiyi ərazi Ermənistanın işğalı altındadır. Bu kontekstdən çıxış
edərək Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması ilə bağlı sizin
fikirlərinizi bilmək istərdik.
- Meksika beynəlxalq hüquq tərəfindədir. Biz
BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinin icra edilməsinin
tərəfindəyik. Şəxsən mənim üçün bu, həddindən artıq uzun sürən bir münaqişədir.
Biz münaqişənin tezliklə sülh yolu ilə həllini tapmasının tərəfdarıyıq.
İstərdim ki, bu münaqişə ölkələrin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq
səviyyədə tanınan sərhədlər çərçivəsində həllini tapsın.
Tanrılarla görüş
- Dünyanın hər bir ölkəsinin qədim şəhərləri
vardır. İçərişəhər də Bakının qədim şəhəridir.
YUNESKO-nun maddi irs siyahısındadır. Siz İçərişəhərin dar küçələrində
gəzmisinizmi? Orada bişirilən təndir çörəyindən dadıb, samovar çayından
içmisinizmi?
- Mən
Azərbaycana iki il öncə gəlmişəm. Tədricən ölkədaxili səyahətlər əsnasında
Azərbaycanı tanımağa başlamışam. Mənim üçün Azərbaycan Qafqazın incisidir.
Bəli, İçərişəhəri gəzmişəm, Şirvanşahlar sarayını görmüşəm. İçərişəhər
əsrarəngiz bir yerdir. Azərbaycanın turistlərə təklif edə biləcəyi gözəl
məkanlar çoxdur: Altıağac, Şamaxı, Sumqayıt, Qəbələ, Şəki, Lənkəran,
Mingəçevir, Qax, Gəncə, Quba, Qusar... Qaxdan 15 dəqiqə aralıda yerləşən
İlisuya getmişəm. Kimsə orada olmayıbsa, mütləq getməlidir. 15 dəqiqə ərzində
dağa qalxırsan, orada qədim və yarımdağılmış bir qala
var. Həmin dağdan düzənliklər görürsən və təbiətlə bilavasitə əlaqədə olduğunu
hiss edirsən. Ora, mənim üçün sanki tanrılarla bir görüş yeridir. İlisu
əsrarəngiz bir yerdir. Qobustan da çox xoşuma gəldi. Qobustandan sonra mən 15
dəqiqə avtomobillə getməklə palçıq vulkanlar məkanına çatdım. Burada özümü
digər planetdəki kimi hiss etdim. Bilirsiniz, hər gün bu gözəllikləri və
zənginlikləri görəndə onlara öyrəşirik və onlara diqqət yetirmirik. Məsələn,
mən artıq Meksikaya qayıdanda özümü Mexiko şəhərində turist kimi hiss edirəm və
müstəmləkə dövrünə aid abidələrə heyranlıqla baxıram.
Oxumaq, yazmaq, fotoqrafiya...
- Dil təfəkkür hadisəsidir. Hər dil yeni təfəkkür
forması deməkdir. Bir neçə ölkənin eyni dildə danışması onların müxtəlif
təfəkkür formalarını məhdudlaşdırmır ki?
- Bir xalqın
mədəniyyətini tanımaq üçün onun dilindən başlamaq lazımdır. Baxmayaraq ki,
müxtəlif xalqlar ispan dilində ünsiyyət qurur, ancaq hər bir xalqın milli
koloriti mövcuddur. Dialektlər müxtəlifdir və bunların əsasında biz milli
koloriti itirmirik. Həmçinin dillər arasında qrammatik sistemlər fərqli ola
bilər. Danışdığımız dil bizə digər dilləri tanımağa imkan yaradır. Bioloji
xüsusiyyətlərə keçdikdə, dilləri öyrənmək insan üçün faydalı prosesdir. Xüsusən
çoxlu dilləri bilən insanda altsheymer xəstəliyinin olması riski azalır.
- Bu yaxınlarda Nobel mükafatçılarının adı
açıqlandı. Ədəbiyyat üzrə Nobel mükafatına yaponiyalı yazıçı layiq görüldü.
Meksikanın da yenidən bu mükafata iddiası varmı?
- Ədəbiyyat üzrə
Meksikanın Nobel mükafatına layiq görülən yazıçıları var. Məşhur Oktavio Paz bu
mükafatı 1990-cı ildə alıb. Sülh mükafatına 1982-ci ildə layiq görülən digər
məşhur meksikalı Alfonso Qarsiya Roblesdir. Həmçinin kimya və fizika üzrə bu
mükafata layiq görülən meksikalılar hazırda Amerikada yaşayırlar, onlardan biri
Mario Molinadır. Əslən kolumbiyalı olan, ancaq həyatını Meksikada keçirən
Qabriel Qarsia Markes uzun müddət bizim ölkədə yaşayıb-yaradıb. Sizin ölkənizdə
olduğu kimi, bizim üçün də ədəbiyyat çoxəsrlik tarixə malikdir. Əsas mövzular
eşq, drama və s. mövzulardır. Sizdə «Leyli və Məcnun», «Əli və Nino» əsərləri
var. Bizim «Sadəcə Mariya», «Varlılar da
ağlayır» kimi əsərlərimizi hamı tanıyır. Sizin Nizami kimi dahi şairiniz var.
Bizdə isə Sor Juana İnes de la
Kruzun adını çəkə bilərəm. Ədəbiyyat hər bir xalqın mədəniyyətini
və tarixini insanlara çatdıran vasitədir. Meksika yazıçılarının Azərbaycan
dilinə tərcümə olunan əsərləri də var.
- 1986-cı ildə Meksikanın futbol üzrə dünya
çempionatına etdiyi ev sahibliyi hələ də yaddaşlardadır. Gələn il dünya
çempionatı Azərbaycanla qonşu olan Rusiyada keçiriləcək. Meksika yığması artıq
o çempionata vəsiqə qazanıb. Sizin futbola münasibətinizi öyrənmək bizim üçün
maraqlı olar. Komandanızı dəstəkləmək üçün Rusiyaya gedəcəksinizmi?
- 1970 və
1986-cı illərdə Meksika dünya çempionatına ev sahibliyi edib. Meksika yığması
nəyi bacaracaqsa, gələn il onlardan o nəticəni də gözləyirəm. Əlbəttə, çox
istərdim ki, dünya çempionluğunu qazansınlar. Hətta istərdim ki, finalda
Meksika ilə Azərbaycan oynasın. Bu cür oyun olsa, əlbəttə ki, orada mütləq
iştirak edərəm. Ümumiyyətlə, idmandan xoşum gəlir.
- Cənab səfir, hobbiniz nədir, boş vaxtlarınızda nə
ilə məşğul olursunuz?
- İdmanla məşğul
oluram. Üzgüçülüklə, futbolla məşğul olmağı xoşlayıram. 4 ay əvvəl futbol
oynayarkən ayağımı sındırmışam. Hər gün piyada bir kilometr məsafəni qət etməyə
çalışıram. İnanıram ki, iki həftə ərzində yenidən qaçışa başlayacağam. Çünki
futbolda ayağımı sındırandan sonra uzun müddətdir, piyada gəzməyə ara vermişəm.
Əsas məşğuliyyətlərimdən biri də ədəbiyyatdır – oxumaq və yazmaq. Artıq
tərcüməçi bir əsərimi Azərbaycan dilinə tərcümə edib. «Yoxluq» deyilən bir
hekayə yazmışam. Poetik proza da adlandırmaq olar. Həmçinin fotoqraf kimi şəkil
çəkməyi xoşlayıram.
Təranə
Məhərrəmova