• cümə, 19 Aprel, 22:01
  • Baku Bakı 24°C

Azərbaycan Prezidenti: “Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumunun imzalanması xüsusilə əhəmiyyətlidir”

25.02.20 19:21 1440
Azərbaycan Prezidenti: “Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumunun imzalanması xüsusilə əhəmiyyətlidir”
"Bir müddət əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğan hədəf qoymuşdu ki, iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard dollara çatsın. Hesab edirəm ki, bu, mümkündür. Xüsusi ilə nəzərə alınsa ki, keçən il iki ölkə arasında ticarət dövriyyəsi 33 faiz artıb və 4,5 milyard dollara çatıb”.
APA-nın məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı bu gün imzalanmış sənədlərin, o cümlədən tərcihli ticarət anlaşmasının ticarət dövriyyəsinin artırılmasına böyük təkan verəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda hazırda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir: "300-dən çox layihədə Türkiyə şirkətləri 16 milyard dollar həcmində iş görüblər. Bu parametrlərə görə Türkiyə birinci yerdədir. Qarşılıqlı sərmayə qoyuluşu da çox yüksək səviyyədədir. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Bu böyük ölçüdə sərmayə qoyuluşu bir daha bizim qardaşlığımızı təsdiqləyir. Çünki ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər”.
Dövlət başçısı nəzərə çatdırıb ki, bu gün gələcək işbirliyi barədə geniş fikir mübadiləsi aparılıb: "Keçən ilin noyabr ayında Türkiyədə TANAP-ın tam başa çatmasını birlikdə qeyd etmişik. TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Əminəm ki, bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Çünki Cənub Qaz Dəhlizinin son layihəsi TAP-ın icrası 92 faizə çatıb. Enerji ilə bağlı digər məsələ də müzakirə edildi”.
Prezident İlham Əliyev vurğulayıb ki, nəqliyyat sahəsində də böyük nailiyyətlər var: "Birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi uğurla fəaliyyət göstərir. Bu dəmir yolunun gələcək fəaliyyəti barədə bu gün danışıldı. Bir önəmli sənəd də imzalandı. O da Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumudur. Bu, xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki Ermənistanın işğalçı siyasətinə görə Naxçıvan uzun illərdir, demək olar ki, blokada, mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal edilən məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq. Beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaq. Bu anlaşmaya görə minnətdaram. Eyni zamanda Naxçıvanın gələcək uğurlu inkişafı barədə də fikir mübadiləsi aparıldı. 3 il əvvəl Naxçıvandan Türkiyəyə ixrac edilə biləcək malların siyahısı da tutulub. Buna görə də minnətdarıq. Əminəm ki, gələcəkdə Naxçıvandan Türkiyəyə ixrac əməliyyatlarının sayı artacaq”.
banner

Oxşar Xəbərlər