• cümə, 29 Mart, 12:13
  • Baku Bakı 14°C

Azərbaycan polisi ona tapşırılan vəzifənin öhdəsindən ləyaqətlə gəlir

18.07.19 18:48 40695
Azərbaycan polisi ona tapşırılan vəzifənin öhdəsindən ləyaqətlə gəlir
Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra polis öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirib. Qanuna görə polis icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Həmin qanunla polisin təyinatı və əsas vəzifələri də müəyyən olunub. Qanuna görə, Azərbaycanda polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Polisin əsas vəzifələri ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etməkdən, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görməkdən, yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyət göstərməkdən, şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaqdan və sairdən ibarətdir.

Bu gün Azərbaycan polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.

Bir sözlə, bu gün ölkəmizdəki sabitliyin, əmin-amanlığın, ictimai asayişin qorunub saxlanmasında Azərbaycan polisinin üzərinə böyük məsuliyyət düşür. Sevindirici və qürurverici haldır ki, Azərbaycan polisi bu məsuliyyətin, ona tapşırılan vəzifənin öhdəsindən ləyaqətlə gəlir. Məhz bunun sayəsində mühüm coğrafi məkanda, böyük güclərinin maraqlarının toqquşduğu ərazidə yerləşən Azərbaycan regionun sabitlik adasını xatırladır. Əlbəttə ki, bütün bunlar həm bizləri, həm də dostlarımızı sevindirir. Lakin işğalçı Ermənistan, həmçinin dünyadakı erməni diasporu, onların təsiri altında olan müxtəlif qüvvələr Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsindən, ölkəmizin daxilində sabitliyin hökm sürməsindən, hüquq-mühafizə orqanlarımızın, o cümlədən qanun keşikçilərinin yüksək peşəkarlığından dərin narahatlıq keçirirlər.


Dünyadakı erməni diasporu, lobbi təşkilatları, onların maraqlarını qoruyan qüvvələr müxtəlif vasitələrlə Azərbaycan daxilindəki sabitliyi, əmin-amanlığı pozmaq üçün planlar hazırlayır, onların həyata keçməsinə çalışırlar. Belə məkrli planlardan biri də Azərbaycan polisinin ictimai nüfuzuna xələl gətirmək, qanun keşikçilərini xalqın gözündən salmaqdır. Onlar bu məqsədə çatmaq üçün internetin, xüsusən də sosial şəbəkələrin imkanlarından gen-bol yararlanırlar. Əslində düşmənin düşmənliyi və məkri bizə aydındır. Təəssüf doğuran məqam budur ki, erməni maraqlarına, Azərbaycanın uğurlarını həzm etməyən qüvvələrin məqsədlərinə sapı özümüzdən olan baltalar ya bilərəkdən, ya da bilməyərəkdən xidmət göstərirlər. Deyilənlərə misal olaraq, 2 iyul polis günü və ondan sonrakı günlərdə sosial şəbəkələrdə bəzilərinin Azərbaycan polisi əleyhinə başlatdıqları təbliğatı göstərmək olar. Arif Məmmədov, Xədicə İsmayıl, Qənimət Zahid, Məhəmməd Mirzəli, Orduxan Teymurxan, İlkin Rüstəmzadə, Fuad Qəhrəmanlı, Həbib Müntəzir, Tural Sadıqlı və qeyrilərinin ard-arda paylaşımlar etməsi cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri olan Azərbaycan polisinin nüfuzuna xələl gətirməyə hesablanmışdı. Bununla onlar xaricdəki düşmənlərimizlə, Azərbaycanın 20 faiz ərazisini işğal edən, 1 milyondan artıq vətəndaşımızı qaçqın və məcburi köçkünə çevirən Ermənistanla ortaq mövqeyi bölüşmüş oldular.


Bu qəbildən adıçəkilən dairələr son vaxtlar Daxili İşlər Nazirliyi sistemindəki yeni təyinatları da gücləri çatdıqca gözdən salmağa çalışır, bu yöndə canfəşanlıq göstərirlər.


Yaxud başqa bir misal gətirək. İyul ayının əvvəlində Xətai rayon 36-cı Polis Bölməsində şəhid ailəsinə təzyiq olunması ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılmışdı. Həmin videogörüntüdə üzü-gözü qan içində olan bir qadın həyat yoldaşının şəhid olduğunu, oğlunun əsassız olaraq bölməyə aparıldığını, ona və ailə üzvlərinə qarşı polis tərəfindən təzyiq və xəsarət yetirildiyini iddia edirdi. Qısa zamanda bu video sosial şəbəkələrdə geniş yayıldı və hadisənin əsl mahiyyətinə varmayan şəxslər polisin ünvanına müxtəlif fikirlər səsləndirdilər. Lakin Bakı Şəhər Baş Polis İdarəsi baş verənlərlə bağlı videogörüntüləri yayandan sonra əsl həqiqət üzə çıxdı. Məlum oldu ki, qeyd olunan tarixdə 36-cı bölməyə gəlmiş saxlanılan şəxs C.Cahangirovun anası, 1970-ci il təvəllüdlü, Xətai rayonunda yaşayan A.Əliyeva özünü şəhid ailəsi kimi təqdim edərək oğlunun sərbəst buraxılmasını tələb edib, həmçinin polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr səsləndirməklə, bölmənin giriş qapısının şüşəsini sındırmaqla əl-üz nahiyələrinə qəsdən xəsarət yetirib. Eləcə də bölmənin məsul növbətçisinin göz nahiyəsinə yumruq zərbələri endirməklə xəsarət yetirib və qol saatını sındırıb. Bütün bunlar hamısı kameralar vasitəsilə lentə alınıb.
Göründüyü kimi, məqsədli şəkildə Azərbaycan polisinin əleyhinə təbliğat aparılır, onun fəaliyyətinə, ictimai nüfuzuna xələl gətirmək cəhdləri edilir. Bu cəhdləri edənlər avtomatik olaraq Azərbaycanın xarici düşmənlərinin məkrli planlarının bir hissəsinə çevriliblər. Çünki, bir qədər əvvəl vurğuladığımız kimi, hərb və müharibə meydanında Azərbaycandan çəkinən işğalçı Ermənistan xarici dairələrin vasitəsi ilə gücünü ölkəmizin daxilindəki sabitliyi pozmağa yönəldib. İnsan haqları adı altında Azərbaycan polisi barəsində dezinformasiyaların yayılması da bu qəbildəndir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan polisi ictimai asayişin, qanunçuluğun keşiyində ayıq-sayıq dayanır, xarici dairələrin məkrli planlarının da qarşısının alınmasında mühüm rol oynayır.
Alpər İSMAYIL
banner

Oxşar Xəbərlər