• şənbə, 20 Aprel, 11:32
  • Baku Bakı 14°C

Azərbaycan Ordusunun qurulmasında Heydər Əliyev fenomeni

12.12.18 11:37 3730
Azərbaycan Ordusunun qurulmasında Heydər Əliyev fenomeni
Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusu, onun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.

Müstəqilliyin ilk illərindəki mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyət özünü ordu sahəsində də göstərirdi. Vahid komandanlığın olmaması səbəbi ilə silahlı birləşmələr müxtəlif qrupların əlində cəmlənmişdi. 1993-cü ilin iyun ayında xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə dönüşü sayəsində mərkəzi komandanlığa birbaşa tabe olan ordu quruculuğuna başlanıldı. 1994-cü ilin 12 mayında atəşkəsin imzalanması ilə ordu quruculuğunda böyük islahatlar aparıldı. Müstəqil Azərbaycanda ordu quruculuğunda aparılan islahatlar nəticəsində Heydər Əliyevin yaratdığı Cəmşid Naxçıvanski adına hərbi məktəbin müdavimləri o illərdə hərbi sahədə müxtəlif vəzifələri icra etməyə başladılar. Ulu öndər 2003-cü il aprel ayının 21-də hərbi liseyin 30 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə çıxışı zamanı qürurla bəyan etmişdi ki, "Mən Cəmşid Naxçıvanski adına məktəbi yaradarkən həsrətində olduğum arzuma çatmışam, ona görə özümü çox xoşbəxt hesab edirəm”.

Bu gün ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşsa da, onun Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasındakı rolu əvəzsiz olmaqla yanaşı, həm də unudulmazdır. Məhz ordu quruculuğu sahəsində ulu öndər tərəfindən müəyyənləşdirilən siyasət Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirdi ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ən vacib məsələ ərazilərin düşməndən müdafiə olunması məsələsi idi: "Torpaqların müdafiəsini isə ordusuz heç cür təsəvvür etmək mümkün deyil. Belə bir vəziyyətdə Heydər Əliyev hələ Mərkəzi Komitənin birinci katibi olan dövrdə hərbi məktəbə təhsil üçün göndərdiyi zabitləri axtarmağa başladı. Çünki ordu quruculuğu aparmaq üçün hərbçi kadrlar olmalıdır. Ümummilli lider hərbi kadrların hazırlanmasına hələ 70-ci illərdən diqqət göstərməyə başlamışdı. Ulu öndər hələ o dövrdə Azərbaycan Ali Ümumqoşun Komandirlər Məktəbində, Bakı Ali Dənizçilik Məktəbində, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərində bu kadrların təhsil almasına şərait yaratmışdı. O, ordu quruculuğuna başlayarkən həmin zabitləri topladı. Bunun ardınca isə nizam-intizamın olmasını tələb kimi qarşıya qoydu. Çünki Heydər Əliyev hərbçi olaraq bunu çox yaxşı bilirdi”.

Y.Aydəmirov qeyd etdi ki, 1990-cı illərdə 1918-20-ci illərdəki situasiya yaranmışdı: "Ermənilər hər tərəfdə təxribat törədirdi. Ordu quruculuğuna imkan yox idi. Heydər Əliyevin məhz orduda apardığı islahatlar nəticəsində yeni hərbi birləşmələr yarandı və Azərbaycan Ordusu düşmənə qarşı vuruşmağa başladı. Məhz ulu öndərin səyi nəticəsində Azərbaycan Ordusunun bazası yaradıldı və bu istiqamətdə dayanmadan işlər həyata keçirildi. Ümummilli lider həmin zabit kadrlarının bir çoxunu özü şəxsən tanıyırdı. O dövrdə ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan Silahlı Qüvvələri üçün müəyyən olunmuş prioritetlər bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da ümummilli lider Heydər Əliyevin xüsusi rolu olub: "Bu mövzuda danışarkən mütləq şəkildə ulu öndərin hələ sovetlər dönəmində birinci katib olduğu dövrə diqqət etmək lazımdır. Demək olar ki, Azərbaycan Silahlı Qüvvələrinin bünövrəsini məhz o dövrdə ümummilli lider qoymuşdu. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaranması və orada azərbaycanlı gənclərin oxuması bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. O, təkcə bu məktəbi yaratmadı, hətta buradan məzun olanların Sovet İttifaqı ərazisində hərbi məktəblərə daxil olmasına və onların peşəkar hərbçi kimi formalaşmasına daima diqqət etdi. Ulu öndərin uzaqgörənliyi ondan ibarət idi ki, o, gələcəkdə Azərbaycanın müstəqillik qazanacağını və belə olan halda peşəkar hərbi kadrların lazım olacağını düşünürdü. Mən bunu Naxçıvanski adına hərbi məktəbin ilk məzunu kimi deyirəm. Hətta orada 1973-cü ildə təhsil alarkən ümummilli lider Heydər Əliyevlə bir bayraqdar olaraq görüşümüz də olub və bu, fotolarda da əks olunub. Təbii ki, müəyyən dövrdən sonra Azərbaycan müstəqillik qazandı və bununla yanaşı, ölkəmizi çətin günlər gözləyirdi - Qarabağ savaşı, daxildəki hərc-mərclik və sairə. Yenə də xalq ümummilli lider Heydər Əliyevə üz tutdu. Xalqın bir hissəsi olan hərbçilər də artıq Ali Baş Komandan kimi Heydər Əliyevi görürdü. Onun respublika rəhbərliyinə qayıdışı hərbçilər üçün böyük bir sevinc, inam, qürur yeri idi ki, artıq Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında xidmət edəcəklər. Həmin dövrdə Qarabağ müharibəsinin ağır vaxtları idi. O, 1993-cü il noyabrın 2-də televiziya və radio vasitəsilə müraciət etdi və onun bu çıxışından ruhlanan gənclər hərbi hissələrə üz tutdu, ardınca isə hərbi hissələrdə formalaşma getdi. Bundan sonra ilk hücum əməliyyatı 1994-cü il yanvarın 5-də Horadiz istiqamətində həyata keçirildi və bu, bilavasitə Heydər Əliyevin rəhbərliyi şəraitində baş tutdu. Bu əməliyyat zamanı hərbçilər tanklar üzərində "Heydər Əliyev uğrunda” şüarı ilə hücum əməliyyatında iştirak edirdilər. Bundan sonra atəşkəs elan olundu və Azərbaycanda ordu quruculuğu sülh dövründə sürətlə davam elədi”.

Ş.Ramaldanov vurğuladı ki, ulu öndər Heydər Əliyev dövründə silahlı qüvvələrin maddi-texniki təchizatı yaxşılaşdırıldı, müasir silah və hərbi texnika alındı, hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atıldı, əməkhaqları qaldırıldı və sair: "Qısa zamanda Azərbaycan Silahlı Qüvvələri ən güclü silahlı qüvvələr kimi tanındı. Azərbaycanda ordu quruculuğunu təşkil edən zabit heyəti məhz Heydər Əliyev tərəfindən yaradılan Cəmşid Naxçıvanski adına hərbi məktəbin məzunları oldu. Bu gün peşəkar hərbçiləri hazırlayan həm lisey, həm ali hərbi məktəb, təlim tədris mərkəzi, həm də Silahlı Qüvvələrin Ali Akademiyası fəaliyyət göstərir. Qeyd edim ki, ordu quruculuğu həm kadr potensialı ilə, həm də Silahlı Qüvvələrin hərbi texnika və silah-sursatla təmin olunmasını özündə ehtiva edir. Məhz o dövrdə Azərbaycan Silahlı Qüvvələrinin inkişafı artıq ermənilərin bütün təxribatlarının qarşısını almağa imkan verdi. Təmas xəttinə yaxın məskunlaşmış əhali orduya güvənərək sakit şəkildə öz yaşayışlarını qurdu.

Daha sonralar Azərbaycan öz hərbçilərini istər MDB məkanında, istərsə də NATO sistemi ilə əlaqədar olan bütün tədbirlərə, kurslara göndərərək onların hərbi biliklərinin artırılmasına şərait yaratdı. Artıq Heydər Əliyev dövründə Azərbaycan Silahlı Qüvvələri bütün dünyada tanınmağa başladı. Çox çətin sosial vəziyyətdə olan hərbçilər ümummilli liderin dövründə mənzillərlə təmin edildi, digər sosial problemləri həll olundu. Ulu öndər Heydər Əliyev həm də İlham Əliyev kimi Ali Baş Komandan yetişdirdi və Prezident onun siyasətini davam etdirərək silahlı qüvvələri daha da inkişaf etdirdi. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın 50 ölkəsi sırasında yer alıb”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, Azərbaycanda ordu quruculuğu prosesi 1993-cü ilin ikinci yarısından başlayıb: "Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan Ordusu öz formalaşma dövrünün böyük bir mərhələsinə başladı. Ayrı-ayrı siyasi partiyalara, şəxsi adamlara xidmət edən hərbi birləşmələr vahid komandanlıq altında birləşdirildi. Bu çox vacib məsələ idi və vahid komandanlıq ordunun gələcək həyatında strateji rol oynayan ən əsas məsələlərdən sayılırdı. Məhz şəxsi təcrübəsinə əsaslanaraq ümummilli liderimiz ordunun bu kursla formalaşdırılması və inkişafı üçün lazım olan hər şeyi etdi. Yəni, hərbi birləşmələri vahid komandanlıq altında birləşdirdi, ordunun maddi-texniki bazasının yaradılması və bunun yüksələn xətlə inkişaf etdirilməsi, silahlanması, şəxsi heyətin mənəvi, psixoloji və sosial qayğılarının həlli, bir sözlə, ordu quruculuğuna aid bütün məsələlər kompleks şəkildə öz həllini tapmağa başladı. Məhz həmin dövrdə ordu quruculuğu ilə bağlı Milli Məclis tərəfindən mühüm qanunlar qəbul olundu. Bütün bunlar silahlı qüvvələr üçün strateji rol oynadı. Hansı ki, Heydər Əliyev hakimiyyətə gələnədək heç biri öz həllini tapmamışdı. Eyni zamanda o dövrdə hərbi qulluqçuların normal xidməti üçün şərait yaradıldı. Yəni, hərbi hissələrdə nizam-intizam bərpa olundu. 90-cı illərin birinci yarısında fərarilik kütləvi şəkil almışdı, insanlar hərbi xidmətdən yayınırdılar. Lakin Heydər Əliyevin ordu quruculuğu sahəsində yeni qanunvericilik bazasına nəzarət etməsi ilk növbədə orduda fərarilik hallarına son qoydu, hamı vətən, dövlət qarşısında xidmətə yollanmağı özünün mənəvi borcu hesab elədi. Ulu öndərin bu sahəyə gətirdiyi yeniliklər, tətbiq etdiyi bir sıra prinsipial məsələlər sonradan Azərbaycan Ordusunun sözün həqiqi mənasında yüksələn xətt üzrə inkişafının əsasını qoydu”.

İ.Rüstəmli əlavə etdi ki, Azərbaycan Silahlı Qüvvələrinin tarixində ilk dəfə olaraq hərbi doktrina qəbul olunub: "Silahlı qüvvələrimiz bu gün dünyanın ən inkişaf etmiş ölkələri ilə beynəlxalq səviyyədə əlaqələr qurub, təcrübə mübadiləsi aparılır və müxtəlif tədbirlər təşkil olunur. Bütün bunlar Azərbaycan Ordusunun müasir dünya ordularına inteqrasiyasını təmin elədi. Əlbəttə, bu gün biz ordumuz haqqında yaxşı düşünürüksə, onun ciddi müdafiə olunması haqqında danışırıqsa, buna görə ilk növbədə Heydər Əliyevə borcluyuq. Çox yaxşı yadımdadır ki, Cəmşid Naxçıvanski adına hərbi liseyin yubiley tədbirində Heydər Əliyev çıxış edərkən necə kövrəlmişdi. O deyirdi ki, Naxçıvanski adına hərbi lisey mənim öz balamdır, öz övladımdır. Çünki Heydər Əliyev hələ sovet dönəmində Azərbaycanda ordu quruculuğu prosesinin bazasını yaratmışdı. Çıxışlarının birində xüsusi vurğulamışdı ki, həmin dövrlərdə Azərbaycanda yerləşən hərbi məktəblərdə oxuyanların böyük əksəriyyəti qeyri-azərbaycanlılar idi. Ancaq Heydər Əliyev hakimiyyətə gələn kimi, bu tərkibi Azərbaycanın xeyrinə müqayisəyə gəlməyəcək dərəcədə dəyişdirdi. Azərbaycanlıların ali hərbi məktəblərdə təhsil almasını təmin elədi. Təkcə Bakıda yox, keçmiş sovet məkanında yerləşən digər ali hərbi məktəblərdə azərbaycanlıların təhsil almasına şərait yaratdı. Bütün bunlar sonrakı dövrlərdə Azərbaycan Ordusunun qazandığı uğurlar üçün baza rolunu oynadı. Bu gün biz fəxrlə, qürurla deyə bilərik ki, Azərbaycan Ordusu Heydər Əliyevin siyasi, hərbi kursunun davamıdır. Əgər biz silahlı qüvvələrin inkişafından danışırıqsa, buna görə məhz ulu öndərə borcluyuq. Sevinirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev də həm prezident, həm də bir vətəndaş kimi Azərbaycan Ordusunun bugünkü dinamikasına öz töhfəsini verir. Təsadüfi deyil ki, Azərbaycanda bütövlükdə ordu quruculuğu məsələsi hələ 1993-cü ilin ikinci yarısında prioritet elan olunmuşdu və bu eyni səviyyədə prezident İlham Əliyev tərəfindən də davam etdirilir”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər