• cümə, 19 Aprel, 00:45
  • Baku Bakı 18°C

Azərbaycan mədəniyyətinə dair veriliş Özbəkistan telekanalında - Fotolar

18.01.19 09:07 1356
Azərbaycan mədəniyyətinə dair veriliş Özbəkistan telekanalında - Fotolar
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın "Məhəllə” telekanalı bu ölkəmizin mədəniyyəti, incəsənəti, mətbəxi, adət-ənənələrinə dair geniş veriliş hazırlayıb.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə dünya xalqlarının tarixi və mədəniyyəti seriyasında hazırlanan verilişdə Azərbaycan xalqının qədim tarixi, zəngin mədəniyyəti, adət-ənənələri, mətbəxi, musiqi-rəqs sənəti öz əksini tapıb.

Verilişdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Mərkəzin fəaliyyəti, iki xalq arasında dostluq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, milli mədəniyyətimiz, habelə ölkəmizin son illər əldə etdiyi nailiyyətlərə dair müsahibəsi öz əksini tapıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin "Azərbaycan tarixi və dövlətçiliyi” muzeyində Azərbaycan tarixinin ən qədim dövrdən müasir dövrə qədər əhatə edən eksponatlar, xəritələr, tarixi abidələrin maketləri verilişdə xüsusi işıqlandırılıb, milli musiqi alətlərimız haqqında geniş məlumatlar öz əksini tapıb.

Verilişdə vurğulanıb ki, hər birxalqın mədəniirsi onun milli sərvəti, tarixi və bugünüdür.Azərbaycan mədəniyyətinin zənginliyini və xalqımızın qədimliyini, bacarıq və ənənələrini nümayiş etdirən xalça sənətinə verilişdə xüsusi yer ayrılıb. Belə ki, Mərkəzin "Odlar yurdunun naxışları” adlı xalça muzeyində sərgilənən tarixi Azərbaycan xalçaları – Qarabağ, Şirvan, Quba, Naxçıvan, İrəvan və s. haqqında geniş məlumat verilmiş və qeyd olunmuşdur ki, xalçaçılıq Azərbaycanda firavanlıq simvolu və ən qədim sənət sahələrindən biridir.

Müəllif qeyd edir ki, Azərbaycanda hadisəni tərənnüm etmək üçün xüsusi xalça toxumaq ənənəsi vardır: uşağın doğulması münasibətilə toxunan xalça, gələcək gəlinlərin cehizlik üçün toxunan xalçalar, toy yaxud yas mərasimləri üçün toxunan xalçalar. Hər regionun özünəməxsus xalça toxuma üsulu və ornamentlərinin mövcudluğunu qeyd edən müəllif bunların bir-birindən fərqləndiyini xüsusi diqqətə çatdırır.

Ekran əsərində Azərbaycan milli rəqs sənəti haqqında geniş məlumat verilir və onların yaranması, formalaşmasını uzun əsrlər boyu davam etdiyi qeyd olunur. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs dərnəyi – "Azərbaycan qızları” rəqs ansamblının "Uzundərə”, "Mirzəyi”, "Xançobanı”, "Nəlbəki” və s. milli rəqslərimiz ifası nümayış etdirilir, rəqs ansamblın rəhbəri, Azərbaycanın əməkdar artisti Kökəb Əliyevanın milli rəqslərimizlə bağlı fikirləri, ansamblın yaranması, fəaliyyəti haqqında müsahibəsi verilişdə öz əksini tapıb.

Mədəniyyət Mərkəzinin foyesində açıq yaradılmış "Azərbaycan milli libasları” stendi verilişdə nümayiş etdirilərək, ölkəmizin mədəni inkişafının xüsusiyyətlərini əks etdirən geyim mədəniyyəti haqqında məlumatlar işıqlandırılır.

Müəllif verilişdə qeyd edir ki, hər bir milləti dünyada tanıdan və digər xalqlardan fərqləndirən onun adət-ənənələridir. Ekran işində Azərbaycan xalqının adət və ənənələrindən söhbət açılır, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının özünün zəngin adət və ənənələrinin həmişə diqqət cəlb etdiyini qeyd edilir.
Qeyd edək ki, Novruz bayramı zamanı icra edilən ənənələr, bayram süfrəsinin hazırlanması, Azərbaycanda keçirilən toy şənlikləri zamanı icra olunan qədim və zəngin adətlər barədə Mərkəzin əməkdaşı Salama Fətəliyeva geniş məlumat verib.

Verilişdə Azərbaycan xalqının çay mədəniyyəti, çay dəstgahına xüsusi bölmə ayrılıb. Azərbaycanda illər boyu özünəməxsus çay mədəniyyətinin formalaşdığını qeyd edən aparıcı Mədəniyyət Mərkəzində canlı olaraq hazırlanan çay süfrəsini nümayiş etdirib. Mədəniyyət Mərkəzinin foyesində təşkil edilmiş çay süfrəsi verilişdə geniş işıqlandırılımış, burada milli libasda qonaq olan qızlara Azərbaycan çayının necə dəmlənməsi, qonaqlara armudu stəkanlarda, müxtəlif şirniyyat və mürəbbələrlə təqdim olunması nümayiş olunub.

Milli mədəniyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan mətbəxi – mətbəx mədəniyyətini, onun tarixi, adətləri, süfrə psixilogiyası ekran işində xüsusi yer tutub.

Azərbaycan milli mətbəxi ən qədim, zəngin, dadlı mətbəxlərindən biri olduğunu qeyd edən müəllif, milli mətbəximizin zənginliyini qeyd edib və mətbəximizə aid 2000-dən çox xörək növünün olduğunu bildirib.

Mərkəzin mətbəxində milli yemək növlərindən danışılıb və canlı olaraq Azərbaycan yeməklərinin şahı – dolmanın hazırlanma prosesi nümayiş etdirilib. Azərbaycanda ən çox sevilən, bayramlarda, şənliklərdə, gündəlik həyatda tez-tez hazırlanan yarpaq dolmasının bükülməsi, bişirilməsi, onun texnologiyası ətraflı göstərilib və sonda, onun süfrəyə hansı nemətlərlə birgə təqdim olunması böyük maraqla işıqlandırılıb.

Qeyd edək ki, verilişə Özbəkistanda böyük maraq yaradıb və tanınmış "Məhəllə” telekanalında iki dəfə nümayiş etdirilib.

banner

Oxşar Xəbərlər