• cümə, 19 Aprel, 04:05
  • Baku Bakı 18°C

“Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub”

16.01.19 09:00 3778
“Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub”
Yola saldığımız 2018-ci il ölkəmiz üçün xüsusilə uğurlu il olub. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan ötən il uğurla, sürətlə inkişaf edib. Keçən ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr icra olunub, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilib. Bu səbəbdən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirərək, 2019-cu ildə islahatların davam etdiriləcəyinin anonsunu verib, bunun müsbət nəticələrinin hər kəs tərəfindən müşahidə ediləcəyini vurğulayıb. Verilən anonsa uyğun olaraq dövlət idarəçiliyinin, həmçinin aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi, "Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərmanlar imzalanıb. Azərbaycanda həyata keçirilən islahatlar, onların əhəmiyyəti, qeyri-neft sektorunun inkişafına təsiri və sair məsələlərlə bağlı "Kaspi”nin suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov cavablandırır.
- Aydın müəllim, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bir sıra sahələrdə tətbiq edilən islahatlara xüsusi diqqət çəkdi, əldə edilən nəticələrə toxundu, bir gün sonra isə dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi üçün fərmanlar imzaladı, struktur dəyişikliklər etdi. Sizcə bu dəyişikliklər idarəetməyə hansı yenilikləri gətirəcək?
- Prezident İlham Əliyev ölkə iqtisadiyyatının idarə olunması üçün ən məqbul, ən çevik, müasir dövrün tələbləri ilə səsləşən siyasət həyata keçirir. Artıq ölkə iqtisadiyyatı mahiyyət etibarilə yeni mərhələyə qədəm qoyub. Azərbaycanın iqtisadiyyatı sözün əsl mənasında dünya iqtisadiyyatına inteqrasiya edib. Ölkə iqtisadiyyatının başlıca hədəfi, əsas prioriteti qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, ixracyönlü, rəqabətqabiliyyətili məhsulların dünya bazarına çıxarılması, valyuta ehtiyatlarımızın artırılmasıdır. Bu istiqamətdə çox böyük işlər həyata keçirilir. Məhz buna görə də aparılan islahatları ümumi islahatların tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Xatırlayırsınızsa, hələ 2015-ci ildə dünyada iqtisadi böhran daha geniş miqyas aldığı bir vaxtda Azərbaycanın bu böhranla üzləşməməsi üçün geniş islahatlar həyata keçirildi. Prezident İlham Əliyev tərəfindən çoxsaylı fərman və sərəncamlar imzalandı, qanunvericilik bazası daha da təkmilləşdirildi, gələcəyə hesablanan qətiyyətli addımlar atıldı. 26 yanvar 2016-cı il tarixdə "Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında Prezident İlham Əliyev bu məsələyə diqqət çəkərək bəyan etmişdi ki, 2016-cı il də Azərbaycanda dərin iqtisadi islahatlar ili olacaq, iqtisadiyyatın güclənməsi üçün əlavə sərəncam və fərmanlar imzalanacaq. Verilən vədlərin yerinə yetirilməsi sayəsində ölkəmiz üçün 2016-cı il uğurlu il kimi tarixə düşdü. 2017-ci ildə də Azərbaycanda daha güclü iqtisadiyyatın formalaşması, qarşıda duran bütün vəzifələrin icra edilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Ona görə 2017-ci il də tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qaldı. Cari il yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı yola saldığımız ildə görülən işləri təhlil edərək qeyd etdi ki, zamanında atılan addımlar sayəsində 2018-ci il də ölkəmiz üçün uğurlu olub. Hazırda iqtisadiyyatda yeni çağırışlar meydana gəlib, yeniliklər, müasir tələblər özünü büruzə verir. Burada informasiya və kommunikasiya texnologiyalarının tətbiqindən, innovativ tədbirlərdən söhbət gedir. Zamanla uyğunlaşmaq, inkişafı davamlı etmək üçün müasir tələblərə, çağırışlara uyğun, çevik struktur formalaşdırılmalı, idarəetmə bir qədər də təkmilləşdirilməlidir. Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq yeni fərmanlar imzaladı.
- Bu dəyişikliklər Azərbaycana nə vəd edir?
- İndiyə qədər atılan və bundan sonra atılacaq digər addımlar, həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı, onun maraqlarının təmin olunması, rifah halının daha da yaxşılaşdırılması dayanır. Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışı zamanıbir daha bu məsələyə diqqət çəkərək vurğuladı ki, onun rəhbərliyi ilə həyata keçirilən bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin başçısı Azərbaycan vətəndaşlarının daha da yaxşı yaşaması və onları narahat edən məsələlərin öz həllini tapması üçün görülən və görüləcək işlərdən söhbət açdı. Vurğuladı ki, bütün bunlara nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır və Azərbaycanda bu iqtisadiyyat qurulur. Cənab Prezident dedi ki, Azərbaycan uğurla inkişaf edir və ölkəmiz öz hesabına, daxili imkanları sayəsində bütün lazım olan məsələləri, o cümlədən sosial-iqtisadi, infrastruktur və sairlə bağlı digər məsələləri həll edir. Əldə olunan nailiyyətlərə əsaslanan Prezident İlham Əliyev əminliklə bildirdi ki, 2019-cu ildə və ondan sonrakı illərdə də Azərbaycanda bu müsbət dinamika saxlanılacaq, ölkəmiz uğurla inkişaf edəcək və bütün məsələlər zamanla öz həllini tapacaq. Ona görə də sizin suala qayıdaraq qeyd etmək istərdim ki, Azərbaycanda həyata keçirilən siyasət, atılan hər bir addım, hər bir islahat ölkə vətəndaşlarının maraqlarının təmininə, sosial-rifah halının yaxşılaşmasına yönəlib. Eyni zamanda, bu tədbirlər Azərbaycanın inkişafına, müdafiə qüdrətimizin artmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, ölkəmizin beynəlxalq aləmdə iqtisadi-siyasi nüfuzunun yüksəlməsinə yönəlib. Bu məqsədlərə çatmaq üçün də struktur dəyişiklikləri lazımdır və edilir. Yeni strukturun formalaşmasında başlıca tələblərdən biri də şəffaflığın təmin edilməsi, elektron xidmətlərin sayının artırılması, məmurla vətəndaş arasında birbaşa təmasların minimuma endirilməsi, büdcə vəsaitlərindən səmərəli istifadə olunmasıdır. Qeyri-neft sektorunun, xüsusən də kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi, stimullaşdırılması da başlıca hədəflərdəndir. Ümumi götürdükdə, neft kapitalının insan kapitalına çevrilməsi prosesi daha da intensivləşdirilir. Ötən il 118 min əlavə iş yerinin açılması da atılan addımların, görülən işlərin nəticəsində mümkün olub.
- Struktur dəyişikliklər, həyata keçirilən islahatlar vətəndaşların həyatına necə təsir edir?
- Vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, sosial layihələrin həyata keçirilməsi üçün başlıca şərt dövlətin maliyyə mənbələrinin olması, düzgün maliyyə siyasətinin aparılması, iqtisadi potensialdan səmərəli istifadə edilməsi, büdcənin formalaşdırılmasıdır. Qanunvericilik bazasının təkmilləşdirilməsi, kadr islahatlarının aparılması, hüquqi-normativ aktların qəbul olunması, innovativ layihələrin həyata vəsiqə alması, digər müxtəlif addımların atılması dövlət büdcəsində artımlarla müşayiət olundu. Təkcə gömrük sahəsindən dövlət büdcəsinə proqnozlardan əlavə 1 milyarda yaxın vəsait daxil oldu. Eləcə də ilin sonunda gördük ki, dövlət büdcəsinin gəlir və xərclərində artım əldə olunub. Yəni, atılan addımlar, tətbiq edilən islahatlar bizim maliyyə imkanlarımızı genişləndirib, büdcəmizi artırıb. Dövlətin büdcəsinin artması isə vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına xərclənir. Dövlət büdcəsinin 34 faizə yaxını sosial tədbirlərə xərclənir. Deməyim budur ki, iqtisadiyyatın inkişafı büdcə gəlirlərimizin artmasına, dövlət büdcəmizin vəsaiti isə vətəndaşlarımızın yaxşı yaşamasına xərclənir. Bura əmək haqları, sosial müavinətlər, təqaüdlər və sair daxildir. Eləcə də qaçqın və məcburi köçkünlərin, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin mənzil-məişət problemlərinin həll edilməsini, övladlarının təhsil haqlarının ödənilməsini, onların dövlətin qayğısı ilə əhatə olunmasını, aztəminatlı ailələrin özünüməşğulluq proqramına cəlb olunmasını da qeyd edə bilərik. Təkcə ötən il 5800-dən çox köçkün ailəsinə yeni evlər, mənzillər verilib. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə isə 620-dən çox mənzil verilib. Bütün bu kimi sosial tədbirlər dövlət büdcəsinin imkanları hesabına həyata keçirilir.
- Ötən il keçirilən prezident seçkilərindən sonra da Azərbaycanda bəzi dövlət qurumlarının rəhbərləri dəyişdirilmiş, idarəetmədə bir sıra yeniliklər edilmişdi. Cari ilin əvvəlində isə birinci sualda qeyd olunduğu kimi, dövlət idarəçiliyinin, həmçinin aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi, Müdafiə və Sənaye Nazirliyinin ləğv edilərək "Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərmanlar imzalandı. Bütün bunları nəzərə alsaq, gələcəkdə də bu struktur islahatların davam etdiriləcəyini düşünmək olarmı?
- Xatırladım ki, hələ 2016-cı ildə Azərbaycan Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 16 mart tarixli sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanıb. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Bu sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meylləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və mövcud vəziyyətin təhlilini, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edirdi. Strateji Yol Xəritəsində iqtisadi inkişafa töhfə verən bütün faktorlar nəzərə alınmışdı. Strateji Yol Xəritəsinin qəbulundan sonra onun həyata keçirilməsi üçün müvafiq dövlət qurumlarının da öz fəaliyyətlərini daha müfəssəl proqramlar əsasında qurması tələb olunurdu. Bütün bu işlərin qayəsində duran əsas məsələ ölkə iqtisadiyyatının neftdən asılılığını daha da azaltmaq, qeyri-neft sektorunun inkişafını təmin etmək idi. Ötən illər ərzində həyata keçirilən tədbirlər, görülən işlər sayəsində iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində əldə edilən nəticələri görürük. Zaman keçdikcə iqtisadiyyatın tərkibində qeyri-neft sektorunun çəkisi artır. Konkret rəqəmlərə müraciət etsək görərik ki, 2018-ci ildə ümumi daxili məhsul, yəni, iqtisadi artım 1,4 faiz olub. Ölkədə qeyri-neft sektorunun inkişafı 1,8 faiz olub. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. Ötən il əhalimizin gəlirləri inflyasiyanı üstələyib, manatın məzənnəsi sabit qalıb. Belə ki, inflyasiya cəmi 2,3 faiz olub, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Halbuki, 2017-ci ildə inflyasiya 12 faizdən çox idi. Bundan başqa, ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub ki, bu məbləğin 11 milyard manatı qeyri-neft sektoruna yatırılıb. Ötən il Azərbaycanın valyuta ehtiyatları 3 milyard dollar artaraq 45 milyard dollara bərabər olub. Xarici borcumuz 22,8 faizdən 19 faizə düşüb. Müqayisə üçün qeyd edim ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100-120 faizini təşkil edir. Əgər bu, hansısa ölkədə 50 faiz təşkil edirsə, o ölkə iqtisadi cəhətdən sabit ölkə kimi tanına bilər. Azərbaycanda isə xarici borc ÜDM-in 19 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. İxraca gəldikdə isə ötən il bu sahədə də 36 faiz artım müşahidə olunub, ixracımız 19 milyard dollara çatıb. Beləliklə də xarici ticarət balansında müsbət saldo əldə olunub, ixracın idxalı üstələməsi 8,6 milyard dollar təşkil edib. Bütün bunlar nəzərə alınaraq, ötən il Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan biznesi aparmaq üçün yaradılan şəraitə görə dünya miqyasında 25-ci yerdə qərarlaşıb. Əlbəttə ki, bu uğurlar zamanın çağırışına uyğun olaraq aparılan islahatların, qarşıya qoyulan vəzifələrə çatmaq üçün görülən işlərin sayəsində baş verib. Ona görə də islahatların, struktur dəyişikliklərin gələcəkdə də davam etdiriləcəyini gözləmək olar. Çünki, bütün bu dəyişikliklər Azərbaycan iqtisadiyyatının daha da inkişafına, vətəndaşların sosial rifah halının bir qədər də yaxşılaşmasına xidmət edir və edəcək.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər