AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan ilə Gürcüstan böhran şəraitində də sıx əməkdaşlığı davam etdirir

Azərbaycan ilə Gürcüstan böhran şəraitində də sıx əməkdaşlığı davam etdirir

Təfsilat
04 Aprel 2020, 16:45 197
Koronavirusla əlaqədar yaranmış böhrana baxmayaraq, Azərbaycan ilə Gürcüstan sıx əməkdaşlığı davam etdirir, bir-biri ilə əlaqələndirilmiş şəkildə müvafiq qərarlar qəbul olunub.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Xarici İşlər Nazirinin müavini Laşa Darsalia söyləyib.
Onun sözlərinə görə, ölkələrimiz bu çətin şəraitdə bir-birinə dəstək göstərib, xüsusilə üçüncü ölkələrdən vətəndaşlarımızın təxliyə olunması və yükdaşımalar fasiləsiz həyata keçirilib.
Nazir müavini, həmçinin deyib: "COVID-19 virusu ilə əlaqədar vəziyyət çox çətin olsa da, nəzarət altındadır. Bizim region dünyanın digər ölkələri ilə müqayisədə bu problemin təsirinə daha az məruz qalıb”.
L.Darsalia Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işləri yüksək qiymətləndirib, bu tədbirlərin qısa zamanda müsbət nəticələr verəcəyinə inandığını bildirib.
Koronavirusla mübarizə sahəsində ölkəsində həyata keçirilən tədbirlərdən də danışan nazir müavini bildirib: "Gürcüstan hökuməti koronavirusla əlaqədar fövqəladə vəziyyət elan edib. Həmçinin xüsusi karantin rejimi tətbiq olunub. Bunun nəticəsi olaraq, ölkədaxili nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, saat 21:00-dan 06:00-dək komendant saatı tətbiq edilib”.
Nazir müavini hər iki ölkədə görülən qabaqlayıcı tədbirlər və vətəndaşların birgə səyləri ilə arzuolunan nəticənin əldə ediləcəyinə, virusun yayılmasının qarşısının alınacağına inandığını bildirib.