• cümə, 29 Mart, 00:58
  • Baku Bakı 7°C

Azərbaycan güləşçiləri Avropa çempionatında bir dəst medal qazanıblar

20.06.19 09:45 697
Azərbaycan güləşçiləri Avropa çempionatında bir dəst medal qazanıblar
İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.
AZƏRTACxəbər verir ki, yarışların ikinci günündə finala vəsiqə qazanan Fərid Sadıqlı Avropa çempionu olub. Qitə birinciliyinə inamlı qələbə ilə start verən həmyerlimiz ilk görüşdə macar idmançını məğlub edib. Bolqarıstan təmsilçisi də güləşçimizin qarşısında duruş gətirə bilməyib. F.Sadıqlı cəmi 34 saniyəyə rəqibinə qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz erkən qələbə ənənəsini yarımfinalda da davam etdirib. Latviyalı güləşçini cəmi 24 saniyəyə üstələyən F.Sadıqlı adını finala yazdırıb. Avropa çempionatını möhtəşəm keçirən təmsilçimiz həlledici qarşılaşmada da rəqibinə göz açmağa imkan verməyib. Rusiyalı həmkarını vaxtından əvvəl tam üstünlüklə məğlub edən pəhləvanımız Avropanın ən güclüsü adını qazanıb.
Digər idmançımız Laçın Vəliyev yarışa Yunanıstandan olan idmançı üzərində asan qələbə ilə başlayıb. Güləşçimiz daha sonra Çexiya və Türkiyə idmançılarını mübarizədən kənarlaşdıraraq finala adlayıb. Həlledici qarşılaşmada rusiyalı rəqibinə məğlub olan həmyerlimiz gümüş medalla kifayətlənib.
Allahverdi Əliyev də qitə çempionatında medal qazanan idmançılardan olub. İlk görüşündə erməni rəqibinə, daha sonra isə müvafiq olaraq Serbiya və Rumıniya təmsilçilərinə qalib gələn A.Əliyev yarımfinala adlayıb. Bu mərhələdə Moldova təmsilçisinə məğlub olan güləşçimiz bürünc medal uğrunda görüşdə Rusiya idmançısına qalib gəlib və turniri üçüncü pillədə başa vurub.
Yığmamızın digər üzvləri Nihad Quluzadə və Əli Alıyev isə qitə çempionatını medalsız başa vurublar.
banner

Oxşar Xəbərlər