• cümə, 26 Aprel, 19:56
  • Baku Bakı 22°C

Azərbaycan gəncliyinin seçim etməsi çətin olmayacaq

10.09.13 11:57 1397
Azərbaycan gəncliyinin seçim etməsi çətin olmayacaq
Dövlətimizin və xalqımızın taleyində mühüm rol oynayacaq prezident seçkilərində gənclər də aktiv iştirak edəcək. Gənclər və idman naziri Azad Rəhimov nazirliyin 2013-cü ilin yanvar–avqust aylarındakı fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib ki, ilk dəfə olaraq bu ilki seçkilərdə iştirak edəcək əhalinin 600 minini gənclər təşkil edəcək. Ümumiyyətlə, bu il seçki prosesinə qoşulan gənclərin sayında xeyli artım müşahidə olunur.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova söylədi ki, əvvəlki illərlə müqayisədə bu il gənclərin fəallığı xüsusilə seçilir: “Azərbaycan gənclərinin seçki marafonuna qoşulması açıq-aşkar görünən məsələdir. Gənclər sosial şəbəkələrdə, virtual aləmdə seçki prosesinə təsir edəcək dərəcədə fəallıq göstərirlər. İstər müxalifət, istərsə də iqtidar tərəfdarı olan gənclər öz seçdikləri namizədin kampaniyalarına internet vasitəsi ilə öz dəstəklərini göstərirlər. Bildiyiniz kimi, bu ilki seçkilərdə ilk dəfə olaraq 600 min gənc səs verəcək. Düşünürəm ki, həmin vətəndaşlar ölkədə həyata keçirilən gənclər siyasəti haqqında məlumatlıdırlar. Bu barədə mətbuatda oxumaqla yanaşı, dövlətin gənclərə verdiyi dəstəyi gündəlik həyatımızda da hiss edirik. Ölkə gəncliyi istər İKT, istər elmi, istərsə də yaradıcılıq baxımından tam olaraq dövlət dəstəyini görən bir təbəqədir. Gənclər Fondunun, QHT-lərin və müxtəlif qurumların yaradılması sırf gəncliyin inkişafı üçün birbaşa dövlət başçısı tərəfindən verilmiş sərəncamlara əsasən həyata keçirilən layihələrdir. Ətrafımda olan insanlardan, ümumiyyətlə gənclərdən aldığım rəylərə görə, onlar bu ilki seçkilərdə ölkə başçısı cənab İlham Əliyevə səs verəcəklər. Azərbaycan gəncliyi ölkəmizin get-gedə daha çox inkişaf etməsini və bu inkişaf dinamikasının sürətlənməsini istəyir. Həmçinin gənclər ölkədə həyata keçirilən uğurlu gənclər siyasətinin davamını arzulayır. Mən hesab edirəm ki, bu səbəbdən də onlar İlham Əliyevə ölkə başçısı etimadını yenidən qazandıracaqlar”.
İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı da hesab edir ki, Azərbaycan gəncliyi düzgün qərar verməyi bacarır və bu istiqamətdə onların seçimi dəyişməzdir: “Cəmiyyətimizin lokomativi və avanqardı rolunda çıxış edən Azərbaycan gəncliyi heç şübhəsiz ki, bu seçkilərdə öz qəti və punktual mövqeyini ortaya qoyacaq. Hakimiyyətə gəldiyi ilk gündən Azərbaycan gəncinin dostu olmağı bacaran, Azərbaycan gənclərinin bütün qayğı və problemləri ilə şəxsən maraqlanan ölkə başçısı cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəyik. Çünki ölkə başçısı hakimiyyətə gəldiyi ilk gündən etibarən Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan olduqca uğurlu gənclər siyasətini çox yüksək şəkildə davam etdirir. Bu siyasətin mahiyyəti gəncliyimizi savadlı, dünyagörüşlü, bütün istiqamətlər üzrə gedən proseslərə tab gətirəcək yüksək intellektual səviyyədə görməkdir. Azərbaycanın icra strukturlarında, bələdiyyələrdə və digər qurumlarda çox sayda gənclər çalışır. Bütün bunlar Azərbaycanda görülən işlərin məntiqi nəticəsidir. Bilirsiniz ki, 2011-2015-ci illər Azərbaycan gənclər proqramı qəbul olunub. Bu proqramda gəncliyin bütün istiqamətlər üzrə qayğı və maraqları ifadə olunub. Bundan əlavə, Prezident İlham Əliyev bir çox gənc fəalları qəbul edib və onlarla fikir mübadiləsi aparıb. Xüsusilə, Gənclər Fondunun yaradılmasını, bir sıra gənclər mükafatının təsis olunmasını deməliyəm. Bütün bu faktlar gənclərə qarşıdan gələn seçkilərdə hansı namizədi dəstəkləməyi müəyyən etmək üçün çox böyük əsasdır. Heç şübhəsiz ki, gənclərin böyük qisminin seçimi ölkə başçısı cənab İlham Əliyevdir. Bu, əksər gənclərin qəti və dəyişilməz qərarıdır. Hansısa ayrı-ayrı yerlərdə toplaşan, özünü müxalifət kimi təqdim edən çox az sayda gəncin fikri ümumilikdə Azərbaycan gəncinin düşüncəsi sayıla bilməz. Onların bütün gənclər adından danışmaq kimi bir haqqı yoxdur. Gənclərin mütləq əksəriyyəti öz xalqının taleyinə biganə deyil və bu səbəbdən birmənalı olaraq, seçkilərdə iştirak edib öz namizədimizə səs verəcəyik”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər