cümə, 27 Yanvar, 15:53

Baku Bakı 7°C

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin BƏYANATI

icon 775 icon 01 noyabr 2022 | 09:15 Azərbaycan, Ermənistan və Rusiya liderlərinin BƏYANATI

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.

Kaspi.az bəyanatı təqdim edir.

“Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı 

Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2022-ci il oktyabrın 31-də Soçi şəhərində görüşdük və 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatını müzakirə etdik.

Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq etdik. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşdıq.

Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd edərək onun regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğunu vurğuladıq.

Güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəldik.

Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğuladıq. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılaşdıq. Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqu davam etdirmək üçün, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsi üçün müsbət ab-hava formalaşmasının vacibliyini vurğuladıq.

Azərbaycan Respublikasının və Ermənistan Respublikasının liderləri Rusiya Federasiyasının bundan sonra da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və tərəqqinin təmin edilməsinə hərtərəfli şərait yaratmağa hazır olmasını alqışladılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin”