Azərbaycan ədəbiyyatşünaslığına müasir baxış: problemlər, vəzifələr
Görkəmli
ədəbiyyatşünas "Ədəbiyyat məcmuəsi”nin gənc
alimlər üçün xüsusi buraxılışında (Bakı, "Elm və təhsil”, 2014) "Böyük ədəbiyyatşünaslıq uğrunda” adlı
analitik məqaləsini çap etdirib, aktual ədəbiyyatşünaslığın elmi-nəzəri təcrübəsini
ümumiləşdirib və çağdaş problemlərinə
diqqət yönləndirib. Akademik İsa Həbibbəyli bu görkəmli elm xadimlərinin
əziz ruhlarına "Ədəbiyyatşünaslıq elminin
məbədi/Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşəkkülü və inkişaf mərhələləri/”
(Bakı: "Ozan”, 2018, 484 s.) adlı qiymətli kitab yazıb (professor Asif Rüstəmli
ilə birlikdə), filoloji elmimizin təşəkkül və təkamül tarixini izləyib,
qurucularının elm yollarındakı fədakar əməyinə işıq tutub, onları minnətdarlıqla
yad edib.
Alim
milli elmimizin tarixinə ümumi nəzər yetirib, göstərib ki, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti
(1923), Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu (1929) bu elmin özəl təşkilat
mərkəzi olub, Azərbaycan ədəbiyyatşünaslığı
elmi istiqamətlər üzrə inkişafa
başlayıb.
Akademik
İsa Həbibbəyli Azərbaycan elminin təşkilatlanmasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin
roluna üstünlük verib, Dil və Ədəbiyyat sektorlarının bazasında Dil-Ədəbiyyat İnstitutunun yaradılmasını
Azərbaycan ədəbiyyatşünaslıq elminin ardıcıl, sistemli və mütəşəkkil
inkişafının təməli hesab edib, Məmməd
Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Mirzə İbrahimov, Feyzulla
Qasımzadə, Mirzağa Quluzadə, Mir Cəlal, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Abbas
Zamanov, Əli Sultanlı, Əziz Mirəhmədov, Məmmədhüseyn Təhmasib, Yaşar Qarayev,
Azadə Rüstəmova, Əlyar Səfərli, Azad Nəbiyev, Teymur Kərimlini elmi məktəb
yaradıcıları kimi dəyərləndirib. "Bu gün də ədəbiyyatşünaslıq elminin həmin sərkərdələrinin
əsərləri və onların formalaşdırdıqları ənənələr yeni elmi nəslin və elmi-ədəbi
proseslərin inkişafına öz təsirini göstərməkdədir”. (s.4).
XX əsrin əvvəllərini professional ədəbiyyatşünaslığın təşəkkül tarixi kimi qəbul edən
akademik onun gəlişməsini orta əsrlərin təzkirə və cünglərindən, vəzn və qafiyə
elmindən başlayıb, formalaşmasını isə XIX əsrə aid edib. Bu sahədə ilk nəzəri məlumatları
XX əsrin əvvəllərində, Əliskəndər Cəfərzadənin "Kilidi-ədəbiyyat”, Hüseyn Cavid
və Abdulla Şaiqin "Ədəbiyyat əsərləri”, daha sonra Mikayıl Rəfili, Cəfər Xəndan,
Mir Cəlal Paşayev, Pənah Xəlilov, Abbas Hacıyev, Şəmistan Mikayılov və başqalarının məktəb dərsliklərində, Məmməd Cəfər Cəfərov, Mir Cəlal Paşayev,
Yaşar Qarayev və Arif Hacıyevin elmi mühakimələrində görüb.
Akademik İsa Həbibbəyli dünya ədəbiyyatşünaslıq
elminin əsaslarına varıb, yunan alimi Aristotelin "Poetika”sını xatırladıb,
onu "dünya ədəbiyyatşünaslıq elminin mükəmməl
proqramı, ədəbiyyatşünaslıq konsepsiyası” kimi dəyərləndirib. Fransız mütəfəkkiri,
klassisizmin böyük nəzəriyyəçisi Bualonun mənsur "Poeziya sənəti”ni, orta əsrlər
nəzəri fikrini, klassisizm haqqında yeni baxışlarını xatırladıb. Vissarion
Qriqoryeviç Belinskinin elmi fəaliyyətini, onun "Ədəbiyyatın növlərə və şəkillərə
bölünməsi” əsərini "dünya ədəbiyyatşünaslıq elmində yeni mərhələ” hesab edib.
V.Q.Belinskinin ədəbiyyatşünaslıq təlimində Aristotelin və O.D.Bualonun nəzəri
baxışlarının müəyyən sintezini görən alim V.Q.Belinskinin elmi irsində
ideologiyanın deyil, nəzəri qavrayışın üstün olduğunu yəqinləşdirib. XIX-XX
yüzillikləri Aristotel-Belinski məktəbləri zəminində formalaşmış Azərbaycan ədəbiyyatşünaslığı,
milli ədəbiyyatşünaslıq məktəblərinin
yaranması dövrü kimi xarakterizə edib. Akademik
İsa Həbibbəyli ədəbiyyatşünaslığa milli və bəşəri hüdudlarda qiymət verib.
Dünya ədəbiyyatşünaslığının ədəbiyyat tarixi, nəzəriyyəsi və tənqidi sahələrini
xatırladan alim həm də mövcud problemə
gündəm verib: mətnşünaslıq ədəbiyyat
tarixi, yoxsa nəzəriyyəsi sahəsində görünməlidir? Mətnşünaslıq ədəbiyyatşünaslığın
müstəqil şöbəsi olmalıdır, yoxsa? Alim mübahisələrin həllini elmin təkamülü
prosesi ilə izah edib. Hesab edib ki, ədəbiyyat nəzəriyyəsində mübahisəli elmi
fikir yox dərəcəsindədir. "Hamı bu fikirdədir ki, ədəbiyyat nəzəriyyəsi bədii
yaradıcılıq proseslərini, ədəbiyyatın inkişaf qanunauyğunluqlarını, sənətkarlıq
xüsusiyyətlərini, ədəbi cərəyanları öyrənməklə məşğuldur”.(s.7). Mübahisəli məqamı
bunda görüb, – yenə bir problem: Poetika ədəbiyyatşünaslığın ayrı, ədəbiyyat
nəzəriyyəsinin müstəqil sahəsidir, yoxsa?
Akademik mülahizə və izahları Aristotelin "Poetika”sı ilə bağlayıb. Alimə
görə "Poetika” əsəri geniş mənada ədəbiyyat, ədəbi növlər və janrlar haqqında
baxışlar sistemidir, ədəbiyyatşünaslığı bütöv halda əhatə edən elmi əsərdir.
Poetika ədəbiyyat nəzəriyyəsinin nüvəsidir. Fikrimizcə, poetikanı ədəbiyyat nəzəriyyəsindən
ayrılıqda təsəvvür etmək doğru sayıla
bilməz.
Akademik
bir problemi, polemik məqamı da ədəbi tənqidə münasibətdə görüb: "Ciddi elmi-nəzəri
yanaşmalardan çıxış edənlər ədəbi tənqidi
ədəbiyyatşünaslığın üzvi tərkib hissəsi olaraq qəbul edir və ona elmi
istiqamət kimi baxırlar. "Ədəbi tənqid müasir ədəbiyyatşünaslıq elminin ədəbi
prosesi öyrənən, izləyib araşdıran, ümumiləşdirib proqnozlar verən konkret bir
sahəsidir. Buna baxmayaraq, ədəbi tənqidi elm deyil, bədii yaradıcılıq sahəsi
sayanlar, hətta bəzən publisistika ilə eyniləşdirənlər də vardır”.(s.7).
Alimin fikir mövqeyi belədir: "Bizə görə ədəbi tənqidə belə
yanaşma daha çox yazıçı tənqidinə aid edilə bilər. Yazıçı tənqidində elmi təhlillərdən
çox ümumi yanaşmalar, zamanla səsləşmələr, müəyən təsvir və mülahizələr öz əksini
tapır. Ədəbi tənqid elmində isə konkret bədii təsvirlər, yaxud da ədəbi proses
müasir həyatın və sənətin, hətta, sənətkar fərdiyyətinin işığında təhlil edilib
sistemli şəkildə ümumiləşdirilir, nöqsanlar, çatışmazlıqlar müəyyən olunur,
yazıçıya çıxış yolları da göstərilir”.( s.7).
Akademik
İsa Həbibbəyli ədəbi tənqid üçün meyarları bunda bilib: Ədəbi tənqidin, tənqidçinin
əsas işi bədii əsərin üstünlüyü, özəlliyini aşkar edib dəyərləndirmək,
nöqsanlarını müəyyən edib, aradan qaldırılmaqdan ibarətdir. Alimin fikrincə, bədii
əsərin özəlliyini, novatorluğunu elmi şəkildə müəyyən etmək onun
nöqsanlarını göstərməkdən çətindir. Əsl
tənqidçi bədii əsərə yanaşmada hər iki cəhətə eyni səviyyədə diqqət yetirməlidir.
Bu məqamda ədəbi tənqid elmdir.
Görkəmli
alim ədəbiyyatşünaslıq elmini təkamül prosesində qiymətləndirib. "Ona görə də ədəbiyyatşünaslıq
elminin şöbələrinin, istiqamətlərinin təsnifləndirilməsinə də yenidən baxmaq” qənaətini
bildirib. Alimin problem-vəzifə hesab etdiyi bir xüsusi məqam da indiki şəraitdə
"folklorşünaslığın ədəbiyyatşünaslıq
elminin müstəqil sahəsinə çevrilməsi ilə bağlıdır”. (s.8). Ənənəvi cəhətləri
xatırladıb: "Hələ ki, folklor irsi, şifahi xalq ədəbiyyatı ədəbiyyatşünaslıq
elminin ədəbiyyat tarixi istiqamətinin
qaydaları ilə tədqiq olunur”. (s.8). Halbuki yazılı ədəbiyyatla şifahi xalq
ədəbiyyatının oxşarlıqları ilə
yanaşı, fərqli xüsusiyyətləri də elmi yanaşma tələb edir, folkloru ədəbiyyatşünaslıqdan
tədricən ayıran səbəbləri göstərir: şifahi xalq ədəbiyyatının toplanması və nəşrindəki
uğurlar, kitablar, kitabxanalar, folklor abidələri, tədqiqatlar məxsusi bir
bucaqdan elmi təhlil və dəyərləndirilmə meyarları meydana çıxarır. Bu səbəbdən
folklorşünaslıq ədəbiyyatşünaslığın xüsusi bir istiqamətinə, şöbəsinə çevrilib.Alim
bu qənaətdədir ki, ədəbiyyatşünaslıq elmi dəyişmədə, inkişafdadır, "sadəcə
elmin bu sahəsinin konkret problem üzrə yenidən araşdırılması haqqında düşünmək
meyli az olmuşdur”, "ədəbiyyatşünaslıq elminin şöbələrinin təsnif edilməsinə
dünya ədəbiyyatşünaslıq elmindəki yeni baxışların təzahürləri bizim mülahizələrimizə
də meydan açır. Heç istisna deyil ki, böyük ədəbiyyata daha masştablı baxış ədəbiyyatşünaslığın
bir elm sahəsi kimi strukturunun da yenidən qurulması ətrafında başqa fikirləri
də meydana çıxaracaqdır”. (s.8).
Akademik
İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının təcrübəsinə: təqdim etdiyi XX əsrin
əvvəlləri; II Dünya müharibəsi dövrü; Sovet dövrü və Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatşünaslığının mərhələlərinə xüsusi diqqət yetirib. Birinci mərhələni
sovet dövrünün ərəfəsi və bu dövrdə yetişmiş ədəbi-elmi nəsilə aid edib,
Firudin bəy Köçərli irsini elmin təməli, Əmin Abid, Hənəfi Zeynallı, Salman
Mümtaz, Bəkir Çobanzadə, Vəli Xuluflu, Əli Nazim, Mustafa Quliyev, Məmmədkazım
Ələkbərli, Mikayıl Rəfili, Cəfər Xəndan, Həbibulla Səmədzadəni bu mərhələnin
aparıcı simaları bilib. Feyzulla Qasımzadə, Abbas Zamanov, Mir Cəlal Paşayev,
Mikayıl Rəfili, Cəfər Xəndan isə gənc olduqlarına görə sonrakı mərhələyə keçib
və "bu görkəmli elm xadimləri böyük ədəbiyyatşünaslıq sarayının möhkəm qala
bürclərinə çevriliblər”. (s.10).
Ədəbiyyatşünas-alimin
səsləndirdiyi daha bir problem – vəzifə:
ədəbi dövrləşdirilmə baxımından XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına
yenidən diqqət yetirilməlidir. Alimin fikrincə, "XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı anlayışı XIX əsrin
axırlarından başlanan tənqidi-realist meyllərin qanunauyğun məntiqi davamı
olub, keçən yüzilliyin əvvəllərində xüsusi böyük inkişaf dövrünü yaşayan və nəhayət,
1937-ci ilin repressiyaları ilə tamamlanan konkret bir prosesi ifadə edir”.(s.10).
İkinci
Dünya müharibəsi dövrü Azərbaycan ədəbiyyatşünaslığını "döyüşçü-ədəbiyyatşünas formatında ədəbiyyatşünaslıq” kimi qiymətləndirən
akademik İsa Həbibbəyli onun davamını 1953-cü illə hüdudlandırıb. "Böyük Vətən
müharibəsindən sonra da ədəbiyyatşünaslıq bir müddət İkinci Cahan savaşında
sovet xalqına qələbə qazandıran lideri vəsf edən ədəbiyyata haqq qazandırmaq vəzifəsini
yerinə yetirməli olmuşdur. Əslində, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatşünaslığı
da əsas nümayəndələrinin taleyi repressiya hadisələri ilə faciəli şəkildə bitsə
də, ideoloji baxımdan 1953-cü ildə sona çatmışdır”.(s.10). Akademik İsa Həbibbəyli
milli sovet ədəbiyyatşünaslığını konkret öyrənmək tərəfdarı olub, onu müharibə
dövrünün ədəbiyyatşünaslığından ayırıb xüsusi öyrənməyə önəm verib. Hesab edib
ki, istisnalar nəzərə alınmazsa (sosializm ideologiyası, sosialist realizmi ədəbiyyatının
yaranması), fundamental Azərbaycan sovet ədəbiyyatşünaslığı XX əsrin 50-ci illərindən
sonra inkişaf tapıb, ədəbiyyatşünaslıq ədəbi prosesə daha çox müdaxilə edib,
monoqrafik tədqiqatlar daha çox meydana çıxıb.
Alim
dəyərləndirib ki, 1960-cı illərdən ədəbiyyatşünaslıqda ideoloji tələblərlə
yanaşı, xəlqilik, millilik meyilləri başlanıb,
onun yüksək inkişaf mərhələsi 70-80-ci illərdə olub. Nəticədə mükəmməl ədəbiyyatşünaslıq
məktəbi formalaşıb. "Tərəddüd etmədən demək olar ki, XX əsrin 70-80-ci illəri
Azərbaycan ədəbiyyatşünaslıq elminin qızıl dövrüdür. Beləliklə, Azərbaycan
sovet ədəbiyyatşünaslığı kimi başlanan proseslər milliləşmə, elmilik istiqamətində inkişaf edərək sovet dövrü Azərbaycan
ədəbiyyatşünaslığının formalaşması ilə nəticələnmişdir”.(s.11).
Tədqiqatçı
1960-70-ci illərin bir neçə elm xadimi üzərində xüsusi dayanıb, elmi-nəzəri dərinlik
və əhatəlik baxımından Məmməd Cəfər Cəfərovu ən uca zirvə bilib: Akademik dəyərləndirib ki, onun elmi
irsində ədəbi-tənqidi fikir ideoloji
baxışlardan çox üstün olub. "M.C.Cəfərovun elmi əsərlərində bədii ədəbiyyatın,
ədəbi prosesin daxili məntiqi təkamülü əsasında təhlillərin, müqayisələrin
aparılması, ümumiləşdirmələrin formalaşdırılması əksər məqamlarda baş
tutub”.(s.12). "M.C.Cəfərovun özünəməxsus ədəbiyyatşünaslıq konsepsiyası
vardır. Bu görkəmli alim Azərbaycan romantizmşünaslığının banisidir”. (s.12).
Akademik
İsa Həbibbəyli Həmid Araslını klassik ədəbiyyatın tədqiqi sahəsində məktəb,
akademiyanın müxbir üzvü Əlyar Səfərli, akademik Teymur Kərimli və professor Xəlil
Yusiflini bu məktəbin yetirmələri kimi qiymətləndirib.Ədəbiyyatşünas-alim
Məmməd Arif Dadaşzadənin XX əsr Azərbaycan
ədəbiyyatı üzrə tədqiqatlarını, Cəfər Cabbarlı və Səməd Vurğun haqqında
sanballı monoqrafiyalarını əhəmiyyətli
elmi hadisə hesab edib, Mikayıl Rəfili,
Mir Cəlal Paşayev və Cəfər Xəndanın tədqiqatlarına ədəbiyyat nəzəriyyəsi üzrə
elmin möhkəm bünövrəsi kimi dəyər verib, Məhəmmədhüseyn Təhmasibə Azərbaycan
folklorşünaslığının Jirmunskisi, Əli Sultanlıya antik ədəbiyyatın tədqiqatçısı
və təbliğatçısı, Feyzulla Qasımzadə, Abbas Zamanov və Əziz Mirəhmədova Firudin
bəy Köçərlinin ədəbiyyat tarixçiliyi məktəbinin davamçısı, Kamal Talıbzadəyə tənqid
tarixi, Əziz Mirəhmədova Azərbaycan mətnşünaslıq məktəbinin yaradıcısı səviyyəsindən
nəzər yetirib, M.C.Cəfərov məktəbində yetişmiş Yaşar Qarayevin özünü də bir ədəbi
məktəb bilib. "Yaşar Qarayevin Məmməd Cəfər Cəfərova həsr etdiyi elmi-fəlsəfi
esse mütəfəkkir, ustad ədəbiyyatşünas-alim haqqında, hətta bəlkə d,ə bütövlükdə
ədəbiyyatşünaslıq elmi haqqında uverturadır”.(s.13). Alim ümumiləşdirib ki, "Məmməd
Cəfər Cəfərov – Yaşar Qarayev münasibətləri Azərbaycan ədəbiyyatşünas-lığında
ustad – davamçı – ustad modelinin nadir və əhəmiyyətli nümayəndələrindən
biridir. M.C.Cəfərov – Yaşar Qarayev ustad-davamçı münasibətləri bir çox yeni
elmi nəsillərin formalaşdırılması, hazırlanması baxımından hər iki tərəf üçün
nümunəvi, ibrətamiz bir model kimi qəbul olunmağa layiqdir”.(s.13). Müəllif ”Ədəbi-tarixi yaddaş və müasirlik”
kitabında bütün bunların təfərrüatlarına varıb.
Akademik
İsa Həbibbəyli Müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığı və onun yaradıclıq metodu problemlərinə də
xüsusi yer ayırıb. Problemlərdən biri budur ki, alim sovet ideologiyasının təsirləri, tədqiqat üsulları və təhlil
metodlarından xilas olmağı, milliləşmə prosesini genişləndirməyi Azərbaycan
ədəbiyyatşünaslığının həlli vacib vəzifələrindən hesab edib. Haqlı olaraq qeyd
edib ki, bu mərhələdə ədəbiyyatşünaslıq publisistikaya meyillənib, vətəndaşlıq
məsuliyyətini ifadə edib, "elmi
publisistika bədii publisistikanı üstələmiş,
ədəbiyyatşünaslığın da bir çox funksiyalarını əhatə etmişdir. Ədəbiyyatşünaslıq
ədəbiyyatda milli idealların və ictimai proseslərin qiymətləndirilməsinə,
araşdırılıb ümumiləşdirilməsinə daha çox diqqət yetirmişdir”. (s.13).
Alim
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığının təşəkkülünü XX əsrin 80-ci
illəri ilə bağlayıb, azərbaycançılığa, millilik, xəlqilik və vətəndaşlıq qayələrinə
yüksək dəyər verib. Hesab edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün elmi ədəbiyyatı
zaman məhdudluğu, milli proseslərin xaotik xarakterinə görə xüsusi mərhələyə
çevrilə bilməyib, "Azərbaycan ədəbiyyatşünaslığı elmində keçən yüzilliyin 80-ci
illərindən başlanan milliləşmə prosesləri, vətəndaşlıq pafosu 90-cı illərin
axırlarına qədər özünün keçid dövrünü yaşayıb”. (s.14). Müəyyən geriləmə nəzərə
alınmaqla "XXI əsrin başlanğıcından sonra müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığında
irəliləyiş və inkişaf qaçılmaz bir prosesə çevrilib”.(s.14). nMüəllif qiymətləndirib
ki, müstəqillik dövrünün ədəbiyyatşünaslığı əslində azərbaycanşünaslığın tərkib
hissəsi olub, vətən, millət, torpaq, tarixi yaddaş, soykökə qayıdış, milli-mənəvi
özünüdərk, milli birlik və dirçəliş proseslərinin problem-mövzuları onu zənginləşdirib.
"Eyni zamanda çoxəsrlik milli ədəbi ənənələrin yenidən dəyərləndirilməsi əsasında
tədqiqatların meydana çıxması da müstəqillik mərhələsi ədəbiyyatşünaslığının
ana xəttini təşkil edir”. (s.14).
Ədəbiyyatşünas-alim
bunu da uğurlu hesab edib ki, müstəqillik dövrünün Azərbaycan ədəbiyyatşünaslığı
dünya elminə inteqrasiyada ideoloji prinsipləri yox, real əlaqələrin tədqiqini
diqqətdə saxlayıb. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda açılmış
yeni şöbələr: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, Azərbaycan mühacirət ədəbiyyatı,
Nizamişünaslıq, Ədəbi tənqid, Mətbuat tarixi və publisistika, Füzulişünaslıq
sektoru, Elmi nəşrlər və proqnozlaşdırma şöbələri, habelə, "Ədəbi əlaqələr”
("Azərbaycan ədəbiyyatşünaslığı”), "Poetika.İzm” dərgiləri, "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”
ikicildliyi həm də bu vəzifəyə xidmət edib.
Akademik
İsa Həbibbəylinin irəli sürdüyü problemlərdən biri də müstəqillik dövrü Azərbaycan
ədəbiyyatında (habelə, ədəbiyyatşünaslığında – Ə.Ə.) yaradıcılıq metodu məsələsidir. Problem-sual belə qoyulur: Yeni dövr Azərbaycan ədəbiyyatının
yaradıcılıq metodu necə olmalıdır? Alim bir yaradıcılıq müşavirəsi keçirməyi
və ya bir monoqrafik tədqiqatın aparılmasını vacib bilir. Alimin fikrincə "...
Müstəqil və demokratik Azərbaycan cəmiyyətinin ədəbiyyatında vahid yaradıcılıq
metodu yox, ədəbi prosesdə baş verən bir
neçə əsas istiqaməti əks etdirən yaradıclıq metodları olmalıdır. Artıq ədəbi
prosesdə realizmin davamlı ənənələri ilə yanaşı, tənqidi realizm, sürrealizm,
neorealizm kimi yeni təzahürləri də müşahidə olunur. Postmodernist baxış da ədəbi
prosesdə müvazinətini saxlayaraq yaradıcılıq metoduna çevrilmək imkanı qazana
bilər. Romantizm və sentimentalizm də Azərbaycanın yeni dövr ədəbiyyatında
görünməkdədir. Eksperimental izmlərə də rast gəlmək mümkündür”.(s.15). "Ədəbiyyatşünaslıq
elmi həmin yeniləşmənin mahiyyətini izah etməlidir”. (s.16). Bu baxımdan
alimin ədəbi dövrləşdirmənin yeni elmi
konsepsiyası tarixi-nəzəri əhəmiyyətə malikdir. (Bax. "Azərbaycan ədəbiyyatı tarixi”. 10 cilddə. Birinci cild. Bakı: "Elm”, 2018).Alimin
qənaəti belədir ki, "davamlı yaradıcılıq metodları yeni ədəbi cərəyanları
doğurmalıdır. Realizm və romantizm Azərbaycan ədəbiyyatında doğma, oturaqlı
olduğu üçün öz yoldaşlığını bir qədər yeniləşmə ilə davam etdirir. Amma hələ bu
ənənəvi metodlar, yaxud cərəyanlar da konkret tarixi şəraitdə yeni mərhələyə
çevrilə bilməyiblər”.(s.16). Akademik məntiqi mühakimələrində bir suala cavab
arayıb: "Məsələn, XX əsrin əvvəllərində meydana çıxan tənqidi realizm XVIII əsrdə
M.P.Vaqifdən, sonra M.F.Axundzadədən keçib gələn realizmin yeni inkişaf mərhələsi
idi. Bu mənada indiki Azərbaycan realizmi, yaxud da digər izmlərdən hər hansı
biri yeni mərhələ səviyyəsinə gəlib çatmışdırmı?” (s.16). Fikir müəllifi hesab
edib ki, müstəqillik dövrünün ədəbiyyatında bu problem aktualdır, həllini gözləyir.
Ədəbiyyatşünasın qənaəti belədir ki, postmodernizmin, sentimentalizmin (və
başqa izmlərin – Ə.Ə.) ədəbi cərəyan olması üçün bir neçə yazıçının, sənətkar
qrupunun olması, yazıb-yaratması, yaradıcılıq birliyi vacibdir. Hazırda konkret
"izm” ətrafında cəbhə zəifdir. Ədəbi cərəyan zamanın göstəricisidir. Alim
bildirib ki, magik realizm İsa Hüseynov yaradıcılığında metod kimi müşahidə
olunub. Dünya ədəbiyyatında Q.Q.Markesin simasında qəbul edilmişdi. Azərbaycanda
isə böyük siyasi-tarixi proseslərin fonunda yeni düşüncələr, yeni yanaşma
üsulları doğulur. Akademik İsa Həbibbəyli tarixin ədəbi təcrübəsini görmək istəyir:
"Bütün bunlarla bərabər, magik realizmin Azərbaycan ədəbiyyatında ədəbi cərəyana
çevrilməsi üçün mollanəsrəddinçilər, yaxud füyuzatçılar kimi konkret zaman çərçivəsində,
eyni dövrdə bu istiqamətdə yazıb-yaradan yazıçı və şairlərin yaradıcılıq
birliyi prosesi baş verməlidir”. (s.17). Fakt isə göstərir ki, yaradıcılıq
birliyi, məfkurəvi ədəbi cəbhə zəifdir,
magik realizmin ədəbi cərəyan şansı azdır. "Çünki eyni ədəbi ideya və
üsullar ətrafında cəmləşmək üçün konkret ədəbiyyat liderini müəyyən ideya əsasında
təsəvvür etməklə, əsasən, ənənəni yaşatmaq mümkün olur ki, bu da ədəbi cərəyan
yox, ədəbi məktəb yaratmaq üçün daha yetərlidir”. (s.17). Təsadüfi deyil ki,
alim ”Azərbaycan ədəbiyyatı tarixi”nin
dövrləşdirilməsinin yeni elmi konsepsiyasında xeyli tezis, mühüm elmi müddəa irəli sürüb.
"Ədəbiyyatşünaslıq
elminin yeni nəsli” bölməsində akademik İsa Həbibbəyli yeni elmi kadrların
hazırlanmasının vacibliyindən danışıb. Yazıb ki: "Milli azadlıq uğrunda gedən
mübarizələrin, dövlət müstəqilliyinin möhkəmləndirilməsi yollarında baş verən
hadisələrin, yaşanan ictimai-tarixi proseslərin şahidi, iştirakçısı, bir çox
hallarda qurucularından olan yeni elmi nəsil üçün Azərbaycan elminin inkişaf
etdirilməsi geniş mənada doğma ölkə, müstəqil dövlət qarşısında qəbul olunmuş
öhdəlikdir”. (s.17). Şübhəsiz ki, bu məqsəd və vəzifə ölkə başçısının elm sahəsində
irəli sürdüyü siyasətin tələblərindən irəli gəlib: "Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin uğurla və məqsədyönlü şəkildə həyata keçirdiyi gənclər
siyasəti cəmiyyətin digər sahələri ilə birlikdə elm sahəsində, ədəbiyyatşünaslıq
istiqamətində də yeni nəsillərə diqqəti, qayğını və tələbkarlığı daha da
artırmağı tələb edir”. (s.18). Alim davam edib: "Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti akademik Akif Əlizadənin təşəbbüsü və rəhbərliyi ilə
gənc alimlərin inkişafına həsr edilmiş proqramların ardıcıllıqla həyata
keçirilməsi, elmin gələcəyi ilə bağlı kompleks vəzifələrin həllinə inamla
baxmağa əsas verir. Milli Elmlər Akademiyasında Gənc Alim və Mütəxəssislər
Şurasının yaradılması, gənc alimlərin dünyanın əsas elmi mərkəzinə təcrübəyə
göndərilməsinin təmin edilməsi, yeni elmi nəsil üçün xüsusi jurnalın təsis
olunması, gənclərin sosial problemlərinin həll edilməsi sahəsində başlanan
canlanma elmdə gəncliyin sabahına ümidlə baxmağa inam yaradır”. (s.18).
Görkəmli
ədəbiyyatşünas "2013 – Ədəbi proses” yaradıcılıq müşavirəsində gənc-lərin fəallıq
və işgüzarlığını xüsusi qeyd edib, Rahid
Ulusel, Şəmil Sadıqov, Eşqanə Babayeva, Elnarə Akimova, Salidə Şərifova, Maral
Yaqubova, Aygün Bağırlı, Günay Qarayeva, Nərgiz Cabbarlı, Aynur Xəlilova, Səadət
Vahabova, Aynurə Mustafayeva, Mehman Həsənov, Cavidə Məmmədovanın adlarını çəkib,
"Ədəbiyyat məcmuəsi”nin onlar üçün
xüsusi buraxılışını çap etdirib. Alim əlavə edib: "Dünya ədəbiyyatşünaslıq
elmində baş verən prosesləri də öyrənmək inkişaf üçün əsas məsələlərdəndir.
Bunun üçün xarici dilləri öyrənməyə çalışmaq lazımdır. Eyni zamanda, yeni nəsil
Azərbaycan ədəbiyyatşünaslığının müasir informasiya texnologiyalarını nəinki
mükəmməl bilmələrinə, bütövlükdə virtual məkanda mövcud olan elektron ədəbiyyatdan
və ədəbiyyatşünaslıq əsərlərindən yaradıcı şəkildə faydalanmalarına da ehtiyac
vardır”. (s.20).
Akademik
İsa Həbibbəyli dəyərləndirib ki, orta nəsil milli ədəbiyyatşünaslıq elmində ön
mövqedədir, təcrübəlidir, yeni elmi gəncliyə
qayğı göstərir, kömək edir. Alim hesab edir ki, "yeni ədəbiyyatşünaslar nəslinin
sıralarında böyük ədəbiyyatşünaslıq miqyasında düşünə bilən, sərrast yazmağı və
danışmağı bacaran, mütaliəsi ilə seçilən istedadlı gənclik vardır. Vəzifə
onlara yalnız tələbkar olmaqla bitmir. Yeni elmi nəslə həm də meydan açmaq və dəstək
vermək də zəruridir”. (s.20). Akademik İsa Həbibbəyli 10 cilddə və 7 cilddə Azərbaycan ədəbiyyatı tarixlərinin
hazırlanmasında cavan ədəbiyyatşünasların müəyyən rolunu da xüsusi diqqətə
çatdırıb. Təsadüfi deyil ki, akademik İsa Həbibbəylinin baş redaktor olduğu "Ədəbiyyat məcmuəsi”nin (hazırda "Azərbaycan
ədəbiyyatşünaslığı”) XXIV cild xüsusi buraxılışında Ədəbiyyat İnstitutunun
qurucuları, habelə, milli ədəbiyyatşünaslığın görkəmli şəxsiyyətləri haqqında
yazılmış məqalələrin də müəyyən qismi yeni nəslin, elmi gəncliyin üzərinə
düşüb.
Biz
Elm günü münasibətilə ölkəmizin elm-təhsil ictimaiyyətini, habelə, Akademiyamızın,
müqəddəs elm məbədimizin rəhbəri, akademik,
çox hörmətli Akif Əlizadəni, onun komandasını, vitse-prezident,
institutumuzun direktoru, akademik, çox hörmətli İsa Həbibbəylini, ümumən
akademiyamızın hər bir əməkdaşını ürəkdən təbrik edir və onlara elmi-təşkilati
fəaliyyətində yeni uğurlar arzulayırıq.
Əlizadə Əsgərli