• cümə, 29 Mart, 09:37
  • Baku Bakı 5°C

Azərbaycan dövlətinin gənclər siyasəti gənclərin iştirakı ilə formalaşır

13.05.13 11:34 11829
Azərbaycan dövlətinin gənclər siyasəti gənclərin iştirakı ilə formalaşır
Azərbaycan dövlətinin gənclər siyasəti bilavasitə gənclərin iştirakı ilə formalaşır, onların iştirakı ilə həyata keçirilir və bu siyasətin həm formalaşması, həm də həyata keçirilməsi mərhələsi, həm də gələcəklə bağlı planlar gənclərdən gəlir. Dövlət bu təklifləri sistemləşdirir və həyata keçirir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın iclasında Prezident Administrasiyasnın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında deyib.
Həsənovun sözlərinə görə, o yerdə ki, fəaliyyət kortəbii deyil, planlı şəkildə, aşağıdan gələn təkliflərlə, bu sahəyə aid olan şəxslərin ideyaları əsasında formalaşır, belə siyasət həmişə davamlı, daha praktik və praqmatik olur:
"Gənclərin çıxışını dinlədikcə, sabaha daha arxayın addımlamaq və gələcəyə ümidlə baxmaq olar. Əgər vətəndaş nikbindirsə, deməli sabaha ümid və inam var. İnsanların fəaliyyəti şüurludursa, konkret hədəflərə ünvanlanıbsa, o siyasəti yürüdənlər iradəlidirsə, deməli, müvəffəqiyyətdən danışmaq olar. Gənclərin Prezident İlham Əliyevin dəstəkləməsini alqışlayıram, hesab edirəm ki, bu, sizin süurlu seçiminizdir. İlham Əliyevin prezident seçkilərində namizədliyinin dəstəklənməsi əminəm ki, sizdən gələn ideyadır. Bunu sizə nə Gənclər və İdman Nazirliyi, nə də Prezident Administrasiyası məcbur etməyib və ya müdaxilə etməyib. Əminəm ki, bu seçiminizdə yanılmamısınız, şüurlu seçim etmisiniz. Düşünürəm ki, İlham Əliyevin indiyə kimi idarəçiliyində olduğu kimi siz gənclər onun fəaliyyətində bilavasitə əsas iştirakçılardan biri olacaqsınız".
Həsənov ümummilli lider Heydər Əliyevin gənclərə verdiyi töhfəsindən də söz açıb.
PA rəsmisi deyib ki, 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra gəncləri İttifaq səviyyəsində tanınmış ali təhsil müəssisələrinə oxumağa göndərdi:
"Bu, Azərbaycanın kadr potensialının inkişaf etdirilməsinin başlanğıcı idi. Qısa müddətdə 15 min Azərbaycan gənci SSRİ-nin 150-dən artıq tədris müəssisəsində 275 ixtisas üzrə hazırlandı və bu gün onlar ölkənin dövlət quruculuğunda iştirak edirlər. Heydər Əliyev 1969-1987-ci illərdə Azərbaycanın kadr potensialının inkişafı sahəsində inqilabi addımlar atdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən sonrakı xidməti də gələcək nəsillərin yetişməsinə yönəlmişdi".
Həsənov bildirib ki, indiki ictimai-siyasi modelin beş tələbi var. Bunlar dövlətçilik, qanunçuluq, cəmiyyətdə sosial ədalət, vətəndaş prinsipiallığı və həmrəyliyidir:
"Bu gün də bizim söykəndiyimiz əsas məqam bunlardır. 1992-ci ildə hərə bildiyi şüarı cəmiyyət idarəçiliyinin, daxili siyasətin prinsipi elan edirdi. Biri deyirdi ki, türkün türkdən başqa dostu yoxdur, digəri bildirirdi ki, Azərbaycan tezliklə İrana bayraq sancmalıdır və Cənubi Azərbaycan ilə birləşməliyik və möhtəşəm dövlət yaratmalıyıq. Hətta bəziləri deyirdi ki, bizim əsas milli ideyamız Çindəki uyğurları azad edib möhtəşəm dövlət yaratmaqdır. Hələ həmin vaxtlar özümüzün azad olub-olmayacığımız bəlli deyildi. Bu prinsiplər cəmiyyətimizi içəridən dağıdırdı. Heydər Əliyevin qoyduğu ideya isə bu gün də ölkənin inkişafına xidmət edir. Azərbaycançılıq dövlətimizə bağlıdır, bu ideya dövlətin imkanlarından bərabər bəhrələnmək imkanı da yaradır. Azərbaycançılıq vətəndaş həmrəyliyidir və milli mənsubiyyəti inkar etmir. "Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir". Ümummilli liderimiz bunu belə bəyan edib. Hər bir insanın zənginliyi bizim mədəniyyətin təməlində durur. Bu mədəniyyətə ləzgilərin, kürdlərin, talışların və Azərbaycanın digər yerli xalqlarının inteqrasiya etdiyi bütün o cəhdləri çıxsaq, mədəniyyətimizdə nə qalar? Bizim mədəniyyətimiz Azərbaycanda yaşayan xalqların mədəniyyətinin məcmusudur".
PA rəsmisi bildirib ki, İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin dəstəklənməsi və onun 3-cü dəfə prezident seçilməsi üçün gənclərin iradəsi ortadadır:
"Bu iradəni dəyərləndiririk. Əminəm ki, qarşıdan gələn seçkilərdə, İlham Əliyevin namizədliyi rəsmi şəkildə irəli sürüləndən sonra gənclər təşkilatları şüurlu şəkildə İlham Əliyevin gələcək fəaliyyətində özünü, təşkilatını və gələcəyini görəcəklər. İlham Əliyevin bugünkü gənclər siyasəti nəyə yönəlir? Gənclər siyasəti ilə bağlı Dövlət proqramına 100 milyondan artıq vəsaitin ayrılması nəzərdə tutulub. Faktiki olaraq, təhsil, sosial və digər layihələrimiz də gənclərlə bağlıdır".
Həsənov bildirib ki, gənclərə ipoteka kreditinin verilməsi məsələsini Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında ciddi tapşırıq kimi qarşıya qoydu:
"Azərbaycanın neftdən gələn gəlirlərindən gənclər daha asan şəkildə, daha praktik formada istifadə etmək imkanına malik olmalıdırlar. İpotekanın həcmi artırılmalı, istifadəsi asanlaşdırılmalıdır. Hər bir gənc ipotekadan istifadə edib öz təhsilini, yaşayışını, ailə planlaşdırılmasını, mənzil problemlərini həll etməlidir. Belə Prezidenti dəstəkləməyib, kimi dəstəkləmək lazımdır? Bu gün bəziləri deyirlər ki, biz gələcəyik, bunu və ya onu edəcəyik. Ancaq faktiki olaraq ortada dövlətin iradəsi var, bu iradənin reallaşdırılması üçün ortada Dövlət proqramı var. Ona görə də biz bu gün açıq alınla bütün opponentlərimizin və vətəndaşların qarşısına çıxa bilərik və onların qarşısında seçimimizin şüurlu olduğunu söyləyə bilərik".
Həsənovun sözlərinə görə, bəzən xarici təşkilatlar Azərbaycan dövlətinə böhtan atırlar. Özü də təəssüflər olsun ki, onların atdığı böhtanlarda bir mexanizm kimi bizim gənclərimizdən istifadə olunur:
"Gənclərimizin bəzilərini yolundan azdırırlar, dövlətçilik istiqamətində fəaliyyətdən çəkindirirlər, ayrı-ayrı çirkli mərkəzlərdən maliyyələşən qrantlarla onları qeyri-sağlam, antimilli yola sövq edirlər və onların informasiyası əsasında dövlətimizi, millətimizi xaricdə biabır edirlər, bizim yürütdüyümüz siyasətin mahiyyətini təhrif edirlər və sözün həqiqi mənasında dövlət quruculuğu və idarəçiliyi ilə gənclər arasında uçurum yaratmaq istəyirlər. Əgər süurlu gənclər onlara reaksiya və dirəniş verməsə, əlbəttə, onlar bu hədəflər sırasına normal gəncləri də alacaqlar. Azərbaycan bu gün 20 ildir formalaşmış və özünü tam təmin edən dövlətdir. Ancaq hər bir dövlətin gücü onun vətəndaşlarının iradəsi ilə ölçülür".
Qeyd edək ki, bu gün Gənclər və İdman Nazirliyinin yanında fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın iclası keçirilib. Tədbirin sonunda Prezident İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul edilib.
banner

Oxşar Xəbərlər