Azərbaycan dili - azərbaycanşılığın mənəvi əsası kimi
"Sən ancaq rus dilində danış, yoxsa yoldaşlarından
geri qalacaqsan”- deyə küçədə bir valideynin azyaşlı qızına tövsiyəsini eşidəndən
sonra ”niyə öz dilimizdə danışa-danışa böyüməyək” sualından çox "Görən başqa
xalqlar da özgə xalqların dilinə belə sevgi göstərirlərmi” sualına cavab
axtardım. Xarici ölkələrdə səfərdə olarkən öncə xalqların öz dillərinə münasibətinə
diqqət yetirirəm. Fransızların dillərinə sonsuz sevgilərini müşahidə etmişəm.
Onlara dünyada beynəlxalq dil hesab edilən ingilis dilində müraciət edəndə dili
bilsələr belə, yenə də fransızca cavab vermələrini eşitmişəm. Polşada nə
ingilis dilində reklamlara rast gəlmək olur, nə də restoran, kafe və s. adlara.
Hətta Varşavada hava limanında təyyarədən enib şəhərə getmək üçün nəqliyyata
bilet almaq istəyərkən aparatın qarşısında dəqiqələrlə dayanıb polyak dilindən
baş çıxarmağa çalışırsan. Almanlar da "başqa dilləri sevmək ünsiyyətin inkişafı
üçün gözəl məqamdır, ancaq öz dilini sevəndən sonra”- deyə dillərinə sevgini
nümayiş etdirirlər.
Bizdə isə vəziyyət fərqlidir. Belə ki, başqa dillərdə
danışmağa, ingilis və ya s. dilləri öyrənməyi kütləviləşdirməyə təkcə
özünüinkişaf, zamanla ayaqlaşmaq və ya ünsiyyətin zənginləşməsi kimi yox, daha
çox dəb, "qonşudan qalma dala” prinsipi kimi yanaşılır. Xüsusən son illərin
tendensiyası bunu deməyə əsas verir. Universitetlərin auditoriyasından,
AMEA-nın institutlarının dəhlizlərindən tutmuş, klinikalara, idarə və təşkilatlara
qədər hər yerdə dilimizə etinasızlığa rast gəlmək olur. Dilimizin normaları
efirdə, mətbuatda, sosial mediada, cəmiyyətdə və s. kobudcasına pozulur.
Bu, zəngin dildir
Ötən illər ərzində Azərbaycan dilinin rəsmi
statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsinə dair müxtəlif qanun, fərman
və sərəncamlar təsdiq edilib. Dövlət dilinin həyatın hər bir sahəsində qeyd-şərtsiz
işləkliyinin genişləndirilməsini və saflığının qorunmasını nəzərdə tutan bu sənədlər
ölkədə dövlət dilinin tətbiqinin normativ hüquqi əsaslarını və icra mexanizmini
tam müəyyən edib. Bütün bunlar Azərbaycan dilinə məhz dövlətçiliyin əsas
atributlarından biri kimi yanaşmanın bariz nümunəsi, dövlətin yüksək diqqət və
qayğısının aydın təzahürüdür. Atılan addımlar ədəbi dilin daha da zənginləşməsi
və tətbiq dairəsinin genişlənməsi baxımından son dərəcə əhəmiyyətli olub.
Ulu
öndər Heydər Əliyev dövlət quruculuğu siyasətində
Ana dili məsələsinə xüsusi yer ayırıb. "Müstəqil Azərbaycan dövlətinin əsas
ideyası azərbaycançılıqdır.Hər bir azərbaycanlı öz
milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan
dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq”- deyən ümummilli lider Azərbaycan
dilini azərbaycançılığın mənəvi əsası kimi dəyərləndirirdi. Azərbaycançılıq
ideologiyasını mükəmməl bir ideoloji təlim kimi ölkənin dövlət siyasətinə çevirən
ulu öndər "Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm
ki, öz dilimizlə - Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu,
zəngin dildir, artıq dünyada tanınmış dildir” - deyirdi. Müstəqil Azərbaycanın
1995-ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan
Respublikasının dövlət dili kimi təsbiti ilə yanaşı, "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında” və "Azərbaycan əlifbası və Azərbaycan dili
gününün təsis edilməsi haqqında” fərmanlar da ulu öndərin hakimiyyətdə olduğu
illərdə imzalanıb. Həmçinin "Azərbaycan Respublikasında dövlət dili haqqında”
qanun və dil siyasəti sahəsində normativ hüquqi aktlar və digər tədbirlər ölkəmizdə
dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən edib.
Prezident İlham Əliyevin ulu öndərin dilimizlə
bağlı siyasətini davam etdirərək "Azərbaycan Milli Ensiklopediyasının nəşri
haqqında” və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” sərəncamları da latın qrafikalı yeni Azərbaycan əlifbası
ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap
olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi
baxımından əhəmiyyətli olub. Bu addım, həmçinin dilçiliyin əsaslı inkişafına təkan
verib. Eyni zamanda, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı
baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi
dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif
sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanması dövrün tələbinə çevrilib.
Ölkə başçısının "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında sərəncamı da bu zərurətdən irəli gəlib.
2018-ci il noyabrın 1-də imzalanan son sərəncam –
"Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da
təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” fərmanda qeyd edilən
Monitorinq Mərkəzinin yaradılması bu istiqamətdə problemlərin açarı kimi
görünür. Hesab edilir ki, Monitorinq Mərkəzi
hüquqi publik şəxs kimi fəaliyyətə başlayandan sonra ədəbi dil normaları ilə
bağlı məsələlər öz həllini tapacaq.
AMEA üzərinə düşən vəzifələri yerinə
yetirib
AMEA-nın vitse-prezidenti, millət vəkili
İsa Həbibbəyli "Kaspi”yə açıqlamasında ölkədə dil siyasətinin uğurla həyata
keçirildiyini bildirdi: «Ölkə başçısının sərəncamı ilə Monitorinq Mərkəzinin
yaradılması ilə bağlı AMEA öz üzərinə düşən vəzifələri yerinə yetirib. Monitorinq
Mərkəzinin əsasnaməsi hazırlanıb və inzibati təşkilati məsələlərə dair müvafiq
qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə göndərilib. Nazirlər Kabineti qərarı
təsdiqləyəndən sonra həmin qurum fəaliyyətə başlayacaq. Dil və Monitorinq Mərkəzi
müstəqil qurum olacaq və AMEA ilə əlaqəli şəkildə işləyəcək”. Akademik qeyd
etdi ki, yeni orfoqrafiya qaydalarının hazırlanması ilə bağlı geniş müzakirələr
də keçirilib: "Yeni orfoqrafiya qaydaları müstəqillik dövrünün ilk orfoqrafiya
qaydaları olacaq. Geniş ictimaiyyətin iştirakı ilə keçirilən müzakirələr artıq
başa çatıb. Bir neçə vaxtdır ki, orfoqrafiya qaydaları təsdiq olunmaq üçün
Nazirlər Kabinetinə göndərilib. Nazirlər Kabineti uyğun qurumlara aid rəyini
aldıqdan sonra qaydalar təsdiq olunacaq və onun əsasında yeni lüğət
hazırlanacaq. Bizdə olan məlumata görə yaxın vaxtlarda bu qaydalar Nazirlər
Kabinetində təsdiq olunacaq. Paralel olaraq orfoqrafiya lüğəti üzərində iş
gedir. Mübahisə doğurmayan, yeni qaydalara uyğun olmayan çoxsaylı sözlər var
ki, onları lüğətdən ayırmaq mümkündür. Bu istiqamətdə Nəsimi adına Dilçilik
İnstitutu öz fəaliyyətini davam etdirir”. İ.Həbibbəylinin sözlərinə görə,
Monitorinq qrupu da efirdə yol verilən qüsurlarla bağlı monitorinqləri davam
etdirir. Qrup təkliflərini aidiyyatı qurumlara göndərir.
Əgər biz azərbaycanlıyıqsa...
AMEA Dilçilik İnstitutunun Monitorinq
şöbəsinin müdiri Sevinc Əliyeva bizimlə söhbətində bildirdi ki, Monitorinq Mərkəzinin
yaradılması istiqamətində institut öz təkliflərini verib: «Ümid edirəm ki, Monitorinq
Mərkəzi geniş istiqamətdə fəaliyyət göstərəcək. Ancaq mərkəzin fəaliyyətinin nə
vaxt başlayacağı ilə bağlı məlumatım yoxdur. Bizim təkliflərimiz sırasında Azərbaycan
ədəbi dilinin tətbiqi, Monitorinq qrupunun fəaliyyəti nəticəsində üzə çıxan
qüsurların aradan qaldırılması öz əksini tapıb. O cümlədən, reklamlarda,
televiziya aparıcılarının nitqlərindəki qüsurlar və s. sahələrdə dillə bağlı
boşluqların aradan qaldırılması üçün təkliflər verilib. Hətta, cərimələrin tətbiq
olunması ilə bağlı təkliflər də yer alıb. Ümid edirəm ki, o təkliflər təsdiq
olunsa, dil normalarının pozulması ilə bağlı qüsurlar tezliklə aradan qaldırılacaq”.
Azərbaycan dilinin azərbaycançılıq ideyasının tərkib hissəsi kimi dəyərləndirilməsinə
gəlincə, S.Əliyeva bildirir ki, buna bütün cəmiyyət olaraq çalışmaq lazımdır:
”Dilimiz azərbaycançılıq ideologiyasının mühüm elementidir. Azərbaycançılıq
ideyası hər yerdə prioritet olmalıdır. Dünyanın harasında oluruqsa olaq, əgər
biz azərbaycanlıyıqsa, Azərbaycan vətəndaşı olaraq bütün fəaliyyətimizdə bunu nəzərə
almalıyıq. Öz yaşadığımız məkanda isə Azərbaycan dilini mükəmməl bilməliyik.
Bu, bizim vətəndaş olaraq borcumuzdur. Ailədə doğulan körpə dil açdığı gündən
bu, onun yaşamına sızmalıdır. Dilə sevgi, diqqət bizim ruhumuza hopmalıdır. Azərbaycançılıq
hər bir yerdə öz millətini təmsil etmək, öz dilinə, adət-ənənəsinə mükəmməl bələd
olmaqdır. Azərbaycan dilinin gözəlliyini dərk edərək biz bu qaydalara riayət
etməliyik. Biz öz dilimizdə danışmaqla fəxr edək. Həqiqətən də Azərbaycan dili
dünyanın ən zəngin dillərindən biridir. Biz öz klassiklərimizi oxusaq,
folklorumuza dərindən bələd olsaq, övladlarımıza bu yöndə tərbiyə versək, təhsillərinə
də diqqət yetirsək, bu sahədə irəliləyişə nail olarıq. Xarici dildə danışmaq
yaxşıdır, ancaq Xalq şairi Bəxtiyar Vahabzadənin dediyi kimi: «Heç bir dil
duruş gətirməyib mənim öz dilimə çevriləcək, mən öz dilimdə dərk edəcəyəm» sözlərindən
gözəl heç nə ola bilməz”.
Hər kəs üzərinə
düşən vəzifəni icra etsə...
Təbii ki, dilin qorunması istiqamətində vətəndaş cəmiyyətinin
də üzərinə böyük məsuliyyət düşür. Elə bu yaxınlarda Facebook-da
"İstanbuldan Bakıya uçan rus təyyarəsi” adlı status paylaşaraq vətəndaşlıq
mövqeyini nümayiş etdirən Azərbaycan Dil Qurumunun sədri Sabir Rüstəmxanlınındilimizə ögey münasibət göstərilməsi ilə bağı kəskin narazılığı yer alıb: "Dövlət
dilindən imtina da elə dövlətin torpağından imtina kimi bir şeydir; bu da
satqınlıqdır. Xarici dilləri öyrənmək vacibdir, lakin bu, ana dilini bilməmək,
ana dilində oxumamaq, ana dilindən imtina səviyyəsindədirsə, mənə görə, bu,
dövləti cinayətdir” - deyə o qeyd edib. Dil Komissiyasının üzvü qəzetimizə
açıqlamasında bu sahədəki problemləri birgə həll etməyin
mümkünlüyünü bildirdi: "Ana dilimizin terminoloji cəhətdən zənginləşməsi, türk
dilləri ilə əlaqəsi, elmi, fəlsəfi, tarixi üslublarının inkişafı, beynəlxalq
imicinin güclənməsi, rusdilli məktəblərdə ana dilinin yüksək səviyyədə tədrisi,
reklam məsələləri, xarici ölkələrdən gələn brend adların işlənmə mexanizmi və
s. məsələlərdə problemlər var”. S.Rüstəmxanlı həmçinin KİV-də ədəbi dil
normalarının pozulduğunu bildirir: "Bu problemlərin həlli üçün hər kəs üzərinə
düşən vəzifəni yerinə yetirməlidir. Bu baxımdan, QHT-lərin, dillə bağlı
akademiyadan kənar müəssisələrin öhdəsinə daha ciddi vəzifələr
düşür”.
Təbii ki, ölkə başçısı tərəfindən
imzalanan sənədlər dilimizin saflığının
qorunması və zənginləşməsi istiqamətindəki problemləri qabardacaq və həlli
yolları üçün addımlar atmağa imkan verəcək. Ancaq dilə sevgi həm də insanların
içində olmalıdır. Azərbaycançılıq ideologiyası və qayəsi kimi bu da hər kəsin vətəndaşlıq
mövqeyi olmalıdır. Bu sevgi olandan sonra bütün qaydalara əməl olunacağı
istisnasızdır.
Təranə Məhərrəmova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim edilir