• şənbə, 20 Aprel, 18:19
  • Baku Bakı 24°C

Azərbaycan cəmiyyətində vətənpərvərlik hissləri yüksək səviyyədədir

14.07.20 12:45 533
Azərbaycan cəmiyyətində vətənpərvərlik hissləri yüksək səviyyədədir
Ağalar Vəliyev: "Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir”
"Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi növbəti təxribatın qarşısı qətiyyətlə alınıb. Azərbaycan Ordusunun həyata keçirdiyi adekvat xarakterli əks tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib”
Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Millət vəkili söyləyib ki, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğrayıb və Azərbaycan öz dövlət sərhədini qoruyub. Onun sözlərinə görə, təmas xəttində atəşkəs rejiminin pozulmasına yönələn bu kimi təxribatçı hərəkətlər Ermənistanın çirkin, məkrli və təcavüzkar siyasətinin təzahürüdür və bunun məsuliyyəti işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Deputat A.Vəliyev deyib ki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinin nəticəsində belə hadisələr baş verir: "Bir tərəfdən Ermənistanda daxili vəziyyətin böhranlı həddə çatması, digər tərəfdən Azərbaycanın son zamanlar əldə etdiyi beynəlxalq uğurlar mənfur qonşumuzu çox narahat edir. Təbiidir ki, Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik nailiyyətləri, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin dünya birliyi tərəfindən dəstəklənməsi onlarda paxıllıq və qısqanclıq hissləri doğurur. Dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanın rəhbərliyi ilə yanaşı erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən qüvvələri ciddi şəkildə təlaşa salıb”.
Deputat bildirib ki, Ermənistan hərbi bölmələrinin növbəti təxribatı Paşinyan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür: "Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Azərbaycanla sərhəddə növbəti təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır”.
Milli Məclisin üzvü bildirib ki, Ermənistanın sərhəd xəttində növbəti təxribatı Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb: "Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənib. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hisslərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Lakin unutmaq olmaz ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməzdir. Bu gün Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir”.
banner

Oxşar Xəbərlər