• cümə, 26 Aprel, 16:07
  • Baku Bakı 23°C

Azərbaycan cəmiyyəti yeni mərhələdə həmsədrlərin fəaliyyətinə lüzum görmür

15.01.22 13:15 281
Azərbaycan cəmiyyəti yeni mərhələdə həmsədrlərin fəaliyyətinə lüzum görmür
Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin gələcək fəaliyyəti ilə bağlı konkret mövqeyi bu yarıtmaz institutun artıq dövriyyədən çıxdığını bir daha təsdiqləyir. Çünki dövlətimizin başçısı əsas vurğunu vasitəçilərin hansı işlə məşğul olmamasına vurmaqla "üçlüyə” bir daha yerini göstərdi. Yəni, Bakı vasitəçilərə düzgün fəaliyyət istiqaməti seçməyi tövsiyə edir.
Məsələ burasındadır ki, bu gün həmsədrlər arasında gərginlik müşahidə olunmaqdadır və dövlətimizin başçısı bu məsələyə diqqət çəkərək, onlar arasında əvvəlki dövrlərdəki kimi birlik olmadığını qeyd etdi. Aydın olur ki, həm bu ölkələr arasındakı münasibətlər son vaxtlar xüsusilə çox gərginləşib, eyni zamanda, keçmiş münaqişə və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. İstənilən halda, təbii ki, bu vəziyyət Bakını narahat etmir. Çünki 28 il ərzində münaqişənin həlli ilə bağlı davam edən diplomatik danışıqlar zamanı üçlüyün mövqeyinin üst-üstə düşməsi həll prosesinə mane olub. Bu gün isə artıq yeni reallıqlar fonunda vasitəçilərin yarıtmaz təcrübəsi heç kimə lazım deyil. Bu mənada Azərbaycan cəmiyyəti haqlı olaraq yeni mərhələdə həmsədrlərin fəaliyyətinə lüzum görmür.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
K.Nurullayevanın sözlərinə görə, ən vacib məqamlardan biri budur ki, Azərbaycan hər bir ssenariyə hazırdır. Təbii ki, ilk növbədə sülh gündəliyinin reallaşmasından söhbət gedir. Ermənistan sülh sazişini imzalamağa hazır deyil, amma Prezident İlham Əliyevin əsas xəbərdarlıqlarından bir də bu idi ki, bu sülh və əməkdaşlıq təklifi masada əbədi olmayacaq. Odur ki, nə qədər gec deyil, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. "Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq”, - deyən Prezident İlham Əliyev 2022-ci ildə Ermənistana bu prosesdə fəal olmağın vacibliyi ilə bağlı xəbərdarlıq etdi. Əks təqdirdə, uduzan yenə Ermənistan özü olacaq.
"Dövlətimizin başçısının müsahibəsində ən önəmli məsələlərdən biri də Ermənistanın Gümrüdəki hərbi bazasındakı hərbçilərdən Azərbaycana qarşı istifadə edilməsi cəhdi ilə bağlı idi. Erməni tərəfinin Gümrüdəki hərbi bazanın kontingentinin bir hissəsinin sərhədə, Zəngilana ezam edilməsinə dair Moskvadan xahişi həqiqətən də həyasızlıq və prezidentin də söylədiyi kimi, alçaqlıqdır”, deyən deputat bu təxribat yolu ilə Moskva ilə Bakını üz-üzə qoymağa cəhd edən Ermənistanın əslində bu cür məkrli planları çox olduğunu diqqətə çatdırıb.
K.Nurullayevanın sözlərinə görə, sərhəddəki təxribatlar bir daha göstərir ki, Ermənistan belə yanaşma ilə vaxt udmağa və bununla vəziyyəti öz xeyrinə dəyişməyə ümid edir. Amma bunun heç bir nəticəsi olmayacaq. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də növbəti dəfə bəyan etdi – bizi artıq heç kim dayandıra bilməz.
banner

Oxşar Xəbərlər