• cümə axşamı, 28 mart, 18:30
  • Baku Bakı 13°C

Azərbaycan bölgədə ən fəal gənclər siyasəti yürüdən ölkədir

05.02.19 17:32 3325
Azərbaycan bölgədə ən fəal gənclər siyasəti yürüdən ölkədir
Azərbaycan Respublikası Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Azərbaycan Televiziyasının "Həftə” proqramına müsahibə verib. "Azadinform” İA həmin müsahibənin mətnini təqdim edir:

- Yola salmağa hazırlaşdığımız həftə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında çox mühüm önəmli hadisələrlə yadda qaldı. Bura Azərbaycan Prezidenti İlham Əliyevin regionların inkişafı ilə bağlı keçirilən konfransda çıxışı, eləcə də Prezident və Birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşü, Prezidentin gənclərlə görüşü və s. aid etmək olar. Bu istiqamətlərlə bağlı sizin fikirlərinizi eşitmək istərdik. Bu dinamikanı şərtləndirən səbəb nədən ibarətdir?
- Əvvəla onu deyim ki, yalnız ötən həftə deyil, Azərbaycanın dövlət siyasəti, dövlət başçısının iş qrafiki həmişə zəngin, dolğun olub. Azərbaycan dövləti 2018-ci ildə öz iqtisadi inkişafının xüsusi bir istiqamətini müəyyən edib - islahat kursunun davam etdirilməsi, idarəçilik sisteminin optimallaşdırılması, dövlət aparatının təkmilləşdirilməsi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin əsas fərqləndirici xüsusiyyətlərindən biri ondan ibarətdir ki, dünən görülən işin bu gün olduğu kimi təkrarlanması onu qane etmir, sabah görülən iş bugünkündən daha irəli getməli, daha təkmil olmalıdır. Bir sözlə, inkişaf dinamik, davamlı olmalıdır.
Dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi prosesi, dövlətin ictimai, siyasi, iqtisadi, sosial, humanitar sahələr üzrə həyata keçirdiyi siyasət mütləq şəkildə əvvəlki təcrübəni, zamanın çağırışlarını və nəhayət, artan dinamikanın tələblərini nəzərə almalıdır. Keçən həftə, doğrudan da, bu istiqamətdə qəbul edilən qərarların, keçirilən görüşlərin intensivliyi baxımından dolğun oldu.
Bütün bu qərarların, həyata keçirilən tədbirlərin təməlində, cənab Prezidentin davamlı olaraq bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının maraqları, dövlətin mənafeləri dayanır. Ümummilli lider Heydər Əliyev deyirdi ki, iqtisadiyyatı güclü olan dövlət və milli iradəsi güclü olan xalq hər şeyə qadirdir. Güclü milli iradənin, güclü iqtisadiyyatın təməli də Ümummilli liderimiz tərəfindən qoyulub.
Azərbaycanın müxtəlif sahələrdə, xüsusən karbohidrogen ehtiyatlarının hasilatı, emalı və daşınması sahəsində xarici ölkələrin ən qabaqcıl şirkətləri ilə tərəfdaşlıq etməsi, birgə layihələrin reallaşdırılması ölkəmizin inkişafını təmin etdi. Çünki o zaman Azərbaycanın nə texniki, nə maliyyə, nə də digər imkanları yox idi ki, malik olduğu iqtisadi potensialı, enerji resurslarını işə salsın.
Bu gün 90-cı illərdə yaradılmış sağlam zəmin əsasında Azərbaycan dövləti inkişaf edir, iqtisadiyyatın diversifikasiyası həyata keçirilir, ixracımızın çeşidi və coğrafiyası günü-gündən genişlənir. Cənab Prezidentin siyasətinin də təməlində o durur ki, dövlətin iqtisadiyyatı getdikcə güclənsin, iqtisadi artım təmin olunsun, əhalinin artan tələbatı ödənsin.
İqtisadi inkişafa paralel olaraq dövlətin gələcəyi olan sağlam nəslin yetişdirilməsinə, milli mənəvi dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanması və təbliği və digər tədbirlər güclü, dayanıqlı bir sistemin formalaşdırılmasına, xalqın maraqlarının təmin olunmasına xidmət edir. Bundan sonra yürüdülən siyasətin təməlində də məhz bu amil duracaqdır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən konfransda dövlət başçısı bildirdi ki, növbəti proqramda yer alan prinsiplər məhz vətəndaşların müraciəti əsasında işlənib hazırlanıb. Bir mühüm məqamı xüsusi ilə qeyd etmək lazımdır ki, bu inkişaf lider-xalq, dövlət-xalq birliyi sayəsində əldə edilir.

- Qeyd etdiyiniz kimi, Cənab Prezident dəfələrlə bildirib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqları dayanır. Yola salmağa hazırlaşdığımız həftə Cənab Prezidentin şəhid ailələri ilə görüşünü izlədik. Bu görüş Xalqın öz Liderinə etimadının nümayişi oldu...
- Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl xətti Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və qəbul olunan dövlət proqramlarının mənbəyi də məhz ana qanunun başlıca prinsiplərinin həyata keçirilməsi məqsədini güdür. Həyata keçirilən dövlət siyasətinin dinamikliyinin təmin edilməsi, milli maraqlara tam uyğunlaşdırılması, insanlarımızın maddi və mənəvi tələbatlarının ödənilməsi vətəndaşlar tərəfindən bu siyasətin kütləvi şəkildə dəstəklənməsi ilə nəticələnib. Bilirsinizmi, liberal iqtisadiyyat şəraitində dövlət hər şeyə cavabdeh deyil. Əlbəttə, insanlar əsas hüquqlar üzrə - əmək, təhlükəsiz yaşamaq, bütün maddi-mənəvi resurslarından istifadə hüquqları təmin olunur. Amma xarici ölkələrdə baxın: insanların pensiyası müxtəlif fondlar tərəfindən həyata keçirilir. Vətəndaşların müalicəsi tibbi sığorta hesabına aparılır. Evi uçursa, mütləq şəkildə o evini sığortalamalıdır ki, kompensasiya ala bilsin. Amma baxın, Azərbaycan həm liberal bazar iqtisadiyyatı yolu ilə gedir, həm bütövlükdə demokratik cəmiyyət, demokratik dövlət qurur, digər tərəfdən vətəndaşın hələ reallaşdırmaq gücündə olmadığı sosial təminatını da öz üzərinə götürür. Əsası Ümummilli lider tərəfindən qoyulmuş sosial siyasətin qısa mahiyyəti bundan ibarətdir ki, bazar iqtisadiyyatına çətin uyğunlaşan insanların problemlərini dövlət çiyninə götürsün, liberal iqtisadiyyat sosial məzmundan xali olmasın.
Biz müharibəyə cəlb olunmuş dövlətik. İşğalçı Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasət yürüdüb, işğala qarşı aparılmış döyüşlərdə Azərbaycanda minlərlə şəhid ailəsi, müharibə əlili yaranıb. 1997-2018-ci illərdə Azərbaycan dövləti bu kateqoriyadan olan insanlara 6654 mənzil verib. Bu o deməkdir ki, minlərlə şəhid ailəsi və müharibə əlili evlə təmin olunub. Təxminən o qədər şəhid ailəsi və müharibə əlilinə də dövlət minik avtomobili verib. Bu humanist siyasət bu gün də davam edir. Onların sonrakı taleyi, həyatı, iş və mənzil problemlərinin həll olunması dövlətin çiynindədir və dövlət bunları, əlbəttə ki, imkan olduqca həll edir. Amma əlbəttə ki, bu qayğılar qısa zamanda həll oluna bilməz.

Təsəvvürünüzə gətirin, Azərbaycanda hazırda 1 milyona yaxın qaçqın və köçkünün məskunlaşdırılması dövlətin çiynindədir. Çox da ağır yükdür. İndiyə qədər qaçqın və məcburi köçkünlərin məskunlaşdırılmasına, onların məşğulluğunun artırılmasına 7 milyarddan artıq vəsait sərf olunub. Respublikanın 30 şəhər və rayonunda 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan 102 müasir qəsəbə salınıb, 55 min qaçqın və məcburi köçkün ailəsi və ya 300 mindən artıq insana mənzil verilib. Təkcə ötən il 626 qədər şəhid ailəsinə, müharibə əlilinə, 6 minə qədər də qaçqın, köçkün ailəsinə ev verildi. 2019-cu ildə də bu işlər davam etdiriləcək.
Prezident İlham Əliyev hakimiyyətə gələndə, yəni 2004-cü ildə qaçqınların yoxsulluq həddi 75 faiz idi. Azərbaycanda ümumi yoxsulluq həddi isə 50 faiz civarında idi. Hazırda ümumi yoxsulluq həddi 5 faiz, qaçqınların yoxsulluq həddi isə 12 faizə qədər aşağı salınıb. Əlbəttə ki, bütün bunlar dövlətin sosial siyasətinin nəticəsidir.
Bilirsiniz, 2018-ci ildə yenidən prezident seçildikdən sonra cənab İlham Əliyevin imzaladığı ilk hüquqi aktlardan biri şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırlması ilə bağlı oldu. Bundan başqa, ötən həftə kompensasiya verilən şəhid ailələrinin əhatəsinin genişləndirilməsini və onlara ayrılan aylıq ödənişlərin artımını nəzərdə tutan daha iki hüquqi akt imzalandı.
Razılaşaq ki, 11 min manat indiki halda kifayət qədər böyük puldur. Baxın, belə ödəmələr qonşu dövlətlərdə olubmu? Dünyanın bir çox ölkəsində şəhid ailələri var və onlara ödənilən vəsait çox cüzidir.
Qeyd edək ki, bu məbləğ əvvəl təxminən 10 minə yaxın şəhid ailəsi üçün nəzərdə tutulurdu. Sonrakı dövrdə siyahılar dəqiqləşdi və genişləndirildi. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına dəyişiklik edildi, ölkəmizin ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi qərarlaşdırıldı. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.
Cənab Prezidentin şəhid ailələri ilə görüşü göstərdi ki, dövlət başçısı sosial müdafiəyə ehtiyacı olan şəhid ailələri, müharibə əlilləri, qaçqın, köçkünlər, bazar şəraitinə çətin uyğunlaşan digər əhali kateqoriyalarına münasibətdə nə qədər həssasdır, onların problemlərinin aradan qaldırılması üçün nə qədər çalışır. Şəhid ailələrinə prezident təqaüdləri 240 manatdan 300 manatadək artırıldı. Ondan qabaqkı dövrdə isə milli qəhrəmanlara verilən təqaüdlərin miqdarı artırılaraq 1500 manat olmuşdu. 1-ci, 2-ci, 3-cü dərəcəli müharibə əlillərinə prezident təqaüdlərinin miqdarı artırılmışdır.
Dövlətin müxtəlif fondları Prezident İlham Əliyevin tapşırığı və bilavasitə yürütdüyü siyasətə uyğun olaraq şəhid ailələrinə, müharibə veteranlarına, müharibə əlillərinə, qaçqın və köçkünlərə güzəştli kreditlər ayırır. Onların sosial cəhətdən zəif olan hissəsinə özünüməşğulluq siyasəti çərçivəsində təsərrüfat avadanlıqları verilir, mal-heyvan ayrılır ki, dolanışıqlarını təmin etsinlər. Bütün bunlar Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin yürütdüyü və bundan sonrada həyata keçirəcəyi siyasətin sosial mahiyyətli olduğunu, Azərbaycan vətəndaşlarının maraqlarını əks etdirdiyini və bilavasitə onların problemlərinin həllinə yönəldiyini göstərir.
Regionlarda məşğulluğu artırmaq üçün dövlət ötən illərdə xeyli vəsait ayırıb. Aqrar sahənin - pambıqçılığın, tütünçülüyün, taxılçılığın inkişafına dotasiyalar verilir. Prezident İlham Əliyevin bu layihələrə dəstək verməsinin, diqqət ayırmasının təməlində yenə vətəndaşlar durur, onların məşğuliyyəti, sosial təminatı, rifahı və bütövlükdə regionlarımızın inkişafı amili durur.
Bu gün Azərbaycan regionları ilə Bakı şəhərinin infrastrukturu arasında fərq xeyli azalıb. Ölkə vətəndaşları 24 saat işıq, qaz, su ilə təmin olunur, avtomobil yolları Bakının yolları, şəhərlərin, rayon mərkəzlərinin abadlığı paytaxtımızdakı kimidir. Əlbəttə, bütün bunları danışmaq, hamısını sadalamaq çox çətindir. Amma, inanın Azərbaycan Respublikası həm öhdəliklərinə daxil olan, həm də öhdəlik daşımadığı məsələlər üzrə region, dünya dövlətlərinin sırasında lider səviyyəsində sosial siyasət yürüdən dövlətdir.

- Bütün bu islahatlarla, yəni yürüdülən sosial siyasətlə yanaşı biz eyni zamanda struktur islahatlarının da şahidi oluruq. İstərdik ki, məsələnin bu tərəfinə də toxunaq. Yəni struktur islahatlarının aparılmasında qarşıda duran əsas hədəf, həlli vacib vəzifələr nədən ibarətdir?
- Yenə həmin məntiqə qayıdıram. Dünən görülən iş dünən üçün idi. Bu gün görülən iş daha mükəmməl olmalı, onun tələbləri, prinsipləri, standartları yenilənməlidir, real vəziyyətə uyğun təkmilləşdirilməlidir. Dünən görülən işə görə sağ olun, bu gün görülən iş ondan yüksək olmalı, daha yüksək tələblərə cavab verməlidir. Sabah görülən iş isə bundan da irəli getməlidir. Yəni, insanların ehtiyacları necə ki, bir yerdə qalmır, günü-gündən artırsa, tələbləri, zövqləri dəyişirsə, dövlətin apardığı siyasət də yenilənir, inkişaf etdirilir.
Cənab İlham Əliyevin yürütdüyü siyasətin, o cümlədən struktur islahatlarının məqsədi dövlət idarəçiliyinin dinamikliyi, mövcud dəyişikliklərə uyğunlaşması təmin olunsun, daim səmərəli işləyən mexanizm yaradılsın.
Görürsünüz ki, enerji resursları ilə bağlı dünya bazarında stabillik yoxdur, neftin qiyməti dəyişir, üstəlik onun azalması amili də nəzərə alınmalıdır. Təbii ki, cənab Prezidentin çevik, düşünülmüş və prinsipial siyasəti olmasaydı, gələcəkdə neftdən əldə olunan gəlirlərin bərpası üçün illər lazım olardı. Amma indi Cənub Qaz Dəhlizi layihəsi işə salınır, Azərbaycan dünya bazarına təbii qaz ixracatçısına çevrilir və qarşıdan gələn illərdə ölkəmiz həm də bundan böyük gəlirlər əldə etməyə başlayacaqdır.
Avropa Birliyinin reallaşdıra bilmədiyi layihəni Azərbaycan Türkiyə ilə birlikdə reallaşdırdı. Əlbəttə, bütün bunlar Azərbaycan xalqının bilavasitə maraqlarına söykənib. Yüz illər bundan sonra da Azərbaycanın həm iqtisadi, həm siyasi, həm geosiyasi, həm də beynəlxalq maraqlarını təmin edəcək.
Prezident İlham Əliyevin həyata keçirdiyi struktur islahatlarının hədəfi odur ki, dinamik inkişafı təmin etmək üçün daha effektli idarəçilik qurulsun, daha az vəsaitlə daha çox nəticə əldə etmək mümkün olsun. Təbii ki, dövlət idarəçilik sistemi mobilləşdikcə, təkmilləşdikcə əvvəllər mövcud olmuş və yaxud ötən dövrlərdə yaradılmış strukturlar ləğv olunmalı, ixtisara salınmalıdır. Burada da Cənab Prezident ciddi tapşırıq verib ki, fəaliyyəti dayandırılmış strukturların əməkdaşları işsiz qalmasın, yeni iş yerləri açılsın və onlar işlə təmin olunsun. İxtisar olunan qurumların əməkdaşları maksimum dərəcədə həmin strukturların tərkibində yerləşdirilməlidir, onların təcrübəsindən, potensialından istifadə olunmalı, vətəndaşın maraqları və tələbləri ödənilməlidir.
Yəni struktur islahatları vətəndaşın üzərinə yüklənməməlidir. Vətəndaş əziyyət çəkməməlidir. Azərbaycan vətəndaşı özünün işləmək hüququna malik olmalıdır.

- Son olaraq bir məsələ ilə bağlı fikirlərinizi eşitmək istərdik. Çox vacib məqamdır ki, bu islahatların önündə məhz gənclər dayanır. Yəni, bu gün Azərbaycanda eyni zamanda gəncləşmə siyasəti həyata keçirilir və elə məhz Prezident İlham Əliyevin gənclərlə görüşdə biz çox önəmli və eləcə də səmimi anların şahidi olduq. Bugünkü Azərbaycan gəncliyi müasir dövrün tələblərinə nə dərəcədə effektiv, adekvat cavab verir?
- Mən yenə Ümummilli lider Heydər Əliyevin dövrünə qayıdacağam. O böyük şəxsiyyət 1993-cü ildə hakimiyyətə qayıdar-qayıtmaz ilk görüşünü parlamentdə Azərbaycan gəncləri ilə keçirmişdi. Niyə gənclərlə? O müdrik, dahi bir şəxsiyyət idi. O bilirdi ki, gələcəyi haqqında düşünməyən dövlət, xalq heç nə əldə edə bilməz. Yəni bir xalqın, dövlətin gəncliyi əgər gələcəyi haqqında düşünmürsə, o dövlətin gələcəyi yoxdur.
1994-cü ildə Azərbaycanın hələ resursları yox idi. Ölkənin xarici iqtisadi əlaqələri pozulmuşdu, daxildə istehsalat yox dərəcəsindəydi. Xalq Cəbhəsi və Müsavat partiyasının yarıtmaz siyasəti nəticəsində zamanında Ümummilli liderin Moskvanın imkanlarından istifadə edərək Azərbaycanda həyata keçirtdiyi sənayeləşmə tam pozulmuşdu. Neft-qaz da daxil olmaqla, Azərbaycanda gəlir gətirən bütün sahələrin fəaliyyəti dayanmışdı. Faktiki olaraq, ölkənin büdcəsi çox pis vəziyyətdə idi. Belə bir mürəkkəb durumda Ümummilli lider Gənclər və İdman Nazirliyini yaratdı. Çünki o bilirdi ki, bir xalq, bir millət gələcək haqqında düşünürsə, o mütləq şəkildə sağlam gəncliyin yetişdirilməli, vətənpərvər gəncliyin formalaşdırılması siyasətini ortaya qoymalıdır. Bununla da Azərbaycanın dövlətinin gənclər siyasətinin təməl prinsipləri müəyyən edildi.
1996-cı ilin fevral ayında Ümummilli liderin bilavasitə rəhbərliyi ilə Birinci Ümumazərbaycan Gənclər Forumu keçirildi. 1997-ci ildə artıq "Gənclər günü” təsis olundu. 2002-ci ildə gənclər siyasətinə dair xüsusi bir qanun qəbul olundu. 1996, 1999 və 2003-cü illərdə 3 gənclər forumu keçirildi. Hər forumda gənclərin ehtiyacları, problemləri, Azərbaycanın bu sahədə yürütdüyü siyasətin effektivliyi geniş müzakirə edildi.


Ümummilli lider haqq dünyasına qovuşandan sonra Prezident İlham Əliyevin hakimiyyətinin ilk birinci ilində gənclər siyasəti ilə bağlı proqram imzalandı. Sonrakı illərdə Prezident İlham Əliyev gənclər siyasəti haqqında 2005-2010, 2011-2015, 2016-2021-ci illəri əhatə edən daha 3 proqramı təsdiq etdi. Bundan başqa, 2007-ci ildə Gənclərin xarici ölkələrdə təhsili ilə bağlı xüsusi Dövlət Proqramı, "Gənclərin inkişafı strategiyası: 2015-2025-ci illər” qəbul edildi. Bu müddət ərzində Azərbaycan gəncliyinin formalaşması, inkişafı, təhsili, fiziki sağlamlığı və digər sahələrlə bağlı sözün həqiqi mənasında möhtəşəm bir Dövlət Proqramı həyata keçirilib. Prezident İlham Əliyevin gənclər siyasəti gənclərin sağlam böyüməsini, onların təhsilini, milli-mənəvi cəhətdən zənginləşməsini, Azərbaycan dövləti üçün əqidəli, vətənpərvər, bacarıqlı, dünyada rəqabətə davamlı gənclər formalaşdırılmasını nəzərdə tutur. Cənab Prezident həmişə deyir ki, gənclər bizim gələcəyimizdir və o, çalışır ki, yetişən gənc nəsil Vətənimizi daha da inkişaf etdirmək, Azərbaycanı daha da gücləndirmək imkanına və potensialına malik olsun.
Diqqət edin, son 15 ildə Azərbaycanda 44 Olimpiya İdman Kompleksi inşa olunub. Yaxud Azərbaycanın 40-a yaxın rayonunda Gənclər mərkəzləri yaradılıb. Bunların sayı da getdikcə artır. Azərbaycanın bütün rayonlarında gənclər və idman idarələri fəaliyyət göstərir. 2013-cü ildən gənclər üçün Prezident təqaüdü təsis olundu. Prezident təqaüdləri, gənclərə güzəştli kreditlərin verilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, dövlət qulluğuna cəlb olunması, gənclərin imkanlarından bütün sahədə istifadə olunması geniş tətbiq olunan təcrübədir. Azərbaycanın Birinci Vitse-Prezidenti, çox hörmətli Mehriban xanım Əliyeva sosial sfera ilə yanaşı, hazırda gənclər siyasətinin inkişafına da böyük diqqət ayırır. Bu da, öz növbəsində, Azərbaycanda gənclər siyasətinə dinamizm gətirib. Əvvəllər yalnız gənclər idman naziri və Prezident Administrasiyasında İctimai-siyasi məsələlər şöbəsi ilə Humanitar siyasət məsələləri şöbəsi gənclər siyasəti ilə məşğul olurdusa, bu gün artıq gənclər siyasəti ilə bağlı ayrıca şöbə yaradılıb. Cənab Prezidentin yaratdığı Gənclər Fondu publik şəxsə çevrilib və gənclərə qrantlar verir, onların layihələrini maliyyələşdirir, xarici ölkələrdə təhsil və digər məsələləri həll edir və ayrıca bir qurum kimi dövlətin gənclər siyasətinin həyata keçirilməsində iştirak edir.
Yekun olaraq onu bildirməliyəm ki, Cənab Prezidentin yürütdüyü gənclər siyasəti, Azərbaycanda gənclərə ayrılan diqqət, qayğı və gəncliyimizin gələcək üçün hazırlanması istiqamətində həyata keçirilən siyasət nəinki bölgənin, nəinki Avrasiyanın, dünyanın heç bir ölkəsində müşahidə olunmur. Fəxrlə deyə bilərik ki, Azərbaycan bölgədə ən fəal gənclər siyasəti yürüdən ölkədir.
banner

Oxşar Xəbərlər