• cümə, 29 Mart, 01:35
  • Baku Bakı 7°C

Azərbaycan beynəlxalq silah bazarında

01.10.18 20:11 1720
Azərbaycan beynəlxalq silah bazarında
Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Beynəlxalq müdafiə sərgisi böyük maraqla qarşılandı. Sərgi ölkəmizin hərbi müdafiə gücünün və qüdrətinin əsl göstəricisi oldu. Həmçinin hərbi sahədə yeni əməkdaşlıqların başlanğıcı qoyuldu. Sərgidə nümayiş olunan yerli hərbi texnikalar son dövrlər dövlətin müdafiə sənayesinə olan diqqət və qayğısının nəticəsi idi.
Azərbaycan artıq yerli istehsalı ilə dünya bazarlarına çıxış əldə edib. Xarici ölkələrin hərbi texniki avadanlıqlarımıza göstərdiyi maraq həmin texnikaların ixracını genişləndirməyə şərait yaradır. Yəni Azərbaycan artıq silah istehsal edən ölkədən həm də ixrac edən ölkəyə çevrilir.
Bu ixracın ölkəmiz üçün hansı üstünlükləri olduğunu öyrənməyə çalışdıq.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev mətbuata açıqlamasında bildirib ki, Beynəlxalq Müdafiə Sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü nümayiş etdirmək baxımından mühüm tədbirdir:"Azərbaycanın hərbi sənaye kompleksi sürətlə inkişaf etməkdədir. Ölkəmizdə 1200 adda hərbi məhsul istehsal olunur. Bu məhsullar həm də xarici ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilir. ADEX-2018 sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü, hərbi təyinatlı məhsullarını nümayiş etdirmək baxımından olduqca mühüm tədbirdir. Təsadüfi deyil ki, 2018-ci ilin dövlət büdcəsində də müdafiə xərcləri birinci yerdədir və bu da təxminən 2,7 milyard manat edir. Bu sərgi bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycanın güclü hərbi-sənaye kompleksi formalaşmaqdadır və Azərbaycan təkcə hərbi məhsullar istehsal etmir, həm də onun perspektivli ixracatçısına çevrilib. Artıq Azərbaycan özünün hərbi sənaye kompleksini qurduğuna görə münaqişə və müharibə olacağı təqdirdə, digər dövlətlərdən silah almayacaq. Çünki ölkəmiz öz silah təminatını ödəmək qabiliyyətindədir. Belə olan halda, digər dövlətlər burada münaqişənin olmasını deyil, barış bölgəsi olmasını arzulayır. Azərbaycanın silah istehsal etməsi təhlükəsizlik baxımından da əhəmiyyətlidir”.

Millət vəkili Aydın Mirzəzadə günün tələblərinə cavab verən silah istehsal etməyin olduqca məsuliyyətli və çətin bir məsələ olduğunu deyib: "Dünya ölkələrinin əksəriyyəti silah istehsal etmir. Bu baxımdan, 29 ölkədən çoxsaylı şirkətin Azərbaycanda təşkil edilən müdafiə sərgisində iştirak etməsi Azərbaycanın dünyadakı nüfuzunun, bu sahədə əldə etdiyi nailiyyətlərin artıq tanınması deməkdir. Azərbaycan dünya silah bazarında yeni iştirakçıdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaranmasından cəmi 13 il ötüb. Bu qısa müddətdə günün tələblərinə cavab verən silah istehsal etmək olduqca məsuliyyətli və çətin bir məsələdir. Azərbaycan bunun öhdəsindən gələ bildi. Bu müddətdə təkcə hərbi sursatlar deyil, eyni zamanda, hərbi texnika və silah istehsalına nail olduq. Azərbaycan bir sıra hərbi texnikanın özündə istehsalını təşkil etdi, bu isə xarici bazardan asılılığımızı azaltdı. Bu gün Azərbaycan müdafiə sənayesinin buraxdığı məhsullar təkcə Azərbaycan Silahlı Qüvvələrinin deyil, eyni zamanda, xarici ölkələrin də ordularında arzuolunan silahlardır. Belə bir sərginin Azərbaycanda təşkil edilməsi ölkəmizin beynəlxalq nüfuzu ilə əlaqədardır. Heç bir şübhə yoxdur ki, bu sərgi zamanı ikitərəfli və çoxtərəfli əlaqələr qurulacaq, Azərbaycan silahlarının satılması, diqqəti cəlb edən silah və texnikanın alınması və hətta birgə silah istehsal edilməsinə dair razılıqlara gəlinəcək”.

İqtisadçı Pərviz Heydərov qeyd edir ki, hərbi xarakterli məhsulların satışı dünya bazarının ən mühüm və gəlirli sahələrindən sayılır: "İnkişaf etmiş ölkələrin gəlirlərinə diqqət etsək, əsas gəlir mənbəyinin məhz silah satışından olduğunu görərik. Bu sahədə ölkəmizin üstün cəhəti odur ki, kiçik dövlət olsaq da, SSRİ dövründən hərbi sənayeyə aid müəssisələr mövcud olub. Sovetlər birliyi dağıldıqdan sonra həmin müəssisələrin bir çoxunun fəaliyyəti iflic vəziyyətinə düşdü. Lakin müstəqillik əldə etdikdən sonra həmin müəssisələrin fəaliyyəti yenidən bərpa edilərək sürətli şəkildə işə salındı. Təbii ki, burada bizim müharibə şəraitində olmağımızın da böyük rolu oldu. Azərbaycan kimi bir ölkənin hərbi məhsul ixrac etmək imkanına malik olması gələcək baxımdan çox mühüm əhəmiyyət kəsb edir”.
İqtisadçı bildirdi ki, bu sahədən əldə edilən gəlir ildən ilə artır: "Azərbaycanın hərbi sənayesinin inkişafı ilə əlaqədar dövlətin apardığı siyasətə diqqət yetirsək, görərik ki, hərbi müəssisələrin istehsal etdiyi texniki avadanlıqlar sadəcə ölkəmizi təmin etmədi. İlk gündən əsas məqsəd bu idi ki, Azərbaycan özünü təmin etməklə yanaşı, bu istiqamətdə dünya bazarlarına da çıxış əldə etsin və beynəlxalq aləmdə silah ixrac edən ölkə kimi tanınsın. İsrail ərazisinə və əhalisinin sayına görə çox kiçik ölkədir. Amma buna baxmayaraq, ölkə dünya bazarlarında silah təchizatına görə əsas dövlətlərdəndir. Hətta 5 dövlətdən biridir desək, yanılmarıq. İsrailə kənardan valyuta gətirən sahə onun hərbi sənayesidir. Elə Azərbaycanın özü bu ölkə ilə hərbi əməkdaşlığı nəticəsində milyonlarla dollar məbləğində silah əldə etmişdir. Yəni bütün bunlar deməyə əsas verir ki, Azərbaycanda hərbi sənayenin inkişafı artıq öz nəticəsini verir. İldən ilə də bu sahədən əldə olunan gəlirlər artmaqdadır. Onu da qeyd edim ki, xaricə satılan silahların da çeşidi genişlənməkdədir. Eyni zamanda silahlarımızın dünya bazarlarında tanınması üçün rəqabət qabiliyyətliliyi də yüksək səviyyədədir. Hesab edirəm ki, hərbi sənayemizin dövlətin qurduğu strategiyaya uyğun şəkildə inkişaf etdirilməsi nəticəsində biz yaxın gələcəkdə dünya bazarlarında ciddi silah ixracatçısı kimi tanınacağıq. Qeyri-neft sektorunun ən gəlirli sahələrindən biri kimi də hərbi sənayemiz özünü göstərəcək”.

Hərbi ekspert Ramil Məmmədli deyir ki, dünya ölkələrinin Azərbaycanda istehsal olunan hərbi texnikaya böyük marağı var: "Müdafiə sənayesi sahəsində yerli istehsalın inkişaf etməsinin əsas üstünlüyü milli təhlükəsizliyin təmin edilməsidir. Biz öz silahımızı özümüz istehsal edirik. Yəni Azərbaycan əsgəri əlində vətənində istehsal olunan texnikanı tutur. Bu, mənəvi cəhətdən qürurvericidir, maddi baxımdan isə iqtisadi gəlirin artması deməkdir. Digər bir məqam isə valyutanın gəlməsi ilə bərabər, pulumuzun özümüzdə qalmasıdır. Yəni biz hərbi avadanlıq üçün hər hansısa bir xarici ölkəyə pul ödəmirik. Həmçinin müdafiə sənayesinin inkişafı digər qeyri-neft sektorlarının inkişafı üçün stimul verir. Müdafiə sənayesi sektorunun inkişafı neftdən sonra ən vacib istiqamətlərdən biridir. Dünyanın bir neçə ölkəsi var ki, büdcəsinin 50%-ni sırf müdafiə sənayesindən əldə edir. Azərbaycanda da bu potensial var. Bu sahədəki yenilik isə ondan ibarətdir ki, müdafiə sənayesi 10 il əvvələdək dövlət istehsal müəssisələrinin sayəsində inkişaf edirdi. Bu gün isə özəl sektorda da inkişaf var. Yəni sahibkarlar bu sahəyə sərmayə qoyaraq yeni istehsal müəssisəsi yaradırlar. Beləliklə, Azərbaycan ordusunu yerli hərbi texniki avadanlıqla təmin edirlər”.

Günel Azadə
banner

Oxşar Xəbərlər