• cümə axşamı, 25 aprel, 15:36
  • Baku Bakı 23°C

Azərbaycan Avropanın “şərq qapısı” ola bilər

14.05.19 19:02 888
Azərbaycan Avropanın “şərq qapısı” ola bilər
Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının 10 illik yubileyi ilə bağlı Belçika Krallığına səfər edib. Səfər çərçivəsində dövlət başçısı Belçika Kralı Əlahəzrət Filip və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb. Hər iki görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə mövzusu olub.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Prezident İlham Əliyevin Belçika Krallığına səfərinin məqsədi Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının 10 illik yubileyində iştirakdır: "Dövlət başçısının bu səfəri bir daha göstərdi ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri çox dinamik inkişaf tempinə malikdir. Ölkə prezidentinin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə də bu məsələlər diqqət mərkəzində saxlanıldı. Həqiqətən də bu gün Azərbaycanın Avropa İttifaqı ölkələri ilə bütün sferalar üzrə inkişaf edən münasibətləri var. Təsadüfi deyil ki, bu ittifaqa daxil olan 28 dövlətin 9-u ilə Azərbaycanın strateji tərəfdaşlıq müqaviləsi mövcuddur. Ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyində alternativ enerji mənbəyi kimi çıxış edir. Nəzərə alaq ki, Azərbaycan 2020-ci ildən başlayaraq, Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə illik 10 milyard kubmetrdən çox qaz ixrac edəcək. Nəticə etibarı ilə bu da Avropanın enerji təhlükəsizliyində Azərbaycanın yerinin və rolunun artması anlamına gələcək”.
E.Nəsirov vurğuladı ki, ulu öndər Heydər Əliyev də Avropa İttifaqı ilə münasibətlərimizin inkişafına önəm verirdi və hələ 1996-cı ildə tərəflər arasında ikitərəfli əməkdaşlıq və tərəfdaşlığı özündə əks etdirən sənəd imzalandı: "Həmin sənəd 1999-cu ildə qüvvəyə mindi. Xüsusilə, 2011-ci ildə enerji sahəsində bir anlaşma memorandumu imzalandı. Hamıya məlumdur ki, yeni əhəmiyyətli bir sənəd üzərində iş yekunlaşıb. Söhbət Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasından gedir. Bu sənəddə həm ticari-iqtisadi, həm humanitar, həm siyasi dialoq, eyni zamanda demokratik institutlarının inkişafı və digər məsələlərlə bağlı mühüm razılaşmaların əks olunacağı gözlənilir. Bütövlükdə heç şübhəsiz ki, Prezident İlham Əliyevin bu səfəri Azərbaycan- Avropa İttifaqı münasibətlərinin bundan sonrakı inkişafı üçün də çox münbit şərait yaradacaq”.
Politoloq Əhməd Əlili bildirdi ki, Prezident İlham Əliyevin Brüsselə səfərində ən vacib məsələlərdən biri Dağlıq Qarabağ məsələsidir: "Çünki bu məsələ Azərbaycanın xarici siyasətində prioritet təşkil edir. Azərbaycan tərəfi Avropa İttifaqı rəsmiləri ilə müxtəlif səviyyələrdə danışıqlarda, tədbirlər zamanı daima çalışıb ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı istədiklərini ala bilsin. Mümkündür ki, Avropa tərəfi Azərbaycanın istədiyini olduğu kimi verməsin. Amma Azərbaycan tərəfinin səyləri nəticəsində son illərdə Avropa İttifaqının rəhbərliyində və ayrı-ayrı strukturları səviyyəsində ölkəmiz üçün kifayət qədər uğurlu hesab olunan dəyişikliklər baş verib. Həmin dəyişikliklərdən biri odur ki, 2017-ci ili noyabrında Şərq Tərəfdaşlığı Sammitindən sonra Dağlıq Qarabağ münaqişəsinə münasibət əvvəlkindən fərqli olaraq fərdi olmadı. Əgər əvvəlki illərdə Avropa İttifaqı Ukrayna, Moldova və Gürcüstandakı münaqişələrin həmin ölkələrin ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağ münaqişəsinin isə tərəflərin qarşılıqlı razılığı əsasında həllini tapmasını bildirirdisə, indi bu, belə deyil.
Ölkəmizlə Avropa İttifaqı arasında ikinci istiqamət iqtisadiyyatla bağlıdır. Azərbaycan Avropa bazarları üçün uğurlu enerji təminatçısı olub və enerji satan digər ölkələrdən fərqli olaraq siyasi şərtlər qoymayıb. Ona görə də Azərbaycan nefti və qazı Avropa üçün dəyərlidir. Hətta Azərbaycan bir çox hallarda Avropanın icrasında çətinlik çəkdiyi layihələrin belə xərcini öz üzərinə götürməyə çalışıb. Məsələn, müəyyən müddət idi ki, Türkmənistan qazı olmadan Azərbaycandan Avropaya gedən qaz xəttinin effektivliyi şübhə altında idi. Ona görə də avropalılar bu layihələri maliyyələşdirməkdən yayınırdılar. Amma sonda Azərbaycan tərəfinin istəyinə uyğun olaraq bu layihə reallaşdı”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər