• cümə, 19 Aprel, 20:07
  • Baku Bakı 24°C

“Azərbaycan Avropada, Asiyada fəal şəkildə investisiyalar qoyur“

20.10.14 18:23 901
“Azərbaycan Avropada, Asiyada fəal şəkildə investisiyalar qoyur“
Prezident İlham Əliyev Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Spiker Azərbaycanla əlaqələrin, o cümlədən TAP layihəsinin həyata keçirilməsinin Albaniya üçün çox əhəmiyyətli olduğunu bildirib, bu layihənin reallaşması nəticəsində ölkəsinin rolunun artacağını və inkişafı üçün geniş imkanlar yaranacağını vurğulayıb.
İ. Meta Azərbaycanın Albaniyaya investisiya qoymasının iqtisadi əlaqələrin genişlənməsi işinə öz töhfəsini verdiyini, Albaniyanın Azərbaycanla siyasi, iqtisadi əlaqələri daha da genişləndirmək əzmində olduğunu deyib. O, Azərbaycanı ölkəsi üçün çox önəmli və etibarlı tərəfdaş kimi dəyərləndirərək ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə əmin olduğunu söyləyib.
Prezident İlham Əliyev isə Azərbaycanın Avropada, Asiyada, həmçinin Balkan regionunda fəal şəkildə investisiyalar qoyduğunu xatırladaraq Bakının Albaniya iqtisadiyyatının müxtəlif sektorlarına, o cümlədən enerji, inşaat sektorlarına sərmayə yatırması üçün əlavə imkanların nəzərdən keçirilməsinin mümkün olduğunu qeyd edib. Dövlət başçısı ölkələr və xalqlar arasında yaxın əlaqələri nəzərə alaraq əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu bildirib. TAP layihəsinin əhəmiyyətindən danışan prezident İlham Əliyev bu layihənin bütün iştirakçı ölkələr üçün faydalı olacağını qeyd edərək, layihənin həm tranzit, həm də istehlakçı ölkələrin iqtisadi inkişafı işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu söyləyib.
Görüşdə parlamentlərarası əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər