• şənbə, 20 Aprel, 05:58
  • Baku Bakı 15°C

Azərbaycan-ABŞ münasibətlərində yeni çağırışlar

18.06.22 01:00 1600
Azərbaycan-ABŞ münasibətlərində yeni çağırışlar

ABŞ regiondakı xarici siyasətini diqqətlə inteqrasiya edərək diplomatik və iqtisadi əlaqələrini artırmaq, siyasi nüfuz dairəsini genişləndirmək imkanlarını axtarır. Ağ Evin region üzərindəki maraqlarının təmini isə Azərbaycanla dil tapmaqdan keçir.

Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı reallıq bir çox gücləri, eləcə də ABŞ-ı özünün diplomatik və təhlükəsizlik çağırışlarını yeniləmək məcburiyyəti qarşısında qoyur. 

ABŞ regiondakı xarici siyasətini diqqətlə inteqrasiya edərək diplomatik və iqtisadi əlaqələrini artırmaq, burada siyasi nüfuz dairəsini genişləndirmək imkanlarını axtarır.

Ağ Evin region üzərindəki maraqlarının təmini Azərbaycanla dil tapmaqdan keçir, buna görədir ki, son zamanlar ABŞ-Azərbaycan diplomatik təmasları intensivləşərək xoşməramlı qarşılıqlı mesajlarla nəticələnir.

ABŞ-dan Bakıya gələn qonaqlar, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Vaşinqtona gedərək Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla keçirdiyi məhsuldar görüş iki ölkə arasındakı münasibətlərin rəngində qalan tündlüyü açır.

ABŞ regionda müharibə istəmir

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger də Ağ Evdən aldığı təlimatlar əsasında, özü də gedər ayaqda media nümayəndələri ilə təmasları gücləndirir və bununla da Vaşinqtonun yeni reallıqlar kontekstindəki istiqamətverici tezislərini çatdırır.

ABŞ Rusiya-Ukrayna müharibəsi ilə Cənubi Qafqazdakı mühit arasında paralellər aparır və Moskvadan əsən “şimal küləklər”in bu regiona çatmaması üçün səy göstərir.

Bölgədə Rusiya maraqlarının sıxışdırılması prosesi isə elə də asan deyil, çünki Kreml istər Azərbaycan, istərsə də Türkiyə ilə isti münasibətlərə malikdir, elə, əslində, bu yaxşı əlaqə ABŞ-ı bir yerə qədər məmnun edir.

Söhbət ondan gedir ki, ABŞ regionda hər hansı təhdidin hərbi eskalasiya riski səviyyəsinə qalxmasında maraqlı deyil, çünki Ağ Ev bu bölgədə investisiyalara, enerji layihələrində paya sahibdir. Rusiya ilə hər hansı konfrontasiya həmin sərmayələri risk altına salar.

Lakin ABŞ qlobal mənzərəyə baxış bucağından ayrılıb fərqli dünyaya düşmədiyinə görə, onun xarici siyasətində Rusiyanı çəkindirmək planı instinktiv olaraq qalmaqda davam edəcək.

ABŞ-ın imperativlərinə Rusiya enerjisindən asılılığının azaldılması, münaqişənin baş verməsinin və ya sabitliyi pozan digər davranışların, xüsusən də Rusiyanın Qafqazda hökmran mövqeyinin qarşısının alınması daxildir.

Bu baxımdan ABŞ-ı narahat edən digər məqam Türkiyə ilə Rusiyanın münasibətlərindəki hərarətin normal tempdə olmasıdır, hərçənd ki, ABŞ-ı sevindirən məqam da mövcuddur.

ABŞ-a sərf edən budur ki, Türkiyə NATO üzvü kimi Cənubi Qafqazda hərbi-siyasi iştirak dərəcəsini çoxaldır, lakin Ağ Ev üçün də, Ankara üçün də “qırmızı xət”lər mövcuddur və bu amil Türkiyəni Rusiya ilə ortaq maraqlar formalaşdırmağa məcbur edir.

ABŞ siyasətini düzgün təbəqələşdirməlidir

Belə olan təqdirdə ABŞ Azərbaycan-Ermənistan sülh gündəliyi zəminindəki regional siyasətini Azərbaycan, Türkiyə, Rusiya amili ilə düzgün təbəqələşdirmək və onu sintez etmək çağırışı əsasında qurmalıdır.

ABŞ bu harmoniyanın elementlərini Bakı-İrəvan münasibətlərində mübahisəli qalan məsələlərin həllində özünün təşəbbüskar obrazını yaratmaqda hiss etdirir.

İrimiqyaslı infrastruktur və enerji layihələrinin şaxələndirilməsi mövzusuna görə, ABŞ-ın siyasi sərmayəsində Bakının çəkisi artır, çünki Azərbaycan amili enerji ehtiyatlarının Rusiyadan yan keçməklə Avropaya nəql olunmaq imkanları verir.

ABŞ özünün strategiyasında situasiyadan asılı olaraq “qeybə çəkilmə” taktikasına da üstünlük verir, məsələn, proseslərdə Avropa İttifaqını önə verərək, gedişatları pərdə arxasında dayanaraq dirijor çubuğu ilə idarə etmək istəyir.

Niyə Avropa İttifaqı?

Çünki Avropa İttifaqı böyük siyasi ambisiyalara malik təşkilat deyil və onun Rusiya ilə münasibətləri elə də pis qurulmayıb, yəni Moskva həmin birliyi özünə birbaşa təhdid olaraq görmür. Ağ Ev buna görə də, strateji bicliklə başqa resurslarla özünün maraqlarını təmin edən alətləri dövriyyəyə salır.

ABŞ-Azərbaycan münasibətlərində insan hüquqları, işğaldan azad edilmiş ərazilərə sərmayə yatırılması mövzusunda fərqli təsəvvürlər hökm sürməkdədir, bu isə tərəflər arasında mübahisəli məqamlar yaradır.

ABŞ-ın Birinci Qarabağ müharibəsində Azərbaycana tətbiq etdiyi 907-ci düzəlişin hələ də qüvvədə qalması da münasibətlərdə mübahisə yaradan məqamlardandır. Görünür ki, ABŞ hələ də özünün keçmiş baxışından tam qopmayıb və düşünür ki, bu amillərlə özü üçün təzyiq rıçaqlarını saxlayır.

Amma bunlar hazırda Azərbaycan üçün həyati əhəmiyyət daşıyan məsələ deyil, 907-ci düzəliş olmadan da, Ağ Evin insan hüquqları mövzusunda fərqli baxışına rəğmən Bakı öz istədiyinə çatıb və gələcək hədəfləri uğrunda sürətlə addımlayır.

Azərbaycan deyil, əslində, ABŞ öz addımlarını Bakı ilə ayaqlaşdıracaq və Bakı-İrəvan sülh gündəliyində Bakının lehinə işləyən cəlbedici ideyalarla çıxış etməli olacaq.

ABŞ Azərbaycana təhlükəsizlik zəmanəti də vermək niyyətindədir

Səfir Örl Litzenberger bir qrup media nümayəndəsi üçün keçirdiyi brifinqdə Rusiyadan digər postsovet ölkələrinə təhdid olacağı təqdirdə ABŞ-ın adekvat addımlar ata biləcəyini söylədi.

Düzdür, bu cür bəyanatlar Azərbaycan üçün şirnikləndirici deyil, rəsmi Bakı xarici siyasət kursunu strateji ağılla yürüdür və özünü xarici təhdidlərdən sığortalayır.

Lakin cənab səfir ipucu verir ki, ABŞ-ın Azərbaycan da daxil olmaqla digər region ölkələrinin perspektiv üçün təhlükəsizlik zəmanəti paketi mövcuddur. Ancaq bu zəmanətlərin formulları hələ işlənilməyib, yəqin ki, indi Ağ Evin analitikləri həmin sığortalayıcı tezisləri konsepsiya halına salmaqdan ötrü çalışır. 

Aqşin Kərimov

banner

Oxşar Xəbərlər