• cümə, 29 Mart, 15:34
  • Baku Bakı 14°C

Azərbaycan ABŞ-la strateji müttəfiq kimi özünü təsdiqləyib, bəs qarşı tərəf necə?

31.10.13 08:32 1688
Azərbaycan ABŞ-la strateji müttəfiq kimi özünü təsdiqləyib, bəs qarşı tərəf necə?
Azərbaycanın bir sıra regional və qlobal məsələlərdə ABŞ-la münasibətləri isə hətta strateji tərəfdaşlıq səviyyəsindədir. Avropanın etibarlı enerji təhlükəsizliyi, beynəlxalq terrorizmlə mübarizə və digər bu kimi qlobal problemlərin həllində Azərbaycan ABŞ-ın yaxın müttəfiqi rolunu oynayır. Azərbaycan ABŞ-ın birbaşa marağında olan tranzit enerji layihələrində, onun liderlik etdiyi antiterror koalisiyasında etibarlı tərəfdaş olaraq öz mövqeyini ortaya qoyur.
Azərbaycanın strateji əhəmiyyəti, regionun açar dövləti funksiyası məntiqlə ABŞ-ı da ölkəmizlə münasibətləri yüksək səviyyədə saxlamağa stimullaşdırmalıdır. Məlum olduğu kimi, son dövrlər Əfqanıstanla bağlı məsələlərdə Azərbaycanın əhəmiyyəti ABŞ üçün xüsusilə əvəzolunmaz olmuşdur. Öz növbəsində Azərbaycan da bu msələdə ABŞ-a lazımı köməkliyi göstərməkdədir.
Əslində Azərbaycanın timsalında bu, strateji tərəfdaş ölkələr arasında normal münasibətlərin təzahürüdür. Lakin unutmaq lazım deyil ki, strateji tərəfdaşlıq hər iki tərəfin üzərinə eyni dərəcədə məsuliyyət qoyur. Çox təəssüf ki, Azərbaycan tərəfinin öz strateji tərəfdaşlıq vəzifəsinə yanaşması ilə ABŞ-ın yanaşması arasında zaman-zaman fərqlər ortaya çıxmaqdadır.
Müşahidələr göstərir ki, Azərbaycanın strateji tərəfdaşlığa verdiyi töhfənin müqabilində, bəzi hallarda ABŞ tərəfindən ölkəmizin bu cür etibarlı tərəfdaş mövqeyi lazımınca dəyərləndirilmir. Məsələn, sirr deyil ki, hələ bir müddət öncəyədək erməni lobbisinin təsiri altında Azərbaycana səfir göndərməkdə çətinlik çəkən ABŞ-ın ölkəmizdəki elçiliyi xeyli müddət başsız qalmışdı. Bu isə müəyyən mənada münasibətlərin soyumasına səbəb olmuşdu. Lakin zaman göstərdi ki, ən azından özünün strateji maraqları naminə ABŞ mühüm geostrateji əhəmiyyətə malik olan Azərbaycanla münasibətlərin uzun müddət soyuq qalmasına razı ola bilməzdi. Beləliklə də, peşəkar diplomat, Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza xeyli tərəddüddən sonra bu posta təsdiq olundu. Azərbaycanın vacib tərəfdaş rolunu ABŞ-ın yüksək çinli məmurlarının ölkəmizə mütəmadi səfərləri də təsdiqləyir.
Məsələn, Əfqanıstanla bağlı və digər regional təhlükəsizlik məsələlərini müzakirə etmək məqsədilə ABŞ-ın müdafiə nazirləri dəfələrlə Azərbaycanda olmuşlar. Bunlardan Pentaqon rəhbəri Robert Qeytsin 2010-cu ildəki səfəri xüsusilə mühüm əhəmiyyətə malik olmuşdur.
Onun ölkəmizə səfərindən öncə bir sıra Qərb mətbu orqanları ABŞ-ın Azərbaycana marağının azalması haqqında yazılar dərc edirdilər. Əslində bu tip yazılara müəyyən əsaslar da var idi. Belə ki, qeyd etdiyimiz kimi, Vaşinqton uzun müddət idi ki, Bakıya səfir etmək məsələsində tərəddüdlər göstərirdi. Hər iki tərəfdə rəsmi və qeyri-rəsmi səviyyədə biri-birindən narazılıqlar səslənirdi. Kulminasiya nöqtəsi isə Azərbaycan-ABŞ birgə təlimlərinin ləğv olunması idi. Lakin Pentaqon şefinin qəfil səfəri münasibətlərin normallaşmasında əhəmiyyətli oldu. Bakıda yüksək səviyyədə keçirilən görüşlərdə diqqət ona yönəldi ki, ABŞ Azərbaycanla ikitərəfli münasibətlərin normallaşmasında maraqlıdır. Bu məsələ ABŞ prezidenti Barak Obamanın İlham Əliyevə ünvanladığı məktubda da öz əksini tapdı. ABŞ prezidenti məktubunda açıq şəkildə göstərirdi ki, Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsi ABŞ üçün prioritet olaraq qalacaq.
İkitərəfli münasibətlərdə, bir daha qeyd edək ki, Azərbaycanın antiterror koalisiyasında rolunun xüsusi əhəmiyyəti vardır. Belə ki, 2001-ci ildən bəri on minlərlə hərbçi məhz Azərbaycanın hava məkanından Əfqanıstana yollanıb. Hər il ABŞ-ın minlərlə hərbi personalı bu marşurtla daşınır. ABŞ və NATO avadanlığının təxminən dörddə biri də Azərbaycan vasitəsilə daşınıb. ABŞ Azərbaycandan tək hava nəqliyyatı vasitəsi ilə deyil, quru yolu vasitəsilə də yüklərin daşınmasını həyata keçirir. Göründüyü kimi, bütün sadalanan məsələlər daha çox ABŞ-ın maraqlarına uyğundur və Azərbaycan öz strateji tərəfdaşlıq missiyasını lazımınca yerinə yetirir. Bu və ya digər formada ABŞ-a doğru addım atan rəsmi Bakı bununla Vaşinqtondan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliləyiş gözləyir. Bu məsələ elə Dövlət Departamentinə də aiddir.
Prezident Obamanın İlham Əliyevə göndərmiş olduğu məktublarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin prioritet təşkil etməsi qeyd edilir. Bu o deməkdir ki, Ağ evin indiki rəhbərliyi Azərbaycanın tələbini qəbul edir. Bu, həm də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsuliyyətindən yaxasını kənara çəkmədiyini göstərir.
Lakin reallığa gəldikdə isə görünür ki, ABŞ-ın bəzi strukturları ikitərəfli münasibətlərin normal səviyyədə saxlanmasına ciddi səy göstərmirlər. Ölkədə keçirilən 9 oktyabr prezident seçkiləri ilə bağlı Avropa və Qərbin əsas vacib demokratik institutlarının rəyini deyil, daha aşağı səviyyəli ekspertlərdən ibarət DTİHB-in mövqeyinə əsaslanması ABŞ-ın Azərbaycanla münasibətlərinə zərbə vurur.
Digər tərəfdən ABŞ-ın uzun müddətdir ki, Minsk qrupunun üzvü kimi fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycanın ərazi bütövlüyü məsələsində qətiyyətli mövqe nümayiş etdirməməsi də narahatçılıq yaradır. Həmçinin işğalçı Ermənistana və onun terrorist fəaliyyətinə göz yumması və mütəmadi olaraq hərtərəfli dəstək göstərməsi də strateji tərəfdaş kimi Azərbaycanda narazılıqla qarşılanır. Halbuki, Ermənistan ABŞ-ın prioritet elan etdiyi demokratik ənənələrdən uzaq bir dövlət olmaqla yanaşı, onun mili maraqlarına birbaşa zidd olan fəaliyyəti ilə də diqqəti cəlb edir. Belə ki, Ermənistanın Gömrük İttifaqına qoşulmaqla bağlı cəhdləri, İranla yaxından əməkdaşlığı və s. ABŞ-ın mili maraqlarına birbaşa təhlükədir.
Lakin ABŞ bütün bunların müqabilində Ermənistana öz yardımlarının miqdarını getdikcə artırmaqdadır. Əksinə, daim ABŞ-la strateji partnyorluq prinsiplərinə sadiq olan Azərbaycanla münasibətlərdə isə mütəmadi olaraq ciddi səhvlər buraxılır. Artıq ABŞ Dövlət Departamentindəki bir sıra diplomatlar bu məqamlara həssaslıqla yanaşmağın vaxtının çatdığını dərk etməlidir. Çünki ikili standartlar sonda iki mühüm strateji tərəfdaş arasında münasibətlərin korlanmasına səbəb ola bilər.
Yuxarıda sadalanan faktlardan aydın olduğu kimi, yaxın keçmişin təcrübəsi göstərir ki, Azərbaycanla münasibətlərin qaydasında olması daha çox ABŞ tərəfinə gərəkdir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər