• cümə, 19 Aprel, 05:43
  • Baku Bakı 18°C

Azadlıq, zehni ölüm yoxsa geri qayıdış?

05.11.18 14:30 1499
Azadlıq, zehni ölüm yoxsa geri qayıdış?
Azadlıq nədir?
Azadlıq anlayışını necə qavrayırıq?
Azad insanın konkret tərifini verə bilərikmi?
Bu suallar ətrafında saatlarla diskussiya aparmaq, onlarla kitab yazmaq mümkündür. Amma bu yazıda mənim məqsədim azadlıq haqda ətraflı diskussiya açmaq, mövzu ətrafında polemika yaratmaq deyil. Haqqında yazacağım romanı qavramaq üçün, sadəcə ekzistensialist dünyagörüşünün azadlıq və azad insan haqda irəli sürdüyü bir neçə məqama toxunacağam.
Ekzistensializmə görə insan heç bir kənar təsir altında qalmadan, təbii şəkildə, sosial zərurətin təsiri altında formalaşan əşya kimi çıxış etmədən, seçimləri ilə, özünü formalaşdırmaqla azadlığı əldə edə bilər. Azad insan etdiyi hərəkətlərə, atdığı addımlara, davranışlarına görə məsuliyyət daşıyır. Azad insan şərtlər nə olursa olsun, heç bir halda məsuliyyəti boynundan atmır, özünə bəraət qazandırmır.
Ekzistensializm XX əsrdə fəlsəfədə yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasionalist, subyektiv idealist fəlsəfi cərəyanlardan biridir..
***
Türk ədəbiyyatında ekzistensializmin (varoluşçuluk) iki nəhəng nümayəndəsini xatırlatmaq yerinə düşər: Yusif Atılqan və Oğuz Atay. Hər ikisi Kamü və Sartr qədər Azərbaycan oxucusuna tanışdır. Ədəbi mühitdən və ədəbi tənqiddən kənar gəzib, həyatının böyük hissəsini kənddə yaşayan Yusif Atılqan "Anayurt oteli” və "Avara adam” romanları ilə türk ədəbiyyatında yeni bir istiqamətin banisi hesab oluna bilər. Oğuz Atayın ilk romanı "Tutunamayanlar” çap olunduğu dönəmdə kifayət qədər diqqət çəkməsə də, türk ədəbiyyatında postmodernizmin ilk müjdəçilərindəndir.
***
Bu yazıda Müasir Türkiyə ədəbiyyatından ətraflı bəhs etmədən, romanları ilə kifayət qədər tanınan və sevilən Hakan Gündayın "Kinyas və Kayra” romanından bəhs etmək istəyirəm. Günday 1976-cı ildə doğulub və yazdığı romanlar bir çox mükafatlara layiq görülüb. Türkiyədə kifayət qədər populyar olmaqla yanaşı, yaradıcılığı dünya oxucusuna da tanışdır. Bildiyim qədər, H. Gündayın bir neçə romanı Azərbaycan dilində də nəşr olunub. Təəssüf ki, müəllifin ona böyük şöhrət gətirən və 2000-ci ildə Türkiyədə nəşr olunan ilk kitabı, "Kinyas və Kayra” hələ də ölkəmizdə nəşr olunmayıb.
***
"Kinyas və Kayra” romanı haqda zövqünə güvəndiyim kitabsevərlərdən maraqlı fikirlər eşitdiyim üçün, on ay öncə bu kitabı əldə edib oxumağa qərar verdim. 18 il öncə nəşr olunmuş səs-küylü bir türk romanını on ay öncə etsəm də, ilk oxumaq cəhdlərim uğurlu olmadı. Qış aylarında nə qədər cəhd etsəm də, 100 səhifədən (Kitabın "Doğan Kitap”da 115. 000 tirajla çap olunmuş 55-ci nəşri 531 səhifədir.) artıq oxuya, kitabla "səmimiyyət” qura bilmədim və təbii ki, "Kinyas və Kayra” digər kitablarımın arasına qarışıb unuduldu. Bu tip kitablar ümumiyyətlə "ağır” oxunur və düzgün məqamda müraciət etmədikdə mütaliə prosesi bezdirici olur. Bu yaxınlarda təsadüfən qarşıma çıxan romanı yenidən oxumağa qərar verdim və… nə qədər təəccüblü olsa da, bu cəhdimdə üç günə bitirdim. Kitabın təsirindən çıxıb yazıya başlamaq isə bir günümü aldı. Deməli, oxumaq üçün münasib şəraiti gözləmək şərtdir. Romanı oxumaq istəyənlər üçün: "Kinyas və Kayra” sakit və "yüklənməmiş” beyinlə, diqqətlə və fəhm edərək oxunmalı romanlardandır. "Kinyas və Kayra”nın mütaliəsi məni kifayət qədər yorsa da, kitabı bitirdikdən sonra altından xətt çəkdiyim cümlələrə, səhifələrin kənarına etdiyim qeydlərə baxlarsa zövq aldığımı dana bilmərəm.
***
"Kinyas və Kayra” romanı 3 kitabdan – fəsildən ibarətdir: Birinci kitab – "Kinyas, Kayra və həyat”, İkinci kitab – "Kayranın yolu”, Üçüncü kitab – "Kinyasın yolu”.
Günday "Kinyas və Kayra” romanında həyata baxışları fərqli iki dostun, ekzistensialist düşüncələrini, başlarına gələn qəribə macəraları və əhvalatları nəql edir. İlk baxışdan roman yeniyetmələr üçün əyləncəli ola biləcək açıq-saçıqlığı ilə diqqət çəkir. Eyni zamanda müəllifin həddindən artıq təkrarçılığı sizi yora bilər. Pozitiv tərəfindən baxsaq bunun üslubla bağlı olduğunu düşünə bilərik. Eyni zamanda Gündayın ilk qələm təcrübəsi olduğu üçün, bunu naşılıq kimi qiymətləndirmək də olar.
Amma bütün dünyaya asi olan obrazların azadlıq, həyat, varlıq, dünya haqda ekzistensial düşüncələri kifayət qədər maraqlı və ciddi şəkildə təqdim olunur. Obrazların başına gələn macəralar nə qədər "qurma” olsa da, fəlsəfi düşüncələri kifayət qədər maraqlı və düşündürücüdür. Bütün üstün məziyyətləri və tənqid olunmalı məqamları ilə "Kinyas və Kayra” çox maraqlı "fiction” nümunəsidir.
Obrazların Afrikadan Türkiyəyə qədər uzanan şiddət, zorakılıq, qumar, cinayət dolu, özlərini axtarmaqla keçən həyatları onların gündəlikləri şəklində təqdim edilir.
Romanın əsas obrazlarından birinin – Kayranın – "Zippo” markalı alışqanın üstünə yazdırdığı "Taedium vitae” (lat. Həyatdan bezmək, məqsədsiz yaşamaq, həyatdan yorulmaq mənalarında işlədilir) söz birləşməsi əslində bütün romanı və hər iki obrazı çox gözəl ifadə edir.
Uşaqlıqda yolları birləşən, 21 yaşlarında evdən qaçan, özlərini Kinyas və Kayra adlandıran dostlar səkkiz ildir dünyanın müxtəlif yerlərində qaranlıq bir həyat yaşayaraq özlərini axtarmaqla məşğuldurlar.
***
Kinyas və Kayra bir-birinə nə qədər zidd düşüncədə olsalar da, aralarındakı bənzərliklər də zaman-zaman özünü büruzə verir. Məsələn, hər ikisi yaşadıqları dünyanın əxlaq və azadlıq anlayışına istehza edir, insanların zəkasını, düşüncələrini qəribə və anlamsız hesab edirlər. Ən böyük ortaq özəllikləri hər ikisinin mükəmməl sayıla biləcək, qayğıkeş ailələrindən uzaq qaçması, yalan danışmağa meylli olmaları və azadlığı kütlədən fərqli şəkildə anlamalarıdır. Dünyanın ən qaranlıq qitəsində – Afrikada saysız hesabsız qətllər törədən, narkotik ticarətindən, qaçaqmalçılıqdan, cinayətdən, zorakılıqdan çəkinməyən bu iki gənc cəmiyyətin qəbul etdiyi əxlaqi qaydaları və nizamı pozmaqdan zövq alır. Afrikada başlayan cinayət dolu macəralar Meksikaya qədər uzanır. Meksikadakı dəbdəbəli və qanlı həyatdan bezib birlikdə yola çıxdıqları ilk yerə, vətənlərinə qayıdırlar. Və Türkiyədə onların yolu birdəfəlik ayrılır. Daha doğrusu keçmiş həyatına qayıtmaq istəyən Kinyas Kayranı tərk edir.
***
Romanı oxuduqca mənə elə gəldi ki, roman bir obrazın iki fərqli "mən”i arasındakı amansız savaşdan bəhs edir. Əminəm ki, çoxları bu qənaətə gəlib və gələcək. Çünki Kinyas və Kayra bir-birindən ayrılana qədər, daha doğrusu Kinyasın Kayranı atıb getməsinə qədər hər ikisi "zehni ölüm”ü arzulayır və bunun üçün birlikdə hərəkət edirlər. Amma mənim fikrimdəki xəyali obrazın birinci "mən”i (Kinyas) AİDS kimi qorxulu xəstəliyə tutulsa da, cəmiyyətə, ailəsinin yanına qayıtmağı seçir və buna qismən müvəffəq olur. Kayra isə qanlı cinayətlərinə davam edər, Afrikanın ucqarlarına çəkilərək öz "zehni ölüm”ünü gözləməyə qərar verir. Bu iki "mən” arasındakı mübarizədə qalib və məğlub yoxdur. Həm Kinyas, həm də Kayra özünü haqlı hesab edə bilər. Çünki yuxarıda qeyd etdiyim kimi: "Azad insan şərtlər nə olursa olsun, heç bir halda məsuliyyəti boynundan atmır, özünə bəraət qazandırmır”.
***
Anarxist və pessimist ruhuna baxmayaraq "Kinyas və Kayra” romanını əldə edib oxumağı kitabsevərlərə tövsiyə edirəm.
Təəssüf ki, Hakan Gündayın yaradıcılığı ilə əhatəli tanışlığım yoxdur.
Sadəcə "Kinyas və Kayra” romanını, bir neçə müsahibəsini və əsərlərindən parçaları oxumuşam və onun ssenarisi ilə çəkilən "Şəxsiyyət” serialını izləmişəm. Oxuduqlarımdan və izlədiklərimdən gəldiyim qənaət müsbətdir. Ehtimal ki, müəllifin digər əsərlərini də əldə edib oxuyacağam.
Hər halda mənə elə gəlir ki, 3 universiteti yarımçıq tərk edib yazıçı olmağı seçən Hakan Günday qazandığı şöhrətə və populyarlığa layiqdir və qazandığı uğurlar təsadüfi deyil.
Cəlil Cavanşir
banner

Oxşar Xəbərlər