• cümə axşamı, 25 aprel, 06:10
  • Baku Bakı 14°C

Azadlıq Günü və 28 May metro stansiyası...

30.05.13 08:07 1830
Azadlıq Günü və 28 May metro stansiyası...
...Universitetin birinci kursunda oxuduğum, Bakıya yeni gəldiyim günlərdən biri idi. Yaxın rəfiqəmi də yanıma alıb, Şəhidlər Xiyabanına üz tutdum. Məzarların arasından keçə-keçə gözümün önündə saçlarını yolan analar, gözü yolda qalan bacılar, şivən qoparan sevgililər canlanırdı və bu yarımçıq qalan bütün ömürlər üçün ayrı-ayrı göz yaşı axıdırdım ürəyimə.
...O soyuq daşlardan baxanların heç birinin sifətinə qırış düşməmişdi... bəlkə heç EŞQə belə düşməmişdilər...
O gün o xiyabanın içində ürəyimdən bir ağrı qopmuşdu. Mənə elə gəlmişdi ki, o xiyabanda basdırılanlar deyil, o xiyabanın özü uşaqdı, körpədi. Və...
...və heç böyüməyəcəkdi!
O gün orda bir dəhşətli hadisə olmuşdu. Ya da mənə dəhşətli görünmüşdü, bilmirəm. O gün, o xiyabanın xəlvəti yerində görüşə çıxan sevgililəri görmüşdüm və onsuz da salamat olmayan beynim yerindən oynamışdı. Məndən daha ayıq olan rəfiqəm "bura şəhərin ən xəlvət yeridi, burda polis mane olmur onlara" demişdi. Onda başa düşməmişdim, iki sevgilinin görüşündə xəlvətilik nəyə lazımdı, amma illər keçib başa düşəndən sonra başıma o xiyaban qədər daş düşmüşdü. Şəhidlər Xiyabanı sevgililərin əhd-peyman bağlamaq yerinə deyil, sevişmə yerinə çevrilmişdi!
...O gündən on üç il keçib. On üç ildir mən o müqəddəs ziyarətgaha qorxa-qorxa gedirəm, onları görməyim, nifrətimi qusmayım deyə. Boğub öldürməyim deyə!
Mən bu məsələnin iyrəncliyini başqa bir məqamda da yaşayıram. 28 Mayda. Bəli, mən hər 28 May Günündə qürur hissi keçirirəm, hər ilin may ayı başım dikəlməyə başlayır, düşünürəm ki, yetmiş illik əsarətin ikiillik and yeri var: "Biz bunu elədik, ən azından baş qaldırdıq, baxın, bizim Məhəmməd Əminimiz var, o bizim bayrağımızı qaldırdı!" iddiam var.
Paytaxt Bakının ən iyrənc məhəllələrindən biri bizim Azadlıq Günümüzün adını daşıyır! Yox, yox, kimsə özünü bilməməzliyə qoymasın, hamımız bilirik 28 May metro stansiyasının "işığına yığışanlar"ın kimlər olduğunu. Bilirik orda nələr baş verir, bilirik azca axşama qalanda kimlərlə rastlaşmalı oluruq. Yaxşı bilirik orda çalışanların və "oraya çalışanlar"ın hansı amala xidmət elədiyini!
Dünyanın bütün ölkələrində bu cür məhəllələr var. Amma onlar şəhərin orta yerində olmur. Onlar ölkənin müstəqilliyini qazandığı günün adını daşımır. Onlar kənddən işıqlı arzularla paytaxta qoşan gənclərin arzularını öldürməyə xidmət eləmir!
AZADLIQ Günü. Düz 95 il bundan əvvəl biz azad olaq deyə canlar fəda edilib, qanlar tökülüb. Başımızdakı qapazların altından güc-bəla çıxan canlarımızın millətçilik duyğularının fışqırtıları tarixə "biz də varıq" möhürünü vurub.
Bu gün bizim bəşəriyyətə səslənmə günümüzdür!
Bu gün bizim BAYRAĞIMIZIN var oluş günüdür!
Allah eşqinə, qürur duymağa bir yer buraxın bizə. And yeri, qibləgah buraxın. Orda yatanların üzü nuruna, azadlığımızda qan tökənlərin ruhu eşqinə, öləndə başımızı qoymağa torpaq buraxın.
Vətən onunla qürur duyulanda VƏTƏN olur!
Millət heysiyyəti qorunanda MİLLƏT olur!
Bayraq - səcdəsinə eniləndə ZİRVƏLƏRDƏ DALĞALANIR!
Azadlıq Günün mübarək olsun, VƏTƏN!
banner

Oxşar Xəbərlər