Azadlığı “yük” bilənlər - ARAŞDIRMA
Məhbəsdən
çıxıb azadlıqda həyatını başlaya bilməyənlər ciddi problemə çevrilirlər. Həbsxanaya
düşən şəxslərin bir çoxunda artıq
vərdişlər formalaşır. Belələri azadlıqda çox qala bilmir, həbsdən
çıxandan qısa müddət sonra yenidən cinayət törədirlər
"Arxadan
vurulan zərbə” filminin qəhrəmanlarından olan Hamlet Xanızadənin yaratdığı İmaş
rolu filmi izləyənlərin yaxşı yadındadır. Oğurluq üstə tutulan, həbsdən sonra
keçmiş həyatı ilə azadlığı arasında seçim etməkdə çətinlik çəkən, nəhayət,
xeyirxah əllərin köməyi ilə işə düzəlib normal həyata qayıdan insandır. Məhbəsdən
çıxıb yenidən həyatını başlamaq istəyənlər üçün misal ola biləcək obrazdır. Yetər
ki, məhkumluqdan azad olan şəxslər İmaşın həyatından da xəbərdar olsunlar,
etdikləri cinayəti yenidən təkrarlamasınlar. Amma təəssüf…
15 dəqiqə keçməmiş
Yaxınlarda
Cəlilabad rayonunda baş verən qətl hadisəsinin də, Şəki rayon sakininə məxsus
avtomobilin şəhər ərazisindən qaçırılmasının da yenicə azadlığa çıxan şəxslər tərəfindən
törədilməsi məlumatları yayıldı. Qonşusunu bıçaqla qətlə yetirən şəxs azadlığa
çıxandan bir neçə gün sonra, avtomobili qaçıran isə məhbəs divarları ilə vidalaşandan
cəmi 15 dəqiqə sonra yenidən cinayət əməlinə əl atıb. Faktlarını
sadalamadığımız oxşar hadisələrin çoxluğunu nəzərə alsaq, böyük bir problemlə
üz-üzəyik. Həbsxanadan çıxan insanlar azadlığın dadından xəbərsizmiş kimi yenidən
cinayət törədirlər. İstər-istəməz "Keçmiş məhbusları təkrar cinayətə hansı
amillər sürükləyir? Bu geniş dünyanı onlara zindan edən nədir? Keçmiş əməllərin
üzərindən xətt çəkib yeni həyata başlamaq çoxmu çətindir?” kimi suallar yaranır.
Yenidən köhnə həyata…
Həbsxananı
heç də həmişə islah düşərgəsi hesab etməyənlər az deyil. Bu baxımdan, məhbəs
divarları arasına düşən hər kəsin islah olunmasını gözləmək yanlış gözlənti
sayılır: "İnsanın bu və ya digər qanunsuz əməl etməsi bir çox faktorla bağlıdır.
Həbsxanaya düşən şəxslərin bir çoxunda da artıq formalaşmış vərdişlər vardır”-
deyə hüquq müdafiəçisi Əliməmməd Nuriyevvurğulayır: "Yəni şəxsin qanunsuz əmələ meyilliliyi o həddə çatır ki, o, cinayət
edir və nəticədə məsuliyyətə cəlb edilir, sonra da həbsxanaya düşür. Cəzaçəkmə
müəssisələrində fərqli bir mədəniyyət var. Buna submədəniyyət deyilir. Cəzaçəkmə
müəssisələrində daha çox qalmaq, şübhəsiz ki, kriminal vərdişlərin daha da möhkəmlənməsinə
gətirib çıxarır. Bundan imtina etmək o qədər də asan olmur. İlk növbədə böyük
iradə lazımdır. Həbsdən çıxandan sonra cəmiyyət, ailə yaxınları onu necə
qarşılayacaq - bu, çox ciddi faktordur. Bir çox hallarda cəmiyyət onlara
atılmış kimi baxır, ailə onları qəbul etmir. Belə olan halda həmin şəxslərin bəziləri
yenidən köhnə həyata qayıtmaq istəyir. O baxımdan da burda bir çox mənəvi-psixoloji
faktorlar var”.
Məhkumların məşğulluğu
Ə.Nuriyevin
fikrincə, problemin aradan qaldırılması üçün müvafiq şərait təmin edilməlidir:
"Eyni zamanda, sosial adaptasiya ilə əlaqədar fəaliyyətlər də həyata keçirilmir.
2007-ci ildə qanun qəbul edilsə də, sosial-reabilitasiya mərkəzləri hələ də
istifadəyə verilməyib. Azərbaycan hökuməti, Penitensiar Xidmət, Ədliyyə Nazirliyi
bu istiqamətdə çalışır. Cəzaçəkmə müəssisələrində
peşə və orta məktəblər fəaliyyət göstərir. Bu məktəblərin yeni konsepsiyasının
qurulmasına ehtiyac var. Burada yeni peşələrin tədris edilməsi, Təhsil
Nazirliyinin bu barədə təxirəsalınmaz qərarlar qəbul etməsi yaxşı olardı. Neçə
illərdir ki, biz bunu deyirik. Məhkumların məşğulluğu ilə bağlı məsələnin genişləndirilməsinə
ehtiyac var. Düzdür, Ədliyyə Nazirliyi daxili imkanlarını səfərbər edir. Bəzi cəzaçəkmə
müəssisələrində məşğulluq faizi 25 faiz, orta məşğulluq bütövlükdə 7-14
faizdir. Məcburi əmək qadağan olunub. Məhkumlar könüllü olaraq işləməyi qəbul
edirlər. Hökumətin bu istiqamətdə qərar qəbul etməsi vacibdir ki, məşğulluq
genişləndirilsin. Cəzaçəkmə müəssisələrində müxtəlif peşələrin yaranması, məşğulluğun
artırılması istiqamətində işlər həyata keçirilməlidir. Bu, onların kriminal vərdişlərdən
yayınmasına kömək göstərə bilər. Onlar azadlığa çıxanda uyğun iş tapa bilərlər,
yaşamaq imkanları olar”. Ə.Nuriyev qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi ilə Ədliyyə Nazirliyi məhkumların cəzasının başa çatmasına az qalmış
onlarla sosial iş aparır, hansı istiqamətdə çalışmaları ilə bağlı müzakirələr edir
və onları qeydə alır. Belə ki, azadlığa çıxandan sonra onlara məşğulluq idarələri
tərəfindən müəyyən işlər təklif olunur: "Müraciət edənlərin 73 faizi işlə təmin
olunur. Amma müraciət etməyənlər də var. Bu da onunla bağlıdır ki, onlara 4 ay
müddətinə 1000 AZN məbləğində müavinət verilir”.
Azadlığın ağır yükü
Ə.Nuriyev
qeyd edir ki, submədəniyyətin bütövlükdə xilas olması üçün çoxsaylı
proqramların hazırlanmasına ehtiyac var. Vətəndaş cəmiyyəti də bu məsələlərdə
yaxından iştirak etməlidir: "Hər yükün dövlətin üzərinə qoyulması düzgün deyil.
Biz birlikdə işləməliyik. Onda daha yaxşı nəticələr əldə etmək olar. Azadlığa
çıxanların 5-7 faizi yenidən cinayət edərək cəzaçəkmə müəssisələrinə qayıdır.
Bu proses bütün dünyada, o cümlədən Azərbaycanda baş verir. Bəzi hallarda sosial
problemlərin mövcudluğu, bəzi hallarda yeni bir mədəniyyətə daxil olmaları
onlara təsirsiz ötüşmür. Nəticədə, həbsxanadan çıxmış şəxs öz yerini yalnız həbsxanada
görür. Adamlar var ki, onlar üçün azadlıq bəlkə də ağır yükə çevrilir”.
Reabilitasiyaya ehtiyac
Məsələnin
psixoloji kökü daha dərindir. Cəzaçəkmə müəssisələrindəki insanların yalnız məhbəs
divarları arasında deyil, həmçinin azadlığa çıxandan sonra da reabilitasiyaya
ehtiyacları var. Psixoloq Elnur Rüstəmlihesab edir ki, Azərbaycanda cinayət edənlərin böyük bir qismi təkrar cinayət
törədən insanlardır: "Şəxsin törətdiyi cinayət əməlinə qiymət veriləndən sonra
islah-əmək düşərgəsinə göndərilir. Orda islah olunur, əməyə cəlb edilir. Müddət
bitəndən sonra azadlığa çıxır. İslah əmək düşərgəsində onlarla reabilitasiya
işi aparılmalıdır. Dünya ölkələrində bu reabilitasiya işi məhbusun azadlığa
çıxmasına 3-5 ay qalmış artıq həyata keçirilir. ABŞ-da onlar əməyə də cəlb
olunur. Müəyyən şirkətlər var ki, işçi
qüvvəsi çatışmadığından həbsxanalarla müqavilə bağlayırlar. Məhbuslar da orada
işləyir. Həm pul qazanır, həm də faydalı olurlar. Şübhəsiz ki, bu, bütün məhbuslara
şamil edilmir”.
İşlək mexanizm zərurəti
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi nəzdində məhbusların reabilitasiya mərkəzi fəaliyyət
göstərir. Bu mərkəz şəhərdən kənardadır və bütün məhbusları əhatə edə bilmir: "Məhbusların
bir qismi azadlığa çıxandan sonra iş tapmaqda, cəmiyyətə, hətta ailəyə
adaptasiya olmaqda çətinlik çəkirlər. Onların bir qismi azadlığa çıxanda artıq
ailədə problem yaranır – kimisinin həyatında boşanma prosesi baş verir,
kimisində dərin maddi problemlər olur. Bununla bağlı reabilitasiya proqramları
həyata keçirilməlidir. Təəssüf ki, bizim bu istiqamətdə ciddi problemlərimiz
var”.
Təranə Məhərrəmova