• cümə, 26 Aprel, 19:46
  • Baku Bakı 22°C

Az, amma keyfiyyətli auditoriya - MÜSAHİBƏ

30.12.21 11:30 852
Az, amma keyfiyyətli auditoriya - MÜSAHİBƏ
"LinkedIn influencer” Kamal Mahmudov: "Bu platformanın azərbaycanlı auditoriyasında eqo çoxdur. Belə təəssürat yaradırlar ki, vəzifə adamıyam, mənə tez-tez yazmaq olmaz, yazanda isə dərhal cavab gözləmə. Hər gün olmasa da, iki gündən bir paylaşım etmək lazımdır”
"LinkedIn” vasitəsilə işçi axtarılması qlobal aləmdə getdikcə daha da genişlənir. Ölkəmizdə də bu şəbəkədən istifadə edənlərin sayı son vaxtlar sürətlə artır. Ancaq bir çox şəxs orda aktiv yox, passiv istifadəçidir. Əslində, düzgün istifadə qaydası necədir? Bu istiqamətdə suallarımızı "LinkedIn influencer” Kamal Mahmudov cavablandırdı.

- Ölkəmizdə müəssisələr işə qəbul zamanı "LinkedIn” profilinə nə dərəcədə önəm verirlər, yaxud oradan özləri işçi tapmağa nə qədər maraqlıdırlar?
- Ötən illərlə müqayisə etsək, son vaxtlar bu platforma üzərindən işçi axtaranların sayı çoxalıb. Hazırkı işimdə də məni "LinkedIn”dən tapıblar. "LinkedIn” platformasının CV-də qeyd olunması, iş axtaran şəxs üçün üstünlükdür. Şirkətlər də bunu istəyirlər. Bəzən CV-yə ehtiyac görmürlər, "LinkedIn” profilini göndərməyin yetərli olduğunu bildirirlər. Çünki orda kadrla bağlı bütün məlumatlar qeyd olunur.


- Siz bu sosial şəbəkədə aktivsiniz, 23 mindən çox izləyiciniz var. İnsan Resursları (İR) mütəxəssislərinin diqqətini çəkmək üçün aktiv olmalıyıq? Bağlantı, izlənmə sayının çox olmasına fikir verilir?
- Sahəsi ilə bağlı paylaşımlar, kadrın öz sahəsindən məlumatlı olduğunu göstərir. İR mütəxəssisləri aktivliyə bu cəhətdən baxa bilərlər. İzləyici sayının çox olması yaxşı təəssürat yarada bilər, amma şərt deyil.

- Ölkənin miqyasına görə "LinkedIn”də istifadəçi sayımız necədir?
- "Facebook” və "Instagram”da ölkə üzrə istifadəçi sayı 3 milyondan çoxdur. "LinkedIn”də isə bu rəqəm 500 minə yaxındır. Amma "Linkedin”in bir bağlantısı "Facebook”un, bəlkə də 20-30 dostuna bərabərdir. Say çoxluğu deyil, auditoriyanın keyfiyyəti olması şərtdir. Az olsa da, "LinkedIn”də çox keyfiyyətli auditoriya var.


- Bir çox kadrın orda profili olsa da, nadir hallarda daxil olurlar. "Mən də burda varam” tipli istifadəçi nə qədərdir?
- 95 faiz bu cür istifadə edir. Çünki qlobal olaraq bu platformadan istifadə edənlərin sayı 800 milyona yaxındır və onların cəmi 3 faizi aktiv istifadəçidir.

- "LinkedIn”də aktivlik deyəndə, nə nəzərdə tutulur? Gündəlik nə qədər vaxt keçiriləcək yerdir?
- Mən hər gün paylaşım edən insanam. Məsələn, kontenti bu günün sonunda hazırlayıram, sabah paylaşıram. Günün müəyyən saatında da, yazılan rəylərə cavab verirəm. Bir saatdan da az vaxt gedir. Az vaxt sərf etməklə, aktivliyi saxlamaq mümkündür. Ancaq bir adam satış sahəsindədir, məhsulunu satmaq istədiyi auditoriya "LinkedIn”dədirsə, o, 3 saat da vaxt sərf edə bilər. Çünki işi odur.


- Düzgün profil formalaşdırıb ara-sıra paylaşımlarla kifayətlənməli, yoxsa gündəlik aktiv qalmalı, paylaşım etməliyik?
- Ara-sıra paylaşımlar bizi bir yerə aparmayacaq. Hər birimiz sosial statusumuzdan asılı olmayaraq fərd olaraq öz brendimizi formalaşdırmalıyıq. Məsələn, Kamal kimdir? Bunun üçün orda aktiv olmaq məsləhətdir. Hər gün olmasa da, iki gündən bir paylaşım etmək lazımdır. Ən önəmlilərdən biri də odur ki, başqalarının statuslarına şərh yazaraq, bəyənərək insanları öz varlığımızdan xəbərdar etməli, "mən də varam” deməliyik.

- Profilə daxil olanda, paylaşımlarımızla yanaşı, bəyəndiyimiz, rəy yazdığımız paylaşımları da görə bilərlər. Burda hansı statusu bəyəndiyimizə, hansı rəyi yazdığımıza da diqqət etməliyik?
- Bu sosial şəbəkədə atdığımız hər bir addıma diqqət etməliyik. "LinkedIn”də yazdığı şərhə görə işə qəbul edilməyən kadr tanıyıram. İR mütəxəssisi baxıb ki, kadrın profili yaxşıdır, paylaşımları normaldır, amma kiminsə paylaşımına aqressiv rəy yazıb. İşəgötürən hər şeyi bəyənir, amma deyir ki, mənə aqressiv işçi lazım deyil. "Bəyənmə” və rəylərimizi diqqətdə saxlamalıyıq. Çünki əleyhimizə işləyə bilər.


- Kimlərlə bağlantı qurmalıyıq?
- Məsələn, sahənizlə bağlılığı olmayan bir kadr sizə bağlantı təklifi göndərir. O, bu zaman tək sizə deyil, həm də bağlantınızda olan şəxslərə baxır. "LinkedIn”in alqoritmi belədir ki, siz hansısa bir paylaşımı bəyənsəniz, bağlantınızda olan adamlar onu görəcək. Sizin bir bəyənmənizlə paylaşımı hansısa şirkət rəhbərlərinə, işə qəbul mütəxəssislərinə çatmış olacaq.Elə insanlar var ki, bağlantılarında öz sahələrinin adamlarının olmasını istəyirlər. Bu, kadrın seçimindən asılıdır. Brendini spesifik sahə üzrə qurmaq istəyirsə, öz sahəsinin adamları ilə bağlantı qura bilər. Mənim kimi insanlara faydalı olmağa çalışan, hər kəsə uyğun mövzularda paylaşımlar edən insanlar hər kəsin bağlantısını qəbul edir.

- "LinkedIn”də şəkil paylaşmaqdan danışaq. Burda yanaşma necə olmalıdır?
- Şəklin mətni çox önəmlidir. Hansısa restoranda yemək yeyəndə şəkil çəkdirib paylaşmaq yaxşıdır, amma "Instagram” üçün. Restorandan şəkil paylaşıb "Restoranda işləyirdim, indi filan yerdəyəm” tipli hekayəmi paylaşsam, "LinkedIn” üçün uyğundur. Necə təqdim etmək önəmlidir.


- Deyirlər ki, "LinkedIn”də profil şəklimiz ciddi olmalıdır.
- Profil şəklimizin necə olması hansı sahədə çalışmağımızdan da asılıdır. Məsələn, kimsə proqramçıdırsa, onun qalstuk, pencəkdə şəkil yerləşdirməsinə ehtiyac yoxdur. Qarşısında kompüter, normal geyimdə də şəkil olar. Amma kimsə hansısa şirkətdə CEO-dursa, qalstuk, pencəkdə olmalıdır. Ümumilikdə, qismən ciddi şəkil kifayətdir.

- "Linkedin” profilini daha çox iş axtaran zaman açırlar. Bəs məqbul zaman nə vaxtdır?
- Nə qədər tez açılsa, o qədər yaxşıdır. Birinci kursdan başlamaq lazımdır. İndiki dövrdə şəbəkələşmə çox önəmlidir. Hazırda iş axtaranların əsas problemlərindən biri tanışlarının az olmasıdır. 23 min bağlantını 2 ilə yığmışam. 1-ci kursdan açsaydım, indi bağlantı sayım daha çox olardı. Bağlantı sayının çox olması həm də ona görə vacibdir ki, iş axtarmaqla bağlı paylaşım etsəm, onu çox insan görəcək, çox insan yardım etməyə çalışacaq.


- Hesabı "Premium” etməyə ehtiyac varmı? Hansısa üstünlükləri qazandırır?
- "Premium” üzvlüyün verdiyi özəlliklərin çoxunu adi hesabla da əldə edə bilərsiniz. Normal hesablarda belədir ki, biz bağlantılarımız arasında olmayan adamlara mesaj yaza bilmirik. Bağlantı təklifimizi qəbul etdikdən sonra yazmağımız mümkün olur. "Premium” hesabda ay ərzində bağlantıların arasında olmayan 5 nəfərə mesaj yaza bilirsən. Bir də hesabınıza baxan hər kəsi görə bilirsiniz. Adi hesablarda isə sonuncu 5 nəfərin adını görə bilərik.

- Bir qisim azərbaycanlı istifadəçi paylaşımlarını ingilis dilində edir. Buna ehtiyac olmadığını deyənlər olur.
- Bu, auditoriyanızdan asılıdır. Azərbaycanlı auditoriyadırsa, öz dilimizdə paylaşmaq daha yaxşıdır. Bununla bağlı bir dəfə test etmişəm. Eyni paylaşımı həm ingilis, həm də azərbaycanca etdim. İkinciyə daha çox rəy gəldi. İngilis dilində gözəl şəkildə anlayan, fikrini istədiyi kimi ifadə edənlər azdır. Fikirləşirlər ki, ingilis dilində rəy yazsam, yanlış anlaşıla bilər. İki dildə paylaşım etməyə də ehtiyac yoxdur.


- Müəyyən vəzifə sahibi olan "LinkedIn” istifadəçiləri, bəzən sanki əlçatmaz statusu yaradırlar. Mesajlara ya baxmırlar, ya da çox gec cavab verirlər.
- Bu platformanın azərbaycanlı auditoriyasında eqo çoxdur. Belə təəssürat yaradırlar ki, vəzifə adamıyam, mənə tez-tez yazmaq olmaz, yazanda isə dərhal cavab gözləmə. Ola bilər ki, oradan az istifadə edir, ona görə gec cavab verir. Ancaq bəzən adama yazışdığımız anda sual verirəm, çıxır və sabah cavab yazır. Bu, yaxşı bir şey deyil. Şirkət, əməkdaşlar barədə yaxşı təəssürat yaratmır.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər