• çərşənbə axşamı, 19 mart, 10:21
  • Baku Bakı 8°C

Aysberqin görünməyən tərəfi - ƏDƏBİ SÖHBƏT

22.01.22 11:45 840
Aysberqin görünməyən tərəfi - ƏDƏBİ SÖHBƏT
Yazıçı-ssenarist Çinarə Nüsrətli Azərbaycanın son vaxtlar formalaşmağa başlayan serial sənayesinin problemləri, çətinlikləri və uğurlarından danışır
Bu gün serial sektoru Azərbaycanda inkişaf etməkdədir. Sahənin inkişafı, təbii ki, birdən-birə ola bilməz. Bunun üçün zaman, təcrübə, zəhmət lazımdır. Bəzən bizim serialları xaricilərlə – Rusiya və Türkiyə serialları ilə müqayisə edirlər. Bəs bu nə qədər doğrudur? Bu və digər suallara cavab tapmaq üçün yazıçı-ssenarist Çinarə Nüsrətliylə söhbətləşdik.
Çinarə xanım artıq uzun illərdir ki, serial ssenaristi kimi fəaliyyət göstərir, yüksək reytinq verən layihələrə imza atıb. O, bizim serialların Rusiya və Türkiyə serialları ilə müqayisəsinin doğru olmadığını düşünür: "Azərbaycan seriallarından dünya səviyyəsində keyfiyyət gözləmək ona görə düzgün deyil ki, serial çəkilişinə Rusiyada, Türkiyədə 90-cı illərin 2-ci yarısında, Amerikada isə hətta 80-ci illərdə başlanılıb. Yəni onların bu işdə təcrübələri var. Bizdə yazardan tutmuş, ən xırda texniki işçiyə kimi sürətli iş mexanizmi cəmi bir neçə ildir yaranıb. 2011-ci ildə dövlət tərəfindən seriallar üçün televiziyalara vəsait ayrılması bu sahənin inkişafına təkan verdi. Əvvəl həftəlik, sonra gündəlik seriallar çəkilməyə başladı. Ona görə bizi 30-40 illik təcrübəsi olan ölkələrlə müqayisə etmək düzgün deyil. Çatışmazlıqlar məhz təcrübəsizlikdən yaranır. Biz də bu sahəni inkişaf etdirməyə, bacardığımızın ən yaxşısını ortaya qoymağa çalışırıq. Təcrübə çoxaldıqca işin keyfiyyəti də yüksələcək. Biz 10 ildə başqalarının 20 ildə keçdiyi yolu keçmişik. 9-10 il əvvəl çəkilən seriallara nəzər salsanız, aradakı fərqi görəcəksiniz”.

Yazarların yay tətili olmur
Hər şey ssenaridən başlayır, deyir Çinarə xanım: "Ssenari aysberqin görünməyən tərəfidir. Lakin ssenarinin uğur qazanması və bir obrazın ərsəyə gələ bilməsi üçün həm də kollektiv iş lazımdır. Mükəmməl ssenari ola bilər ki, rejissor onu gözdən salar. Və yaxud əksinə. Əgər məqsəd uğurlu iş ortaya qoymaqdırsa, ən xırda texniki işçiyə qədər hamı işə məsuliyyətlə və yaradıcı yanaşmalıdır. Qrup işə başlamamışdan aylar əvvəl ssenarinin yazılma prosesi start götürür. Hisslər sözlərə, sözlər görüntüyə çevrilir. Bu da çox vaxt yay aylarına düşdüyündən biz yazarların yay tətili olmur. Sentyabr ayından yeni mövsümə başlayan serialların çəkilişi avqust, yazı prosesi isə may ayından başlayır. Başqa peşə sahiblərinin istirahətə getdiyi vaxtlar bizim ən gərgin iş dövrümüzdür”.

Rəqabət, uğur və son sözü deyən reytinq
Hazırda telekanallar arasında yayımlanan yerli seriallar arasında böyük bir rəqabət müşahidə olunur. Əsas sözü, əlbəttə ki, reytinq deyir. Yüksək reytinq qazanmaq isə olduqca çətindir. "Bu vaxta qədər çox cəhdlər olub, çox seriallar çəkilib, lakin dediyiniz kimi yalnız bir neçə serial uzunmüddətli uğura imza ata bilib. Qısamüddətli işlə tamaşaçının diqqətini cəlb etmək çətin deyil. Nəsə qeyri-adi bir fəndlə maraq doğura bilərsən. Amma bu diqqəti üç il saxlamaq həqiqətən böyük əziyyət tələb edir. Sevinirəm ki, ssenari müəllifi olduğum "Bir qadın” serialı özünü tamaşaçıya sevdirə və bu müddət ərzində yüksək reytinqini qoruyub saxlaya bilib”.

Rahatlıqda yazmağa nə var ki?
Ssenarist deyir ki, çəkilişdən əvvəl obrazları xəyalımda qurub canlı insan kimi təsəvvür edirəm: "Kastinqdən sonra vəziyyət müəyyən qədər dəyişir. Aktyorun oyun tərzindən çıxış edərək xarakteri davam etdirirəm. Bu da ssenaristin yükünü artırır. Ümumilikdə, gündəlik serial ssenaristi üçün məhdudiyyətlər çoxdur. Məsələn, süjeti qurarkən məkan məhdudluğunu, çəkiliş surətini, mətnlərin tez əzbərlənməsini, hətta hava şəraitini belə əvvəlcədən nəzərə alıb yazmalıyam. Rahat şəraitdə və heç bir məhdudiyyət olmadan yazmağa nə var ki? Bu qədər texniki məhdudiyyətlərin içində maraqlı ssenari ortaya qoymaq, həqiqətən də, çox ağır və məsuliyyətli işdir. Lakin bütün çətinliklərə baxmayaraq, öz işimi sevirəm. Əminəm ki, o təriflənən xarici serial istehsalçılarının heç biri bu vəziyyətdə normal material ortaya qoya bilməz”.

Seriallardakı hay-küy
Serialın baxımlı olması üçün yeni hadisələr və gərgin konfliktlər tapmaq lazımdı. Bu, o qədər də asan deyil. Həm də çəkiliş sürətli olduğuna görə bütün konfliktlər məhdud sayda məkanlarda cərəyan etməlidir. Gərək hadisələr o qədər maraqlı olsun ki, tamaşaçı məkan sayının azlığından sıxılmasın. Bu da ssenarinin üstünə ikiqat məsuliyyət qoyur. Bəzən irad tuturlar ki, seriallarda hay-küy, dava-dalaş çoxdur. Lakin təcrübəmizdən görürük ki, seriyanın məzmununda gərgin mübahisələr, dramatik situasiyalar azalan kimi reytinq aşağı düşür, tamaşaçının marağı azalır. Məgər həyatda belə insanlar yoxdur? Hər halda insan özünə kənardan baxır, nəyin yaxşı, nəyin qeyri-etik göründüyünü anlayır və bir nəticə çıxarırsa, nə yaxşı. Əgər serialı ailə, ssenaristi ailə başçısı bilsək, onda mən qəddar ailə başçısıyam. Çünki mərhəmətli olub mehribançılıq yaradan kimi reytinq aşağı düşür” (gülür).

Qadın bəzən özü özünü başa düşmür
Ssenaristin fikrincə, ekran ən böyük kürsü, ən geniş auditoriyadır: "Ekran həm də güzgüdür. Təbii ki, televiziya qarşısında oturanların çoxu qadınlardır və biz də daha çox onların problemlərini, övlad tərbiyəsində, ailənin bütövlüyünün qorunub-saxlanılmasında, ailədaxili münasibətlərinin nizamlanmasında qadınların rolunu və çəkdiyi əziyyətləri göstərməyə çalışırıq. Çalışıram ki, obraz vasitəsilə cəmiyyətə müəyyən qədər də olsa, mesaj ötürə bilim. Yəni qadın cəmiyyətin iki sütunundan biridir, qadın doğuluşdan yaradıcıdır. Heç şübhəsiz müəllifin maarifpərvərlik missiyası olmalıdır – cəmiyyətə ən yaxşıları təlqin etmək, səhvləri göstərmək. Əminəm ki, bu tipli serialların ssenarisini yalnız qadın ssenaristlər yaza bilər. Heç bir kişi qadın ruhunun dərinliklərində baş verən prosesləri bütünlüklə hiss edə bilməz. Çünki qadın bəzən özü özünü başa düşmür”.

İşsizliyin "səbəbkarı”
Çinarə xanımdan hər hansı bir obrazın ölümünü yazanda hansı hissləri keçirdiyini soruşuram. Cavabı aləmdir: "Birinci onu düşünürəm ki, həmin aktyor daha maaş almayacaq. Mən onu işdən çıxarmış oluram (gülür). Qəhrəmanları öldürəndə mənə elə gəlir ki, ölkədə işsizlərin sayını artıranlardan biri də mənəm”.
Söhbətləşdi: Xanım Aydın
Fotolar: Kərim Abbasov / Global Media Group
banner

Oxşar Xəbərlər