• cümə axşamı, 28 mart, 14:41
  • Baku Bakı 16°C

Aynur Əhmədova: “Mənim var-dövlətim təmiz əxlaqımdır” - Fotolar

29.09.16 18:10 6364
Aynur Əhmədova: “Mənim var-dövlətim təmiz əxlaqımdır” - Fotolar
Çox zaman deyirlər ki, paytaxtda çalışan teatr camesinin insanları daha tez məşhurlaşır və efirlərə asanlıqla yol tapırlar. Qismən razılaşsam da bir məsələdə həmin fikirlərlə razı deyiləm. Sənət, istedad, peşəkarlıq bölgə və ya paytaxt teatrına baxmır. Elə müsahibim Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktrisası Aynur Əhmədova kimi. O, ömrünün 19 ilini teatra həsr edən istedadlı aktrisadır.40 yaşını yenicə başa vuran Aynur xanım bizimlə söhbətində uzaq keçmişdən, teatrın bugünkü vəziyyətindən danışdı. Danışdıqca isə onu daha yaxından tanımağa başladıq.
- Aynur xanım, geridə qoyduğumuz mövsümü sizin üçün uğurlu hesab etmək olarmı?
- Əlbəttə. Cari ilin sentyabrın 17-də mövsümü açıq elan etdik. Həmin gün də mənim doğum günümə təsadüf edirdi. Açılış mərasimində rəhbərliyimiz 40 yaşımın tamam olması münasibəti ilə məni mükafatlandırdı. Geridə qoyduğumuz mövsümdə Bəhram Beyzayinin "İlan Sultan” tamaşasını təhvil verdik. O tamaşa ilə İran İslam Respublikasında qastrol səfərində olduq. Bakıda hesabat xarakterli iki tamaşa oynadıq. Repertuarda çox yaxşı rollarım var və bunların sayı getdikcə artmaqdadır.
- 40 yaşınızın olduğu heç də hiss edilmir. Çox gənc görünürsünüz...
- Çalışıram rəqəm məndən utansın, mən 40 rəqəmini deməyə utanmayım. Bütün insanlar kimi mən də ideal deyiləm. Kifayət qədər mənfi cəhətlərim var. Allahın mənə verdiyi ən böyük nemət odur ki, paxıl deyiləm, qəlbim rahatdır. İnsan daxilən zəngin olanda bu onun simasında əks olunur. Qadını nə estetik cərrahiyə əməliyyatı, nə gözəl geyim cavan saxlamır, qadını təmiz ürəyi cavan saxlayır. İstər səhnədə, istər həyatda özümü 20 yaşımdakı kimi hiss edirəm. "İlan Sultan” tamaşasında mənə Nigar obrazı veriləndə utandım. Çünki teatrımızda məndən də cavan aktrisalarımız var. Onlar bu rolu oynamalı idilər. Bu il də rejissorumuz Gümrah Ömər "Hacı Qara” tamaşasında mənə Sona obrazını verdi. Gözləyirdim ki, mənə Tükəz obrazını verərlər.
- Gənclikdən söhbət düşmüşkən, bu gün gənc kadrlar bölgə teatrlarına üz tuturlarmı?
- Axın var. Amma əksər gənclər teatra sənət göstərmək üçün yox, işləmək məqsədi ilə üz tuturlar. Kaş ki, fabrik və zavodların sayı çox olardı, vətəndaşlarımız işsiz qalmazdı, gedib orada işləyərdilər. Elə insanlar var ki, deyir, vəziyyətimiz yaxşı deyil, onun üçün işləmək istəyirəm. Axı səhnə kasıba, varlıya baxmır, səhnəyə sənət, fədai, yorulmadan məşq edən aktyor lazımdır. Bir qism gənclər də gəlib deyirlər ki, görəsən nə zaman paytaxtda məni tanıyacaqlar. Bəziləri isə gəlir çox çalışır, cəhd edir, ancaq istedad olmayandan sonra bu faydasızdır.
- Bu günün gəncləri teatrdan çox telekanallara, filmlərə, seriallara həvəs göstərirlər.
- İndiki gənclər daha çox məşhur olmağa, asan yolla pul qazanmağa çalışırlar. Misal üçün, mən seriala çəkilməyə çəkinirəm. Çünki bir dəfə serial çəkilişində aldanmışam.
- Necə?
- Seriala çəkilmişəm, ancaq haqqımı verməyiblər. Mən də bunu heç kimə deməmişəm. Birinci dəfə aldanmağım təcrübəsizliyimdir, ancaq ikinci dəfə aldanmağım mənim səfehliyim olacaq deyə düşünürəm. Mən də buna görə çəkilmirəm. Senriallara çəkilmək üçün aktyorlara deyirlər ki, kastinqə gəlin. Mənim qürurum yol vermir ki, hansısa rejissorun, prodüserin ayağına gedim. Rejissor özü gəlib teatrdan aktyorları, aktrisaları seçməli, tamaşaları izləməlidir. 2003-cü ildə Elçin Musaoğlu teatra gəlmişdi. O, özü bizim tamaşaları izlədi, davranışımızı müşahidə etdi və məni Hüseynbala Mirələmovun "Durnalar qayıdanda” filminə çəkilməyə dəvət etdi. İndiki seriallara gedib kifayət qədər qonorar alaram, o qonorarı bir günə xərcləyərəm. Ancaq hər dəfə o filmə baxanda mən xəcalət çəkə bilərəm. İndi çox zaman seriala çəkilən aktyor və aktrisa haqqında deyirlər ki, filankəsin vəziyyəti pisdir, onu seriala çəkin. Həmin filankəsin vəziyyəti sabah düzələ bilər, ancaq film elə bir aləmdir ki, o ömür boyu yaddaşlarda qalır. Misal üçün "Bəyin oğurlanması” filmini bu günə qədər də sevərək izləyirik. Bayram günlərində bütün telekanallar o filmi göstərirlər. Çünki o filmə möhtacdırlar.
- Aynur xanım, Universiteti bitirdikdən sonra Lənkəran teatrında sədaqətlə çalışırsınız. 19 il ərzində başqa bir teatra getməyi heç düşündünüzmü?
- Mən Lənkəran Teatrından əvvəl Akademik Milli Dram Teatrında(AMDT) çalışmışam. İlk dəfə AMDT-nın səhnəsində obraz canlandırmışam, onda beşinci kursda oxuyurdum. 1997-ci ildə Elçinin "Ah Paris, Paris” tamaşasına iki-üç tələbə seçdilər və onlardan biri də mən idim. Tamaşaya Azərpaşa Nemətov quruluş verirdi. Ştatda olmasam da qonorar alırdım. Həmin illər əlimə düşən bu şansdan istifadə edə bilmədim. Həsən Turabovun dövründə mən oraya rejissor köməkçisi kimi də işə götürülə bilərdim. Kağızlar əlimdə qaldı.
- Ana teatrdan uzaqlaşmağa səbəb nə oldu?
- Valideynlərim mənə qarşı çox amansız oldular. Bu gün də AMDT-ya gedəndə məni qarşılayıb, teatrda qonaq edirlər. O zamanlar rayondan gələn qız üçün Səyavuş Aslan, Yaşar Nuri, Kubra Əliyeva, Zemfira Nərimanova, Telman Adıgözəlov, Hacı İsmayılovla bir səhnəyə çıxmaq böyük nailiyyət idi. Sanki möcüzələr adasında idim. Ömür boyu televiziyada gördüyüm aktyorlarla hər gün səhnədə məşq edirdim. 30 dəfəyə yaxın "Ah Paris, Paris” tamaşasında çıxış etdim. İndi düşünürəm ki, bəlkə də o bir il mənim 18 ilimə dəyərdi. Çünki mən rayonda böyümüşdüm və həmin sənətkarları yalnız şəkildə və ekranda görmüşdüm.
- Siz çox çılğın insansınız. 19-20 yaşında həyatdolu bir qız olan Aynur Əhmədova bu qadağaya qarşı çıxa bilmədimi?
- Onlara qarşı çıxa bilmədim. Mən beşinci kursda oxuyanda axşam tamaşalara gedirdim. Bununla bərabər atam xəstə idi, Onkologiyaya gedib atamın yanında olurdum. Universitetin son ilini oxuyanda atam 1 il Bakıda müalicə aldı. Ölümünə bir neçə gün qalmış bildirdi ki, mənim İncəsənət Universitetində oxumağıma könlüm qırılmasın deyə qarşı çıxmayıb, ancaq bu gündən o sənəti atmalıyam. Dedi ki, rayona qayıdan kimi məktəblərin birində müəllim kimi işləyəcəksən, hətta məni tapşırtmışdı da. 1997-ci ilin oktyabrında atam rəhmətə getdi və mən 5-6 ay evdə işsiz oturdum. Daha sonra Lənkəran Teatrında işləməyə başladım. İndiyə qədər çox qınaq obyektinə tuş gəlmişəm. İllər hər şeyi yoluna qoydu. Ailəm mənə dedi ki, biz razıyıq, sən get dükanda satıcı işlə, ancaq teatrda işləmə. O illər nələr çəkdim bir allah bilir. Mənim üç bacım müəllimədir, onların təhsil sistemində çəkdikləri çətinlikləri görürəm. Düşünürəm ki, mən düz yoldayam. Mən müəllimə ola bilməzdim. Qorxuram 30 şagirdin taleyini öz üzərimə götürüm. Onları mənən şikəst edə bilərəm.
- Zamanında sizi qınayanlar bu gün teatra gəlib sizi alqışlayırlarmı?
- Əlbəttə. Hər dəfə bacılarım mənə zəng vurub uşaqları üçün tamaşanın olub olmadığını xəbər alanda zarafatca deyirəm ki, sizə mənim tamaşalarıma gəlmək olmaz (gülür).
- Yerli seriallarımıza və filmlərimizə necə, baxırsınızmı? Onlar sizi qane edirmi?
- Çox adam deyir ki, mən Azərbaycan kanallarına, seriallarımıza baxmıram. Ancaq mən açığını deyim ki, baxıram. Çünki bugünkü seriallarda tələbə yoldaşlarım, iş yoldaşlarım çəkilir. Onları ekran vasitəsi ilə izlədikdən sonra zəng vurub təbrik edirəm. Onların inkişaf etdiyini görəndə sevinirəm. Nə üçün başqasının sevincinə şərik olmayım? Misal üçün, teatrımızın kollektivinin bir hissəsi "Günəşim ol” serialında çəkilirlər. Onları izlədim, işə gəlib hamısının üzünü öpüb təbrik etdim. Bugünə kimi çalışmışam ki, sənətdə çirkaba batmayım. Çünki mənim atam mənə halallıq verməyib. Onun ruhu daim məni izləyir. Bu günə qədər ailədə gördüyüm o tərbiyəni nümayiş etdirirəm. Rayona gələn gündən Lənkəran televiziyasında, teatrında davamlı olaraq çalışmışam. Düşünməmişəm ki, cavan qızam, özümə fikir verməliyəm. Hər zaman fikirləşmişəm ki, çalışıb evə pul aparmalıyam. Atam rəhmətə getmişdi, kiçik bacım universitetdə təhsil alırdı, qardaşım məktəbi qurtarmamışdı və onun ən pis dövrü idi. Ailəni mən saxlamalı idim. Başım o qədər qarışdı ki, onda ayıldım ki, Lənkəranda aparıcı kimi tanınıram. Bugünə qədər öz namusumla yaşamışam. Adımın qarşısında başqa söz dedizdirməmişəm. Mənim bircə var-dövlətim var o da təmiz əxlaqımdır. Bir də hər zaman qardaşımı düşünürəm ki, sabah mənim tabutumun altına qürurla girsin. Deməsin ki, yaxşı ki, öldü, canım qurtardı. Mənə deyirlər, belə şeylərə fikir vermə, həyatını yaşa. Ancaq rayon yerində qadının öz həyatını yaşaması mümkün deyil. Mən ölən günümü düşünürəm. Köhnə fikirli insan da deyiləm. Heç nə bugünkü zamanda məni təəccübləndirə bilmir. Ancaq özüm özümü çərçivəyə salmışam.
- Ötən illərə boylananda nəyin peşimançılığın keçirirsiniz?
- O zaman peşmançılıq hiss keçirmişəm ki, Allah mənə şans verib, bəndələr onu mənim əlimdən alıb. Mənim düşmənim yatmır ki, mən rahat olum. Bütün yaş dövrlərimdə sevənim olub, indi də var. Ancaq hansısa qüvvə məni onlardan uzaq salır.
Mən teatrı sevdim, öz istəyimlə gəldim. Ailə qurmamağımda qətiyyən teatrın günahı yoxdur.
- Bir neçə ay əvvəl qəza keçirdiyinizi eşitdik. İndi vəziyyətiniz necədir?
- İki ay bundan əvvəl Xınayaxdı qrupumuzun qızları ilə bir məclisə gedirdik. Yolda böyük bir qəza keçirdik. Maşında qabaqda oturan 20 yaşlı qız dünyasını dəyişdi. O, qız bir ailənin gözünün ağı-qarası tək övladı idi. Elə hey düşünürdüm ki, anamın 4 qızı var idi, niyə məni yox, Allah onun canını aldı? Tanrım hər hansı bir yaxşı əməlimə görəsə canımı bağışladı. Mən orda ölə də bilərdim. O gündən sonra taleyimdən heç zaman gileylənmirəm. Qəza keçirdiyim maşının şəkillərini görəndə dəhşətə gəldim. O maşından sağ çıxmaq qeyri-mümkün bir şeydir. Bundan sonra heç zaman Allaha üsyan etmərəm.
- Teatrda çalışdığınız 19 il ərzində teatrda müxtəlif obrazlar canlandırmısınız. Ürəyinizdə qalan hər hansı nisgilli bir obraz varmı?
- Azərbaycan teatr tarixini, dahi sənətkarlarımızın səhnə həyatı ilə bağlı yazıları mütəmadi şəkildə oxuyuram. Onların şəkillərini görəndə özümə sual edirəm – görəsən, mən də aktrisayam? Mənim öyrənəcəyim çox şey var. Bioqrafiyama nəzər yetirsəniz görərsiniz ki, orada nə Hüseyn Cavid, nə də Şekspir var. Mənim oynayacağım çox rollar var. Bəlkə də çoxusuna gecikmişəm. Əslində "Mən aktrisayam” sözünü deməyə belə qorxuram. Nə olsun ki, 19 ildir teatrda çalışıram. Çünki aktrisa ağır məsuliyyətdir.
- Bu gün teatra gələn gənc nəsil bir obraz canlandırandan sonra özlərinə "peşəkaram” deyirlər. Sizcə bu nədən irəli gəlir?
- Mən böyük məktəb keçmişəm. Hələ də bu sənətdə piyadayam. Mənim atlı olmağıma uzun bir müddət var. Deyirəm ki, bəlkə sabah hansısa məqamda mənə hansısa rol verilər, birdən nəyisə bacarmaram.
- Bu gün hansı aktyor-aktrisanı danışdırırsansa, hamısı qonorardan şikayət edir. Bəs siz necə?
- Heç kim məni məcbur etməyib ki, mən bu sənətə gəlim. Mənim geriyə yolum yoxdur. Bu sənətə valideynimin sözündən çıxıb gəlmişəm. Hansı teatrda maaşın az oldğuna görə aktyorlar ərizə verib işdən çıxıb? Ağlayıb-sızlamağın heç bir mənası və çarəsi də yoxdur. Sevib gəlmişəmsə, dözməliyəm. Artıq öz taleyimlə razılaşmışam. Mətbuata çıxıb ağlayıb sızlamaqla özlərini nüfuzdan salırlar. Əksinə, bir ailənin sirrini gəlib mətbuata demək düzgün deyil. Teatr da mənim ailəmdir, onun sirrini nə üçün yayım? Düzdür müstəqilliyin çətin illərini yaşamaq bizim taleyimizə düşdü. Teatra gələn gündən hər zaman rəhbərlikdən hörmət görmüşəm. Rəhmətlik Elşad Zeynalovun dövründə məni çox incidiblər. O dövrü xatırlamaq istəmirəm. Ancaq İslam Həsənov hər kəsi yerində oturtdu. Yeni direktorumuz Tofiq Heydərovdan özümə qarşı dəstək və etimad görürəm. Rəhbərliyimizə də, baş rejissorumuza da minnətdaram ki, mənə dəstək olurlar. Onlar da mənim qara qaşıma, qara gözümə aşiq olub dəstəkləmirlər. Görürlər ki, mən vaxtında işə gəlirəm, obrazlarımın öhdəsindən gəlirəm. Mənim nə gözəl qarderobum, nə dəbdəbəli evim yoxdur. Məni hörmətli edən işə məsuliyyətim və dürüst olmağımdır.
-Siz Lənkəran tamaşaçıları tərəfindən kifayət qədər sevilirsiniz. Amma insanlar arasında olduğunuzdan bunun fərqində deyilsiniz.
- Mənim çörəyim Lənkərandadır. Mən qəzaya düşən gün tanımadığım bir insan mənim simamı tanıyıb xəstəxanaya aparmışdı. Mənim çiyinlərim, qollarım sınmışdı. Şok vəziyyətində idim. Hamı təəccüblü qalmışdı. Orada başqa iki qız da var idi. O, məni tanıyıb xilas etmişdi. Yəni deməyim odur ki, Lənkəran camaatının mənə etdiyi hörməti heç zaman itirmərəm.
- Aynur xanım, son olaraq yeni mövsümdən nələr gözləyirsiniz?
- Hər il yeni mövsüm başlayanda dua edirəm ki, "Allahım sən mənə can sağlığı ver, bir gün də olsun işdən qalmayım, hər gün səhər işə gəlim, axşam da evimə gedim”. Mövsümü Bəhram Osmanovun quruluş verdiyi "Əsrlərin harayı” tamaşası ilə açdıq. Orada Mandananı oynadım. Hazırda teatrımızın baş rejissoru Tural Mustafayevin quruluşunda "Üç nəfər yellənçəkdə” adlı tamaşada rol almışam. Bir də Gümrah Ömərin quruluşunda hazırlanan"Hacı Qara” komediyasında Sonanı canlandıracağam və o tamaşaların məşqləri gedir.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər