“Ayıq sürücü” xidməti: keyfiyyət və problemlər
Artıq bir
neçə ildir ki, "Ayıq sürücü” xidməti
fəaliyyət göstərir. Bu xidmət bir çox
insanların həyatını xilas edir desək, yanılmarıq. Çünki bir müddət əvvəl belə
bir xidmət növü yox idi. İnsanlar içkili halda sükan arxasında əyləşib maşını
idarə edirlər. Bu isə yolverilməz idi.
"Ayıq sürücü” xidməti göstərən şirkətlər çoxdur. "Ayıq sürücü” işləyən şəxs mexaniki və ya avtomat sürət qutusuna malik
olan bütün maşın növlərini idarə etməyi bacarmalıdır. Demək olar ki, artıq
dünyanın bir çox ölkələrində bu xidmətdən istifadə edilir. 24 saat, operativ
şəkildə fəaliyyət göstərir. Sürücü müştəri və onun avtomobilinin
təhlükəsizliyi üçün yol hərəkəti qaydalarını bilməli və ciddi şəkildə əməl
etməlidir. Müştəri sürücüdən şəxsiyyət və sürücülük vəsiqəsi kimi
sənədləri tələb etməlidir. Son zamanlar
demək olar ki, "ayıq sürücü” xidmətindən istifadə halları genişlənib. Bu da
xidmət bazarında bu kimi şirkətlərin artmasına səbəb olur. Həmçinin rəqabətin də
yaranmasına şərait yaradır. Biz də bu
kimi məqamları nəzərə alaraq, ekspertlərimizlə ölkəmizdə fəaliyyət göstərən
"ayıq sürücü” şirkətlərinin xidmətinə olan münasibətləri öyrənməyə çalışdıq.
Təsəvvür edin ki, "ayıq sürücü” adı ilə...
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlıbu xidmətin çox faydalı, effektiv
olmasına baxmayaraq, bəzi çatışmayan nüansların da olduğunu bildirdi:
"Bu xidmət çox yaxşı, faydalı, effektiv olmasına baxmayaraq, onun təşkili ilə
bağlı vəziyyət heç də ürək açan deyil. "Ayıq sürücü”lər peşəkar sürücülərdən
ibarət olmalıdır. Onlar yük maşınından tutmuş, motosikletə qədər hər bir
nəqliyyat növünü idarə etməyi bacarmalıdırlar. Bu xidmət yaranarkən bütün
kateqoriyalar üzrə sürücülər işə götürülməlidir. "Ayıq sürücü” müştəriyə xidmət
göstərən zaman mütləq vəsiqəsini təqdim etməlidir. Şəxsən mən özüm də bu
xidmətdən yararlanmışam və hər dəfə də onlardan sürücülük vəsiqəsini tələb
etmişəm. Onda sürücülərin özləri də çaş-baş qalırlar ki, nə üçün bunu
soruşuram. Mən çox istərdim ki, hər bir "ayıq sürücü” xidməti göstərən şirkət öz sürücülərinə təlimat versin ki, avtomobil sahibinə
yaxınlaşarkən özünü və vəsiqəsini təqdim etsin. Təsəvvür edin ki, sizə "ayıq
sürücü” adı ilə sürücülük hüququ məhdudlaşdırılan şəxs göndərilib. Ola bilər
ki, həmin sürücü xuliqanlıq etdiyinə, sərxoş vəziyyətdə maşın sürdüyünə görə
cərimələnib. Və həmin sürücü də gəlib bizə xidmət göstərir. Yol polisi saxlayır
və görür ki, sizin maşınınızı həmin insan idarə edir. Bu yol hərəkəti haqqında
qanunda da var ki, sürücülük hüququ məhdudlaşdırılmış şəxsə maşın verən
məsuliyyətə cəlb olunur. Onda belə çıxır ki, siz məsuliyyət daşıyırsınız. Bu
zaman 100 manat ona, 60 manat da sizə cərimə yazılır”.
Hər adam "ayıq sürücü” ola bilməz
Müsahibimiz deyir ki,
xidmətin təşkili ilə məşğul olan şəxs bu tip məsələlərə çox ciddi önəm
verməlidir: "Mən neçə ildir ki, bu işlərlə məşğul oluram. Bu sahə ilə bağlı
çoxsaylı müraciətlər gəlir. Bir dəfə maşın sahibi "ayıq sürücü” adı ilə gələn
sürücüdən içkili olub-olmadığını soruşub. O da qayıdıb deyib ki, bir bakal
şərab içmişəm. Yəni bu insan başa düşmür ki, bir bakal şəraba görə də
məsuliyyət daşıyır. "Ayıq sürücü” xidmətinin təşkilinə xüsusi fikir
verilməlidir. Hər yoldan keçəni sürücü kimi işə götürmək olmaz.
Keyfiyyətsiz xidmət digərlərini də
gözdən salır. Elə "ayıq sürücü” xidmətləri var ki, yetərincə keyfiyyətli iş
görürlər. Mən özüm bir dəfə restoranın önündə şahidi olmuşam. Taksi sürücüləri
müştəri olmayanda maşını bir qırağa qoyub "ayıq sürücü” kimi fəaliyyət
göstərməyə başlayırlar. Axı hər adam "ayıq sürücü” ola bilməz. "Ayıq sürücü”nün
keçmişi mütləq araşdırılmalıdır. İndiki dövrdə taksi sürücüsü müştərini qarət
edir. Bəs bu zaman "ayıq sürücü”dən nə gözləmək olar? Maşın sahibi həddən artıq
sərxoş ola bilər. Bunu görən "ayıq sürücü” onu öldürə, qarət edə bilər. Bizdə
yeni yaranan əksər xidmətlərdə müəyyən problemlər olur. Bu xidmət də yeni
yarananlardandır. Düşünürəm ki, gələcəkdə dövlət nəzarəti olacaq. Bu xidmətlər
yol polisi ilə də razılaşdırılmalıdır. Çünki bu xidmət birbaşa olaraq yol
hərəkətinin təşkili ilə bağlıdır. "Ayıq sürücü” kimi fəaliyyət göstərən hər bir
sürücünün keçmişi haqqında sistemdə informasiya olmalıdır ki, yol polisi
sürücünün adını yazan zaman onun haqqında bütün məlumatları əldə edə bilsin”.
Xidmət bu cür olanda adama xoş gəlir
Ekspert deyir ki, sürücünü işə götürən şirkət
onu yoxlamalıdır. Bəlkə həmin sürücü sürət həddini aşan avtoxuliqandır: "Bundan
başqa, maşında hər hansı bir problem
yarandığı və ya radara düşdüyü təqdirdə, cərimə alan zaman maşın sahibi kiminlə
əlaqə saxlamalı olduğunu bilməlidir. "Ayıq sürücü” gələn zaman yaxşı olar ki,
ondan işlədiyi şirkətin vizit kartı tələb edilsin. Bəzən elə olur ki, nə isə
bir problem yaranan zaman "ayıq sürücü” şirkəti məsələnin həllindən boyun
qaçırır. Bu zaman müştəri üçün problem yaranır. Amma bu sahədə keyfiyyətli
xidmət göstərən şirkətlər də var. Hansı ki, müştərini haradan, saat neçədə
götürdüyünü və hansı yerdə maşını təhvil verdiyini zəng edib şirkətə xəbər
edir. Bunlar hamısı şirkət tərəfindən qeydə alınır, bir neçə ay o bazada
saxlanılır. Hər hansı bir problem yaransa, elektron protokol gəlsə, siz günahın
həmin sürücüdə olduğunu sübut edə bilirsiniz. Bu zaman şirkət həmin vaxt sizə
hansı sürücünün xidmət etdiyini tapır, cəriməni sürücüyə ödətdirir. Xidmət bu
cür olanda adama xoş gəlir. "Ayıq sürücü” adı ilə fəaliyyət göstərən şirkətlər
sürücülərini xüsusi vəsiqə ilə təmin etməlidirlər. Düşünürəm ki, xidmətin
təşkili ilə bağlı müəyyən qaydalar tətbiq edilməlidir. Elə sürücülər var ki, gündüz taksi sürür,
gecə "ayıq sürücü” kimi fəaliyyət göstərir. Bu da onun səhhətinə ziyandır.
Təsəvvür edin, içkilisiniz deyə "ayıq sürücü” çağırırsınız ki, sizi sağ-salamat
evinizə aparsın, amma gələn sürücü özü
sükan arxasında yuxulayır. Bu, həm onun, həm də sizin həyatınız üçün
təhlükəlidir. Ona görə də, bu xidmətə ciddi nəzarət etmək lazımdır”.
Şirkətlər öz işçilərinin fəaliyyətini
sığortalasınlar
Hüquqşünas,
nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki,
"ayıq sürücü” xidmətinin keyfiyyətini müəyyənləşdirmək üçün ilk olaraq onlardan
istifadə edən sürücülər arasında sorğu keçirilsə, yaxşı olar: "Əslində o cür
xidmətin olması çox yaxşıdır. Həmin xidmətin sayəsində sürücülər sərxoş
vəziyyətdə avtomobil idarə etməkdən uzaq olurlar. Çünki əvvəllər bəzi insanlar
içkili olmalarına baxmayaraq, sükan arxasında əyləşib həm özünün, həm də
başqalarının həyatını riskə atırdı. Bu
xidməti göstərərkən bəzi yol-nəqliyyat hadisəsi baş verir. Bu zaman bütün
məsuliyyət sükan arxasında əyləşən
şəxsin üzərində olur. Ziyan vurma ilə bağlı məsələdə isə bir az fərqli
məqamlar var. Əgər nəqliyyat vasitəsindən istifadə edərkən kiməsə ziyan dəyirsə,
onda maşının sahibi də məsuliyyət daşıyır. Bu məqamlar həm qanunvericilikdə,
həm də təcrübədə tənzimlənməlidir. Yaxşı olar ki, "ayıq sürücü” şirkətləri öz
işçilərinin fəaliyyətini sığortalasınlar. Həmin sığortaya əsasən, şirkət qəza
törətmiş işçisinin bütün məsuliyyətini və qəza baş verən zaman hər iki tərəfə
dəymiş ziyanı üzərinə götürür. Yəni həm
müştərinin, həm də ziyan vurduğu digər maşının xərclərini ödəyir”.
Günel Azadə