çərşənbə, 05 Oktyabr, 19:12

Baku Bakı 23°C

Ayı günəşə bənzəyən şəhər - REPORTAJ

icon 2302 icon 16 iyul 2022 | 01:30 Ayı günəşə bənzəyən şəhər - REPORTAJ

Bu gün Şuşada həyat var. Bu gün o bağları buludlardan asılmış beşikdə yeni – kökləri üstündə bitən bir Şuşa doğulub, gözümüzün qabağında böyüyür. Bu gün burada bir-birindən gözəl mədəniyyət tədbirləri keçirilir. Burada “Qarabağ şikəstəsi”nin sədaları ərşə yetişir. Ərşə yetişdikcə, Şuşanın yatmış bəxti silkələnib oyanır.

Şuşadayam. Və Şuşada artıq bir il səkkiz aydır ki, bahardır. Kəpənəklər elə azad, elə bəxtəvər uçuşur ki. Heç iyulda da lalə olar? Var! Vallah var, billah var. Tarixin şən, sərt, sevinc dolu günlərinin ayaq izlərini özündə saxlayan, yağışda islanan, günəşdə quruyan daşların arasından Şuşanın mehindən xəfif-xəfif yellənən lalələr boylanır. Tanrı “OL!” deyib və olub! 

Evlərə tavan olan ağaclar

Gülləboran edilmiş uçuq-sökük evlərin divarlarına, şüşəsi sınmış pəncərələrinə baxıram. Yarımçıq qalmış, sanki ara fasiləsi verilmiş talelərə bənzəyirlər. Bir vaxt ev-eşik, ocaq-yurd olan bu evlərin içində ağaclar bitib. Və bu ağaclar evlərin tavanını örtüb. Bəlkə də tavan olublar o evlərə. Yağışdan, qardan qoruyub. Bu ağaclar o evlərdə yaşamayan, yaşaya bilməyən insanların, böyüməyən, böyüyə bilməyən uşaqların varlığıdır elə bil. İlahi, sən o insanların yerinə bu evlərdə ağacları yaşatdın. Yaşatdın ki, kökləri həmin torpağa, yarpaqları həmin səmaya bağlı qalsın. Və bu gün Şuşada həyat var. Sözün əsl mənasında həyat var. Bu gün həmin o bağları buludlardan asılmış beşikdə yeni – kökləri üstündə bitən bir Şuşa doğulub, gözümüzün qabağında böyüyür. Bu gün burada bir-birindən gözəl mədəniyyət tədbirləri keçirilir. Burada “Qarabağ şikəstəsi”nin sədaları ərşə yetişir. Ərşə yetişdikcə, Şuşanın yatmış bəxti silkələnib oyanır.

100-dən çox kitabın nümayişi 

Düz qırx il əvvəl Vaqif türbəsi Cıdır düzündə - şairin həlak olduğu və dəfn edildiyi təpədə ucaldılmışdı. Erməni işğalçılarının dağıtdığı məqbərə ötən il bərpa olunub. Bu gün – iyulun 14-də yenidən ömür almış məqbərənin önündə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri keçirildi. Qırx illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir təşkil olunur. Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin və qazilərin iştirak etdikləri Poeziya Günləri “Qarabağ” mehmanxanasının qarşısında təşkil olunan kitab sərgisi ilə başladı.

Sərgini Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar Fəhmi açdı,  Xalq yazıçısı Anar qonaqları salamladı. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid isə sərgi barədə məlumat verdi. Bildirdi ki, sərgidə 100-dən çox şair və yazıçının kitabları nümayiş etdirilir. 

Otuz illik həsrətin, 44 günlük Zəfərin təqdimatı 

Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” və Şuşada keçirilmiş Vaqif Poeziya Günləri barədə “Bütün yollar Şuşaya aparır...” kitablarının təqdimatı da oldu.  “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə Qələbəmizin ilk günlərindən hazırlanmağa başlanıb. Kitabda azad olunmuş Qarabağdan olan yazıçılar öz rayonları haqqında xatirələrini yazıb. Ramiz Rövşən Qubadlı, Seyran Səxavət Füzuli, Elçin Hüseynbəyli Cəbrayıl, Aqil Abbas Ağdamla bağlı xatirələrini qələmə alıb. Amma təkcə xatirələrdən ibarət deyil kitab. Eyni zamanda, Qarabağın tarixi, ədəbiyyatı, musiqi adamları haqqında zəngin məlumatlar da yer alıb. Həmçinin şairlərin Qarabağa həsr olunmuş şeirlərinə, ötən il “Xarıbülbül” musiqi festivalından sonra yazılmış publisist məqalələrə də kitabda yer verilib. 

Od-alovdan çıxan şeirlər 

Ardınca Vaqifin məqbərəsi önündə “İgidlərin sözü” kompozisiyası təqdim olundu. Vətən müharibəsinin iştirakçısı olan şairlər hər sözündə, hər hərfində vətən olan şeirlərini səsləndirdilər. Bu şeirlər, sadəcə təxəyyül deyildi, müharibənin odundan-alovundan çıxan şairlərin duyğularının sözə çevrilməsi idi. Bu şeirlər muğamın müşayiəti ilə elə səslənirdi, elə dalğalanırdı, Şuşanın sərin mehinə elə qarışırdı ki, qürur, fəxarət simvolikasına çevrilirdi.

Nə gözümdə qorxu var, nə də...

Cıdır düzünə qədəm qoydum. Bir də baxdım ki, sıldırım qayanın lap kənarındayam. Dayanmışam üzü dağlara! Əmin dayanmışam, cəsarətli, qürurlu dayanmışam, dövlətimə, əsgərimə arxayın dayanmışam. Nə gözümdə qorxu var, nə də ürəyimdə ağrı. Ancaq qələbə sevinci, ancaq məğrurluq var. Bu hissi, adı olmayan duyğunu ilk dəfə idi yaşayırdım. Və bu duyğuya Vaqif poeziya günlərinin davamı olan, Nicat Kazımovun quruluş verdiyi möhtəşəm bir kompozisiya sehrli bir ovqat qatdı. Azərbaycanın dahi şairlərinin Şuşada görüşü idi sanki bu kompozisiya. Ocağa ocağın sahibləri toplamışdı. Çünki “Qarabağ şikəstə”si bu gün şikəst səslənmədi. Bu gün azad, rahat, quş qanadında göylərə qalxdı, səmaya səsləndi. Bu gün Cıdır düzündə çiçəklər də nəğmə oxudu, şeir dedi. Bu gün “yaralı heykəllər”in də yarası sağaldı. Bu gün evlərdə bitən ağacların yarpaqları da xoşbəxt idi. 

Gizlicə bir ovuc ulduz götürdüm ki... 

Həmişə eşidirdim ki, cökə ağacı başqa bölgələrimizdə mayda, Şuşada yayda çiçəkləyir. Gördüm, gözlərimlə gördüm, sevinclə dolan, sevincdən dolan gözlərimlə gördüm. Bu axşam, əlim də səmaya uzatsam bir ovuc ulduz götürəcək kimiydi. Bu gün ay da bütöv idi, tam idi. Şuşanın ulduzlarla alışıb-yanan sakit, barıt qoxusu olmayan səmasında günəş kimi görünürdü. Səmadan gizlicə bir ovuc ulduz götürdüm, ürəyimin içində gizlətdim. Bakıya qədər yol boyu bir-bir səmaya atacam. Qoy bütün Azərbaycanda Şuşanın ulduzları yansın. 

Xanım Aydın