• cümə axşamı, 28 mart, 12:45
  • Baku Bakı 16°C

Aygün Kazımovanın “qızıl kəpənəyi”

11.12.18 09:00 1545
Aygün Kazımovanın “qızıl kəpənəyi”
Çoxdandır gözlənilən an gəlib çatmışdı. Dekabrın 9-da uzun müddətdir ki, müzakirə edilən, Türkiyədə keçirilən 45-ci "Altın Kelebek” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutdu. Hər dəfə yalnız türk sənətçilərinin mükafatlandırıldığı gecədə artıq 2 ildir ki, azərbaycanlı ifaçılarına da yer ayrılır. Ötən il Azərbaycandan qatılan Nigar Camal, Miri Yusif və Röya Ayxan arasında səsvermə keçirilərək Röya "Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə qalib olmuşdu.

Bu il isə "Azərbaycanda ilin qadın müğənnisi” nominasiya üzrə namizədlər arasında Aygün Kazımova, Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli var idi. Xalq artisti Aygün Kazımova Azərbaycanda keçirilən səsvermənin nəticələrinə uyğun olaraq tədbirdə iştirak etmək hüququ əldə etmişdi.
Gözlənilən qələbə
Aygün Kazımovanın "Altın Kelebek” müsabiqəsinin "Azərbaycanda ilin qadın müğənnisi” mükafatına layiq görülməsi Türkiyə və yerli mediada böyük səs-küyə səbəb oldu.

Mükafatlandırma gecəsi "Altın Kelebey”i sənətçiyə saçustası Öndər Triyaki təqdim edib. Mükafatı alan A.Kazımova hisslərini ifadə edərək, onun üçün bu mükafatın böyük əhəmiyyəti olduğunu bildirib: "Çox danışmaq istəmirəm. İki dəfə Türkiyədən namizəd oldum, amma bu mükafatı ala bilmədim.Bu dəfə Vətənimdən namizəd oldum və qalib gəldim. Mənə səs verən və buraya gətirən həmvətənlərimə təşəkkür edirəm. Sizə də bu cür mükafatınız olduğu üçün çox sağ ol deyirəm”.

İfaçı öz sevinc hissini mərasimdə iştirak edən azərbaycanlı nümayəndələrlə bölüşüb. Daha sonra öz "İnstagram” səhifəsində "Bu mükafat hamımızındır” deyərək sevincini gizlətməyib.

Mükafatlandırma mərasimi "Xəzər” TV-də canlı olaraq yayımlanırdı. Xalq artistimiz qırmızı xalıdan keçərək Türkiyə mediasına və bizim Xəzər TV-yə müsahibə verib. Aygünün qırmızı xalça və səhnə geyimləri üzərində məşhur dizayner Rüfət İsmayıl çalışıb. Onun bu geyimi böyük diqqət çəkib. Kimisi Aygün xanımın gündəlik geyiminin daha gözəl olduğunu, kimisi də onun geyimini bəyəndiyini qeyd edib.
Türkiyə kimi bir ölkənin ulduzu olmaq çox məsuliyyətlidir
Gecədə iştirak edən Azərbaycan nümayəndələrindənbəstəkar, aparıcı, ifaçı Murad Arif ilk təəssüratlarını bizimlə bölüşdü: "İştirakçısı olduğumuz "Altın Kelebek” Türkiyənin musiqi Oskar-ı hesab edilir. Bu, Türkiyənin əsas mədəniyyət hadisəsidir. Bu mükafatlandırmanın səviyyəsi gecənin miqyasından, səhnənin gözəlliyindən, orada çıxış edən müğənnilərin çəkisindən bəllidir. Türkiyə incəsənəti üçün çox əhəmiyyətli bir müsabiqədir. Bu gecədə türklər bizim xanım namizədimiz olan xalq artistimiz Aygün Kazımovanı çox yaxşı qarşıladılar. Bir çox sənətçilər onu kulisdə heyranlıqla izləyirdilər. Gülben Ergen, Demet Akalın Aygün Kazımova ilə birlikdə kulisdə səhnə həyəcanını yaşayırdılar. Biz də kənarda onun yerinə həyəcanlanırdıq. Aygün xanım səhnədə çox inamlı idi və səhnədə olarkən ön sıralarda Türkiyə incəsənətinin önəmli inciləri ona heyranlıqla baxırdılar. Hətta Cem Yılmızın mimikalarından, jestindən diqqət etdim ki, Aygün xanımın ifa etdiyi "Sus” mahnısından çox zövq alır. Təbii ki, türklərin Aygün xanımın mahnısına və özünə olan sevgisi bizi sevindirir. Bir sözlə, "Altın Kelebek”lə bağlı təəssüratlarım müsbətdir”.

Murad Arif bu ilki mükafatlandırılma gecəsinin 45-ci olduğunu və möhtəşəm şəkildə təşkil edildiyini bildirir: "Bu il onların yubiley buraxılışı idi. Mükafatlandırma gecəsində iştirak edən bir çox türk sənətçilərini yaxından tanıyırdım. Bilirsiniz ki, bir çox türk sənətçiləri mənim mahnılarıma müraciət edib. Məhz bu işbirliyindən sonra onlarla münasibətlərimiz yaranıb. Türkiyə şou-biznes sahəsində olan önəmli insanlarla yaxından tanışlığım var. Məhz "Altın Kelebek”də onlarla görüşmək mənim üçün xoş idi. İnsanların müsbət münasibətini gördüm, bunun özü nəyə desən dəyərdi. Türkiyənin tanınmış sənət adamları çox rahat müsahibdirlər. Baxmayaraq ki hər müğənninin 10-a yaxın köməkçisi var idi ki, onlar "müğənniyə yaxınlaşıb söz soruşmaq olmaz” kimi bir təəssürat yaradırdı. Türkiyə şou ulduzları istənilən ortamda özünü rahat hiss edirdi. Belə ki, hər hansı bir insan onlara yaxınlaşıb öz heyranlığını, sevgisini bildirə bilirdi. Onlar da insanlara qarşı çox səmimi və mehriban davranırdılar, tanımadıqları adamlara da mehriban cavab verirdilər. Əslində bu, ziyalı bir yanaşmadır. Bizim şou-biznesdə belə bir ortam varmı? Mən bir şeyin şahidi oldum ki, onlar köpük, şar kimi şişirdilmiş məşhurluğun arxasınca qaçmırlar. Onlar həqiqətən bu peşənin çalışaraq, hər bir çətinliyini görərək zirvəsinə gəlib çatıblar. Türkiyə miqyasında bir ölkənin ulduzu olmaq həqiqətən çox məsuliyyətlidir. Bizdə ildə bir konsert müğənni üçün əsas hadisədirsə, orada sıravi müğənni ayda 20 konsert verir. Bu, vəhşi bir əməkdir. Bu iş rejiminin içində müğənnilər həqiqətən də zəhmətləri ilə ucaldıqları üçün şəxsiyyətlərində böyük dəyişimi hiss etmədim. Çox səmimidirlər və bu onların işinə çevrilib. Türkiyənin məşhur ifaçıları məşhurluq, şöhrət üçün çalışmırlar, öz sənətləri üçün can qoyurlar və bu onların yaradıcılıqlarında hiss olunur”.
Murad Arif söhbətimizin sonunda xalq artisti Aygün Kazımovanın Türkiyə televiziyalarına müsahibə verdiyini və sağ əlini onun başına çəkdiyini deyir: "Qismət Allahdandır, hələ qarşıda bir il var. Növbəti il Azərbaycan nümayəndəliyi "Altın Kelebek” mükafatlandırma gecəsinə yenə qadın müğənni seçməsə, seçilmək üçün əlimdən gələn hər şeyi edəcəyəm”.
"Aygün Kazımova Azərbaycan musiqisinin kraliçası kimi tanınır”
Yerli mətbuatda olduğu kimi, Türkiyə mətbuatında da Aygün Kazımovanın bu mükafata layiq görülməsindən yazılır. Türkiyənin "Hürriyyet” qəzetində Aygün Kazımovanın kim olmasından, Azərbaycan şou-biznesindəki yerindən bəhs edilib: "Aygün Kazımova müasir Azərbaycan musiqisinin yaradıcısı olaraq qəbul edilir. Onun ləqəbi Divadır. O, Qarabağ müharibəsində iştirak edib. 2006-cı ildə Moskvada konsert verib. 2007-ci ildə "Tofiq Bəhramov” stadionunda "Öpsən” adlı konsert proqramı ilə çıxış edib. 2002 və 2006-cı illərdə "Ən yaxşı model” lisenziyası əsasında "Azərbaycanın ən yaxşı modeli” müsabiqəsini təşkil edib. Aygün Kazımova 2012-ci ildə "FIFA U-17 Qadınlar Dünya Kuboku Azərbaycan 2012” futbol yarışının marşını ifa edib. Onun "Həyat Ona Gözəl” mahnısı Türkiyənin ən çox dinlənilən "Top50”liyində 39-cu sırada yer alıb. Hollywoodda mahnı yazdıran və Snoop Doggla videoklipə çəkilən ilk azərbaycanlı sənətkardır. Aygün Kazımovanın 7 albomu, 50-dən çox klipi və 350-dən çox mahnısı var. O, Azərbaycan musiqisinin kraliçası kimi tanınır”.
"Media bu mükafatı ilk gətirən Röyanı unutmasın”
Ötən il sözügedən mərasimdə qalib olan Röya Ayxan bu il "Altın Kelebek” mükafatını qazanan Aygün Kazımovaya söz atıb. Röya sosial şəbəkədə ilk dəfə mükafatı özünün aldığını xatırladıb: "Əminəm ki, hər il bunu bizə yaşadan layiqli və istedadlı biri olacaq. Qəbul edin ki, sizi ürəkdən təmsil edirəm və qeyd edim ki, tək Allah şahiddir, can atmadan bütün gözəlliklər önümə çıxır. Media bu mükafatı ilk gətirən Röyanı unutmasın”. Daha sonra Röya paylaşımını silib.
Qeyd edək ki, ötən il yarışmadan sonra Nigar Camalla Röya arasında qalmaqallar bitib-tükənmədi. Bu dəfə isə 7 azərbaycanlı xanım ifaçının qatıldığı yarışmada qalmaqallar gözlənsə də, Aygün Kazımova onlara heç bir zəmin yaratmadı. Hansı ki, bu dəfə xanımlar arasında daha böyük qalmaqallar gözlənilirdi.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər