• cümə axşamı, 28 mart, 18:44
  • Baku Bakı 13°C

Aydın İbadov: Apteklər istəyirlər ki, hər tərəfə reklam vursunlar, ancaq rüsum ödəməsinlər

01.07.19 10:08 3238
Aydın İbadov: Apteklər istəyirlər ki, hər tərəfə reklam vursunlar, ancaq rüsum ödəməsinlər
Azərbaycan Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadovun Trend İnformasiya Agentliyinə müsahibəsi:
- Aydın müəllim, bu gün Azərbaycanda açıq məkanda reklam mühitini necə dəyərləndirirsiniz? Qənaətbəxş hesab etmək olar, yoxsa hələ müəyyən işlər görülməlidir?
- Əlbəttə, reklam sahəsində hələ işlər görülməlidir. Dövlət Reklam Agentliyi iki ilə yaxındır ki, fəaliyyət göstərir və bu müddət ərzində çox böyük işlər görülüb. Hazırda cənab Prezident İlham Əliyevin fərmanına əsasən, reklam sahəsində vahid tənzimləmə işləri aparılır.
Əvvəllər Azərbaycanda üç reklam qurumu var idi. Həmin qurumlar icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərirdi. Ancaq hazırda Dövlət Reklam Agentliyi müstəqil bir qurumdur, heç bir quruma tabeliyi yoxdur və bütün tənzimləmə işləri bizə həvalə olunub.
Hazırda Dövlət Reklam Agentliyinin yeddi regional idarəsi var. Hər regional idarəyə təxminən 5-10 rayon daxildir və bütün ölkə üzrə reklam sahəsində vahid tənzimləmə həyata keçirilir.
- Məlumdur ki, rəhbərlik etdiyiniz Agentlik yaranana qədər açıq məkanda reklam sahəsində kifayət qədər nöqsan, problem mövcud olub. Bu gün Agentlik hansı nöqsanları aradan qaldırıb və cari problemlər hansılardır?
- Bu gün reklam sahəsində əsas nöqsanlardan biri qeydiyyatsız reklamlardır. Görünüşcə şəhər mühitinə uyğun olmayan reklamlar və Azərbaycan dilinin düzgün istifadə olunmaması da reklam sahəsində mövcud olan əsas problemlərdəndir.
Biz çalışırıq ki, bu üç istiqamətdə nöqsanları aradan qaldıraq. Obyektlərin sayı çoxdur. Yalnız Bakı şəhərində 22 min satış nöqtəsi, digər obyektlər və 50 mindən çox reklam lövhəsi var. Elə obyektlər var ki, bir neçə reklam lövhəsi yerləşdirir. Bunun hamısını əhatə etmək asan məsələ deyil, o qədər müfəttişlərimiz yoxdur. Ona görə də müasir informasiya texnologiyalarından istifadə edirik. Bunun üçün "street view" sistemindən istifadə etməklə "360 dərəcədə təsbit" texnologiyasını tətbiq etməyə başladıq. ABŞ-da bu cihazı istehsal edən şirkəti tapdıq. Həmin cihaz avtomobilin üzərinə quraşdırılır, avtomobil hərəkətdə olarkən ətrafdakı açıq məkanlardakı reklamları müəyyən edir, onun ölçülərini, növünü, zonasını aydınlaşdırıb sistemə salır. Yəni bu cihaz agentliyin işini xeyli asanlaşdırır. Müfəttişlər vaxt sərf edib hər obyektə getmirlər, yalnız cihazın nöqsan müəyyən etdiyi yerlərə gedirlər.
Digər bir cihazımız isə hündür yerlərdə olan reklam lövhələrinin ölçüsünü, növünü müəyyənləşdirir və onu sistemə daxil edir. Bu cihazlar ilk növbədə şəffaflığı təmin edir. Yəni heç kimdən heç nə tələb olunmur, müfəttiş heç obyektə də yaxınlaşmır, kənardan reklamın fotosu çəkilir və qeydiyyata salınır. Biz, eyni zamanda ASAN xidmətlə, Vergilər Nazirliyi ilə informasiya mübadiləsi aparırıq.
Artıq elə bir sistem yaratmışıq ki, istənilən bir mağaza haqqında məlumatlar, o cümlədən onun zonası, reklam lövhəsinin ölçüsü, rüsumu, sahibinin adı, VÖEN-i, şirkətin adı və digər məlumatları görə bilirik. Bizim məqsədimiz ölkədə fəaliyyət göstərən bütün obyektləri bu cür qeyiyyata salıb reklam bazarının dəyərini müəyyənləşdirməkdir.
Biz çalışırıq ki, sahibkarları incitməyək, ona görə də bizim müfəttişlərimiz daim sahibkarlarla təmasda olur, maarifləndirmə işləri aparırlar. Çünki qanun var və hər şey qanun çərçivəsində həll olunur.
- Siz də qeyd etdiniz, reklam sahəsində ən ciddi nöqsanlardan biri də Azərbaycan ədəbi dilinin normalarının pozulması, reklamlarda əcnəbi sözlərdən istifadədir. Bu sahədə hazırda vəziyyət necədir və bunun aradan qaldırılması üçün hansı işlər aparılır?
- Azərbaycan dili ilə bağlı biz dilçilərlə münasibətdəyik, mən özüm də Dövlət Dil Komissiyasının üzvüyəm. Biz bu məsələnin üzərində işləyirik. Pozuntular olur, biz xəbərdarlıq edirik ki, dəyişdirilsin. Ancaq deyim ki, ədəbi dilin normalarının pozulması halları xeyli azalıb. Vətəndaşlar da bu işdə bizə xeyli kömək edirlər. Onlardan məktublar gəlir ki, filan yerdə Azərbaycan dilində düzgün olmayan sözlər yazılıb. Biz dərhal məsələni nəzarətə götürürük və nöqsanı aradan qaldırırıq.
Əcnəbi sözlərdən istifadəyə gəlincə, buna qanun çərçivəsində icazə var. Qanunda yazılıb ki, əcnəbi dildə reklam ola bilər, ancaq əcnəbi dildə reklam Azərbaycan dilindən sonra gəlməlidir və Azərbaycan dilində olan reklam əcnəbi dildə olan reklamdan böyük olmalıdır.
- Reklam rüsumları hansı qaydada tənzimlənir?
- Rüsumlar Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli fərmanı ilə təmzimlənir. Bu fərmanda reklam yerləşdirmə qaydaları və odəniləcək haqqın məbləği müəyyən olunub.
Qeyd edim ki, reklama görə ödənişlər onun növü, ölçüsü və yerləşmə yerindən asılı olaraq dəyişir. Bu da sahibkarlara imkan yaradır ki, büdcələrinə uyğun reklam yerləşdirsinlər və heç kimdən artıq ödəniş tələb olunmur.
Bu, bütün dünyada belədir. Qeyd edim ki, Azərbaycanda reklam rüsumları başqa ölkələrlə müqayisədə çox aşağıdır. Reklam rüsumları əraziyə görə dəyişir. Bakıda üç zona var və o zonalar da kateqoriyalara bölünüb. Bu kateqoriyalar üzrə qiymətlər standartdır, ancaq əmsallar dəyişir. Mərkəzi küçələrdə əmsal daha yüksəkdir, digər ərazilərdə isə kiçikdir. Regionlarda isə reklam rüsumları Bakıdakı rəqəmlərlə müqayisədə kiçikdir.
- Ümimiyyətlə, sahibkarlar reklam qaydalarına hansı səviyyədə riayət edirlər? Bəzən sahibkarlar reklama görə rüsum ödəməkdə maraqlı olmur və ya boyun qaçırırlar. Bu il belə hallar qeydə alınıbmı və tərəfinizdən hansı tədbirlər görülür?
- Əməl edən də var, etməyən də. Əməl etməyənləri ilk olaraq maarifləndiririk, sonra xəbərdarlıq edirik ki, 5 gün ərzində nöqsanı aradan qaldırsınlar. Əgər 5 gün ərzində nöqsan aradan qalxmırsa, yazılı göstəriş veririk. Ən sonda isə protokol yazıb məhkəməyə göndəririk. Çalışırıq ki, iş məhkəməyə qədər gedib çıxmasın.
Sahibkarların çoxu bu gün reklam qaydalarından məmnundur. Onlar da deyirlər ki, əvəllər çətin idi, müəyyən qeyri-qanuni hallar baş verirdi, indi isə hər şey şəffaf şəkildə həyata keçirilir, qanunauyğun formada tənzimlənir.
Xüsusən apteklər istəyirlər ki, hər tərəfə reklam vursunlar, ancaq rüsum ödəməsinlər. Reklam vurmaq istəyirsiniz, vurun, ancaq bunu eybəcər şəkildə etməyin, səliqəli, şəhərin görünüşünə xələl gətirmədən edin, qanunla müəyyən edilmiş dövlət rüsumunu ödəyin. Bəzən sahibkar 10 kv. metr lövhədə adını yazır, "bu mənim adımdır, reklam deyil" deyir. Biz ona izah edirik ki, belə olmaz.
- Aydın müəllim, dayaqlı reklam lövhələri ilə bağlı vəziyyət nə yerdədi, bu məsələ hansı formada tənzimlənir?
- Bizim məqsədimiz odur ki, şəhərimizi gözəlləşdirək, dayaqlı reklamların çox olması isə gözəllik deyil. Əvvəllər şəhərin bəzi yerlərində ard-arda, pərakəndə şəkildə dayaqlı reklam lövhələri qoyulmuşdu. Belə olanda reklamın dəyəri də aşağı düşür. Böyük şirkətlər elə yerlərdə reklamlarını vermirlər. Bu şirkətlər istəyirlər ki, onların reklamları yaxşı yerdə, reklam lövhəsi az olan ərazidə olsun.
Biz 2018-ci il ərzində min ədəd dayaqlı reklam lövhəsi sökmüşük. Dayaqlı reklamların sayı iki minə yaxın idi. Sökülən lövhələr yararsız idi, yəni texniki şərtlərə uyğun gəlmirdi, şəhərin gözəlliyini korlayırdı. İndi artıq yeni konstruksiyalar quraşdırmağa başlamışıq. Heydər Əliyev prospektindən "Azneft" dairəsinə qədər ölçüsü 8-10 kv. metr olan yeni dayaqlı reklam lövhələri quraşdırmışıq.
Köhnə lövhələr həm də təhlükəli və ölçüləri böyük idi. Şəhər mərkəzində ölçüsü 10 kv. metrdən çox olan reklam konstruksiyaları olmamalıdır. Köhnə lövhələrin ölçüsü isə 18 kv. metr idi. Belə ölçülü lövhələr küçələrə də uyğun gəlmir. Çünki küçə ensiz, reklam lövhəsi isə böyükdür. Bu cür reklam lövhələri adətən şəhərkənarı, magistral yollarda quraşdırılır. Hazırda 60 yeni dayaqlı reklam lövhəsi quraşdırmışıq. Bu ilin sonuna qədər yeni reklam lövhələrinin sayını 300-ə çatdırmaq niyyətindəyik. Yəni mərhələ-məhrələ min ədəd sökülən reklam lövhələri yeniləri ilə əvəz olunacaq.
Reklam lövhələri şəhərin görünüşünü dəyişir və ona görə də biz elə reklam lövhələri vurmalıyıq ki, şəhərin mənzərəsinə uyğun gəlsin. Bu qədər işlər görülür, şəhər abadlaşdırılır, gözəlləşdirilir, ancaq uyğun olmayan reklam lövhələri şəhərin görünüşünə xələl gətirir. Şəhərin gözləlliyinin 50 faizi reklam lövhələridir. Ona görə də biz çalışırıq ki, reklamlar da şəhərin görünüşünə uyğun gəlsin.
2018-ci ildə standartlara cavab verməyən ümumilikdə 5022 reklam lövhəsi sökülüb, 2019-cu il ərzində isə 2130 reklam lövhəsi söklüb. Biz reklamları müasir fomaya salmaq istəyirik. Məsələn, Londonda bir küçədə 2 ədəd işıqlı reklam lövhəsi olur. Ancaq bizdə bir küçədə çox sayda reklam lövhəsi quraşdırmaq istəyirlər. Bu eyni zamanda reklamın dəyərini aşağı salır. Biz isə çalışırıq bazarı tənzimləyək, həm reklamın dəyəri, həm də nizam-intizam olsun.
- Bu gün mövcud olan problemlərdən biri də vətəndaşların avtobus dayanacaqlarına, divarlara reklam və elan yapşdırmalarıdır. Bunun qarşısını almaq üçün nə tədbirlər görülməlidir?
- Bu məsələ bizim səlahiyyətimizə daxil deyil. Çünki həmin elanlar bir kv. metrdən çox azdır, həm də onları sahibkarlar, şirkətlər deyil, adi vətəndaşlar yapışdırır. Digər tərəfdən, onlar reklam deyil, daha çox elana bənzəyir. Düşünürəm ki, bununla aidiyyatı qurumlar məşğul olmalıdır. Ancaq bu elanlar şəhəri çox çirkləndirir. Məsələn, Moskvada bütün dayaqların üzərinə inşaat setkaları vururlar ki, insanlar elan yapışdıra bilməsinlər. Bu problem bütün dünyada var, divarlara, qapılara, dayaqlara və digər yerlərə elanlar yapışdırırlar və bu, çox pis görünüş yaradır.
- Aydın müəllim, reklam şirkətləri ilə vəziyyət nə yerdədi, nə qədər reklam şirkəti var, fəaliyyətləri necə təşkil olunur?
- Hazırda Azərbaycanda 30-a yaxn reklam şirkəti var. Reklam şirkətləri üçün hər cür şərait yaradılıb. Məsələn bir reklam lövhəsinin quraşdırılması üçün icazə müddəti bir ildən üç ilə qədər uzadılıb. Bu imkan verir ki, sahibkar qoyduğu investisiyanı qaytarmaqla yanaşı, gəlir əldə etsin, inkişaf edə bilsin. Eyni zamanda, sənədləşdirmə işləri də asanlaşdırılıb. Əvvəl üç icazə sənədi var idi, indi isə cəmi bir sənəd.
Ancaq deyim ki, reklam sahəsində çalışan sahibkarlar o qədər də fəal deyil. Xaricdən təkliflər var ki, "biz gələk Azərbaycanda reklam bazarına investisiya qoyaq". Ancaq xarici şirkətlər Azərbaycana gəlsələr, yerli şirkətləri sıradan çıxarar. Çünki xarici şirkətlər gəlsələr, bütün reklam yerlərini alacaqlar. Ona görə də biz çalışırıq ki, yerli şirkətləri inkişaf etdirək. Təsəvvür edin, xarici şirkətlər gəlsələr, Azərbaycanda 30-a qədər yerli şirkət sıradan çıxa bilər və görün, nə qədər ailə işsiz qala bilər. Biz bunu istəmirik, maksimum çalışırıq ki, yerli şirkətləri inkişaf etdirək. Çünki bizim sosial məsuliyyətimiz də var.
banner

Oxşar Xəbərlər